Modern.az

52 məzundan 40-ı tələbə adı qazanan məktəbdə ödənişsiz fizika kursları - FOTOLAR

52 məzundan 40-ı tələbə adı qazanan məktəbdə ödənişsiz fizika kursları - FOTOLAR

9 Sentyabr 2018, 21:01

Son illər respublikamızda təhsil sahəsində aparılan köklü islahatlar orta ümümtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəlməsinə öz təsirini göstərib. Bunu ali məktəbə qəbul imtahanlarında abituriyentlərin göstərdikləri nəticələrdə aydın görmək olur. Ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən məcburi köçkün məktəbləri də bu yeniliklərlə ayaqlaşaraq şagirdlərə yüksək təhsil verməyə çalışır. Təsadüfi deyil ki, bu il Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində qalib olan layihələr arasında məcburi köçkün məktəblərində işləyən müəllimlərin təqdim etdiyi layihələr də var. 

Kəlbəcər rayon 56 saylı tam orta məktəbin Fizika müəlliməsi Gülsarə Həsənova da Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində qalib elan edilən layihələrdən birinə rəhbərlik edir.

 

Layihənin icra vəziyyəti ilə bağlı Modern.az-a danışan Gülsarə Həsənova deyir ki, “Fizika kabinetinin qurulması və istedadlı uşaqlar üçün “gənc fiziklər” kursunun təşkili” layihəsi çərçivəsində kursların tədrisi davam etdirilir: “Layihə çərçivəsində ilkin olaraq məktəb üçün Fizika kabinəsinin qurulması nəzərdə tutulurdu. Bu ilin avqust ayı ərzində icra planına uyğun olaraq Kəlbəcər rayon 56 saylı tam orta məktəb üçün Fizika kabinəsi təşkil edərək layihədə nəzərdə tutulduğu kimi proyektor və yazı lövhəsi ilə təmin etdik.

Bundan başqa sinif otağında olan 2 pəncərənin heç birində dəmir barmaqlıqlar yox idi. Eyni zamanda qapının klid, dəstəyi, elektrik xətləri sıradan çıxmış, sinif otağının cari təmirə ehtiyacı vardı. Layihədə nəzərdə tutulmasa da, layihə rəhbərinin əmək haqqı üçün nəzərdə tutulan vəsaitlə Fizika kabinəsinin hər iki pəncərəsinə dəmir barmaqlıqlar, kitab şkafı, qapı üçün klid, dəstək alındı, otağın elektrik xətləri yeniləndi. Eyni zamanda Fizika kabinəsi internetlə təmin olundu. Fizika kabinəsi tam hazır vəziyyətə gətirildikdən sonra isə kursların keçirilməsinə başlanılıb. Kurslara 30 şagirdin cəlb edilməsi nəzərdə tutulsa da, müraciətlərin çoxluğu səbəbindən hazırda kurslar hər birində 17 nəfər olmaqla (Cəmi 34 nəfər) iki qrupda aparılır. Kursa cəlb edilən şagirdlərin hər biri layihə çərçivəsində əlavə dərs vəsaiti ilə təmin edilib. Dərslər Kəlbəcər rayon 56 saylı tam orta məktəbin binasında həftədə 2 dəfə olmaqla 2 dərs saatı müddətində keçirilir. Kursların tədrisində müasir İnformasiya Kommunikasiya Vasitələrinin imkanlarında istifadə edilir. İnformasiya Kommunikasiya Texnologiyalarının istifadəsi dərsdə əyaniliyi zənginləşdirməklə yanaşı, şagirdləri bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir”.

 

G.Həsənova deyir ki, Bakı şəhəri Masazır qəsəbəsi ərazisində yerləşən məktəbdə hazırda 640-dək şagird təhsil alır: “Bu il məktəbimizin XI sinfini bitirən 52 şagirddən 40 nəfəri respublikanın müxtəlif ali təhsil müəsissələrinə, 4 nəfəri orta ixtisas təhsili müəssisəsinə qəbul olunub. Məzunlardan ikisi 600-dən yuxarı  bal toplayıb. Düşünürük ki, məktəb rəhbərliyinin, müəllim və şagirdlərin birgə səyi nəticəsində bu il də bu uğuru davam etdirə biləcəyik”.

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı