Modern.az

Az gəlirlə dolanan, çox gəlirlə şikayət edən ailələr - Deputat ikinciləri QINADI  

Az gəlirlə dolanan, çox gəlirlə şikayət edən ailələr - Deputat ikinciləri QINADI   

5 Oktyabr 2017, 15:11

Bu gün  kimi dindirsən, ayın sonuna kimi pul çatdıra bilmədiyini, maaşının ona yetmədiyini bildirib, şikayət edir. Ümumiyyətlə, aldığı məvacibdən asılı olmayaraq bütün ailələrdə bu cür problemlər yaşanır.  Bu kimi maddi problemlərin qarşısını almaq üçün ailə büdcəsinin planlaşdırılması şərtdir.

 

Bəs bunu necə etməliyik?

 

Məsələ ilə bağlı  Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev Modern.az-a açıqlama verib:

“Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində sosial-iqtisadi göstəricilər durmadan yaxşılaşır. Ümumi göstəricilərin yaxşılaşması əhalinin gəlirlərinə də müsbət təsir göstərir. Muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ildə 444,5 manat, 2015-ci ildə 466,9 manat idisə, 2016-cı ildə 494,3 manat olub. Digər tərəfdən prezidentin müvafiq fərman və sərəncamları sosial təminat sisteminin bütün istiqamətləri üzrə artım dinamikasının davam etdirilməsinə imkan yaradıb.

 

2016-cı ildə əmək pensiyalarının orta aylıq məbləği 8.2% artaraq 192,18 manat, o cümlədən yaşa görə əmək pensyalarının orta aylıq məbləği 213,81 manat olub. 2016-cı ildə 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə prezidentin aylıq təqaüdləri ödənilib. 2016-cı ildə 105009  az təminatlı ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Ümumilikdə əhalinin gəlirləri 5,8 % artıb”.

 

Deputat qeyd edib ki, ailələrin yaxşı yaşamaları üçün təkcə ailə gəlirlərinin artması kifayət deyil:

 


“Çox vaxt müşahidə olunur ki, gəlirləri kifayət qədər normal olan ailələr də öz yaşayışlarından şikayətlənir. Belə hallar adətən o ailələrdə baş verir ki, onlarda ailənin xərcləri müəyyənləşdirilərkən real gəlirlər düzgün nəzərə alınmır. Adətən belə ailələrdə ailə büdcəsi haqqında təsəvvür belə, olmur. Ailə büdcəsi bir ailənin gəlir və xərclərini nəzərə almaqla bu ailənin yaşam standartlarını müəyyənləşdirən büdcədir. Bilirsiniz, dövlət büdcəsi dövlətin idarə olunmasında hansı rolu oynayırsa, ailə büdcəsi də  ailədə o rolu oynayır.  İstənilən cəmiyyətdə ailənin rifahı ailə büdcəsinin düzgün müəyyənləşdirilməsindən və xərclərin büdcəyə uyğun icra edilməsindən aslıdır”.

 


R.Əliyev düşünür ki, əsas məsələ ailəyə daxil olan gəlirlərin düzgün qiymətləndirilməsi və qənaət rejiminə əməl olunmasıdır:

 

“Həyatda elə insanlar, elə ailələr olur ki, gəlirləri az olsa da, qənaət edərək öz tələbatlarını ödəyə bilirlər. Amma elə ailələr də var ki, kifayət qədər gəlirləri olmasına baxmayaraq, özlərini təmin edə bilmirlər. Həyat təcrübəsi göstərir ki, hər bir halda ailə büdcəsinin idarə olunması ilə bağlı ailədə qarşılıqlı razılıq olmalıdır. Əsas məsələ ailəyə daxil olan gəlirlərin düzgün qiymətləndirilməsi və qənaət rejiminə əməl olunmasıdır. Qənaət rejimində müxtəlif üsullardan istifadə etmək mümkündür. Məsələn, həftəlik bazarlıq edilməsi, ucuz və çox məhsul alınması. Dünya ölkələrinin bir çoxunda bu üsul çox yayılıb. Ən əsas məsələ qənaət rejiminin insanların dünyagörüşündə qəbul edilməsidir”.

 

Müsahibimiz bildirib ki, cəmiyyətdə ailə büdcəsinin düzgün formalaşdırılmasında maarifləndirmə işlərinə  ehtiyac var:

 

“Ailə büdcəsi və onun ailələrin idarə olunmasındakı əhəmiyyətini nəzərə alaraq, müvafiq dövlət qurumları tərəfindən müəyyən işlər həyata keçirilir. Ailə büdcəsinin formalaşmasında və icrasında qadınların rolu nəzərə alınaraq, maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes-planların qurulması ilə bağlı qadınların maarifləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Regionlarda yaradılmış  Qadın Resurs  Mərkəzləri tərəfindən digər məsələlərlə yanaşı, maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes-planların qurulması sahəsində qadınlarla  təlimlər keçirilir.

 

Ailə büdcəsi, onun düzgün formalaşdırılmasında və icrasında ailələrə köməklik məqsədilə cəmiyyətdə maarifləndirmə işlərinə daha çox ehtiyac var. Kütləvi informasiya vasitələrinin bütün sahələri bu məsələyə xüsusi diqqət ayırmalıdırlar. Ancaq bu sahədə maarifləndirmə işlərini genişləndirməklə cəmiyyətimizdə  ailələrin idarə olunmasıda “Ailə büdcəsi” üsulundan geniş istifadəyə nail olmaq olar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər