YAP Gəncə şəhər təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edən bi qrup gənclərlə görüş keçirilib.
Modern.az xəbər verir ki, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ölkə Başçısı, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətindən, onun uğurlu nəticələrindən danışıb: ”Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Hər bir ölkənin xoşbəxt gələcəyə olan ümidləri ilk növbədə gənclərə bağlıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual gənclərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.”
Ölkə vətəndaşlarının, xüsusilə gənclərin YAP-a üz tutumasını düşünülmüş və məqsədyönlü addım kimi qiymətləndirən millət vəkili partiyanın strukturu, fəaliyyəti və yaradıldığı vaxtdan ötən müddət ərzində qazandığı uğurlardan ətraflı bəhs edib.
Partiyaya üzv olmaq üçün müraciət edən gənclər tək-tək özləri haqqında məlumat verib, YAP-ın fəaliyyətini, Prezident cənab İlham Əliyevin uğurlu siyasətini dəstəklədiklərini qeyd edib, YAP-a üzv olmağın onlar üçün böyük fəxr olduğunu və bu adı şərəflə daşıyacaqlarını bildiriblər.
Millət vəkili Naqif Həmzəyev gəncləri bu inamlı qərarları münasibnətilə təbrik edib, YAP-da təmsil olunmağın onların cəmiyyətdə daha da inkişaf etmələri üçün stimul olacağını bildirib.
Sonda xatirə şəkili çəkdirilib.