Modern.az

Milli Məclis Vergi Məcəlləsini dəyişir

Milli Məclis Vergi Məcəlləsini dəyişir

2 İyun 2011, 19:35

İyunun 2-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. Modern.az-ın məlumatına görə, İclasda komitə sədri Ziyad Səmədzadə bildidirib ki, gündəlikdəki “Vergi Məcəlləsində dəyişikliklər  edilməsi haqqında”  qanun layihəsi parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Qeyd edilib ki, bu sənəd əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirələrdən keçib. Məcəllədə bəzi məsələlərin təkmilləşdirməyə ehtiyacı olduğunu vurğulayan komitə sədri bildirib ki, sənədin 106, 122, 164, 183 maddələrinə dəyişikliklər edilməsi nəzərdə tutulub.
Məcəllənin 106-cı maddəsinə edilən əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin mülkiyyətində olan törəmə müəssisələrin birinin balansından digərinin balansına əvəzsiz verilən aktivlərin, o cümlədən digər hüquqi şəxsə əvəzsiz verilmiş əsas vəsaitlərin dəyəri, neft-qaz ehtiyatları ilə bağlı sazişlərə uyğun olaraq əsas fondların, daşınan əmlakın və digər aktivlərin ölkəmizi təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar vergidən azad olunur.
Məcəllənin ödəmə mənbəyində dividentdən vergi tutulmasından bəhs edən 122-ci maddəsinə də əlavələr olunacaq. Bu əlavədə deyilir: “Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur”.
Qanun layihəsinin 183-cü maddəsinə edilən əlavələrdən danışan komitə sədri vurğulayıb ki, aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, aksizi malın sahibi (sifarişçi) ödəyəcək.
Müzakirələr zamanı deputatlar və dəvət olunmuş müvafiq dövlət və hökumət strukturlarının nümayəndələri layihə ilə bağlı rəy və təkliflərini bildiriblər.
Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyyə olunub.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı