Modern.az

İsrail-Azərbaycan dostluğunu təbliğ edən kanal - FOTO

İsrail-Azərbaycan dostluğunu təbliğ edən kanal - FOTO

Aktual

7 İyul 2017, 22:33

Azərbaycanın ictimai-siyasi həyatında mühüm yer tutan "Kanal24" internet televiziyası artıq 5 ildir ki fəaliyyət göstərir. Ölkədə və dünyada baş verən siyasi, iqtisadi,mədəni prosesləri tərəfsiz, qərəzsiz və vicdanlı şəkildə işıqlandırır. İlk sujetini mobil telefonla çəkən "Kanal24" illər keçdikcə daha müasir avadanlıqlarla, texnikalarla təchiz olunub. 9 kvadrat metrlik bir ofisdə "Kanal24.az" saytının fəaliyyətə başlaması və qısa bir müddət ərzində balaca bir otaqdan bütün dünyaya yayımlanması kanalın şərəfli bir yolda inamla addımlamasından xəbər verir.

"Kanal24" fəaliyyəti dövründə bir çox maraqlı televiziya proqramları ilə izləyicilərin sevimlisinə çevrilib. Kanalın ən uğurlu proyektlərindən biri İsraildə çəkilən “Qürbətdə Vətən” proqramıdır.

Həmin proqramın yayımlanmasından sonra iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün Səadət Şükürovanın ideya müəllifliyi ilə "Kanal24" loqosunda dəyişiklik etdi. Artıq "Kanal24" fəaliyyətini İsrail-Azərbaycan bayrağı altında olan loqo ilə davam etdirir.

Modern.az xəbər verir ki, İsrail-Azərbaycan dostluğunu özündə əks etdirən "Kanal24"ün yeni ofisinin açılış mərasimi keçirilib.

İsrailin Azərbaycandakı səfiri Dan Stavın da iştirak etdiyi mərasimə Dağ Yəhudiləri dini icmsının rəhbəri Milix Yevdayev, 46 nömrəli məktəbin direktoru Rav Zamir, Səməd Vurğun muzeyinin rəhbəri Nüşabə Vəkilova, Məhsəti Əliyeva, xalq artisti Zümrüd Məmmədova, görkəmli qiraət ustası əməkdar artist Azad Şükürov, tanınmış yazarlar Telli Pənəhqızı, Nəzmiyyə Hicran, Aysel Fikrət, Orxan Fikrətoğlu, Fəxrəddin Meydanlı, istedadlı gənc bəstəkar İlahə Qismət və digər qonaqlar qatılıb.

Qonaqları salamlayan "Kanal24"ün baş redaktoru Səadət Şükürova internet televiziyasının bu günə qədər keçdiyi yoldan danışıb. Bu hadisənin İsrail-Azərbaycan əlaqələrində tarix boyu atılan ilk və dəyərli addım olduğunu vurğulayıb. Mövcud əlaqələrin daha da möhkəmlənməsini və əbədi dostluğu istiqamətində "Kanal24"ün qarşıdakı illərdə önəmli işlərə imza atacağını diqqətə çatdırıb.

Daha sonra İsrailin Azərbaycandakı səfiri Dan Stav rəmzi açılış lentini kəsib və qonaqlar kanalın ofisi ilə yaxından tanış olublar. Ofis ilə qonaqları yaxından tanış edən "Kanal24"ün direktoru Tural Əhmədov səfir Dan Stava geniş və ətraflı məlumat verib. Tural Əhmədov 5 illik fəaliyyəti dövründə bir çox məhrumiyyətlərə, çətinliklərə baxmayaraq kanalın fəaliyyətini davam etdirdiyini, yeni-yeni verlişlərin, sosial problemlərin həlli baxımından görülən işlərdən danışaraq bundan sonra da bu yolda dəsti-xəttin dəyişməyəcəyini bildirib.

Ofislə yaxından tanış olan səfir Dan Stav burada yaradılan İsrail-Azərbaycan dostluğunu əks etdirən stendlə,  xəbərlər studiyası ilə tanış olub.

Sonra qonaqlar Səadət Şükürovanın müəllifi olduğu “İsrail-Azərbaycan dostluğu” klipini izləyiblər.

Klipin nümayişindən sonra söz alan İsrailin Azərbaycandakı səfiri Dan Stav çox yaxşı münasibətdə olan Azərbaycan və İsrail xalqının bir araya topandığı tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan və İsrail əlaqələrinin tarixə dayandığını və fərqləndirici bir çox xüsusiyyətini vurğulayıb. Səfir kanalın fəliyyətinə uğurlar arzulayaraq, bu kanalın ölkələrarası siyasi və dostluq əlaqələrinin möhkəmlənməsindəki önəmindən bəhs edib.

Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayevdə isə çıxışında əzəli və əbədi Yəhudi-Azərbaycan dostluğundan bəhs edərək, hər iki dövlətin pis günün də, xoş gününün də bir olduğunu, qəlblərinin bir döyündüyünü dilə gətirib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!