Modern.az

74 ərzaq müəssisəsinin sahibkarı cərimələnib

74 ərzaq müəssisəsinin sahibkarı cərimələnib

17 Avqust 2011, 13:15

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2011-ci ilin iyul ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanılması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya nümunələrinin nəticələrinə görə gigiyenik  normalara cavab verməyən məhsulları istehsal edən 74 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub, 10 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Modern.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 642, mikrobioloji göstəricilərinə görə 195 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Müayinələrin 5-də orqanoleptik və fiziki-kimyəvi, 2-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.  

Şadlıq evlərindən 2443 yaxma, 7 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 38-də mikrobioloji çirklənmə aşkar edilib.

 İyul ayı ərzində əhali arasında 114 qida zəhərlənməsi hadisəsi baş verib, 127 nəfər zərərçəkən olub.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən süd məhsullarının da təhlükəsiz göstəriciləri yoxlanılıb.

Süd məhsullarının təhlükəsizlik göstəriciləri üzrə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 26.07.2011-ci il tarixdən  başlanan laboratoriya müayinələrinin nəticələrinə görə İsmayıllı rayonunun  İvanovka kəndində fiziki şəxs  Leontiyev Qennadiy Timofeyeviçə məxsus pendir istehsalı sexindən təkrar götürülmüş pendir nümunələrində bağırsaq çöpləri qrup bakteriyalari (koliformlar), St.Aureus, Klepsella və Protey bakteriyaları aşkar edilib.

Eyni zamanda İsmayıllı şəhəri Girdman küçəsi 5 ünvanda fiziki şəxs Cəfərov Mirsəməd Ağasəməd oğluna məxsus pendir istehsalı sexindən təkrar götürülən pendir nümunələrində  Bağırsaq çöpləri qrup bakteriyalari(koliformlar) aşkar edilib.

İstehsal sexlərində keçirilmiş sanitariya müayinələri zamanı aşkar edilən nöqsanlarla əlaqədar hər iki sexin  fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib. Sahibkarlar inzibati qaydada cərimə edilib.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər