Modern.az

Cəbrayıllı köçkün kömək istəyir: “Şirkət rəhbərinin bu hadisədən xəbəri olsaydı...” - VİDEO  

Cəbrayıllı köçkün kömək istəyir: “Şirkət rəhbərinin bu hadisədən xəbəri olsaydı...” - VİDEO   

19 Aprel 2018, 12:45

Elman Rafiq oğlu Əhmədov Cəbrayıl rayonundan məcburi köçkünüdür. 10 il “Azərsun Holdinq” şirkətində çalışıb və elə orada baş vermiş bir qəza nəticəsində əlil olub.

Modern.az-ın məlumatına görə, hadisə 2013-cü ilə aprelin 2-də baş verib. “Azərsun Holdinq” şirkəti ərazisində yaşanan bədbəxt bir hadisənin nəticəsi və ani ehtiyatsızlıq 38 yaşlı Elman Əhmədovu artıq 5 ildir ki, əlil arabasına bağlayıb.

Həmin qəza nəticəsində onurğa sütunundan – boyun fəqərəsindən ciddi zədə alan Elman Əhmədov 5 ildir yeriyə bilmir. Amma onun yerimək şansı var. Özünün dediyinə görə, onu müayinə edən həkimlər bunu istisna etməyiblər. Di gəl ki, maddi problemlər Elmanın sağalmasına ciddi maneədir.

Elman Əhmədov uzun illərdir Bakının Binəqədi rayonu (ünvan: Naxçıvani küçəsi məhəllə 30/67, bina 85) ərazisində yerləşən yataqxana binasının yarımzirzəmi bir otağında yaşayır. Lakin məskunlaşdığı yerin nəmişlik və rütubətli olması onun xəstəliyini daha da ağırlaşdırır. Bu səbəbdən də onu tez-tez Biləsuvar rayonu ərazisindəki köçkün qəsəbəsində yaşayan anasının yanına aparmaq məcburiyyətində qalırlar.

Elman Əhmədovun müalicə olunaraq yeriyə bilmək üşün xeyirxah və mərhəmətli insanların maddi dəstəyinə ehtiyacı var. O, belə insanların tapılacağına ümid edir.


Elman deyir ki, uzun müddət çalşıdığı “Azərsun Holdinq” şirkətinin rəhbərliyinin onun vəziyyətindən xəbərdar olmadığına inanır. Onun sözlərinə görə, dəfələrlə “Azərsun Holdinq”in rəhbəri Abdolbari Goozalın qəbuluna düşməyə cəhd göstərsə də, buna imkan verməyiblər.

“Halbuki, Abdolbari Goozal özü çox humanist insandır, keçmiş işçisinin bu vəziyyətə düşməsindən yəqin ki xəbəri yoxdur. O, həmişə çətinə, dara düşən işçilərinə köməyini əsirgəməyib. İnanıram ki, bu yazıdan sonra hadisədən xəbər tutacaq və xeyirxahlıq göstərəcək”.

Elman evlidir, bir oğlu, bir qızı var. Amma sağlıq problemi ilə əlaqədar ailəsinin maddi təminatını qarşılaya bilmir. O, sağalıb ayağa qalmağı çox arzulayır...

Elman Əhmədova kömək olmaq, onun vəziyyətini yerindəcə yoxlamaq istəyən xeyirxah insanlar özü ilə bu nömrəyə (050 300-56-24) zəng etməklə əlaqə yarada bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi