Modern.az

Binəqədidə sakinlərlə Qaz İstismar İdarəsinin işçiləri arasında insident

Binəqədidə sakinlərlə Qaz İstismar İdarəsinin işçiləri arasında insident

4 Sentyabr 2009, 13:01

Dünən axşam saatlarında  Binəqədi rayonu Xırdalan şosesində yerləşən məhəllənin bir qrup sakini Qaz İstismar İdarəsi işçisinin onları aldatmasına etiraz olaraq aksiya keçiriblər. Onlar Modern.az saytının hadisə yerində olan əməkdaşına bildiriblər ki, həmin ərazidə yaşayan Elşən adlı şəxs mənzil başına 230 manat pul yığaraq əraziyə qaz xətti çəkdirib.
Sakinlərin sözlərinə görə, Elşən adlı şəxs onlara deyib ki, sayğac alsınlar, qaz qısa vaxt ərzində  gələcək.
Sakin Mehti Mehraliyev bildirib ki, onlar qanuni qaz xəttinin çəkilməsinin tərəfdarıdırlar: “Ancaq bu şəxs bizə sənəd təqdim etmir, pul tələb edir. Əgər qaz xətti qanuni çəkilibsə, onda niyə bizə sənədi göstərmirlər?”. Afsər Qarayev adlı sakin: “Qarşıdan soyuq aylar gəlir. Biz qanuni qaz çəkilməsini istəyirik”.
Elşən isə qazın bir dəfə yoxlamaq üçün buraxıldığını deyib: “Sakinlərin bəzisi pul vermək istəmir, ona görə belə edirlər”.
Elşən Binəqədi Qaz İstismar İdarəsi xidmət şöbəsinin rəisi Füzuli Əliyevdən icazə aldığını və nəzarətçi Səxavət Əliyevlə birlikdə layihəni həyata keçirdiyini bildirib: “Bu xəttin çəkilməsindən Binəqədi Qaz İstismar İdarəsi xəbərdardır”.
Hadisə yerinə gələn Füzuli Əliyev isə məsələdən xəbərsiz olduğunu bildirib:  “Mən bu sahəyə iki aydan artıqdır nəzarət edirəm. Fiziki gücüm imkan vermir ki, bütün sahələrə nəzarət edim. Ancaq bu qaz xəttinin çəkilişindən xəbərsizəm. Yalnız onu deyə bilərəm ki, 20 gün əvvəl bu əraziyə baxış keçirilib, o zaman xətt yox idi”.
Maraqlıdır ki, sözügedən əraziyə qaz xətti bir aydan artıqdır çəkilib. Əgər iyirmi gün əvvəl baxış keçirilibsə, niyə Qaz İstismar İdarəsi bundan xəbərsizdi? 
Daha sonra Füzuli Əliyev Binəqədi Qaz İstismar İdarəsinin rəis müavini tərəfindən təsdiq edilmiş sənədi sakinlərə göstərib: “Bu sənəddə məcburi köçkünlərin qeyri-qanuni istifadə etdiyi qaz xəttinin kəsilməsi və xəttin qanuni şəkildə çəkilməsi, smart-kom tipli sayğacların quraşdırılması öz əksini tapıb”. Xidmət şöbəsinin rəisi onu da bildirib ki, sabahdan bu xətt kəsiləcək: “Bu əraziyə qaz çəkilməsinə Qaz İstismar İdarəsi icazə verərsə və sənəd təsdiq olunarsa, onda sakinlər qazdan istifadə edə biləcəklər”.  İdarənin nəzarətçisi Səxavət Əliyev isə sakinlərdən yığılan pulun  777-ci hesaba köçürdüyünü deyib.
Mübahisə zamanı sakinlərin heç birinə qəbz verilmədiyi ortaya çıxıb. 
Xumarə İbrahimova adlı sakin qeyd edib ki, qaz idarəsindən onlara qeydiyyatdan keçməyən sayğac satılıb: “Şikayət etdikdən sonra pulumu geri ala bildim. Bu əraziyə qeyri-qanuni “nəzarət” edilir”.
Sakinlərin bir neçəsi dəfələrlə Füzuli Əliyevin qəbulunda olduqlarını da bildiriblər: “Əraziyə qaz xəttinin çəkilməsindən xəbərdar olub-olmadığını ondan soruşmuşuq. O, məsələdən xəbərdardı. Bu sahəyə nəzarət onun səlahiyyətindədirsə, necə xəbərsiz ola bilər?” 

 

Günay MUSAYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu