Modern.az

Bu əminliyi bizə yaşadan məhz Odur

Bu əminliyi bizə yaşadan məhz Odur

9 Fevral 2018, 14:02

Gözlənildiyi kimi də oldu. Yeni Azərbaycan Partiyası 11 apreldə keçiriləcək Prezident seçksinə cənab İlham Əliyevlə gedir. Öncə də yazmışdım, indi də təkrarlayıram ki, onun növbəti 7 ildə də Azərbaycana rəhbərlik etməsi təkcə partiyadaşlarının deyil, dövlətini, ölkəsini sevən, torpaqlarının işğal altında qalmasıyla barışmayan, xalqımızı daha da güclü, qüdrətli görmək istəyən, dörd bir yanımızda nələrin baş verdiyini, niyə baş verdiyini, milyonlarla adamın qətli, didərginliyi, səfilliyilə nəticələnən bu xaos və qada- balanın bizdən yan keçməsinin səbəbini az-çox anlayan hər birimizin istəyidir. 

Biz son 14 ildə cənab İlham Əliyevin timsalında sözübütöv, populizmdən uzaq, dərin təfəkkürü, böyük dünyagörüşü, geniş ürəyi, gözəl zövqü, dəmir iradəsi, qibtədoğuran səbri və ləyaqəti olan qurucu bir lider gördük. 

O bizə çoxlarının həsədlə baxdığı, regionda lider və sözün hər anlamında müstəqil ölkənin vətəndaşı olmanın qürurunu yaşatdı, yaşadır. Nəiniki bir sıra taransmilli enerji layihələrini, həm də Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsi kimi əksər böyük oyunçuların maraqlarına o qədər də cavab verməyən bir reallığı ortaya qoymaqla, üstəlik onları da belə demək mümkünsə, dəhlizdaş etməklə təkcə necə bir strateq olduğunu yox, həm də strateqin nə demək olduğunu göstərdi. 

Cənab İlham Əliyev beynəlxalq konyukturadan qaynaqlanan 2008 və 2015-ci illərin böhranı zamanı əleyhimizə işləyən reallığı ölkənin xeyrinə yönəltməklə eyni zamanda çevik və bacarıqlı bir krizis menecerliyi sərgiləmədimi? Sərgilədi. 
2016-cı ilin aprelindəki döyüşlərdə biz onun qorxmaz, bütün hay havadar və himəyadarlarının əleyhinə çıxmasına baxmayaraq, əldə olunanı qorumağı, onlara həzm etdirməyi bacaran necə bir mətin sərkərdə olduğunu görmədikmi? Gördük. 
Bu gün biz Qarabağımıza deyil, eləcə də özünün dəfələrlə adını çəkdiyi hay tapdağı altındakı digər torpaqlarımıza qayıdacağımızın əminliyini yaşayırıq. Bu əminliyi bizə yaşadan məhz o deyilmi? Odur.

Ona görə də İlham Əliyev təkcə Yeni Azərbaycan Partiyasının deyil, Azərbaycanın durmadan Yenilənməsini, onun gələcəyinin proqnozlaşdırılan və daha da parlaq olmasını, əldə edilən uğurların davamlı artmasını və dayanıqlı xarakter almasını istəyən hər kəsin seçimidir. 

Mən anlayıram ki, müsbət addımlar, örnək hərəkətlər, uğurlar çox olduqda onların ardıcıl sadalanması haradasa pafos effekti yaradır. Amma əsas bunun necə effekt yaratması yox, həqiqət olub-olmamasıdır, deyilmi? 

Hər kəs də gözəl bilir ki, bunlar həqiqətdir və son 14 ildə cənab Prezident o qədər böyük işlər görüb ki, bütün bu dediklərim ancaq aysberqin görünən tərəfidir. Ancaq o da həqiqətdir ki, həm təhsildə, həm səhiyyədə, həm iqtisadiyyatda-bir sözlə həyatımızın bütün sahələrində həllini gözləyən məsələlər, həm də problem xarakterli məsələlər də az deyil. 

Bütün bu məsələləri ardıcıl, səbrlə, lazımsız gərginliklərə yol vermədən, calxantı və çaxnaşmasız, amma qətiyyətlə həll edə biləcək lider də yenə cənab İlham Əliyevdir. 

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu. İlham Əliyev isə son 14 ildə bu dövlətin müstəqilliyini daha da möhkəmləndirərək, onu regionun liderinə çevirdi. İndi o, Azərbaycanın bu liderliyinin və müstəqilliyin əbədi olması üçün ona haqq edən xalq quruculuğunu reallaşdırır.

Bu bir prosesdir və onun üçün bir il, beş il yox, daha çox vaxt lazımdır.

Prezidentimizin hamımız üçün son dərəcə önəmli və şərəfli olan bu missiyanın da öhdəsindən uğurla gələcəyinə inanıram. Və əminəm ki, təkcə bəndəniz və bu ölkənin digər vətəndaşları deyil, ürəyi Azərbaycanla döyünən hər kəs buna inanır və məhz belə bir xalqa çevirilməyimizi arzulayır. Təbii ki, cənab İlham Əliyevin liderliyi altında!


Sahib Alıyev,
Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir