Modern.az

Tanınmış simalar yerli paltarlar geyinirlər, yoxsa xarici brendlər? - Maraqlı CAVABLAR  

Tanınmış simalar yerli paltarlar geyinirlər, yoxsa xarici brendlər? - Maraqlı CAVABLAR   

Aktual

19 Noyabr 2018, 10:16

Hər birimizin tək ərzaq, qida istehlakı deyil, geyim, texniki avadanlıqlar və s. vasitələrə gündəlik ehtiyacı var. Həyatımızın ayrılmaz hissəsinə çevrilən müxtəlif çeşiddə və sayda məhsullar arasında isə ölkəmizdə istehsal edilən də var, xaricdən gətirilənlər də. Xüsusilə, geyim və texniki avadanlıqlar istehsalında ölkəmizdə təmsil olunan xarici brendlərin siyahısı qabarıqdır. Maraqlıdır, tanınmış istehlakçılar geyim məhsullarında yerli, yoxsa xaricdən idxal olunanlara üstünlük verirlər? 


Milli Məclisin sədr müavini Bahar Muradova Modern.az-a bu barədə danışarkən geyimlərini xüsusi olaraq hazırlatdırmağı üstün tutanlardan olduğunu deyib:

“Mən orta ixtisas təhsilli modelyer-texnoloqam. Bu işin texnologiyasını bilirəm. Gəncliyimdə geyimlərin tasarımını sınaqdan keçirmək istəklərim də olub. Öhdəsindən də pis gəlməmişəm. Amma indi buna kifayət qədər vaxtım yoxdur. Ona görə də bu işi yaxşı bacaran dərzilərin köməyindən istifadə edirəm. Təbii ki, hərdən də müəyyən hazır geyimlər almaq qismətimə düşür. Amma daha çox öz üzərimdə işlənmiş geyimlərə üstünlük verirəm. Bu, məni daha çox qane edir”.


Millət vəkili Fazil Mustafa həm yerli istehsal olan geyimlərdən, həm də xarici brendlərin nümunələrindən istifadə edir:

“Geyim məhsullarında seçim edərkən yaraşan, üzərimə yaxşı oturan, rəngi, materialı, əyində görkəmi xoş təsir bağışlayan malları alıram. Fərqi yoxdur, brend də geyinirəm, adi normal qiymətə olan libasları da. Bəlkə də kiməsə görə, ən zövqsüz insanam.

Xarici ölkələrə gedəndə brendə fikir vermirəm. Hansısa mağazaya daxil olub, üzərimə yaraşan, rəngini bəyəndiyim geyimi seçirəm. Geyimlərimi sifarişlə tikdirdiyim də olur, hazır aldığım da. Gündəlik rahat paltarları bu cür seçirəm. Əlimdə olsa, rəsmi tədbirlərə də rahat cins, köynək geyinib gedərəm. Geyimə ən az əhəmiyyət verən insanlardanam”. 


Xalq artisti Flora Kərimova xaricdən gətirilən malların keyfiyyətinə inanmadığını dilə gətirib. O qeyd edib ki, mümkün qədər Azərbaycanda istehsal olunan məhsullardan, geyimlərdən istifadə etməyə çalışır:

“Azərbaycanda istehsal olunan məhsullar xarici brendlərin bicliklərinə yoluxmayıblarsa, elə öz məhsullarımız hamısından yaxşıdır. Təbiətdə yazılmamış qanun var. İnsan öz yaşadığı ərazinin, öz torpağının bəhrəsini istifadə etməyə çalışmalıdır. Bu, xüsusilə qida məhsullarına aiddir. Çünki fiziki və  bioloji baxımdan öz torpağının məhsulu orqanizmə daha xeyirlidir. İnanan öz mallarımıza inansın və elə xeyri də özümüzə vermək üçün yerli istehsaldan yararlansın”.  


Əməkdar artist Elza Seyidcahan
geyimlərini ölkədə fəaliyyət göstərən peşəkar dərzilərə hazırlatdırır. Elza xanım deyir ki, xammalın yerli, yaxud xarici olmasından asılı olmayaraq, onun geyim məhsulları öz ölkəmizdə hazırlanır:

“Fərqi yoxdur, geyim üçün parçalar xaricdən gətirilmiş də ola bilər. Əsas odur ki, geyimlərim tikilir, eksklüziv olur. Hər zaman xüsusi tasarım geyimlərə üstünlük verirəm. Çünki sənətkarın geyimləri özünəməxsus olmalıdır ki, insanlar ona maraq göstərsinlər. Gündəlik həyatımda tək geyim deyil, başqa istifadə etdiyim məhsullarda da əsasən yerli istehsala üstünlük verirəm”.


Maraqlıdır ki, geyimə olan tələbatını yalnız xarici ölkələrdə istehsal olunmuş mallar hesabına ödəyənlər də var. Məsələn, tanınmış jurnalist Seymur Verdizadə geyim məhsullarını Türkiyədən aldığını söyləyib:

“Mən ali məktəbi qardaş ölkədə oxumuşam. O vaxtdan türk mallarının yaxşısını-pisini ayırd etməyi öyrənmişəm. Həmçinin, türk mallarının nisbətən ucuz və keyfiyyətli olması da məni bu ölkədən alış-veriş etməyə vadar edir. İldə ən azı iki dəfə Türkiyədə oluram. Həmin vaxt müddətində həm özümə, həm də övladlarıma lazım olan geyim əşyalarını alıram. Kostyumlarımı əsasən "Süvari" firmasından geyinirəm. Şalvar seçimində "Altınyıldız Classiks"ə üstünlük verirəm. Ayaqqabılarımı isə "Greyder"dən alıram. Yaz və yay aylarında istifadə etdiyim qısaqol köynəklərim daha çox "LC Waikiki" firmasından olur”.

Jurnalist  qeyd edir ki, digər ölkələrin brend mağazaları türk brendlərindən daha bahadır:

“2012-ci ildə ABŞ-da səfərdə oldum. Qiymətlər o qədər baha idi ki, "Tommy Hilfiger"dən özümə bir köynək, başqa bir firmadan isə qızıma eynək almağa gücüm ancaq çatdı. Yaxşı ki, geri dönəndə İstanbuldan qayıtdıq. Üç saat ərzində üç zənbil pal-paltar alıb, üz tutdum Bakıya. Geyim məsələsində hər hansı kaprizim yoxdur. Yaxşı bilirəm ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Amma heç bir halda yerli istehsal olan geyim məhsullarını istifadə etmirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır