Modern.az

"Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsi barədəki danışıqların hesabatını versin"

"Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsi barədəki danışıqların hesabatını versin"

Parlament

26 Noyabr 2009, 15:09

Parlamentin noyabrın 26-da keçirilən iclasında bəzi deputatlar Qarabağ məsələsindən danışıblar.

Pənah Hüseyn son zamanlar Madrid prinsiplərindən tez-tez danışıldığını xatırladaraq bu prinsiplərin dördüncü bəndinin - Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsi müddəasının Azərbaycan üçün təhlükəli olduğunu deyib. O qeyd edib ki, Azərbaycan hakimiyyəti bu məqamla bağlı açıqlama verməli, danışıqların hansı istiqamətdə getdiyini bildirməlidir.

Mübariz Qurbanlı bildirb ki, Azərbaycan ermənilərin dezinformasiyasına uymamalıdır. “Bir millət vəkili kimi məsələyə kömək etmək istəyiriksə, gəlin işğal altında olan torpaqlar barədə qanun qəbul edək. Beynəlxalq təşkilatların Qarabağda fəaliyyətini məhdudlaşdıraq, Dağlıq Qarabağ məsələsindən populizm və siyasi məqsədlər üçün istifadə etməyək”-deyə o, bildirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycanın Rusiya ilə yaxın əlaqələr qurmasını təklif edib: “Azərbaycan NATO ilə inteqrasiya yolu tutub, Türkiyə ilə stareji müttəfiqdir. Rusiya ilə də belə münasibətlər qurulmalıdır”. Q.Həsənquliyevin fikrincə, Rusiya Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarını tanıyarsa, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da daxil ola bilər: “Sərhədləri də birgə qoruya bilərik, hətta Rusiya Azərbaycanda hərbi baza da yerləşdirilə bilər”.

Deputat İqbal Ağazadə Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsi təklifinə qarşı çıxıb: “Biz istəyirik ki, Rusiya Azərbaycanda yeni Xocalı törətsin? Qarabağ problemini yaradan Rusiyadır. MDB-dəki bütün milli-etnik konfliktləri Rusiya yaradıb. Rusiya əlini çəksə, bu konfliktlər həllini tapar. Dağlıq Qarabağ məsələsi bütün vətəndaşları narahat edir. Biz də millət vəkili olaraq fikirlərimizi açıqlayırıq. Narahat olduğumuz üçün istəyirik ki, Xarici İşlər Nazirliyi danışıqlar barədə məlumat versin”.

Sabir Rüstəmxanlı bildirib ki, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar barədə deputatlar da məlumat almalidırlar: “Xarici qonaqlar bura gəlirlər, sonra bizi qinayırlar ki, 20 gün Bakida qalırlar, ancaq televiziya və radioda torpaqlarımızın 20 faizinin işğalı barədə məlumat ala bilmirlər”. Deputat deyib ki, türkiyəli deputatlar azərbaycanlı millət vəkillərindən Qarabağ məsələsilə bağlı daha çox məlumatlıdırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu