Modern.az

Elçin Əlibəyli: “Bəzi teleaparıcılar nə üçün efirə çıxdığını, nə istədiyini bilmir” (MÜSAHİBƏ)

Elçin Əlibəyli: “Bəzi teleaparıcılar nə üçün efirə çıxdığını, nə istədiyini bilmir” (MÜSAHİBƏ)

Müsahibə

21 Sentyabr 2011, 10:54

“Kimin anası ermənidir, kimin kirvəsi ermənidir bunları bilirəm. Mən uşaq idim, Azərbaycan müğənnisi erməni bəstəkarı ilə qucaqlaşmış vəziyyətdə İrəvanı gəzirdi...”

“Mənim verilişimdən sonra hansı məşhur adamlar zəng edb falçıların nömrələrini itəyiblər, bunu desəm, böyük bir siyahı alınar”


Tanınmış teleaparıcı Elçin Əlibəyli Modern.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

- Xeyli müddətdir ki, efirdə yoxsunuz, televiziya üçün darıxmamısınız ki?

- Efir mənim ikinci, bəlkə də üçüncü fəaliyyət növüdür. İlk gündən düşünmürdüm ki, ömrümün axırına qədər televiziyada çalışacam. Çünki mənim əsas iş fəaliyyətim elmlə bağlıdır və elmi işlə məşğulam. Sadəcə tok-şoular edirdim, bəlkə nəsə etmək istəyirdim. Amma bu hobbi kimi qəbul olunmalıdır, peşəkar fəaliyyət kimi yox. Mənim peşəkar fəaliyyətim başqadır.

- Neçə fikirləşirsiniz, özünüzü aparıcı kimi təsdiq edə bildiniz?

- Mən istəmirdim ki, məndə aparıcılıq alınsın, daha çox istəyirdim ki, nələrisə deyə bilim, müəyyən problemləri qaldıra bilim. Mənə elə gəlir ki, bu işin öhdəsindən gəldim. 

- ATV-dən getməyinizlə bağlı  bir neçə fikir səsləndirildi. Əsl səbəb nə oldu?

- ATV-dən getməyim sırf elmi işimlə bağlı oldu. Hər hansı telekanalda məsul işdə işləmək çox vaxt, enerji tələb etməklə yanaşı, eyni zamanda insana çoxlu düşmən qazandırır. Sizə deyərdim ki, bu mənim istəmədiyim bir fəaliyyət növü idi. Mən məmur yox, hökm verən insan yox, daha çox yaradıcı işlə məşğul olan insan olmaq istəyirdim. Bir universitetin auditoriyasında dərs demək mənim üçün daha çox  maraqlıdır və sevdiyim işdir, nəinki hansısa inzibati işdə çalışmaq. Televiziyada kifayət qədər - 4 il işlədim. Əslində televiziyadan getmək arzum çoxdan var idi. Sadəcə olaraq Azərbaycanda təəssüf ki, bir çox qəzetçilər də daxil olmaqla, bəzi insanlar var ki, onlar “qara piar” qurmağı sevirlər və bacarırlar. Bu, onların hobbisidir. Bu da televiziyada olan insanlara qarşı olan ikrah hissindən irəli gəlir.
Açıq deməliyəm ki, bir çox özümə çiyindaş saydığım jurnalistlər var idi ki, onların “biz niyə populyar deyilik” deyə qısqanclıq zəminində nifrətləri var idi və bundan çox faydalı istifadə etdilər. Amma bunlar mənim vecimə deyil, nə istəyirlər yazsınlar. Mənim haqqımda hər şey yazıblar. Mənim vaxtım yoxdu ki, kiməsə çavab verəm. Mən bilirəm o yazılar hardan çıxıb, kimin evində yazılıb, o yazının yazılması üçün 35 manat pul verilib, sonra 20 manat da alınıb. Bunlar hamısı ürəkbulandırıcı şeylərdir. Ona görə, unutmuşam bu məsələləri.

- Sizə düşmənçilik münasibətində olanlar çox olub?

- Təbiidir, baxın sadəcə olaraq “El içində”nin mövzularını deyirəm, klinikalardan tutmuş çörək istehsalına qədər, kolbasa, şirniyyat istehsalından tutmuş şou-biznesdə olan çatışmalzıqlara qədər sərt verilişlər gedirdi. Təbii ki, bunların məndən xoşu gəlməyəcək, bu təbiidir.
Daha sonra televiziyada karyera qurmaq istəyən, amma istedadsız insanlar var idi. Mən görürdüm ki, bunun istedadı yoxdur, amma karyera qurmaq istəyir. Bunu başqa maraqlar üçün istəyir. Xalqa, tamaşacıya sözü olub bunu etsə, eybi yox istedadsız olsun. Amma bu ya ərə getmək istəyir, ya maşın almaq istəyir. Kiməsə deyəndə ki, "sənin bu yolun səhvdir" və yaxud da "sən bundan istifadə edirsən" təbii ki, onun da xoşu gəlmir və bu belə də olmalı idi. Azərbaycan reallığı belədir, ümumiyyətlə, bizdə tənqidə münasibət çox pisdir. Kimisə tənqid etsən, sabah səninlə düşməndir. Hansı bir veriliş haqqında tənqid söyləyirsənsə, sən artıq düşmənsən. Sənə salam da verməyəcəklər, sənlə qərəzli də olacaqlar.
Mən tənqidci peşəsini seçmişəm, bu mənim ixtisasımdı. Məsələn, Rusiyada belə hallar yoxdu. Azərbaycanda isə belədir. Teatrda da belədir, hansısa bir tamaşa haqqında yazırsansa, bitdi. Hansısa zənglər, hədə-qorxu və təzyiqlər... Biz tənqidi sevmirik. Gəldiyim açıq qənaət budur.  

- Sizcə niyə tənqidi qəbul edə bilmirik?

- Mənə elə gəlir yaradıcılıq psixologiyası ilə məşğul olan insanlarla bu məsələni müzakirə etmək lazımdır, bəlkə də dəyirmi masaya ehtiyac var. Bizim müğənnilər də belədir. Bir Xalq artisti haqqında efirdə dedim ki, bizim çox sevimli müğənnimiz, Xalq artistimiz ifa edəndə, ləhcəyə yol verir. Buna görə elə bir hay-küy qaldırdı ki...
Demirəm ki, sən pissən, deyirəm ki, böyük sənətkarsan, Xalq artistisən, amma bu da var. Sən artıq Allah deyilsən ki?! Təəssüf ki, bizdə yaradıcı işlə məşğul olan insanların hamısı artıq bütləşiblər və “Allahlaşıblar”. Onlara söz demək olmaz. Bu çox pis haldır, yaradıcılığa mane olan, əngəllər törədən, insanı özünü tənqiddən uzaqlaşdıran bir prosesdir. Mənim haqqımda kifəyət qədər tənqid yazılıb, ən yaxın dostlarım belə yazıblar. Mən bu tənqidlərdən çox razı da qalmışam, əsəbləşdiyim məqamlar da olub. Mən demirəm ki, tənqidi sevirəm. Amma kiməsə zəng edib dalaşmaq, sən niyə mənim haqqımda tənqid yazmısan demək, ağlıma belə gəlməz. Təəssüf olsun ki, bizim yaradıcı insanlarda bu var.

- Qeyd etdiniz ki, televiziyalarda nəyinsə xətrinə efirə çan atan insanlar var. Televiziyalarda belə insanlar daha çoxdur, yoxsa xalqa sözü olanlar?

- Bilirsiniz, Azərbaycan televiziyasının müstəqillikdən sonrakı dövrünü biz dövrlərə bölməliyik. Bir dövr var idi ki, həqiqətən də sözü olan insanlar televiziyaya çıxdılar. Onaların sözü keçərli idi və  həqiqətən də tamaşaçı ordusu toplamışdılar. Belə şəxsiyyətə çevrilmiş aparıcılar var idi. Televiziya canlı orqanizmdir, televiziya insan kimi bir şeydir, hər gün bir geyim geyinir. İnsan hər gün eyni geyimi geyinə bilməz axı. Mən demirəm tam dəbin dalınca qaçsın. Elə televiziya olmalıdır ki, o ancaq dəbin dalınca qaçmalıdır, elə televiziya da olmalıdır ki, onun klassik siması olsun. Bu təsnifat aparılmayana qədər aparıcıların özlərinin də nə üçün efirə çıxdığı bəlli olmur. Aparıcının sosial maskası deyilən bir anlayış var. Bu elmi terminologiyadır. Hər bir aparıcıda bu olmalıdır. Gəlin baxaq görək, bizdə nə qədər aparıcının sosial maskası var. Bəzi aparıcılarımız var ki, nə üçün efirə çıxdığını, nə istədiyini, sosial mesajının nə olduğunu bilmir. Mənim haqqımda tənqidi fikirlər söyləyənlər deyirlər ki, Elçin Əlibəyli aqressivdir, qoymur qonaqları danışmağa.Yaxşı, amma digər - alternativ tok-şoularda kifayət qədər vaxt verirlər həmin qonaqlar danışır. Bu da belədir, niyə hamı eyni olmalıdır. Bəli, mən imkan vermirdim qonaqlara danışmağa. Axı görürəm söhbətdən yayınır.

Hər aparıcının özünün davranışı var, mən aqressiv aparıcı ola bilərəm, bu mənim sosial maskamdır. Başqa biri barışdırıcı ola bilər. Məhz bu çox çeşidlilik, rəngarənglik televiziya məkanını bəzəyə bilər. Necə ola bilər ki, İtaliyada aparıcı hətta baş naziri birbaşa efirdən tənqid edə bilər və sərt danışa bilər. Amma Azərbaycanda aparıcı sərt danışmamlıdır. Qoy o da olsun, bu da və meyar olacaq tamaşaçı. Mənim hörmət etdiyim aparıcılar var  ki, onlar da tok-şou aparırlar, amma hərənin öz üslübu var. Burda təəccüblü nə var ki?!

Mir Şahinin tok-şouları öz uslubludur, kifayət qədər də aqressiya var. Mir Şahin Azərbaycan televiziya məkanında öz sözü, çəkisi olan insanlardan biridir və məktəb yaradan çox az insanlardan biridir. Onun tok-şouları kifayət qədər aqressiv olur, amma o aqressiyanın içində də  bir barışdırıcılıq var. O bu xətti çeçib. Anar Yusifoğlunun aparıcılıq naturası, yaratdığı sosial  maska bir qədər fərqlidir. Bir az barışdırıcılıq mövqeyni tutur, amma sərtliyi də var.
Təəssüf ki, bizdə şablonlaşmış fikirlər var. “Sadəcə olaraq mənim Elçin Əlibəylidən xoşum gəlmir və mən ancaq onu tənqid etməliyəm”- bu fikirlərlə yanaşırlar.
Qaldı ki, sizin dediyiniz bu günki televiziya aparıcılarının durumu ilə bağlı məsələyə. Mənim dostum və qələminə hörmət etdiyim Sevda Sultanova uzun illərdir televiziya tənqidi ilə məşğul olur. O, bu yaxınlarda belə bir yazı yazmışdı ki, kimi tənqid edəsən? Bu ciddi bir məsələdir. Təəssüf ki, Azərbaycan teleməkanında yeni nəsil aparıcıların gəlişi bir qədər ləngiyir. Və bu ləngimə prosesi də yeni simalar, yeni ixtiralar mənasında mənə elə gəlir ki, süstlük yaradır. Azərbaycan tamaşacısı da bu sustlüyə görə televiziyadan uzaqlaşır.

- Televiziyada yeni simaların olmaması nə ilə bağlıdır?

- Maraqlı sualdır. Mənə elə gəlir ki, bayaq bir söz dedim, Mir Şahin məktəb yarada bilib. Bir çox öndə olan, təcrübəsi olan aparıcıların məktəbi yoxdur. Bəlkə ona görə və bunun olması üçün də televiziya akedemiyası olmalı idi, master klaslar olmalı idi. Niyə Poznerin tələbələri olmalıdır,  amma bizdə isə aparıcıların yox. Məsələn, Murad Dadaşov gözəl şoumendir, bunu heç kəs inkar edə bilməz. Niyə onun məktəbi olmasın və ya sinfi olmasın, üç-dörd nəfər istedadlı gənci seçib yetişdirməsin... Mənə elə gəlir ki, televiziya akademiyasının olmamısı varislik prinsipini pozur. Bu əsas deyil, amma səbəblərdən biridir.             

- Yeni layihələriniz olacaq? Yenidən efirə qayıtsanız, necə bir verilişlə efirə çıxmaq istərdiniz?

- Əgər fikir verdinizsə, mən birinci  “LG bilik akademiyası”ndan uzaqlaşdım. Bu verilişdən öz xahişimlə getdim. Elmi işim artıq elə bir mərhələdə idi ki, onu tamamlamalı idim. Və “El içində”dən də həmin qaydada getdim. Bu gün mənim televiziya ilə bağlı hər hansı bir planım yoxdur. Çünki, bu gün qurduğum planlar öz işlərimlə bağlıdır. Bu gün “Televiziya nəzəriyəsinin əsasları” adlı kitabımı çapa vermişəm. Bu mənim sayca ikinci kitabımdır. Düşünürəm ki, bu, Azərbaycan televiziya nəzəriyyəsində çox böyük sıçrayış olacaq. Bir həftə sonra artıq üçüncü kitabımı da çapa verəcəm. Bu müddət ərzində elmi məqalələrim də çıxıb. Hesab edirəm ki, bununla daha çox faydalı iş görmüş oluram. Televiziyada işləmək istəyən ən azı beş nəfərə faydalı olacaq. Azərbaycanda çox az yazar televiziya ilə bağlı yazır. Elşad məllimin kitabı var idi, Zeynal Məmmədli, Qulu Məhərəmli... Məncə bunlardan başqa yoxdur. Zeynal məllimin xəbərlə bağlı unikal kitabı çıxdı. Amma televiziya təkcə xəbərlərdən ibarət deyil. Bəs televiziyanın əyləncəli verilişləri?! Bu gün Azərbayan televiziyalarında çalışan insanların əlində dərslik yoxdu ki, bilsinlər televiziya dramaturgiyası nədir, televiziya verilişi necə qurulur, televiziyada rejissor işi nədir? Bütün bu suallara bax bu kitabda cavab tapa biləcəklər. Mənə elə gəlir mən bununla daha çox faydalı iş görmüş oluram.

- Bir müddət öncə “Sarı gəlin”i oxuyan ermənini yamsılamağınız müəyyən narazılıqlar yaratmışdı. Nədən zərurət yarandı ki, bu mahnını erməni dilində yamsıladınız?

- 2000-ci ildən başlayaraq “Vətəndaş həmrəyliyi” qəzetində əks-təbliğat səhifəsini yazırdım. Erməni mətbuatında nə dərc olunurdusa, nələr yazılırdısa, onlar haqqında icmal hazırlayıb verirdim. Və bu xətti tutan vaxt bir-bir əlimə düşdü ki, onlar bizim hansı mahnılarımızı oğurlayıblar. Bunları sonralar televiziyada söylədim, “Sarı gəlin” haqqında veriliş hazırladım. Bülənt Ərsoya qarşı bəyanatla çıxış etmişəm, orda da söyləmişəm ki, bunlar düz oxumurlar. Çünki muğam bilməyən xalqdır, bu xalqın içində muğam yoxdusa, bunlar oxuya bilməzlər.

Bu da söhbət əsnasında beş nəfər oturub və demişəm ki, onların ədəbiyyatında bayatı deyilən bir şey yoxdu deyə, bu sözü bu sözlə əvəz ediblər. Erməni mənbəsidən sitat gətirmək düşmən olmaqdısa, onda gəlin Tarix İnstitutunda hamını güllələyək. Çünki onlar məcburdur ki, o mənbəni gətirib desin ki, erməni buna bu adı qoyur.

Mən heç kimə vətənpərvərliyimi, öz türklüyümü sübut etmək niyyətində deyiləm. Kimin anası ermənidir, kimin kirvəsi ermənidir, kim maşınında Bokaya qulaq asır, Anjelika Varumun konsertinə gedir, bunları bilirəm. Mən uşaq idim, Azərbaycan tanınmış qadın müğənnisi erməni musiqiçisi Orbelyanla ilə qucaqlaşmış vəziyyətdə İrəvanı gəzirdi. Bunu hamı görürdu, mən də uşaq vaxtı bunu görmüşəm. Mən heç bundan danışmıram. Bu gün də mən heç kimə nəsə sübut etmək niyyətində deyiləm. “Sarı gəlin”i kaş mənim qədər müdafiə edən olaydı. Mən veriliş hazırlayanda, 2008-ci ildə  Bülənt Ərsoy o məşhur sözü deyəndə, kampaniya şəklində başlayanda onda qulaqlarına pambıq tıxamışdılar, heç eşitmirdilər. İndi Elçin Əlibəyli ermənipərəst deyil, Elçin Əlibəyli demir ki, bu erməni mahnısıdır. Elçin Əlibəyli deyir ki, erməni bunu bu cür oxuyub. Çünki bu millətin bayatısı yoxdur, xəstə bir xalqdır.

Bu kampaniya üç avaranın, bəlkə də erməni mənşəli avaranın, bunu da araşdırmaq lazımdır və ya ermənilərlə xüsusi sövdələşmiş insanların mənə qarşı hərəkətləri idi. Çünki bilirdilər ki, ermənilərə ən yaxşı, layiqli cavabı verən insanlardan biri mənəm. Çünki mən onları yaxşı tanıyıram. Mən 10 yaşında İrəvandan qovulmuşam, qaçqınlığın faciəsini yaşamışam. Mən bunları necə unuda bilərəm. Azərbaycanda ziyalını ləkələmək, vurmaq, aşağılamaq hamının sevimli peşəsidir. Fəhlənin, sürücünün, bir para vəzifədə çalışan başıboş insanların sevimli hobbisidir. Filan müğənnini, yazıcını, tarixçini, şairi yalnız aşağılasınlar, çünki intellekdən qorxurlar. Bax bu təəssüf ki, bizim hobbimizdir. Ona görə, bu deyilənlərin heç biri vecimə deyil, heç kimə heç nə sübut etmək məcburiyyətində də deyiləm. Məni tanıyanlar tanıyır, amma o qədər ağzı boş olan insanlar var ki, baş boş olanda, ağız da boş-boş danışır.            

- Erməni dilini bilirsiniz?

- Mən orda doğulmuşam, orda yaşamışam, orda rus məktəbinə getmişəm. Təsəvvür edin ki, biz yaşadığımız yerdə bir nəfər də olsun azərbaycanlı yaşamırdı, bütün məhlə erməni idi. Bu dili bilmək pis bir şey deyil və məcbursan biləsən. Çünki hər tərəfin ermənidir. Azərbaycanın çox qədim şəhəri olan İrəvan mənim babalarımın, babalarımın babalarının yurdudur. Ermənilərə beynəlxalq görüşlərdə, mətbuatda hər zaman cavab vermişəm ki, yaxşı bura sizin torpaqdırsa niyə 1956-cı ilə kimi bir dənə də erməni kilsəsi yox idi, amma 11 məscid var idi. Və yaxud bizim məhləmizin Rus imperiyasının təsdiqi ilə mülk kağızları var. Amma digər mülk kağızlarında bir dənə də olsun erməni adı yoxdur. Bu həqiqətləri ermənilər özləri də bilirlər, amma onlar yaşamaq üçün nəsə uydurmağa məcburdurlar. Mədəniyyət, mətbəx, musiqi oğurlamaq, nitq, söz oğurlamaq onların hər zamanki xasiyyətidir. Bunu özləri də artıq etiraf edirlər. Hər zaman deyirəm ki, erməniyə verilən bir əsas sual olmalıdır. Necə ola bilər ki, bir xalq birdən –birə öz dilinin leksik tərkibinin 90 faizini dəyişsin. Bəlkə ayrı-ayrı  xalqlardan söhbət gedir? Bəlkə yox burda həqiqət var. Rəhmətlik Mirəli Seyidov kifayət qədər yaxşı bilirdi və yazmışdı. Ona görə ondan qorxurdular. Ermənilərin dilini, mədəniyyətini bilən şəxs danışanda onlar qorxurlar. Budur bizim problemimiz, biz bu günə qədər onlara öz dilində cavab verməmişik. Gəncəsər abidəsi var, ermənilər hər yerdə deyir ki, bu erməni abidəsidir. Orada doğrudan da erməni qrafikası ilə mətn yazılıb. Amma mətni axıra kimi çap etməyiblər, çünki sonda abidəni tikdirənin adı yazılıb. Bu ad da türk adıdır. Amma bizim əlimizdə bu var. Biz bunları deməliyik ki, ən azı insanlar bu abidənin kimə aid olduğunu bilsin. Ermənilərin təbliğatı birbaşa beynləri zəhərləməyə yönəlib. Son zamanlar bizim də təbliğat güclüdür, amma dayanmaq olmaz.   

- Hansı kanalları və aparıcıları izləyirsiniz?

- Bilirsiniz, ilk növbədə Azərbaycan telekanallarını izləmək birbaşa mənim vəzifəmdir, ona görə ki, elmi iş yazırsansa, bütün prosesi izləməlisən. O cümlədən bütün aparıcıları da izləməyə məcburam. Nə edirlərsə, mən nəticəni görməliyəm, konkret heç bir ad çəkməyəcəm, mən hamısına xüsusi gözlə baxıram və baxdıqlarımı da yazmışam. Birinci və ikinci kitabımda təhlil və analizlərdə bunu görə bilərsiniz. Demək olar ki, hamısını izləyirəm, ola bilər ki, regional televiziyaları izləyə bilməyim.

- Hansı aparıcıları bəyənirsiz?

- Bəlkə də bu cavab obyektiv olmayacaq.  Ən çox bəyəndiyim aparıcı Dilarədir. Ona görə yox ki, biz qohumuq. Mən Dilarə haqqında tənqidi yazının müəllifiyəm. Amma peşəkarlığı baxımından, üzərinə düşən funksiyanı yerinə yetirmək,  sosial maskasını müəyyənləşdirmək baxımından, nitq və uslub, öz üzərində işləmək baxımından Dilarəni kifayət qədər istedadlı və yaxşı aparıcı hesab edirəm.   

- ATV telekanalına işə qəbulla bağlı müsabiqə elan olunur. Bəzən bu cür müsabiqələrin obyektiv keçirilmədiyi haqqında fikirlər səsləndirilir...

- Yaxşı, qeyri-obyektivdirsə və tanışlıqla götürürüksə, biz niyə müsabiqə elan edirik. Axı bu məntiq düz gəlmir. Biz müsabiqələri ona görə edirik ki, insanlar gəlsin.

Bəli, narazı qalan insanlar olurdu. Mən də fikrimi söyləyirdim. Çox təəssüf ki, biz bəzən məsələləri qarışdırırıq. Televiziya jurnalistinin görkəmi, geyimi, danışığı, dünyagörünüşü çox vacib amildir. Əgər Bakı Dövlət Universitetinin jurnalistikasını bitirən tələbə gəlirsə və soruşuram ki, Akedemik Milli Dram Teatrı hardadır, bilmirsə, bu televiziyada necə işləsin. Müsabiqəyə gələnlərin 90 faizinin səviyyəsi televiziyaya uyğun deyil, 10 faiz seçilir, onların da üzərində işlənilir, yalnız  1-2 nəfər ya qalırdı, ya da qalmırdı. Amma yenə də deyirəm qeyri-obyektivlik etmək istəsəydik, edərdik, neynirdik müsabiqəni. Bu gün də hesab edirəm ki, istər ATV-nin, istərsədə digər telekanalların bacarıqlı, istedadlı insanlara ehtiyacı var və istənilən şəxs gedib müraciət edə bilər. Hər halda. elə bir fakt yoxdur ki, yaxşı müxbir, redaktor müraciət etsin, ona yox desinlər.

- Müsahibələrinizdən birində Azərbaycan tamaşaçısının hələ tok-şouya hazır olmadığını söyləmişdiniz...

- Bəli, Azərbaycan tamaşaçısı hələ açıq müzakirələrə - üç-dörd saatlıq tok-şoulara hazır deyil.  Məsələn, Türkiyədə belə tok-şoulara tamaşaçılar baxır və veriliş kifayət qədər reytinq toplayır. Azərbaycan tok-şouları isə digər əyləncəli verilişlərlə müqayisədə çox az reytinq verir, bunu etiraf etmək lazımdır. Çünki tamaşaçı buna hazır deyil, bilmirəm, ola bilər tok- şoularımız tamaşaçıların zövqünə uyğun deyil. Mənə elə gəlir ki, televiziya ilə tamaşaçılar arasında uçurum var. Bunu da yaradan televiziya özüdür, televiziya dördüncü pərdəni tam sındıra bilmir. Bu dördüncü pərdə çəkilsə və birbaşa ünsiyyət olsa, mənə elə gəlir ki, problem aradan qalxar.

- Deyirlər siz “El içində” verilişindən getdikdən sonra o əvvəlki reytinqini itirib...

- Mənim bu suala cavabım heç vaxt obyektiv ola bilməz. Çünki “El içində” mənə doğma olan  veriliş idi və məndən sonra gələn aparıcı da mənim dostumdur. Yəni heç bir şəkildə mən buna obyektiv qiymət verə bilmərəm. Bu rəyləri mən də eşitmişəm, amma İlham Tumasın jurnalistikada peşəkarlığına heç kim şübhə edə bilməz. Ola bilsin ki, o, özünün qurmaq istədiyi formatı qura bilmədiyi üçün tamaşacı onu qəbul etmədi. Bəlkə də təzə verilişə başlasaydı və o, o çür olsaydı tamaşacı qəbul edərdi. Sadəcə olaraq tamaşaçılar “El içində”də hər zaman fərqli emosiya görüblər. Bu xarizmadır. Hər bir insanın özünün temperamenti var və bu temperament verilişə də təsir edir. İlham Tumasın melanxolik temperamentini tamaşacı qəbul etmədi, yalnız bu ola bilər, reytinqin düşməyindən söhbət gedə bilməz.

- Hazırda həmin verlişi izləyirsiniz?

- Təbii. İlk növbədə ona görə ki, İlham mənim dostumdur. Narazı qaldığım məqamlar da olub.  Bunu onun özünə də demişəm ki, harda nə etmək lazımdır. Bu, onun üslübudur. Buna qarışmaq olmaz.

- Zaman-zaman verilişləriniz tənqid hədəfinə çevrilirdi, xüsusilə falçıları təbliğ etməkdə ittiham edirlər sizi . Fala inanırsız?

- Yox qətiyyən inanmıram. Mən əslində onları təbliğ etmirdim. Bir şeyin ki, üstünü örtürsən, o mifə çvrilir. Mən sadəcə açıb-tökürdüm. Bilirsiniz, incəsənətin ən əsas problemlərindən biri budur, Aristotel və Platonun da fikir ayrılığı nədə idi. İncənət tərbiyələndirir, voxsa tərbiyəni pozur. Bu bir az mübahisəlidir. Mən sadəcə onları üz-üzə qoyurdum ki, demirsən “uça bilirəm, uç..”. Bir adam gəlmişdi, deyirdi ki, “mən yerimdə uça bilirəm”. Dedim “uç”.
Bilirsiniz, cəmiyyətdə bir şey varsa, o televiziyada göstərilməlidir. Əgər Rusiya kimi bir ölkədə Dostayevskini yetişdirən xalq bu ekstrasenslərlə bağlı şou edirsə, deməli bu cəmiyyətin bir tələbidir. Guya getmirlər falçılara..? Mənim verilişimdən sonra hansı məşhur adamlar zəng edb məndən falçıların nömrələrini itəyiblər, bunu desəm, böyük bir siyahı alınar. Hətta onlardan biri tapşırıqla falçının xətrinə dəymişdim deyə, mənim əleyhimə qəzetlərdə yazılar yazdırırdı. Bunu qəzet jurnalistləri və redaktorlar da etiraf etdilər. Lazım gələndə deyəcəm. 

- Tamaşacılardan gələn fikirlərə görə, son zamanlar “SOY prodakşn” yaddaqalan layihələrə imza ata bilmir. Bu barədə nə deyə bilərsiniz?

- Bunun səbəbini Oqtay müəllimdən soruşun. Biz sadəcə Oqtayla qardaşıq, vaxtilə “SOY”da işləmişəm. Bizim aramızda heç bir yaradıcılıq əlaqəsindən söhbət gedə bilməz. Qardaş kimi görüşürük, amma işdən danşmırıq.

Mən əksinə düşünürəm. “Çal-şağır” şousu “Burda və indi” olandan sonra daha keyfiyyətli dəyişiklik oldu. Onların “Kim-kimdir” oyunu, “Söz oyunu” layihələri baxımlıdır.
“Space” kanalında “Zəhmətkeş ulduzlar” adlı bir layihə etdilər. Yəqin ki, yeni mövsümdə yeni layihələr olacaq. Əgər “Yeni ulduz” layihəsi artıq 10-cu mövsümünü yaşayırsa, maraqlıdır və nəticələri də göz qabağındadır. Səfurə Əlizadə yeni ulduzun yetirməsi idi, Azərbaycanı “Avroviziya”da təmsil etdi və uğurlu, səviyyəli müğənniyə çevrildi. Alternativ hansı prodakşn var ki..? Bu gün olmasa da “SOY”da da nə vaxtsa durğunluq yaran bilər. Çünki prodakşnlar arasında rəqabət yoxdu.

- “Yeni ulduz” layihəsinin bu qədər uzanması nə ilə bağlıdır? “Yeni ulduz”a belə ehtiyac var?

- Bəli, hər 17 yaşına çatan insan istedadını göstərmək, oxumaq istəyir. Sovet dövründə xalq teatrları var idi. Onda sual verək. Hər rayonda, hər kənddə xalq teatrları nəyə lazım idi?
İnsanlar işdən sonra tamaşa oynayırdı, bu özfəaliyyətdir. Bunun nəyi pisdir? Heç kim demir ki, “Yeni ulduz”un hamısı böyük sənətkar olur. Dünya televiziyalarında rəqs müsabiqələri də var. Biz hər şeydə akademizim axtarmayaq. Üzeyr bəyin sağlığında Üzeyir bəyə söylənmiş tənqidləri bir gün oxusanız, dəhşətə gələrsiniz. Onu nələrdə ittiham etmədilər. Amma zaman keçdi, Üzeyir bəyin böyüklüyü üzə çıxdı. “Yeni ulduz” iki dəfə “Avroviziya”ya müğənni göndərirsə, bu yaxşı göstəricidir.  “Yeni ulduz”un yerinə nə verək? Azərbaycanda ildə 3-4 film istehsal olunur, onu da televiziyalarda vermirlər, serial istehsal olunmur.
Televiziyada hər çür veriliş olmalıdır. Pult seçim azadlığıdır, bu sizə mane olmur axı. Əgər pultu da çevirməyə tənbəlik edirsə, bu onun problemidir. 

- Bəzən televiziyada çalışan xanımlar haqqında xoş olmayan fikirlər səsləndirirlər, sizcə belə söhbətlərin yaranmasına səbəb nə olur?

- Bilirsiniz, çox qəribə bir şeydir. Həyatın bütün sahələrində tərbiyəsi yerində olan və olmayan insanlar var. Bu insanın şəxsi işidir. Amma televiziyalarda işləyənlər haqqında o fikirlərin səslənməsi populyar, tanınmış insanları aşağılamaq istəyindən irəli gəlir.

- Neçə övladınız var?

İki. Günçin 5 yaşındadır, bağçaya gedir. Odər isə yaş yarımındadır.

- Gələcəkdə onların sizin yolunuzu davam etdirməsini istərdiniz?

- Müstəqildirlər, mən onları ölkənin müstəqil vətəndaşı kimi böyütmək istəyirəm. Amma bizim ailədə qəribə bir ənənə var. Mənim atam da, anam da incəsənət adamlarıdır. Atam Əməkdar artist, anam Xalq artistidir. Qardaşım Oqtay, yoldaşı Dilarə bu sahədədir. Yoldaşım da incəsənət adamıdır, rejissordur. Bütün proyektlərdə çiyin-çiyinə çalışmışıq. Amma bu il Oktayın qızı fəlsəfəyə daxil oldu, bir qədər istiqamət dəyişib. Düzdü, bunun ideya müəlliflərindən biri mən idim. Mənim elmə olan marağım ona da təsir etdi. Öz övladlarım isə böyüsün, seçimlərini özləri etsinlər. Həyatda maraqlı peşələr çoxdur.  



Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu