Azərbaycan İslam Partiyasının (AİP) icazəli mitinq keçirtməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətə bu gün günaortadan sonra rəsmi cavab veriləcək. Bu barədə Modern.az saytına partiyanın mətbuat xidmətinin rəhbəri Akif Əlizadə məlumat verib. Onun sözlərinə görə, mitinqlə bağlı bir sıra məsələlər Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb: “Keçmiş “Nərimanov” kinoteatrının qarşısında və yaxud metronun “Ulduz” stansiyasının qarşısındakı meydanda keçirilməsi nəzərdə tutulan aksiyanı yəqin ki, keçirəcəyik. Biz Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamışıq və bir növ həmin yerlər barədə razılığa gəlmişik. Sadəcə aksiyanın keçirilməsinin mümkünlüyü barədə bu gün Bakı Şəhər İcra Hakimiyyəti öz sözünü deyəcək. Biz ümid edirik ki, icazə veriləcək”-deyə qeyd edən A.Əlizadə bildirib ki, əgər meriya aksiyanın keçirilməsi üçün alternativ yer göstərərsə, bu müzakirə olunacaq.
Anar Rüstəmov