Bu fotolar Binəqədi qəsəbəsi (kənd), 3-cü mədən küçəsi, korpus 120 ünvanında çəkilib. Sakinlər xeyli vaxtdır ki, kanalizasiya xəttinin yoxluğu ilə üzləşiblər. Binəqədi bələddiyyəsi kanalizasiya xəttini əvəzləyən arx çəkib. Bu isə şəkildəki vəziyyəti yaradıb.
“Əvvəllər bu ərazinin yaxınlığında göl yerləşirdi və təxminən 120-yə yaxın evin, habelə yolun əks tərəfində, İdman Mərkəzi ilə yanaşı məhəllənin çirkab suları həmin gölə axıdılırdı. Hazırda gölün yerləşdiyi ərazi qurudulduğundan çirkab sularının axıdılması üçün yer qalmayıb. Sözügedən ünvanda evlərin çoxunu su basıb. Mövsüm yağıntıları vəziyyəti daha da kəskinləşdirib. Təcili tədbirlər görülməlidir”,-deyə Binəqədi sakinləri Modern.az-a ünvanladıqları şikayətdə bələddiyənin fəaliyyətindən narazılıq ediblər.
Sakinlər bilririblər ki, məsələ ilə bağlı Binədinin deputatı Madər Musayevə də müraciət edibondan kömək istəyiblər.
“Möhtərəm Madər müəllim! Biz, bu ərizəni imzalamış bir qrup şəxs ciddi bir problemlə üzləşmişik. İş ondadır ki, qəsəbənin bu hissəsində müvafiq dövlət qurumları tərəfindən çəkilmiş kanalizasiya xətti yoxdur. Binəqədi-Novxanı yolunun sol tərəfində qalan İdman-Sağlamlıq Kompleksi də daxil olmaqla, yuxarı məhəllənin və yolun sağ tərəfində qalan, Binəqədi Hərbi Komissarlığından aşağıdakı məhəllənin çirkab suları əvvəllər süni gölə axıdılırdı. Lakin təxminən 2 ildir ki, süni gölün ərazisi qurudulur və bu iş demək olar ki, tamamlanmaq üzrədir. Hələ keçən il yolun sol hissəsindəki məhəllənin çirkab suları üçün təxminən 50-60 metrlik əlavə xətt çəkilib və çirkab suları kiçik gölməçəyə axıdılır. Bizim məhəllənin çirkab suları isə yerli sakinlərin öz hesabına düzəltdiyi lyuka toplanır, oradan da digər gölməçəyə axıdılırdı. İyulun 18-dən etibarən bu gölməçə xəbərdarlıqsız torpaqla doldurulub. Qeyd olunan ərazidə bu işləri görən şəxslərin kimliyi bəlli deyil. Onların konkret kimi, rəsmi və ya qeyri-rəsmi şəxsləri təmsil etməsini aydınlaşdırmaq mümkün olmayıb. Fakt budur ki, hazırda 120-yə yaxın evin kanalizasiyasına toplanmış suyun axacaq yeri yoxdur. Bildiyimiz qədər, Mehdiabad yolu istiqamətində kanalizasiya kollektoru yerləşir. Lakin məhəllənin kanalizasiya xəttini bu kollektora birləşdirmək, təbii ki, yerli sakinlərin həm maddi imkanları daxilində deyil, həm də bu, müvafiq dövlət orqanlarının rəsmi icazəsi və icraatına aid məsələdir.
Hörmətli Madər müəllim! Sizə müraciət etməklə, bizim üçün çox vacib olan bu məsələnin qısa zamanda həll olunacağına ümid edirik. Hazırda məhəllədaxili lyukdan çıxış xətti olmadığı üçün çirkab sularının evlərə və küçələrə dolması təhlükəsi var. Problemin yaxın günlərdə aradan qaldırılmadığı təqdirdə, ərazinin hansı vəziyyətdə olacağını isə izah etməyə ehtiyac qalmır”.