Modern.az

“Məhəmməd Əsədovla birlikdə Xankəndini təcili tərk etmək göstərişini aldıq” – KONOVALOVUN ETİRAFLARI

“Məhəmməd Əsədovla birlikdə Xankəndini təcili tərk etmək göstərişini aldıq” – KONOVALOVUN ETİRAFLARI

Hadisə

25 Sentyabr 2017, 21:26

Vasili Konovalov 1983-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) ikinci katibi vəzifəsində işləyib. O dövrdə Azərbaycan KP MK-nın ikinci katibləri böyük səlahiyyətlərə malik olublar. Onlar Kremlin nomenklaturası sayılaraq birbaşa Moskvaya tabe olub və respublika haqqında mərkəzi məlumatlandırıb, oradan da göstərişlər alıblar. Ancaq buna baxmayaraq, Konovalov Xankəndi şəhərində ezamiyyətdə olarkən bu səlahiyyətlərindən məhrum edilib. Nədənsə Xankəndi (o vaxtkı Stepanakert) şəhər partiya komitəsinin birinci katibi Zaven Movsesyan Moskva ilə birbaşa əlaqə yaratmaq səlahiyyətində Konovalovdan güclü çıxıb.

Modern.az saytı 1988-ci ildə Dağlıq Qarabağda baş verən hadisələr haqqında növbəti yazını təqdim edir.

1988-ci ilin fevralında ermənilərin torpaq iddiası Dağlıq Qarabağda artıq açıq şəkildə özünü büruzə verməyə başlayanda Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovun göstərişi ilə Konovalov və həmin dövrdə Mərkəzi Komitənin inzibati orqanlar şöbəsinin müdiri olan Məhəmməd Əsədov Xankəndinə ezam olunurlar. Fevralın 11-də Xankəndinə çatan Konovalov və Əsədov elə ilk saatlardan şəhərdəki gərginliyi hiss edirlər. Səhərisi gün vilayətdəki vəziyyəti müzakirə etmək üçün şəhər partiya komitəsinin akt zalında partiya və təsərrüfat fəallarının iştirakı ilə iclas keçirilir. Yığıncağın əvvəlində vilayətin birinci katibi Gevorkov, həmçinin şəhərin birinci katibi Movsesyan və digər çıxış edənlər baş verənləri pisləyərək araqızışdıranları “ekstremist”, “separatçı” adlandırırlar.

 

Konovalov müsahibələrinin birində həmin günlə bağlı xatirələrini belə bölüşüb:

- Bu ərəfədə Xankəndinə gəlişimiz ermənilər üçün heç də arzuolunan deyildi. Keçirilən iclasda əvvəlcə çox böyük pafosla “xalqlar dostluğundan” söhbət gedirdi. Mən də çıxış etdim. Bu işin təşkilatçılarının kim olduğunu bildiyimi söylədim və dedim ki, onlar haqqında ciddi tədbirlər görüləcək, vilayətdən təcrid olunacaqlar. Bu arada kürsüyə Xankəndi avtikolonunun direktoru Mirzəyan çıxdı. O, olduqca aqresiv şəkildə Gevorkovu azərbaycanlıların tərəfdarı olmaqda günahlandırdı və bunu da vilayətdə aşkarlağın boğulması kimi qiymətləndirdi. İclas protokol qaydaları çərçivəsindən kənara çıxmışdı. Xankəndi Pedaqoji İnstitutunun partiya təşkilatının katibi Bəşir Fərəcovu fitə basmaqla çıxış etməyinə imkan vermədilər. Beləliklə, rəyasət heyətində olanlar akt zalını tərk etdilər, iclası davam etdirmək mümkün olmadı. Həmin gün Əsgərən və Hadrut rayonlarında da eyni ssenari baş verdi. İclas zamanı məni telefona çağırdılar. Kamran Bağırov Əsədovla birlikdə təcili Xankəndini tərk etmək göstərişini verdi. İlk anda heç nə anlaya bilmədim və Xankəndindən Moskva ilə əlaqə qurmaq imkanım da yox idi. Nədən belə qərar verilmişdi, həmin anda bunu başa düşmək çətin idi. Axı biz vilayətdə vəziyyəti sabitləşdirmək üçün Xankəndinə gəlmişdik. Və əgər həmin günlərdə təşkilatçılar layiqli cəzalarını alsaydılar, məsələ bu qədər də böyüməzdi. Sonralar mənə məlum oldu ki, iclasda münaqişə yaradanları separatçı adlandıran Zaven Movsesyan Moskvaya zəng vurub və vəziyyəti elə qələmə verib ki, guya bizim Xankəndinə gəlişimiz hadisələri daha da gərginləşdirəcək. Bakıya döndük, qayıdan kimi mən öz kanalımla Kremlə Dağlıq Qarabağdakı hadisələrin real mənzərəsi haqqında məlumat verdim. Ancaq heç bir cavab gəlmədi...”

 

Qeyd edək ki, həmin ərəfədə daxili işlər nazirinin müavini Kamil Məmmədov da Bağırovun göstərişi ilə Xankəndinə ezam olunub. General həmin ərəfədə baş verənlər haqqında təəssüflə danışıb:

- 1988-ci il fevralın 12-də Azərbaycan KP MK-nın o zamankı birinci katibi Kamran Bağırov tərəfindən Xankəndinə göndərildim. Kamran Bağırov mənə dedi ki, Qarabağ erməniləri Ermənistanla birləşmək istəyirlər, sən qayda-qanun yaratmalısan. Mən təyyarə ilə Ağdama uçdum, oradan Xankəndinə getdim, vəziyyəti öyrəndim. Yaratdığım xüsusi təyinatlı dəstəni də Bakıdan özümlə ora aparmışdım. Mən xüsusi təyinatlı dəstəni Xankəndinin yaxınlığında saxladım. Vilayət icraiyyə komitəsinin və vilayət partiya komitəsinin qarşısındakı meydanda 500-600 nəfərdən ibarət bir qrup adam Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdi. Xüsusi təyinatlı dəstənin köməyi ilə mən kütləni asanlıqla dağıdıb iğtişaşa son qoya bilərdim. Bakıya məlumat verdim. Mənə dedilər ki, vəziyyəti öyrənmək və Xankəndində tədbirlər görmək üçün MK-nın ikinci katibi Vasili Konovalov Xankəndi şəhərindədir. O, mənə xəbərdarlıq edib bildirdi ki, heç bir tədbir görülməsin, qüvvə və silah işlədilməsin, əks halda bu, ağır nəticələr verə bilər və məni dövlət əleyhinə əməliyyatlarda ittiham edərlər. Xüsusi təyinatlı dəstə Xankəndinin yaxınlığındakı Malıbəyli kəndində qaldı. Bu, zirehli gödəkçələr və dəyənəklər, odlu silah və zirehli transportyorlarla təchiz edilmiş xüsusi bölmə idi. Onun köməyi ilə məsələni bir saata həll etmək olardı...

 

Çox yəqin ki, Konovalov general Kamil Məmmədova Kamran Bağırovun tapşırığını çatdırıb. Hansı ki, Bağırov da həmin tapşırıqları Kremldən alırdı.

Göründüyü kimi Xankəndi şəhərində hadisələri ən qısa bir zamanda həll etmək, cinayətkar ermənilərin layiqli cavablarını verməklə Dağlıq Qarabağ məsələsinə elə həmin andaca son qoymaq olardı. Bu mümkünsüzlüyü yaradan isə Xankəndinin Azərbaycanın nəzarətindən çıxıb Kremlin nəzarəti altına düşməsi idi. Bu isə ermənilər üçün əlcatmaz qədər böyük bir fürsət idi. Həmin fürsət ki, erməni millətçiləri ondan yetərincə bəhrələnə bildilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!