Modern.az

Sonu görünməyən müharibə - ABŞ Əfqanıstan bataqlığından necə çıxacaq?

Sonu görünməyən müharibə - ABŞ Əfqanıstan bataqlığından necə çıxacaq?

9 Avqust 2017, 16:23

Son aylarda Əfqanıstanda siyasi situasiya tamamilə nəzarətdən çıxır. Taliban hərəkatı yeni-yeni ərazilər ələ keçirir, səhra komandirləri prezidentlə qarşıdurmaya gedir və terror aktlarının miqyası genişlənir.

 

Bu qeyri-müəyyən situasiyada ABŞ tarixinin ən uzunmüddətli müharibəsinin vahid strateji xəttini müəyyən edə bilmir.

 

Yaxınlarda ABŞ-da Əfqanıstanın bərpa edilməsi üzrə baş müfəttişin hesabatında Əfqanıstan ərazisinin yalnız 60%-nin hökumət qüvvələrinin nəzarətində olduğu, 11% ərazinin Taliban hərəkatı, 29% ərazinin isə ayrı-ayrı səhra komandirlərinin əlində cəmləşdiyini yazır.

 

“İnamlı Dəstək” əməliyyatı çərçivəsində Əfqanıstanda hazırda 15 min koalisiya hərbçisi yerləşib. Onların təxminən yarısını amerikalılar təşkil edir. Seçki kampaniyası zamanı ölkə əsgərlərinin Əfqanıstandan çıxarılmalı olduğunu deyən Donald Tramp indiki şəraitdə vədinə əməl edə bilmir. Onun kabinetindəki hərbi generallar regionda ABŞ ordusunun mövcudluğunu regional təhlükəsizliyin əsas şərti adlandırır.

Ötən ay Əfqanıstan müharibəsi veteranları ilə görüşən Tramp müharibənin faktiki olaraq uduzulduğunu demişdi.

“Biz 17 ildir ki, Əfqanıstanda vuruşuruq. Və mən bu 17 ildə orda nə etdiyimizi, orda nələrin baş verdiyini və əlavə ideyalar kimi hansı addımları atmalı olduğumuzu düşünürəm”.

 

ABŞ administrasiyası ilə yanaşı, Əfqanıstanın daxilində də mürəkkəb klanlararası savaş gedir. Ölkənin 2-ci ən böyük şəxsi sayılan, vitse-prezident Əbdül-Rəşid Dustum bu gün Türkiyədə siyasi mühacirətdədir. Ən böyük etnik qrupu - puştunları təmsil edən prezident Qəni ölkədəki çoxmilyonlu özbək diasporunun rəhbəri Dustumla ittifaqa girərək, seçkiləri qazanmışdı. Lakin siyasi opponentlərinə qarşı zorakılıqdan istifadə etdiyinə görə Dustumla Qəni arasında qarşıdurma başlanmışdı.

 

Hazırda Türkiyədə olan Əbdül-Rəşid Dustum Əfqanıstanın Xilası Koalisiyası yaradıb. Bu koalisiyaya Bəlx vilayətinin qubernatoru tacik Atto Məhəmməd Nur, şərqdə yaşayan xəzərilərin lideri Məhəmməd Mohakkik və xarici işlər naziri Səlahəddin Rabbani daxildir.

 

Onların hər biri öz nüfuzu olan regionun siyasi müstəqilliyini tələb edir. ABŞ-ın keçmiş vətəndaşı, Kolumbiya Universitetinin məzunu və Dünya Bankının keçmiş əməkdaşı olan prezident Qəni isə hərbi keçmişi olmadığı üçün səhra komandirlərinə qarşı inadlı müqavimət göstərə bilmir.

 

Yaranmış situasiyada İranın Taliban hərəkatına yardım göstərməsi və Rusiyanın da bu qruplaşma ilə əlaqə kanalının olması barədə dəlillər situasiyanı idarəedilməz edir. Yaxın illərdə Ağ Ev Əfqanıstanla bağlı vahid strategiya hazırlamasa, Əfqanıstanın müstəqil dövlət kimi mövcudluğu ciddi sual altında olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub