Modern.az

Zombilər

Zombilər

16 Noyabr 2018, 14:48

Hə də, zombi. Yəni dünyasını dəyişir, sonra xortlayır, təzədən cumur üstümüzə ki, bizi qanbağır eləsin.

İndi iraq olsun o xortlayan xoxanlardan, bizim bu özəl TV-lərdə əsl zombi havası yaşanır. İllər öncə dünyasını… qayəsini, sənətini, məsləkini dəyişəni birdən yenə ekranda görürük və:

- Bismillah! - deməyə macal tapana kimi tər dabanımızdan çızır, - həə, dur vallah! Özüdür! Bir az sir-sifəti dəyişib, bir az da saçının rəngi. Baxışı həmindir. Mövzu da həminkidir, jestləri də həminkidir, düşüncəsi, hər şeyi həminkidir. Yəni bir zombidir.

Baxın dəə… İllər boyu ekranda eyni adamları görürsünüz, yəni telezombiləri. Əvvəl artist kimi gəlirlər. Sonra mahnı oxuyurlar. Sonra şeir yazırlar. Sonra aparıcılıq eləyirlər. Yəni hər dəfə dünyalarını, ideyaların dəyişib, başqa bir sifətdə dikilirlər gözümüzün qabağına.

Bu zombilər, məsəlçün dünən “Yarpız” proqramı açırlar, sonra “Nanə”, sonra “Nənə”, sonra “İanə”, daha sonra “Mənə nə” və “Sənə nə”.

Ya da əvvəl haradasa diktor olurlar. Sonra başqa TV-də aparıcı olurlar. Sonra ağız-burunlarını yondurub aktrisalıq eləyirlər. Birdən şpaqat açırlar. Qılçaları 180 dərəcə aralanır və geridə qalmış arvadlar ona “qara” verib:

- Kül sənin ərinin başına! - deyirlər, heç veclərinə də almırlar. Çünki artıq zombi olublar. Hiss yox, həyəcan yox, abır-həya, mənlik, sənlik yox. Ta ki, ekran olsun.

O veteran aparıcılar da yağır elədilər millətin gözünü. Yenə qayıdıb doluşublar ekranlara. O ekrandan bu ekrana, bu ekrandan o ekrana. Zombi! Əsl zombi! Sanki ölməz Kaşşeydilər. Yox! Onlar ölmür, sağlıq arzulayırıq. Sadəcə daha əl çəksinlər bu millətin yaxasından. Bir yazı, bir kitab, ya nəsə başqa bir işlə məşğul olsunlar. Ekranları gənclərə versinlər.

Yox! Sayqa, Zülya, Tolik, Qita, Brendləri demirəm. Daha düşüncəli, savadlı, şoudan bir xeyli aralı, savadlı, səliqəli gənclərə. Məsəlçün jurnalistlərə. Axı, onlar aktyorlardır, artistlərdir, müğənnilərdir. TV-lərin bütün proqramlarını işğal edən zombilərdir. Axı, televiziya teatr deyil, kino deyil, yalnız şou deyil, ən əvvəl informasiya mənbəyidir. Jurnalistikadır. Televiziya ekranı aparıcının şpaqat açması üçün uyğun məkan deyil. Saçyoldu məhəlləsi deyil ki, oxuyan arvadlar hər gün millətə dava-dalaş sırıyırlar. Yəni bura zombixana deyil. Televiziyadır: Naftalin qoxusu verən istedadsız güruhun gic-gic şeir, mahnı oxumaq ünvanı deyil.

Buna bax e! Yenə başlayıblar. Həmin aparıcılar, həmin müğənnilər, həmin… zombilər.

Bismillah!

Siz də bismillah deyin! Zombilərin nə edəcəkləri bilinməz…

 

Hidayət Elvüsal

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi