Modern.az

Əhəd Abıyev Daşkəsəndə 20 uşağı sünnət etdirəcək (FOTOLAR)

Əhəd Abıyev Daşkəsəndə 20 uşağı sünnət etdirəcək (FOTOLAR)

15 Sentyabr 2011, 18:05

Sentyabrın 15-də Daşkəsən rayonunda təzə inşa edilmiş “Yeni həyat” xeyir-şər evinin, Z.Bağırov adına Yuxarı Daşkəsən qəsəbə tam orta məktəbinin əsaslı təmirdən sonra istifadəyə verilməsi ilə əlaqədar açılışı olub. Hər iki tikilinin açılışında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev ictimaiyyət nümayəndələri qarşısında çıxış edib. Ə.Abıyev mərasimdə yaşla əlaqədar olaraq təqaüdə, istirahətə gedən müəllimlərin də iştirak etdiyini deyib. İcra başçısı Daşkəsən rayonunda 10 ümumtəhsil məktəb, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisəsinin müasir istilik sistemi ilə təchiz edildiyini söyləyib.
Əhəd Abıyev bildirib ki, bu kimi tikililər rayonun digər qəsəbələrində də istifadəyə veriləcək. O, qeyd edib ki, 400 nəfərlik xeyir-şər evi tələb olunan bütün avadanlıqla təmin olunub, kommunikasiya xətləri çəkilib, ətrafı abadlaşdırılıb. Tikinti işləri rayonun daxili imkanları hesabına aparılıb.
Daşkəsən rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, tədbirdə iştirak edən Milli Məclisin deputatı, YAP icra katibinin  müavini Mübariz Qurbanlı rayonun pedaqoji ictimaiyyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xeyir-şər evində bütün mərasim tədbirləri təmənnasız olaraq reallaşacaq. Aztəminatlı ailələrin mərasimlərini ən yüksək səviyyədə keçirmək üçün xeyir-şər evində hər cür şərait yaradılıb.

Qeyd edək ki, yaxın günlərdə Mərkəzi Klinik Xəstəxananın həkimləri Daşkəsəndə aztəminatlı ailənin 20 nəfər uşağına sünnət edəcək.

Açılış mərasimlərində rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri, YAP rayon təşkilatının şura üzvləri, rayon sakinləri, veteranların nümayəndələri öz çıxışlarında daşkəsənlilərə göstərilən bu diqqət və qayğı üçün razılıqlarını bildiriblər.





Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?