Modern.az

Deputatların sözləri yenə çəp gəldi

Deputatların sözləri yenə çəp gəldi

Parlament

10 İyun 2011, 13:20

Milli Məclisin bu günkü iclasında müxalifətdən olan millət vəkili İqbal Ağazadə hakimiyyəti həbs edilmiş AXCP fəalı Cabbar Savanlının və Bəxtiyar Hacıyevin azad edilmələri ilə bağlı məsələyə baxmağa çağırıb. Modern.az parlamentdən bildirir ki, deputat Prezident İlham Əliyevin son əfv sərəncamını təqdir edib. Daha sonra İ.Ağazadə bu addımların adıçəkilən gənclərə də şamil edilməsini istəyib. Millət vəkili həmçinin “Alternativ hərbi xidmət haqqında”  qanunun qəbul edilməsini vacib sayıb.
Onun çıxışı hakimiyyət partiyasını təmsil edən deputatlar tərəfindən etirazla qarşılanıb. Milli Məclisin vitse-spikeri Bahar Muradova İqbal Ağazadəni 18-19 yaşlı uşaqları böyük siyasətçi kimi təqdim etməməyə çağırıb.

Digər deputat Siyavuş Novruzov isə bildirib ki, əfv yalnız barələrində məhkəmə hökmü olanlara şamil edilə bilər. YAP-çı deputat həmçinin “Alternativ hərbi xidmət haqqında” qanun layihəsinin qəbulunun əleyhinə çıxıb. S.Novruzovun fikrincə, müharibə şəraitində olan ölkə üçün belə bir qanunun qəbulu tezdir. Deputat etiraf edib ki, bir sıra Avropa ölkələrində belə qanunlar var. “Amma orada göstərilir ki, şəxs ya cinsi azlığa mənsub olduğundan, ya da dini əqidəsinə görə bu xidmətə üz tutur. Azərbaycanın müsəlman kişi əhalisi isə həmişə ordu sıralarına getməyə üstünlük verib. Əgər kimdəsə həmin kriteriyalara bağlı problemlər varsa, açıq desin”-deyə S.Novruzov yüngül ironiya çıxışını tamamlayıb.

Qeyd edək, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev məhz alternativ hərbi xidmət keçmək istədiyini bildirərək ordu sıralarına getmək istəməyib. Bununla bağlı həbs edilən B.Hacıyevin işinə hazırda məhkəmədə baxılır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır