Modern.az

Adi soyuqdəymənin qurbanı olan qeyri-adi prezident – Corc Vaşinqton

Adi soyuqdəymənin qurbanı olan qeyri-adi prezident – Corc Vaşinqton

Hadisə

13 Dekabr 2017, 21:57

“Sülhün qorunmasının ən effektli vasitəsi müharibəyə hazır olmaqdır”

Corc Vaşinqton

 

Günlərin bir günü Corc Vaşinqton səyahət edərkən Corciya ştatında kiçik bir kəndə çatır və burada dincəlmək qərarına gəlir. Kəndin kiçik kafesində nahar etmək istəyən prezident üç yumurta sifariş edir. Nahar etdikdən sonra kafe sahibindən soruşur:

- Nə qədər verməliyəm?

- Yüz dollar! - deyə, restoran sahibi cavab verir.

 

Qiymətin bu qədər baha olduğuna təəccüb edən Vaşinqton:

- Görünür, sizin yerlərdə yumurta nadir tapılan şeydir!

 

- Xeyr cənab, yumurta nadir tapılan şey deyil. Bu yerlərdə prezident nadir görünən şəxsdir!,- deyə cavab verir.

Bu dialoqdan sonra Corc Vaşinqton əyalətlərdə az olduğu üçün özünü qınayır və bundan nəticə çıxarır.

 

14 dekabr Amerika Birləşmiş Ştatlarının ilk prezidenti Corc Vaşinqtonun vəfat etdiyi gündür. Bu tarixdən 2 əsrdən çox bir vaxt, 218 il keçməsinə baxmayaraq, amerikalılar Vaşinqtonu böyük ehtiramla yad edirlər. Təsadüfi deyil ki, dünya siyasətçiləri arasında özünəməxsus yeri olan Corc Vaşinqton hələ sağikən amerikalılar tərəfindən “Amerikanın atası” adına layiq görülüb.

 

Modern.az saytı tarixi şəxsiyyətlərlə bağlı növbəti yazıda Corc Vaşinqtonun həyatı ilə bağlı maraqlı faktları təqdim edir.

 

Amerika tarixinin ən görkəmli siyasətşilərindən biri sayılan Vaşinqton Virciniyada keçirilən ilk kontinental konqresdə İngiltərənin müstəmləkə siyasətinə qarşı qətiyyətlə etirazını bildirən və bu siyasətə qarşı çıxan şəxslərdən biri olub. Onun böyük siyasəti Amerika Hərbi Qüvvələrinə rəhbərlik etməsindən başlayıb. 1775-1783-cü illərdə Hərbi Qüvvələrinin Ali Baş Komandanı olarkən səkkiz il davam edən müharibədə Corc Vaşinqton Amerikanın müstəqilliyinə nail olmasında əvəzsiz xidmətlər göstərib. Məhz onun başçılıq etdiyi qoşunlar Şimali Amerikada İngiltərə ordusunu məğlubiyyətə uğradıb. Bu məğlubiyyətdən sonra Parisdə Versal sülh müqaviləsi imzalanıb. Müqaviləyə görə, İngiltərə Amerika Birləşmiş Ştatlarını rəsmən tanıyıb.

 

Corc Vaşinqton 1789-cu il fevral ayının 4-də keçirilən prezident seçkilərində ABŞ-ın ilk prezidenti seçilib. Vaşinqton Amerika tarixində yeganə prezidentdir ki, o, seçicilərin 100 faiz səsini qazanıb.

 

 

Amerikada prezident institutunun yarıdıcısı sayılan Corc Vaşinqton iki müddət prezident vəzifəsini daşıdıqdan sonra üçüncü dəfə seçkilərə qatılmayıb. Bununla da Vaşinqton ABŞ-da prezidentlərin yalnız iki müddət seçilməsi ənənəsini qoyub. Franklin Ruzvelt yeganə prezident olub ki, bu ənənədən kənara çıxaraq 4 dəfə prezident seçilib. Bunun səbəbi isə həmin dövrdə dünyanın hərbi-siyasi müstəvisindəki gərginlik olub. 

 

Corc Vaşinqton prezidentliyindən sonra şəhərətrafı malikanəsində yaşayıb və fermer təsərrüfatı ilə məşğul olub.

 

Ağ evin tikilməsi haqqında qərarı da Corc Vaşinqton imzalayıb və ilk təməl daşını da özü qoyub. Tikinti işlərinə birbaşa özü nəzarət etsə də, Ağ Evdə işləmək və yaşamaq Vaşinqtona qismət olmayıb. Belə ki, bu möhtəşəm tikili onun ölümündən bir il sonra hazır olub.

 

Corc Vaşinqton siyasi partiyaların yaradılmasına və fəaliyyətinə maraq göstərməyib. O, yeganə prezident olub ki, heç bir partiya fəaliyyəti ilə əlaqəsi olmayıb.

 

Maliyyə hesabatları ilə bağlı Vaşinqton bir neçə kitab yazıb, ölkəyə rəhərliyi dövründə bir çox hallarda maliyyə xərclərinə şəxsən nəzarət edib.

 

Öz xarici görkəminə xüsusi diqqət yetirən Corc Vaşinqton ən yaxşı geyimlərini Londondan gətizdirib.

 

Vaşinqton gərgin işləməklə yanaşı, əylənməyi də sevib. Mütəmadi olaraq teatrlara, sərgilərə gedən siyasətçi rəqsə böyük həvəs göstərib və tez-tez ballarda, rəqs gecələrində iştirak edib.

 

Fiziki cəhətdən sağlam olan Vaşinqton idmanın güləş növü ilə məşğul olaraq mötəbər yarışlarda dəfələrlə fəxri adlara layiq görülüb.

 

Sağlamlıq durumu ilə bağlı Vaşinqton yalnız diş problemindən şikayətlənib. Gənc yaşlarından dişləri tökülən siyasətçi prezident olanda cəmisi bir dişi olub. Ancaq öz dişlərinin olmamasına baxmayaraq, Vaşinqton ona məxus olan atların təmizliyinə, xüsusilə də dişlərinin təmizliyinə ciddi şəkildə diqqət yetirib.

 

Corc Vaşinqton 1759-cu ildə çox imkanlı bir dul qadınla ailə həyatı qurub. Vaşinqtonla Marta Kastisin övladları olmayıb. Martanın əvvəlki ailəsindən olan qızı erkən yaşlarında vəfat edib, oğlu isə müharibədə həlak olub.

 

Corc Vaşinqton bir dəfə də olsun Böyük Britaniyaya səfər etməyib. O, hətta açıq bəyan edib ki, ayağı Londona dəyməyəcək. 1924-cü ildə Vaşinqtonun abidəsini Londona bəxş edəndə sabiq prezidentin bu bəyanatını nəzərə alıblar. Belə ki, abidə ilə birlikdə onlar özləri ilə Amerika torpağı da aparıblar. Həmin torpaq Trafalgar meydanında qoyulmuş heykəlin pyedestalının altına tökülüb.

 

Amerikalılar Corc Vaşinqtonun ad gününü hər il böyük təmtəraqla qeyri-rəsmi bayram kimi qeyd edirlər. Həmin gün onlar ilk prezidentlərini siyasi və hərbi bacarığı ilə yanaşı, həm də ədalətli, haqqı sevən insan kimi xatırlayırlar, Vaşinqtonun uşaqlıq illərində yaşanmış bir hadisəsini yenidən gündəmə gətirirlər:

Vaşinqtona uşaqlıq illərində oyuncaq balta bağışlayıblar. O, bu balta ilə atasının çox sevdiyi albalı ağacını kəsib. Bundan əsəbləşən atası səbəbkarı axtaranda balaca Corc cavab verib: “Ağacı mən kəsmişəm, bunu gizlədə bilmərəm, çünki mən yalan danışa bilmirəm...”.

 

 

Bu hadisəyə görə Vaşinqtonun ad günündə albalı ilə bəzədilmiş və albalı ağacının gövdəsi şəklində tort rəmzi olaraq bayram iştirakçılarına paylanır.

 

Hazırkı 1 ABŞ dollarının üzərində Corc Vaşinqtonun təsviri vardır.

 

Amerika Birləşmiş Ştatlarının paytaxtının adı Corc Vaşinqtonun soyadının şərəfinə qoyulub. Bu ərazini paytaxt kimi məhz Vaşinqton özü seçmişdi. Bu şəhərdə onun şərəfinə ucaldılmış monument şəhərin hər bir tərəfindən görünür. Konqresin qərarına görə, şəhərdə bu abidədən hündür heç nə tikmək olmaz. Bununla amerikalılar öz birinci prezidentlərinə ehtiram və rəğbətlərini nümayiş etdirirlər.

 

Böyük kənd təsərrüfatı sahələrinə sahib olan Corc Vaşinqton tez-tez əkin sahələrinə çıxıb və ümumi işin gedişi ilə şəxsən maraqlanıb. Bir çox bitkilərlə yanaşı, Corc Vaşinqton öz bağında marixuana da yetişdirirmiş.

 

1799-cu ilin soyuq qış günlərində sahələrə çıxan Vaşinqton möhkəm soyuqlayıb. Tibbin inkişaf etmədiyi bir dövrdə əyalət həkimləri soyuqdəyməni çıxarmaq üçün yeganə vasitə kimi qan almağa üstünlük veriblər. Elə bu qanalma nəticəsində də 14 dekabr 1799-cu ildə Corc Vaşinqton vəfat edib.

 

Ölümündən qabaq Vaşinqton ona məxsus olan qulların azad olunmasını vəsiyyət edib. Həyat yoldaşı sabiq prezidentin vəsiyyətini yerinə yetirib.

 

Amerikanın ilk prezidenti olmuş Corc Vaşinqtonun malikanəsini hər il bir milyondan artıq turist ziyarət edir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı