Arxiv
19 Noyabr 2018, 21:58 | AKTUAL
İlham Əliyev: “Belarusla ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var”

“Azərbaycan və Belarus arasında əməkdaşlığın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək”.  Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

 

Dövlət başçısı qeyd edib ki, Belarusa beşinci rəsmi səfərini reallaşdırıb: “Aleksandr Qriqoryeviç Azərbaycana dörd rəsmi səfər edib və mən bu gün Belarus Prezidentini yenidən Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Qarşılıqlı səfərlərin sayının özü və onların intensivliyi ölkələrimiz arasında münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir. Aleksandr Qriqoryeviç qeyd etdi ki, bizim ölkələrimiz strateji tərəfdaşlardır və biz bunu əməkdaşlığımızın hər bir sahəsində nümayiş etdiririk".

 

İlham Əliyev bildirib ki, siyasi münasibətlərin yüksək səviyyəsi, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad, prezidentlər arasında şəxsi dostluq - bütün bunlar üzərində Belarus-Azərbaycan dostluğunun möhtəşəm binasının tikildiyi təməldir:

 

"Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir".

 

İlham Əliyev vurğulayıb ki, bütün bunlar dostlar arasında təbiidir: "Bu gün bizim münasibətlərimizin səviyyəsi məhz elədir ki, istənilən məsələləri açıq müzakirə etməyə imkan verir. Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, bizdə heç bir qapalı mövzu və əməkdaşlığımızın heç bir sahəsində qətiyyən məhdudiyyət yoxdur. Biz bu gün gələcəkdə münasibətlərimizin xarakterini müəyyənləşdirəcək xeyli sənəd imzaladıq. Mən onların arasında, ilk növbədə, əlbəttə, prezidentlərin Birgə Bəyanatını qeyd edərdim. Bu, əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edən, ölkələrimizin siyasi iradəsini ifadə edən mühüm siyasi sənəddir".

 

Dövlət başçısı əlavə edib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələlər üzrə Belarusun mövqeyinə görə həm öz adımdan, həm də Azərbaycan xalqı adından xüsusi minnətdarlığımı bildirmək istərdim. Birgə Bəyanatda vurğular dəqiq qoyulub və deyilir ki, bu münaqişə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Biz Belarusa həm bizim, həm də bütün region üçün son dərəcə mühüm olan məsələdə belə obyektiv mövqeyinə görə minnətdarıq.

 

Aleksandr Qriqoryeviçin dediyi kimi, ticari-iqtisadi sahədə yaxşı perspektivlər və nəticələr var. Əlbəttə, əmtəə dövriyyəsinin artımı bizi sevindirir. Bu gün biz vəziyyəti təhlil etdik. Dünən hökumət üzvləri çox uğurlu iş apardılar - hökumətlərarası komissiyanın iclası çox yaxşı nəticələr verdi. Bizə bildirdilər ki, on milyonlarla dollarlıq müqavilələr bağlanıb. Bu, gələcək üçün yaxşı göstəricidir. Biz görülən işləri təhlil edirik, məsələlərin həlli yollarını müəyyənləşdiririk və bu məsələləri həll edirik. Mən Aleksandr Qriqoryeviçlə Gəncə avtomobil zavodunun bazasında “Belarus” traktorlarının yığılması üçün istehsal sahəsi yaratmaq barədə razılaşanda da eyni hadisə baş verdi. Budur, Aleksandr Qriqoryeviçin qeyd etdiyi kimi, artıq 10 mindən çox traktor yığılıb və lokallaşma səviyyəsi ildən-ilə artır. Bu, Azərbaycanda yeni iş yerləri yaradır. Artıq yeni sənaye sahəsi yaradıb. Bu, bizim sənaye potensialımızın artımına səbəb olub. Bu, belaruslu istehsalçılara öz təcrübələrini bizimlə bölüşmək, öz məhsullarını üzə çıxarmaq imkanı yaradıb və indi o məhsullar artıq üçüncü ölkələrin bazarlarına çıxır. Biz bu gün kombaynların istehsalı üçün oxşar yanaşma barədə razılaşdıq. Artıq qeyd edildiyi kimi, Belarus avtomobilləri Azərbaycanda istehsal olunur. Belə ki, çox yüksək səmərəlilik dərəcəsi ilə tammiqyaslı sənaye kooperasiyası gedir.

 

Mən bu gün səhər Azərbaycan Ticarət Evinə baş çəkdim. Deməzdim, təəccübləndim, amma sevindim ki, belə gözəl yerdə, şəhərin mərkəzində Azərbaycanın yaraşıqlı guşəsi yaradılıb və orada bizim nailiyyətlərimiz Belarus vətəndaşlarına nümayiş etdiriləcək. Həmçinin mənə dedilər ki, bizim məhsullarımız artıq Belarus bazarına çıxıb və onlara yaxşı tələbat var. Biz bu baxımdan belaruslulardan geri qalmışıq".

 

Prezident bildirib ki, artıq Bakıda yüksək keyfiyyətli və Azərbaycan vətəndaşları arasında çox məşhur olan Belarus məhsullarını satan yeddi ticarət müəssisəsi mövcuddur: "Biz məhsullarımızı Belarus bazarına çıxarmaq niyyətindəyik. Düşünürəm ki, bu, həm bizim ikitərəfli ticari-iqtisadi əlaqələrimizi möhkəmləndirəcək, həm də bir-birimizin imkanlarını daha çox nümayiş etdirəcək.

 

Biz şadıq ki, Belarus Bakıdan estafeti qəbul edib və ikinci Avropa Oyunları Minskdə keçiriləcək. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə olacaq. Artıq çox gözəl idman infrastrukturu yaradılıb. Qonaqların qalması üçün də yaxşı şərait var. Düşünürəm ki, təşkilatçılıq da ən yüksək səviyyədə olacaq. Çünki Belarusda keçirilən bütün irimiqyaslı beynəlxalq tədbirlər ən yüksək standartlara cavab verir.

 

Bu gün bizim müzakirə etdiyimiz digər istiqamətlər - sosial, kənd təsərrüfatı, miqrasiya, fövqəladə hallar sahələri üzrə də yaxşı dinamika mövcuddur. Münasibətlərimiz tam dəyərli, olduqca mehriban və səmimidir. Əminəm ki, mənim səfərim onlara yeni təkan verəcək. Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lənkərandakı istirahət məkanları cərimələndi  20 İyul 2019, 11:08 30 cinayətin üstü “isti izlər”lə açıldı 20 İyul 2019, 10:56 7 hektar sahədə “cənnət” yaradan Etibar dayı: “Bağımdakı meyvələr bazardakından bahadır” - REPORTAJ 20 İyul 2019, 10:52 Ermənilər kəndlərimizi atəşə tutdu 20 İyul 2019, 10:25 İkiyə bölünmüş ada, soydaşlarımızın yaşadığı torpaq, tanınmayan qurum - Heydər Əliyevin tərcüməçisi YAZIR 20 İyul 2019, 09:55 Açıq-saçıq geyinmək dəb deyil - Modelyer 20 İyul 2019, 09:41 Dövlət büdcəsinə daxilolmalar 10 milyard manatı keçib 20 İyul 2019, 09:19 İki arvadı və 4 uşağı olan azərbaycanlı “qanuni oğru”ya iş kəsilib 20 İyul 2019, 09:15 Bakıdakı bəzi yollarda “sarı zolaq qadağası” QÜVVƏYƏ MİNDİ - SİYAHI 20 İyul 2019, 08:48 Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğlu 20 İyul 2019, 08:16 Afrika Millətlər Kubokunun qalibi bəlli oldu 20 İyul 2019, 07:52 Türkiyədə özəl studiyası olan azərbaycanlı xanım - FOTOLAR 20 İyul 2019, 07:43 Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15