Modern.az

Politoloq: "Ermənistanın siyasi elitası sülhə yaxın görünür”

Politoloq: "Ermənistanın siyasi elitası sülhə yaxın görünür”

2 İyun 2011, 15:40

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) may aynda regional və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yükunlarına dair hesabatını açıqlayıb. Hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu əvvəlcə ərəb dünyasında baş verən hadisələrdən danışıb.

M.Əhmədoğlu bildirib ki, ərəb ölkələrində baş verən inqilablar  manevrsiz, düzxətli siyasətə malik İsrail üçün ciddi problemlər yaradıb: “Misir Qəza sektoruna olan Rəhaf keçid məntəqəsini 4 ildən sonra yenidən açdı. Bu ölkə İsrailə satdığı qazın qiymətini dünya bazarındakı qiymətlərə çatdırmaq niyyətindədir. ABŞ və dünyanın aparıcı mərkəzləri Fələstin dövlətini 1967-ci il sərhədlərində tanımaq barədə niyyətlərini bildirdilər. Dünyada bu istiqamətdə yeni mərhələ başlanmışdır”.

Politoloq  deyib ki, ABŞ ərəb dünyasında baş verənlərin alternativsiz sahibinə çevrilib. Onun sözlərinə görə, belə vəziyyətin yaranması İran üçün böyük təhlükə vəd edir: “Diqqətçəkən başqa bir məqam isə odur ki, Qafqazda və Xəzər regionunda İranın antirusiya siyasəti güclənir. Ermənistanla işbirliyində olan İran Rusiyanı buradan çıxarmaq üçün fəaliyyətini intensivləşdirib. İran Gürcüstanla münasibətləri daha da gücləndirib”.

Ekspert Fransanın Dovil şəhərində “G-8” üzv ölkələrin sammitində Dağlıq Qarabağ münaqişəsilə bağlı yayılan sənədə də münasibət bildirib. O vurğulayıb ki, əvvəlki iki sənəd (Akvil-İtaliya, iyun 2009; Muskok-Kanada, iyun 2010)  və bu sənəd yenə də ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin prezidentləri səviyyəsində qəbul olundu. Buna baxmayaraq Dovil sənədi fərqlidir: “Sənədin məzmununda konkretlik var. Prezidentlər sənədin hazır olduğunu, Ermənistan və Azərbaycan rəhbərliyinə öz xalqlarını kompromisə hazırlamağın vaxtının çatdığını bildirirlər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin mərhələləri isə sənəddə aydın göstərilib. Qeyd olunub ki, tənzimlənməni əhatə edən ümumi prinsiplərlə bağlı sənəd imzalanmalı, böyük sülh sazişi işlənib hazırlanmalı və qəbul edilməli və böyük sülh sazişinin icrasına başlanılmalıdır”.

SİTM sədri hesab edir ki, ermənilər “sülh yolu ilə tənzimləmə” terminini hədsiz siyasiləşdiriblər. Onun qənaətinə görə, ermənilər psixoloji baxımdan o qədər çaşqın vəziyyətdədirlər ki, hətta Azərbaycan tankların qabağına “sülh yolu” yazıb ermənilərə tərəf göndərsə, sevinəcəklər: “Ermənilər hərbi quruculuq baxımından tam iflasdadırlar, kənardan heç bir dövlət onlara dəstək vermir. Hazırda KTMT və İran üzərindən Azərbaycana qarşı hərbi şantaj variantları üzərində işləyirlər. Ermənistan özü atdığı addımlar nəticəsində hərbi imicini dağıda bilər. Y.Buzek, F.Qordon və K.Kovanonun yaxın bir neçə gündə verdiyi bəyanatlar Dovil sənədinin müraciət ünvanını aydın göstərir: bu, Ermənistandır”.

M.Əhmədoğlu bu fikirlərini davam etdirərək deyib ki, Ermənistanda ictimai şüurda müəyyən dəyişikliklər hiss olunur: “Dovil bəyanatına tənqidi münasibət hətta müxalifətin içərisində də zəifdir. Hakim partiya isə müsbət münasibətdədir. Ermənistandan hakim “Respublika” partiyasının parlament fraksiyasının rəhbəri, Ermənistan ağsaqqallarından biri Q.Saakyanın Dovil bəyanatına mövqeyi diqqəti çəkir. O, Yenilənmiş Madrid Prinsiplərinə tənqidi münasibətlərini unudaraq Dovil bəyanatına müsbət münasibət bildirdi. Eləcə də digər partiyaları, o cümlədən “Daşnak” partiyasını da müsbət münasibət bildirməyə sanki təhrik etdi. Ermənistanın siyasi elitası sülhə yaxın görünür”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!