Modern.az

Milli Məclisdə həkimlərin də gününə ağlayan deputat oldu

Milli Məclisdə həkimlərin də gününə ağlayan deputat oldu

10 İyun 2011, 15:56


Milli Məclisin bu günkü iclasında elm xadimlərinin pensiyasının atımını təmin etmək üçün mövcud qanunlara zəruri əlavələr edilib. Ümumilikdə ölkə üzrə 5910 pensiya yaşına çatan elm adamının aldığı təqaüd artacaq.

“Əmək pensiyaları haqqında” qanuna və Əmək Məcəlləsinə edilən dəyişiklikləri Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqdim edib. Onun sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinə edilən dəyişikliyə görə, elmlər doktoru və elmlər namizədlərinin pensiyası artırılır. Belə ki, elmlər doktoru dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 120 manat məbləğində əlavə pensiya hesablanacaq.

Əmək Məcəlləsinin 4-cü maddəsinə edilən dəyişiklik isə bu yaxınlarda qəbul edilən digər müddəanın təminatı ilə bağlı idi. Belə ki, Məcəlləyə edilən dəyişikliyə görə, 65 yaşdan sonra büdcədən maliyyələş təşkilatlarda əmək müqaviləsinin bitməsi məsələsi ali təhsil müəssisələri və elmi-tədqiqat müəssisələrinə şamil edilmir. Belə müəssisələrdə elmi xadimlər 70 yaşına qədər çalışa bilərlər. 

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov isə məsələ ilə bağlı bəzi statistik məlumatları səsləndirib. Onun dediyinə görə, hazırda Azərbaycanda elmi dərəcəsi olan 10723 nəfər var. Onlardan 1827 elmlər doktoru, 8896 elmlər namizədidir. Bu elm xadimlərinin 5910 nəfəri pensiya yaşında olan insanlardır. Onlardan 1960 nəfəri elmlər doktoru, 4460-ı elmlər namizədidir. Mövcud dəyişiklik məhz bu insanların pensiyasının artmasına gətirib çıxaracaq. Əgər qanun iyulun 1-dən qüvvəyə minsə, bu dəyişikliyi təmin etmək üçün bir ayda 830 min,  6 ayda isə 5 milyon manat əlavə vəsaitə ehtiyac olacaq.  S.Müslümov onu da qeyd edib ki, belə praktika Litva, Ukrayna, Rusiyada  həyata keçirilir.

Müzakirələr zamanı BAXCP sədri Qüdrət Həsənquliyev bu qanuna səs verməyəcəyini deyib: “Onsuz da bu qanun Milli Məclisə kifayət qədər istisna ilə daxil olmuşdu. Qeyd olunmuşdu ki, yalnız büdcədən maliyyələşən təşkilatlarda işçilər 65 yaşından pensiyaya çıxmalıdır. Niyə bunu digər kateqoriyalara aid etmədilər? Elə şirkət və səhmdar cəmiyyətləri var ki, orda dövlətin payı 50 faizdən artıqdır. Bu qanun ora da şamil olunmalıydı ki, gənclərə iş yeri açılsın, onlar ölkəni tərk edib getməsinlər”.

“Keçən dəfə necə bu qanunu tərifləyib qəbul etdiksə, indi də əksini edirik” deyən Q.Həsənquliyev hesablama apararaq deyib ki, yeni dəyişiklikdən sonra elm xadimlərinin gəliri 100 faiz qalxacaq. Çünki 100-120 manat maaş alan elmlər doktoru indi əlavə 120 manat da pensiya alacaq: “Qanunda pensiya artımını konkret rəqəmlə göstərmək düz deyil. Ölkədə hər il inflyasiya baş verir”

Deputat Hikmət Atayev isə bu qanunun səhiyyəsi sisteminə işləyənlərə də şamil olunmasını istəyib.
“Çünki digər ixtisaslardan fərqli olaraq, həkim ixtisasına yiyələnmək üçün 11 il oxumaq lazımdır. Başqa institutlardan birbaşa işə getmək olur, amma tibb sahəsində bu, mümkün deyil. Həkim ixtisasını seçən insan yalnız 35-40 yaşdan sonra işləməyə başlayır. Sonra da 65 yaşında pensiyaya çıxması düzgün deyil”.

H.Atayev “əli əsən cərrahlar”  haqqında deyilənləri də qəbul etməyib: “Əvvəla, cərrahlar həkimlərin müəyyən bir qismini təşkil edir. Özü də kifayət qədər yaşlı və peşəkar cərrahlar  var.  Ürək cərrahiyyəsinin atası sayılan Maykl?  90 yaşına qədər fəaliyyətdə olub. Digər tərəfdən, əllərin əsməsi yaşla deyil, beyinlə bağlı olur. Əgər 70 yaşına qədər elm adamı işləyirsə, deməli beyni yaxşı işləyir. Onda niyə cərrahın beyni 70 yaşına qədər işləyə bilməz?”

YAP-ın icraçı katibinin müavini Səyavuş Novruzov hesab edir ki, hər kəsin öz ixtisası ilə bağlı dəyişiklik tələb etməsi düzgün deyil: “Onda gərək Əmək Məcəlləsini təzədən yazaq. Amma başqa bir məsələ də var ki, bəyəm elmi xadimlərin pensiyası artandan sonra onlar pensiyaya çıxacaqlar? Xeyr. İndi həm pensiyaya çıxacaq, həm də ştatda işləyəcək, ikitərəfli qazanc əldə edəcək”.
Deputat hesab edir ki, müasir texnologiyalar əsrində yaşlı, inkişafdan xəbəri olmayan elm xadimləri ilə elm qarşısında qoyulan tapşırıqları yerinə yetirmək mümkün olmaz: “Artıq sovet stilindən çıxmaq lazımdır”.

Bəzi deputatlar qanunun əhəmiyyətindən danışandan sonra hər iki məsələ səsə qoyularaq qəbul edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir