Modern.az

"Ermənistan növbəti dəfə özünü ifşa etdi”

"Ermənistan növbəti dəfə özünü ifşa etdi”

Aktual

8 İyul 2017, 11:47

“İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki insanları ağır silahlardan hədəfə alaraq, azyaşlı qızcığazın, onun nənəsinin ölümünün və digər qadının yaralanmasının səbəbkarı olan Ermənistan əslində bir daha özünün əsl xislətini, təxribatlar yolu ilə danışıqlar prosesini və həmsədrlərin səylərini pozmaq siyasətini sübut etmiş oldu”.


Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 9 iyul diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə yazdığı qeydlərdə bildirib.

“Ötən müddət ərzində proaktiv strategiya əsasında siyasi-diplomatik, hərbi, informasiya, humanitar və digər sahələrdə Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması və ifşa edilməsi üçün mühüm tədbirlər görülüb”,-deyə nazir bildirib.

E.Məmmədyarovun sözlərinə görə, Ermənistan istisna olmaqla, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır, dəstəkləyir və hörmətlə yanaşır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qətnamə və qərarları, habelə ikitərəfli əsasda digər dövlətlərin bəyanatlarında və ikili sənədlərində təsbit olunub;


“Ermənistanın Azərbaycan ərazilərinin hərbi işğalını siyasi müstəviyə daşımaq və hətta işğala öz müqəddəratını təyin etmək donu geyindirərək legitimləşdirmək cəhdləri iflasa uğrayıb. Beynəlxalq ictimaiyyət Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini tanımayıb və heç zaman da tanımayacaq. Əksinə, BMT TŞ-nin məlum qətnamələrində, İƏT-in qətnamə və bəyanatlarında və digər beynəlxalq qurumların sənədlərində Azərbaycan ərazilərinin işğalı və gücdən istifadə edərək dövlətlərin tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri pislənilir;   


- ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyət işğala əsaslanan mövcud status-kvonu qəbuledilməz və qeyri-davamlı hesab edir və onun dəyişdirilməsinə ciddi çağırışlar edir. Status-kvonun dəyişdirilməsi, ilk növbədə, işğal faktının aradan qaldırılmasını nəzərdə tutur;


-  Münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları formalaşdırılıb və bu, bütün beynəlxalq ictimaiyyətə məlumdur. Bu, beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri, Helsinki Yekun Aktına əsaslanaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının muxtar şəkildə birgə yaşayışını nəzərdə tutur;


- Ermənistan danışıqlar prosesində dalana dirənmiş vəziyyətdədir. Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaqdan başqa yolu yoxdur. Ona görə də Ermənistan çabalayaraq siyasi-hərbi təxribatlarla diqqəti əsas hədəfdən yayındırmağa və texniki məsələlərə yönəltməyə çalışaraq danışıqlara əngəl yaratmağa cəhd göstərir;


- Azərbaycan ərazilərinin Ermənistan tərəfindən müvəqqəti və taktiki işğalı Ermənistanın geosiyasi və geoiqtisadi təcridini və strateji məğlubiyyətini şərtləndirərək, onu regional layihələrdən kənarda qoyub və bu ölkənin siyasi, hərbi, iqtisadi, sosial və demoqrafik resurslarını tükətməkdədir. Həmçinin suveren dövlət kimi Ermənistan öz mövcudluğunu ciddi sual altına qoyub;


- Siyasi-hüquqi vasitələrlə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi qeyri-qanuni əməllərin qarşısı alınır və beynəlxalq səviyyədə Ermənistanın bu kimi hərəkətləri ifşa olunur. Milli və beynəlxalq hüquqi təqib mexanizmləri ilə bu sahədə ciddi nailiyyətlər əldə edilib;


-  Ermənistanın Azərbaycana qarşı təcavüz, işğal və etnik təmizləmə siyasəti, həmçinin işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı dövlət səviyyəsində törətdiyi terror, hərbi və bəşəriyyət əleyhinə cinayət əməllərinin ifşası nəticəsində erməni yalanları üzə çıxarılıb və Ermənistanın bir dövlət olaraq beynəlxalq səviyyədə mənəvi dayaqları və imici əsaslı şəkildə sarsılıb. Beynəlxalq ictimai rəydə Ermənistanın işğalçılıq siyasəti və erməni yalanları barədə aydın fikir formalaşdırılıb. Alxanlı kəndində törətdiyi təxribatla Ermənistan növbəti dəfə özünü ifşa etdi.


Qeyd olunan istiqamətlərdə qazanılan nailiyyətlərdən çıxış edərək və münaqişənin həlli ilə əlaqədar dövlətimizin başçısı tərəfindən qoyulmuş vəzifələrə uyğun olaraq, Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün ardıcıl və proaktiv fəaliyyət bundan sonra da davam etdiriləcək.

Ermənistanın təcavüz və işğalının timsalında ənənəvi təhlükə ilə üzləşən Azərbaycan müasir dövr üçün xarakterik olan və xaricdən qaynaqlanan yeni və asimmetrik risk və təhdidləri də ciddi surətdə nəzərə alır və onların qarşısını almaq üçün zəruri tədbirlər görür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü