Modern.az

Nazir: “İnsan alverinin öhdəsindən yalnız birgə səylərlə gəlmək mümkündür”

Nazir: “İnsan alverinin öhdəsindən yalnız birgə səylərlə gəlmək mümkündür”

Təhsil

2 İyun 2011, 19:13

İyunun 2-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov İordaniya Haşimilər Krallığının ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Əl-Adailehi qəbul edib. Bu barədə Modern.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

R.Usubov dövlət başçıları- Azərbaycan Prezidenti İlham Əliyev və  İordaniya Kralı II Abdulla arasında şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, ən yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini diqqətə çatdırıb.

Daha sonra daxili işlər naziri DİN-in funksional vəzifələri, mövcud kriminogen durum barədə qısa məlumat verib. O qeyd edib ki, ölkədə sabitlik, əmin-amanlıq bərpa edilib, minlərlə silahlı cinayətkar dəstə tərksilah edilib, qanunsuz saxlanan silahlar götürülüb, kriminogen durum nəzarət altına alınıb.
“Məhz bunun əyani nəticəsidir ki, hər yüz min nəfərə düşən cinayətlərin sayına görə  Azərbaycan uzun illərdir MDB məkanında sonuncu yerlərdən birini tutur, xarici investorların ölkəmizin iqtisadiyyatına sərmayə qoymaları, normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır”.

Nazir Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin aktuallığını, bu ümumbəşəri bəlaların öhdəsindən yalnız birgə səylərlə gəlməyin mümkün və zəruri olduğunu vurğulayıb.
O, yaxın gələcəkdə «Azərbaycan Respublikasının Hökuməti və İordaniya Haşimilər Krallığının Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş»in imzalanmasının bu mənada mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.

Səfir Adel Mohammad Əl-Adaileh nəinki Azərbaycan vətəndaşlarının, həmçinin xarici diplomatların və iş adamlarının ölkəmizdə təhlükəsizlik şəraitində yaşadıqlarını qeyd edib.
İordaniyalı diplomat fəaliyyəti dövründə iki dövlət, o cümlədən Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da dərinləşməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!