Modern.az

Bir neçə yerdə evi, dəbdəbəli həyat tərzi olanlar “Dövlətqaçqınkom”dan nə istəyirlər...

Bir neçə yerdə evi, dəbdəbəli həyat tərzi olanlar “Dövlətqaçqınkom”dan nə istəyirlər...

Hadisə

5 İyul 2018, 09:03

Deputat: “Bu cür xoşagəlməzlik bütün məcburi köçkünlərin adına yazıla bilməz”

Azərbaycan dövləti məcburi köçkünlərin mənzil-məşişət şəraitinin yaxşılaşdırılması istiqamətində vacib addımlar ataraq, yaşayış üçün normal tələbələrə cavab verən şəhərciklər salır. 
2003-c ildən bəri məcburi köçkün ailələri üçün mənzillər istifadəyə verilməkdədir və bu proses hazırda da davam edir.
Təəssüf ki, ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən bu bu nəcib işlərə kölgə salanlar da var. Bu məsələdə bəzi məmurlarla yanaşı, köçkün statusundan istifadə etməyə çalışan insanlar da günahkardır.

Belə ki, araşdırmalara görə, məcburi köçkün statusu daşıyan, amma faktiki olaraq maddi durumu çox yüksək olan bəzi insanlar var ki, onlar da gözlərini “Dövlətqaçqınkom”un payladığı mənzillərə dikiblər.
Halbuki, köçkün statusuna malik olan bu şəxslərin bir-iki yerdə evləri-villaları, bahalı maşınları var, dəbdəbəli həyat tərzi keçirirlər. Bununla belə dövlət tərəfindən verilən “çörəkpulu” müavinəti də alırlar, hələ üstəlik, mənzil əldə etmək üçün "Dövlətqaçqınkom"a müraciət edirlər.


Məsələ ilə bağlı Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov Modern.az saytına açıqlamasında deyib ki, bu istiqamətdə "Dövlətqaçqınkom" tərəfindən dəqiq uçot aparılır: 

““Dövlətqaçqınkom” bunu tək yox, məcburi köçkün  rayonlarının İcra hakimiyyətləri və həmin məcburi köçkünün məskunlaşdığı rayonların İcra qurumları ilə birlikdə edir. Bu üç qurum birlikdə uçotu dəqiqləşdirir. Bu zaman hamının mənzil- məişət şəraiti dəqiqliklə öyrənilir. Məcburi köçkünün ağır, çox ağır və ya digər vəziyyətlərdə olduğu müəyyənləşdirilir. Dediyim qurumlar əsas məsuliyyəti daşıyırlar. 

Düzdür, ola bilər ki, kimlərsə nədənsə istifadə etməyə cəhd göstərir. Ancaq inanmıram ki, bu üç qurumu aldatmağa nail olsunlar. Ciddi uçot aparılandan sonra kim mənzillə təmin olunmalıdır, kim yox, müəyyənləşir. Əlbəttə, bu məsələ dövlət rəhbərliyi səviyyəsində nəzarətdədir. Bilirsiniz, həmişə ən pis vəziyyətdə yaşayanların köçürülməsi ön planda olur. Son bir-iki il ərzində hörmətli birinci vitse-prezidentimiz Mehriban Əliyevanın təşəbbüsü ilə  mindən çox ailə mənzillə təmin olundu. Bu yaxınlarda yenə köçürülmələr baş tutdu”.


Deputat qeyd edib ki, "Dövlətqaçqınkom"un yeni rəhbərliyi bu kimi məsələlərdə çox ciddi və dəqiqdir:

“Burda məsuliyyət təkcə "Dövlətqaçqınkom"un üzərində deyil. Eyni zamanda, məcburi köçkün rayonlarının İcra hakimiyyətləri və onların məskunlaşdığı yerlərin İcra orqanları da məsuliyyət sahibləridir. Düşünürəm ki, məcburi köçkünlər də öz növbələrində məsuliyyət sahibi olmalıdırlar. Əgər onlar mənzilləri olduğu halda yenidən müraciət edirlərsə, qeyd etdiyim üç qurumun yaratdığı komissiya buna imkan verməməlidir”.


Milli Məclisdə Laçın rayonunu təmsil edən deputat  Mahir Abbaszadə
 bildirib ki,əmlakı olan məcburi köçkünlər  Əmlak Məsələləri Dövlət Komitəsində qeydiyyatdadırlar:

“Və Əmlak Məsələləri Dövlət Komitəsinin “Dövlətqaçqınkom”a verdiyi siyahıya əsasən, o adamlar yeni evlərlə təmin olunmur. O ki qaldı, məcburi köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən tikilmiş, cənab prezidentin göstərişi ilə salınmış qəsəbələrdə yerləşdirilməsinə, məcburi köçkünlər həmin ərazilərdə müvafiq evlərlə təmin olunmaqdadır.

Əgər bir neçə yerdə evi olan məcburi köçkünlər varsa və yenidən ev üçün müraciət edirlərsə, deməli bu faktlar aradan qaldırılmalıdır. Məcburi köçkünlər özləri də başa düşməlidirlər ki, dövlət yataqxanalarda, qəzalı vəziyyətlərdə, sığınacaqlarda yaşayan didərginlər yeni evlərlə təmin olunsun, mənzil şəraitləri yaxşılaşsın deyə,  vəsait ayırıb”.


83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputat Aqil Abbas
düşünür ki, bütün məcburi köçkünlərin adları bu cür neqativ hadisədə çəkilməməlidir:

“Bəzən ola bilər ki, biri kirayədə qalır, yaxud 4-5 üzvü olan ailə balaca bir yerdə yaşayır. Onlar ölənə qədər orda yaşamalıdır? Digər tərəfdən, ev verən komitə müraciət edənlərlə bağlı araşdırma aparır. Kimin nəyi var, kimin nəyi yoxdu, müəyyən edilir. Kiminsə hardasa iki-üç evi varsa və yenidən mənzil üçün israrla komitəyə müraciət edirsə, bunu bütün məcburi köçkünlərin, qaçqınların adına yazmaq olmaz”.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı