Modern.az

Səhiyyə Nazirliyindən həkimlərə və tələbələrə yeni xəbərlər var...

Səhiyyə Nazirliyindən həkimlərə və tələbələrə yeni xəbərlər var...

3 İyun 2011, 17:49

Səhiyyə sistemində rezidenturaya qəbul məsələlərini müzakirə etmək məqsədi ilə bu gün geniş kollegiya iclası keçirilib.

Modern.az-ın məlumatına görə, iclasda Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayevaya deyib ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda rezidentura təhsilinin tətbiqinin əsas məqsədi ölkəmizin ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyası, tibbi təhsilin keyfiyyətinin ümumavropa tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması, yüksək ixtisaslı həkim-mütəxəssislərin hazırlanması, habelə ölkəmizdə verilən tibb təhsili sənədlərinin beynəlxalq səviyyədə tanınmasıdır.

Z.Mustafayeva qeyd edib ki, Azərbaycanda Səhiyyə Sektorunun İslahatlar Layihəsi çərçivəsində beynəlxalq məsləhətçilərin dünya təhsil sistemində qəbul olunan təcrübəyə əsaslanan təkliflərini nəzərə alaraq, Səhiyyə Nazirliyi 23 iyul 2010 il tarixində rezidenturada həkim-mütəxəssislərin hazırlığının təşkili və tətbiqi haqqında 57 nömrəli əmr imzalayıb.

“Bu əmrə əsasən, 2011-ci ildən başlayaraq baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin siyahısı, xarici ölkələrin təcrübəsinə əsaslanaraq siyahıda olan 40 ixtisas üzrə rezidenturada təhsil müddəti, o cümlədən rezidenturada həkim-mütəxəssislərin hazırlığını aparan elm-təhsil müəssisələri və klinikalarının siyahısı təsdiq edilib”.

Zəkiyyə Mustafayeva 2011-ci il üçün rezidenturaya həkim ixtisasları üzrə qəbul planın da təsdiq olunduğunu deyib: “Bu plana əsasən, səhiyyədə müxtəlif sahələr üzrə tibb mütəxəssislərinə olan mövcud və proqnozlaşdırılmış tələbata uyğun olaraq, 2011-2012-ci illərdə qəbul olunacaq rezidentlərin sayı 300 nəfər müəyyən edilib və bu il qəbul olunan rezidentlərin ödənişsiz əsaslarla təhsil alması nəzərdə tutulub”.

Rezidenturaya qəbul olmaqdan imtina edən və rezidentura imtahanlarından uğursuz keçən həkimlərə gəldikdə isə, Z.Mustafayeva söyləyib ki, onlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrdə baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrinin mövcud olan vakansiyalarına əsasən həmin müəssisələrə müraciət edə və işlə təmin ola bilərlər.

“Uğurla imtahanları keçən və rezidenturaya qəbul olan, hər hansı bir ixtisasla təmin olunan həkim tələb olunan sənədləri müəyyən olunan müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Rezidenturaya qəbul müəyyən olunan qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq”.

Rezidenturaya qəbul qaydalarına gəlincə isə aparat rəhbəri vurğulayıb ki, rezidenturaya qəbul imtahanlarında həm 2011-ci ilin məzunları, həmdə yaş məhdudiyyəti qoyulmadan, həkimlər iştirak edə bilər.

Daha sonra rezidenturaya keçidlə əlaqədar olaraq yüksək ixtisaslı həkim mütəxəssislərinin hazırlanmasında ATU kollektivinin qarşısında duran əsas vəzifələri məruzə edən Tibb Universitetinin rezidentura şöbəsinin müdiri H. Bağırov bildirib ki, rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli tərtib olunub.

“Bu cədvələ müvafiq olaraq baza ali tibb təhsili səviyyəsində istiqamətlər müalicə işi və pediatriya, stomatologiya, tibbi biologiya, tibbi profilaktika üzrə qruplaşdırılıb. Rezidentura səviyyəsi üzrə baza və imtahana düşən fənlərin proqramları ATU-nun 100 nəfər ekspert müəllimləri tərəfindən hazırlanıb, tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilib”.

Sonda səhiyyə naziri Oqtay Şirəliyev rezidentura mərhələsinə keçid istiqamətində görülən işləri məqbul hesab etdiyini kollegiya iştirakçılarının nəzərə çatdırıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir