Modern.az

Əliqismət Lalayev: “Heç ağlıma gəlməzdi ki, teatrın direktoru olacam"

Əliqismət Lalayev: “Heç ağlıma gəlməzdi ki, teatrın direktoru olacam"

3 İyun 2011, 10:38

Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev Modern.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

- Xeyli müddətdir ki, Musiqili Komediya Teatrı təmirə bağlanıb. Təmir işləri nə vaxt yekunlaşacaq?

- Musiqili Komediya Teatrı ötən ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təmirə bağlanıb. Teatrda çox yüksək səviyyədə təmir işləri artıq bir neçə aydır ki, davam edir. Ümid edirik ki, gələn teatr mövsümündə fəaliyyətə Musiqili Komediya Teatrının binasında başlayacağıq. 

- Təmirdən sonra teatrın fəaliyyətində yeniliklər olacaqmı?

- Teatrın uzun - 100 illik yaradıcılıq yolu var. Şübhəsiz ki, 100 illik teatrın  tarixində hər zaman yeniliklər olub və bu ənənə davam edir. Bu gün bizim teatrın repertuarında ilk dəfədir ki, Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” əsəri,  gürcü yazıçısı Saqarelinin “Xanuma” əsəri, Üzeyir Hacıbəylinin trilogiyası - “O olmasın bu olsun”, “Ər-arvad”, “Arşın mal alan” operettaları oynanılır.  Müxtəlif ölkələrə, şəhərlərə qastrol səfərlərimiz olur. İyun ayının sonunda Lənkəranda milli teatrımızın növbəti festivalı keciriləcək,  biz həmin festivalda “Evlənmə” əsəri ilə çıxış etməyə hazırlaşırıq.

Teatrda təmir işləri yekunlaşdıqdan sonra  şübhəsiz ki, yeniliklər olacaq. Teatr hər zaman yeniliyə can atır. Hansı teatrda yenilik varsa, məhz o teatr tamaşaçılar arasında daha çox maraq doğurur. Biz də çalışacağıq ki, tamaşaçılar arasında həm repertuarımızla, həm də kollektivimizlə  maraq doğura bilən teatr olaq. Şübhəsiz ki, həm də binamızla. Görülən işlər əsasında belə demək olar ki, binamız çox gözəl olacaq. Yeni mövsümdə aktyor heyətində daha çox gənclərə üstünlük veriləcək. Biz hər zaman teatrlar arası mübadiləyə  böyük önəm veririk. Respublikanın ən tanınmış rejissorları, aktyorları  bizim teatra gəlib tamaşalar qoyur, müxtəlif tamaşalarda rol alırlar. Məleykə Əsədova, Şükufə Yusupova, Qurban İsmayılov, Yaşar Nuri, Valeh Kərimov bizim tamaşalarda oynayıb. Çalışırıq ki, tamaşaçıların sevdiyi aktyorları-hətta başqa teatrlarda çalışsalar belə, dəvət edək. Mənə elə gəlir ki, bu bizim teatrda daha uğurlu alınır, çünki tamaşaçılar bizim teatra daha çox üz tutur.

 - Xarici ölkələrlə müqayisədə Azərbaycan komediya teatrının vəziyyəti o qədər də ürəkaçan deyil. Sizcə, bu gün Azərbaycan tamaşacı üçün nə etmək lazımdır ki, onlar yolunu teatrdan salsınlar?

- “Ürəkacan deyil” söhbətini o insanlar yürüdür ki, onların Azərbnaycan teatrından xəbəri yoxdur. Bu gün Azərbaycanın teatr, eləcə də mədəniyət məkanında görülən işlər saysızdı, ölkənin çox qaynar mədəni həyatı var. Bu qaynar mədəni həyatın içərisində teatrların inkişafı xususi qeyd olunmalıdır. Azərbaycanın müxtəlif teatrları  dünyanın ən müxtəlif yerlərində qastrollarda olurlar. Xarici teatrı görmədən belə fikir yürütmək mümkün deyil, bu fikri yürüdən o insanlardır ki, nə xarici teatrdan xəbərləri var, nə də bizim teatrlardan. Onlar deyirlər ki, müqayisədə o teatrlar daha yaxşıdır. Çox istərdim ki, bu gün teatr haqqında peşəkarlar danışsın. Düzdür, Azərbaycan teatrı müəyyən çətinliklər yaşayıb. Amma bu gün teatrlarımıza olan dövlət qayğısı nəticəsində problemlər aradan qaldırılır. Bütün teatrlar təmir olunur, dünyanın  müxtəlif aparıcı rejissorları teatrlara dəvət edilir. Təbii ki, bunlar hamısı maliyyə vəsaiti tələb edən məsələlərdir. Beynəlxalq layihələr çərçivəsində xeyli sayda xarici sənətkarlar Azərbaycana gəldi.  Şübhəsiz, bu, ilk növbədə Azərbyacanda ictimai-siyasi vəziyyətin sabitliyindən irəli gəlir.

Bu gün xarici rejissorlar bizim bölgə teatrlarında tamaşalar qoyur. Əgər o teatra inanmasalar gələrlər?! Məsələn, gürcüstanlı rejissor Lənkəran teatrında tamaşa hazırlayır. Deməli o, Lənkəran teatrını tanıyır. Rejissor öz fikirlərini sərbəst şəkildə deməyə qadir olan bir insandır. Və ya Türk rejissoru Lənkaran, Gəncə teatrında tamaşa qoymaq istəyirsə, demək  onlar Azərbaycan teatrını, eləcə də Azərbaycan teatrının bir qolu olan Lənkəran, Gəncə teatrını tanıyırlar.
“Xarici ölkə teatrları ilə müqayisədə bizim teatrlar zəifdir” fikrini yürütmək yalnışdır. Heç də zəif deyil, bu gün bizim gözəl aktyor heyətimiz var. Gürcüstandan bu yaxınlarda dünya şöhrətli Robert Suturanın teatrında tamaşalar hazırlayan, çox tanınmış rejissor  Qoca Kapanedzeni bizim teatra dəvət etdik, burda “Xanuma” əsərini qoydu, eləcə də Afaq xanım kimi sənətkarla çalışdı və inanın ayrılanda burda qalmaq və işləmək arzusunu bildirdi. Biz onun bu istəyi haqqında düşünürük. Burda müəyyən şərtlər var. Şübhəsiz, bu, ilk növbədə onun burda yaşayışı ilə bağlıdır. Müəyyən sosial məsələlər var ki, onları hər dəqiqə həll etmək mümkün olmur. Bizim teatrlar heç də başqa teatrlardan geri qalmır. Peşəkar teatrşunasların fikri bundan ibarətdir ki, Musiqili Komediya Teatrında oynanılan “Arşın mal alan”, “Xanuma” və “Evlənmə” tamaşalarını dünyanın hər yerində göstərmək olar.
Teatrşunas Aydın Talıbzadə Qoqolun “Evlənmə” əsəri haqqında çox gözəl resenziya yazmışdı və o qeyd edirdi ki,  bu tamaşanın əlindən tut və bütün dünyanı gəz, hətta bu tamaşa ilə rusların özünə göstərmək olar ki, Qoqolu neçə oynamaq lazımdır. Təbii biz istəyirik ki, daha yaxşı olsun,  çatışmayan cəhətlərimizi özümüz bilirik, amma yaxşı tamaşalarımız da var. Azərbaycan teatrı bu gün ən yaxşı dövrünü yaşayır. İndi teatr haqqında söz deyən yaxşı teatrşunaslara ehtiyaçımız var. Bizi teatrdan başı çıxmayan diletantların əlində qoymasınlar.
“Azərbaycan teatrı zəifdir”, “Azərbaycan teatrı ölüb” bu sözləri teatra hec bir dəxli olmayan insanlar işlədir.

İndi reklam məsələlərinə çox diqqət yetiririk. Şübhəsiz ki, reklam çox vəsait tələb edən bir məsələdir. Adicə bukletlərin,  proqramların çapı üçün xeyli miqdarda vəsait tələb olunur. Eləcə də televiziyalarda roliklərin getməsinə.

İnsanları uşaqlıqdan  teatr ruhunda böyütmək lazımdır. Bizim teatrda 6-17 yaş arası gənclərin məşgul olduqları yaradıcılıq studiyası fəaliyyət göstərir, burda uşaqlar müasir, milli rəqslərlə məşgul olur, eyni zamanda “Günay” uşaq teatrı var. Onlar xoreoqrafiya məşqlərində iştirak edir, vokal siniflərində məşğul olurlar. 100-ə yaxın uşaq burda məşğul olur. Demirəm ki, o uşaqların hamısı aktyor kimi böyüyəcək və ya reşissor, rəssam olacaq. Amma onların hamısının çox gözəl estetik duyumları olacaq. Sabah ailə başcısı olarkən öz evladlarının əllərindən tutub teatra gətirəcək. Və nəhayət biz  peşəkar tamaşacı yetişdirəcəyik. Bu işləri həyata keçirmək üçün Mədəniyyət və Turizim Nazirliyi vasait ayırır. Dövlərtin  teatrlara qayğısından səmərəli istifadə edərək, ara söhbətlərə son qoymaq üçün teatrlarımız bütün güçü ilə çalışmalıdır.

-  Azərbaycan teatrının bu günki vəziyyətini neçə qiymətləndirirsiniz?

- Bu gün ölkənin çox qaynar mədəni həyatı var. Azərbaycanda beynəlxalq tədbirlər, simpoziumlar, konqreslər keçirilir. Bakıda XXI əsr dünya teatrı necə olmalıdır, inkişaf perspektivləri necədir məsələlərinin əks olunduğu beynəlxalq teatr konfransı keçirildi. Dünyanın hər yerindən teatr xadimləi axışıb gəldi. Onların burda gördükləri,  hətta gedəndən sonra yazdıqları məktublar,  bizə göndərdikləri rəylər o qədər xoş və cəlbedici idi ki. Biz sevinirik ki, biz bu gün Azərbaycanda yaşayırıq və Azərbaycan teatrında işləyirik. Bu gün Azərbaycan teatrı dünyaya açqdır. Məhz buna görə deyirəmn ki, ən gözəl dövrümüzü yaşayırıq. Xaricə qastrollara gedirik, xaricdən bura teatr nümayəndələri gəlir. Bundan artıq teatr üçün nə lazımdır. Artıq yaxşı işləri qiymətləndirmək tamaşacıların üzərinə düşür. Ümid edirik ki, tamaşaçılar gələcək yaxşı işlərə öz  qiymətlərini verəcək.  

- Yaşar Nuri, kimi sənətkarlarla əməkdaşlıq etmisiniz, təmirdən sonra kimlərlə çalışmaq fikriniz var? Aktyor heyətinizdə dəyişikliklər olacaqmı?

- Bizim teatrın qapıları bizi sevən hər kəsin üçünə açıqdır. Təmirdən sonra planlarımız daha çoxdur. Planlar həyata kecdikdən sonra onlar haqqında danışmaq daha maraqlı olur.

- Uzun illər Naxçıvanda da Teatra rəhbərılik etymisiniz. İndi Musiqili Komediya Teatrının rəhbərisiniz. Teatr fəaliyətiniz dövründə ən yaddaqalan tamaşa hansı olub?

- Naxçıvan teatrında təxminən 10 ilə yaxın rejissor kimi çalışmışam. Amma burda rəhbər kimi işləyirəm. Professional səhnədə ilk işim Emin Sabitoğlunun və Sabit Rəhmanın gənc nəslin yaddaşında qalan Nəsibə Zeynalova, Səyavuş Aslan və Hacıbaba Bağırov üçlüyünün təqdim etdiyi “Hicran” tamaşası ilə olub. Heç ağlıma gəlməzdi ki, 10 illər sonra mən Musiqili Komediya Teatrının direktoru olacam. O zamanlar bizim görkəmli aktyorlarımız Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov Naxcıvana gəlirdilər, bizim aktyorlarla birgə  tamaşada oynayırdılar. Tamaşalardan çox razı qalırdılar, bu da məni sevindirirdi.

Rejissor öz tamaşalrını həyata gətirir, heç kim deyə bilməz ki, mənim bu əsərim digərindən  daha yaxşıdır. Yaxşı hesab etmədiyi əsəri rejissor tamaşaçıya göstərməməlidir. Mən hesab edirəm ki, Naxcıvan teatrında qoyduğum işlərin hamısı çox uğurlu idi.   

Bu gün də rejissorlara, aktyorlara yaradıcılıqlarında irəliləyişlər əldə etmələri üçün kömək edirəm. Bunu bacarıramsa, demək öz funksiyamı yerinə yetirə bilirəm.    

- Sovet dövründə musiqili komediya teatrının tanınmış gülüş ustaları var idi. Nədənsə son illər gənc nəslin nümayəndələri arasında belə aktyorların yetişməsinin şahidi olmuruq. Bunun  səbəbi nə ilə bağlıdır?

- Bu gün bizim teatrda Afaq Bəşirqızı kimi böyük sənətkar çalışır. Sovet dövründə işləsə belə, bu gün o yenə var. Gənc nəslin nümayəndələri arasında da var. Hamının Keyxanım kimi tanıdığı   Ülviyyə Əliyeva,  Fərid Əliyev, Çingiz Əhmədov kimi istedadlı aktyorlar, Nərgiz Kərimova kimi gözəl vokalist calışır. Ramil Qasımov  Opera Teatrında Koroğlunu oynadı. Azərbaycan opera səhnəsinin 7-ci koroğlusu Musiqili Komediya Teatrından çıxdı, bu tarixi bir hadisədir.

Zamanında Lütfiyar İmanov, Bülbül də bizim teatrda çalışıb. Bu gündə bizim olduqca istedadlı  aktyorlarımız var. Müasirlərimiz olduğu üçün, biz onlara layiq olduqları qiyməti verə bilmirik. İllər sonra biz bu adamlara da keçmişdən gələn gözəl səda kimi baxacağıq. Sadəcə olaraq, biz o aktyorları müasirimiz olduğu üçün bir az diqqətdən kənar qoyuruq.

 - Necə hesab edirsiniz, bu gün Azərbaycan tamaşacısı nəyə gülür? Gülüşün bu günki vəziyyətindən razısınızmı?

- Belə bir gözəl  söz var: “Yazıq o şəxsə ki, qaraqabaqdır. Nə gözəl yaraşır insana gülmək”. Əgər siz hesab edirsənizsə ki, insanlara gülüş çox lazımdır, mütləqdir ki, gülsünlər. Onda bizim teatra gəlsinlər. Güləcəklər, onda özləri biləcəklər nəyə gülürlər.

Xüsusən də son tamaşalarda səhnədə olan hadisələrə tamaşacı reaksiyasından, siz buna gülüş deyirsiniz, çox razıyam. Tamaşaçılar bizim səhnədən demək istədiyimiz fikirləri  tuturlar və məhz o fikirlərə gülürlər. O fikirlərin arxasında isə bizim təlqin etdiyimiz gözəl həyat eşqi, insanların gözəl həyatı bütün bunların hamısı bizim gülüşün arxasında dayanır.   

 - Musiqili komediya üçün ssenari yazanların sayı çoxdurmu? Yazılan ssenarilərdən razısınızmı?

- Çox təəssüf ki, yox. Artıq 3 ildir ki, teatrdayam. Bu müddət ərzində  gözəl səviyyəli, ürəyimizdən tikan çıxara biləcək leberetto müəllifi ilə rastlaşmamışam. Buna çox təəssüf edirəm.

- Sizcə bu nə ilə bağlıdır?

- Görünür liberetto yazmaq dram əsəri yazmaqdan daha çətindir. Çox istərdim ki, Azərbaycan teatrında liberetto təqdim edən gözəl müəlliflər olsun.  

 - Gənclərin teatrın bu növünə marağı necədir? Teatra gənclər necə secilir?

- Müsabiqələr elan edirik. Düzdür, bü müsabiqələrdə çox adam iştirak edir, amma biz onların içərisindən bir-iki nəfəri secirik. Çünki Müsiqili Komediya Teatrının şərtləri başqadır. Burda olmaq istəyənin aktyorluq bacarığı ilə yanaşı, oxumaq, oynamaq bacarığı da olmalıdır. Bütün bu keyfiyyətləri özündə birləşdirən gənclər çox azdır. Ola bilər gözəl səsi var, amma aktyor kimi çox zəifdir. Ola bilər aktor kimi güclüdür, səsi yoxdur, ola bilər bu iki keyfiyyəti özündə birləşdirsin üçüncü küyfiyyət olmasın. Bizim teatrda bu üç şərt vacibdir. Biz çox istəyirk ki, belə gənclər gəlsin. Sentyabr ayında yenidən müsabiqə keçirmək istəyirik, görək bu dəfə kimlər gələcək, kimləri seçəcəyik.

- Xarici ölkələrdən yaradıcı heyət dəvət etməyi nəzərdə tutursunuz?

- Qarşıda planlar var, danışmaq hələ tezdir. Reallaşandan sonra bu barədə məlumat verə bilərik.

- Təmirdən sonra teatr yeni avadanlıqlarla təmin olunacaq. Texniki sahələrdə kadr məsələsi necə həll olunacaq?

- Xarici ölkələrə mütəxəsislər göndərməyə başlamışıq,  bizim əməkdaşlar müxtəlif kurslarda iştirak edirlər. Bu yaxınlarda 3 nəfər Tiflisdə, 2 nəfər Novosibirskidə oldu. İşcilərin texniki işlərə yiyələnmləri üçün müəyyən kurslar kecməsinə, bu kursların təşkilinə xüsusi diqqət yetirirk. Yaxşı aktyora,  rejissora ehtiyacımız olduğu qədər  gözəl dekoratora, işiqcıya, işıq rəssamlarına da ehtiyacımız var. Bu sahədə çətinlikləri aradan qaldırmaq üçün Mədəniyyət və Turizm Nazirliyi bizə yaxından kömək edir.




Sədaqət SÜLEYMANOVA 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir