Modern.az

Deputat Fəzail İbrahimli: “Çalışıram ki, yeriyəndə arxamca söyməsinlər” - MÜSAHİBƏ  

Deputat Fəzail İbrahimli: “Çalışıram ki, yeriyəndə arxamca söyməsinlər” - MÜSAHİBƏ    

12 Aprel 2018, 13:36

Bu gün Milli Məclisin deputatı Fəzail İbrahimlinin doğum günüdür. Onun 67 yaşı tamam olur. Fəzail İbrahimli 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib. Elə həmin idən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin Tarix fakültəsində ali təsil alıb. Oranı bitirdikdən sonra, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973-1977-ci illərdə rayonun Çanaxbulaq kənd məktəbində müəllim işləyib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.

1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

2000, 2005, 2010 və 2015-ci  illərdə Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclisə deputat seçilib.

Ailəlidir, üç övladı var.

Deputat doğum günü münasibətilə Modern.az-a müsahibə verib.


- Fəzail müəllim, 67 yaşınız tamam olur. Özəl gününüzü necə keçirməyə hazırlaşırsız?


- Doğum günlərinə xüsusi önəm verən xarakterdə insan deyiləm. Həmişə adi günlərdən biri kimi qeyd edirəm. Əslində, doğum günlərini iki mənada başa düşmək olar. Birincisi, tanrım, mənə bir il də ömür verdiyin üçün təşəkkür edirəm. İkincisi, təəssüf ki, ömrümün  səhifəsindən bir vərəq də düşdü.


- Ən əsası qocalmaqdan qorxmaq məsələsi var. Güman ki, siz də qocalmaqdan qorxursunuz.


- Ad günü məsələsi belədir. 40 yaşa qədər insan yaşının artmasından qorxmur. Amma 40 yaşdan sonra hər şey dəyişir. 50 yaşda hiss edirsən ki, artıq ömrün hamar dövrü geridə qalır. İnsan yoxuş dövrünə tərəf gedir


- Amma doğum günləri ilə bağlı dilimizdə şablon ifadə yaranıb. Hər kəsə 100 il ömür arzulayırıq. Deməli, həm də özümüzü aldadırıq?


- Vahid Əzizin yaradıcılığının zirvəsi hesab etdiyim bir şeiri var. Mənə 100 il ömür arzulamayın. Mənə arzulayın ki, qapını özün durub aça biləsən və sairə. Nə qədər ki ayağın yer tutur,  müstəqil yaşadığın günə qədər tanrı insana ömür versin. Yoxsa ki, insan özünü idarə edə bilmirsə, ondan sonrakı ömür yaşamaq deyil, sürünməkdir. Allahdan arzu edirəm ki, nə qədər ömrüm varsa, o ömrü də yaşayım, sürünməyim. Düşünürəm ki, insan ömrünü sağlam yaşamalıdır. Elə yaşa ki, adın çəkiləndə övladların fəxr eləsin. Həmişə Allahdan razı olmuşam. Övladlarım, ailəm, məni əhatə edən qohumlarım var. Ən əsası isə millətimin xoşbəxtliyidir.


- Doğum gününüzdə təbriklər gəlirmi?


- Sizinlə danışa-danışa telefonuma zənglər gəlir. Ona görə yox ki, kiminsə mənə ehtiyacı var. Tanıdığım, qohum, dost-tanış xüsusilə sıravi adamlara  durumundan, vəzifəsindən asılı olmayaraq daha çox üstünlük verirəm. Bir az da irəli gedərək Səməd Vurğundan bir sitat gətirmək istərdim. “Arxalıya arxa olma, deyərlər ki, yamaqdır. Arxasıza arxa ol ki, qoy desinlər dayaqdır”.
Yaşadığım binada gözətçilər var. Bayram günlərində onların yeməyi verilmədən bizim evdə qazan asıla bilməz. Bunu reklam üçün demirəm. Bunu ona görə deyirəm ki, böyük ailədə böyümüşəm. 4 bacı, 5 qardaşıq. Ata-anamla birgə bir futbol komandası olmuşuq. Ailəmdə həmişə səmimiyyət görmüşəm. Bir tikəni bir neçə yerə bölüb yemişik. Uzun illər kirayədə yaşamışam. Xarakteri ağır bir qadının evində evsizliyin dəhşətini görmüşəm. İndi nə karəyəm ki, villa haqqında düşünüm, tanrıdan narazı qalım.  Bu həyatdan o qədər razıyam  ki... Sağlamam... İki qızım və oğlum var. Onların hər biri xoşbəxtdir. Ən əsası çalışıram ki, yeriyəndə arxamca söyməsinlər.

- Sizə gələn sıravi təbriklərdən ağızdolusu danışdız. Bizə parlament cameəsinin də təbrikləri çox maraqlıdır. Kimlər Fəzail İbrahimlini təbrik etdi, kimlər etmədi?


- “Sən ordan çıx, mən burdan, qoy kor olsun düşmənimiz”. Belə ifadə var. Bilmirəm nə dərəcədə yerinə düşdü. Bu gün Cavanşir Paşazadənin də doğum günüdür. Bunu xüsusi qeyd etməliyəm. Komitə iclaslarında doğum günü rəsmi keçiriləndən sonra hardasa  bir süfrə arxasında oturub qeyd edirik. Eldar İbrahimov,  Hadı Rəcəbli hamıdan qabaq məni təbrik edir. Hacı Madər Musayev mütləq təbrik edənlər sırasındadır. Çoxunun adını çəkmədim. İnciməsinlər. Maşallah çoxdular.

- Bəzi adamlar dəbdəbəli doğum günlərini keçirməyi çox sevir. Bəs siz necə doğum günləri keçirməyi sevirsiz?

- Mən dəbdəbəli həyat yaşamıram ki, ona uyğun da ad günü keçirim. 17 ildir ki, millət vəkiliyəm. Nə bağım, nə də sürücüm var.

- Bəzi iddialara görə, Fəzail İbrahimli parlamentdə əvvəlki kimi aktiv deputat deyil. Bu iddialarla razısızmı?

- Düz deyirlər. O sözdə də bir həqiqət var. O mənada ki, 2000-2005-ci ildə Parlament Jurnalistlər Birliyinin keçirdiyi nominasiyalarda “ən cəsarətli deputat” nominasiyalarının qalibi olmuşam. 2004-cü ildə “İlin deputatı” nominasiyasını qazanmışam. 2005-ci ildə 5 illik fəaliyyətimə görə “Ən fəal deputat” seçilmişəm. Təsəvvür edin: O vaxtdan bəri parlamentin tərkibi xeyli dəyişib. Amma lent yazılarıma baxanda özümü cəsarətli hesab edirəm. Təmsil olunduğum regionda yol, qaz, su və digər problemlər həll olunub. Həmçinin, 2005-ci ildə o problemlər vardı deyə gündəmə gəlirdi. Yaxşı, bu gün həll olunmuş məsələləri yenə də gündəmə gətirim?! O vaxt dediklərim bu gün mövcud deyil. Azərbaycan yeni libasdadır.  O vaxtlar elan verirdim. Böyrəyində daşı olanların nəzərinə: “Həkimə getmək lazım deyil. Bakıdan marşruta oturub cənub istiqamətində hərəkət edərkən, böyrək daşlarınız ya Salyanda, ya da Masallıda düşəcək”.
Bəs bu gün nə deyim?! Bayaq dediyim kimi, Milli Məclisə yeni adlar gəlir. Xalq bir nəfərə nə qədər qulaq asa bilər. Bəzən gözəl oxuyan müğənninin səsi də adamı yorur. Yeri gələndə “fəal olmayan deputat” fikirləri ilə də razılaşmıram. Lazımi məsələləri kökündən vura bilmişəm. Həmçinin, nədən qorxacam. Vergidən qorxmuram, çünki biznesim yoxdur. Gömrük xidmətindən qorxmuram, çünki mal gətirmirəm. “Budka”m da yoxdur ki, gəlib ora ilişələr. Ona görə də sözümü deyirəm. Qaldı ki  danışmağa bir adam eyni tərzdə nə qədər danışa bilər axı! Güman edirəm ki, yeni deputatların səsinə ehtiyac var.

- Bayaq villalarınızın, böyük biznesinizin olmadığından danışdınız.

- Nəinki böyük, heç kiçik biznesim də yoxdur.

- Razılaşaq. Amma  Milli Məclisdə bəzi deputatların biznesinin olması heç kimə sirr deyil. Məhz buna görə sağınıza, solunuza baxıb narahatlıq keçirdiyiniz məqamlar olurmu? Ailədə “ay ata, niyə sənin biznesin yoxdur?” deyib irad tuturlarmı? Hər halda, Milli Məclisdə təmsil olunanlar müəyyən səlahiyyətlərə malikdir.

- Birincisi, millət vəkilinin başına göydən pul tökülmür. Millət vəkili pul qazanmaq üçün bura gələnə qədər imkan əldə edir.  Daha sonra isə bu imkanını davam elətdirir. İkincisi, millət vəkilinin pulunun olması üçün hansısa məmura söykənməlidir. Biznes qurmaq, pul qazanmaq üçün gedib hansısa məmurun qapısında oturmalı, qapısını açmalı, ya da hansısa məmur tərəfindən himayə olunmalıdır. Mənim belə bacarığım yoxdur. Neyləyim, gedib özümü öldürməliyəm?! Gedib qapıları gəzə, saxta təbəssümlə onların üzünə baxa bilmərəm. Qaldı ki, evdəkilərin mənə irad bildirmələrinə, ailə quranda varlı olmamışam axı, həyat yoldaşım indi deyə ki, “bu var-dövlətə aldanıb gəldim. Burda isə boşluq varmış”. O, mənim həyat tərzimi də xarakterimi də, həyata baxışımı da bilirdi. Ona görə də mənimlə bir yerdə yaşamağına çox xoşbəxtdir. Övladlarım isə gözlərini açıb az məbləğlə yaşamağı görüblər. Tələbə olublar, amma kiminsə yanına nəyəsə getməyiblər. Oğlum ciddi  bir strukturda çalışır. O da mənim kimi həyatını qurub yaşayır. Bu, bir əxlaqdır. Başımızı  aşağı salıb yaşayırıq. Problemlər də olanda rahat gedib bankdan kredit götürürük.

- Bəzi deputat həmkarlarınız da zaman-zaman banka kredit borclarının  olduğunu deyiblər.

- İki cür müraciət var. Bir var ki, biznes qurmaq üçün on min kredit götürürsən. Bir də var ki, mövcud məişət problemlərini həll etmək üçün. Baxır kim necə götürür.

- Ümid edək ki, bundan sonra heç bir banka borcunuz olmayacaq.

- Nə  kredit borcum, nə də  kiməsə borcum var. Heç kimin yanında da üzü qaradeyiləm. Allahımdan da, dövlətimdən də, həyat yolumdan da razıyam. Tanrı mənə can sağlığı versin ki, övladlarımın müstəqil həyatını görə bilim.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir