Modern.az

Namizədliyini irəli sürmüş hüquqşünas da danışdı - Müəyyən planları var

Namizədliyini irəli sürmüş hüquqşünas da danışdı - Müəyyən planları var

Aktual

15 Fevral 2018, 14:47

Mərkəzi Seçki Komissiyasının (MSK) dünən  keçirilən iclasında MSK-ya müraciət etmiş şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq olunması məsələsi müzakirə olunub.
Müzakirələr zamanı Anar Azər oğlu Umudovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə də baxılıb.  MSK onun namizədliyinin irəli sürüldüyünü təsdiqləyib.


Modern.az
saytı namizədliyini irəli sürən Anar Umudovla əlaqə saxlayıb.  O saytımıza açıqlamasında bildirib ki, növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürməklə bağlı özü, müstəqil qərar verib:

“Ümumiyyətlə ölkədəki vəziyyəti təqib edirəm. Hazırkı ictimai-siyasi vəziyyətdə hesab etdim ki, mən bunu etməliyəm və belə bir potensialımın olduğunu da düşünürəm”.


Anar Umudov qeyd edib ki, seçkilərlə bağlı müəyyən planları var:

“Əlbəttə, seçkilərdə iştirakla bağlı mənim də proqramlarım, düşüncələrim var. Lakin bu barədə danışmaq bir qədər tezdir. Hələ ki, bildiyiniz kimi seçkilərə qədər müəyyən mərhələlərdən keçməliyik. Namizədliyimiz qeydiyyata alınmalıdır. Daha sonra bu haqda nəsə demək mümkündür”.


Qeyd edək ki, Anar Azər oğlu Umudov 1983-cü il iyun ayının 9-da Rusiya Federasiyasının Voronej vilayətində anadan olub. 1999-cu ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən hazırda “Tərəqqi liseyi” adlanan 66 №-li orta məktəbi bitirib. 2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə eyni fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin doktoranturasına qəbul olub.

Hazırda «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə qəbulunun beynəlxalq-hüquqi aspektləri» mövzusunda dissertasiya işi üzərində işləyir.

2010-cu ildən təsisçisi olduğu «Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri» şirkətinə rəhbərlik edir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü.


Anar Umudov 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd olub.
Ailəlidir, 4 övladı var. 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü