Modern.az

“Bakıda belə universitet varsa, xaricdə təhsil almamaq da olar” – Olimpiada qalibi - FOTOLAR

“Bakıda belə universitet varsa, xaricdə təhsil almamaq da olar” – Olimpiada qalibi - FOTOLAR

8 İyun 2018, 17:08

Modern.az saytında bilik yarışlarının - beynəlxalq və fənn olimpiadalarının qalibləri ilə silsilə yazılara davam edirik.

Təhsil Nazirliyi ilə Modern.az-ın birgə layihəsinin məqsədi oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.

Layihənin budəfəki  qonağı Murad Rəhimovdur. Murad Rəhimov  hazırda Bakı Ali Neft Məktəbindı (BANM) kimya mühəndisliyi ixtisası üzrə təhsil alır.

Murad liseydə oxuyub. Deyir ki, ilk vaxtlar liseydə oxumaq çətin olsa da, sonradan bu çətinlik aradan qalxıb.

“Əsas fənnlər ingilis dilində keçirilirdi”

“1996-cı ildə Göygöl rayonu Şəhriyar kəndində doğulmuşam. 6-cı sinfə qədər kənd orta məktəbində oxumuşam. 6-cı sinfi bitirib Gəncə türk liseyinə qəbul olunmuşam. 7-ci sinifdən başlayaraq liseydə dərslər ingilis dilində aparılmağa başladı. Təbii, ilk vaxtlarda  ingilis dilində oxumaq çətin idi. Ona görə də ingilis dilimizi daha çox təkmilləşdirməyə çalışdıq. İkinci rübdən başlayaraq  kimya, fizika, riyaziyyat, biologiya kimi əsas fənlər ingilis dilində keçirilirdi”.

“Marağım kimyaya idi”

Olimpiada qalibi deyir ki, ailəsi ilk vaxtlarda ona riyaziyyat sahəsini seçməyi məsləhət görüb:

“Kimyaya marağı orta məktəbdə oxuyanda müəllimim yaratmışdı. O məsləhət gördü ki, bu sahəni seçim. İlk vaxtlarda ailəm kimya sahəsini seçməyimlə bağlı tərəddüd edirdi. Deyirdilər ki, “riyaziyyat elmlərin şahıdır. Riyaziyyat sahəsini seç”. Amma mənim marağım kimyaya idi. Valideynlərim görəndə ki, bu sahəni daha çox sevirəm, sonradan onlar da məni başa düşdülər və dəstək olmağa başladılar. Beləliklə, 7-ci və 8-ci siniflərdə ölkədə keçirilən fənn olimpiadalarında iştirak etdim. 9-cu sinifdə oxuyanda isə beynəlxalq olimpiadaların iştirakçısı olan komandaya düşdüm.  9-cu sinifdə oxuyanda hər həftə Moskva Dövlət Universitetinin Bakı filialının nəzdində bizə kimya dərsləri keçirilirdi”.

İlk olimpiada, ilk həyəcan...

Muradın sözlərinə görə,  ilk dəfə olimpiadaya qatılanda həyəcan vardı:

“İlk beynəlxalq olimpiada olaraq 2013-cü ilin aprelində Özbəkistana getdim və bürünc medala layiq görüldüm. Növbəti dəfə 2013-cü ilin sonlarında Moskvaya getdik. Amma oradan qalib kimi yox,  iştirakçı kimi qayıtdıq. Həmin il həm olimpiadaya, həm də ali məktəbə hazırlaşdım. 2014-cü ildə Mendeleyev olimpiadasının komandasına düşdüm. Rusiyada keçirilən olimpiadada 2 bürünc medal qazandıq. İlk olimpiadaya qatılanda həyəcan vardı. Bu da təbii idi. Amma zamanla alışdıq”.

“639 bal toplasam da...”

BANM tələbəsi ali məktəbə qəbul olunmasından da danışıb:

“2014-cü ilin qəbul imtahanlarında 639 bal topladım. Amma heç bir xarici ölkədə təhsil almaq istəmədim. Düşündüm ki, Azərbaycanda Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Diplomatik Akademiyası kimi universitetlər varsa, xaricdə təhsil almamaq da olar. Bu ali məktəblərdə təhsilin səviyyəsi çox yüksəkdir. Mən də Bakı Ali Neft Məktəbinin üzərində dayandım. Hazırda Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi üzrə  4-cü kurs tələbəsiyəm. Bakı Ali Neft Məktəbinə daxil olmağım bir qədər fərqli oldu. Həmin ixtisasa keçid balı 649 idi. Mən isə 639 bal toplamışdım. Ona görə də Dövlət İmtahan Mərkəzinə məktub yazaraq bildirdim ki, “beynəlxalq olimpiadalarda qalib olmuşam. Bu ixtisasa daxil olmaq istəyirəm”. Təbii, mənim bu müraciətimə müsbət cavab verdilər. Hazırda BANM-da olimpiada medalçısı olduğum üçün təhsil alıram”.

“Gələcəkdə Azərbaycanda çalışmaq istəyirəm”

Murad  Rəhimov gələcək planlarından da söz açıb:

“Mendeleyev olimpiadasından medal qazanan hər bir kəs Moskva Dövlət Universitetində oxumaq şansı əldə edir. Belə bir şans məndə də vardı. Sadəcə, özüm istəmədim. Ölkəmdə təhsil almaq istədim. Ailəm də hər bir qərarıma hörmətlə yanaşdı. Gələcəkdə isə magistr təhsilimi Avropa ölkələrindən birində davam etdirmək istəyirəm. Düşünürəm ki, Avropada təhsil daha maraqlıdır. İş karyerama gəlincə, gələcəkdə Azərbaycanda çalışmaq istəyirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir