Modern.az

Etibar Əliyevlə Azər Həsrət “qırğına çıxdılar”  

Etibar Əliyevlə Azər Həsrət “qırğına çıxdılar”   

Media

26 Noyabr 2018, 11:08

Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev özünün sosial şəbəkədəki hesabında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət haqqında tənqidi yazı paylaşıb. Etibar Əliyevin fikirlərini olduğu kimi təqdim edirik:

“Azər Həsrətin mövqeyi Mətbuat Şurasının mövqeyidir?

Mətbuat Şurasının sədri Əflatun Amaşovun başı reket jurnalistləri arıtlamağa qarışıb. Ancaq rəhbərlik etdiyi qurumun üzvlərinin davranışından xəbəri yoxdur. Məsələn, Amaşovun qurumunun üzvlərindən biri, ixtisasca "kitabxanaçı-biblioqraf" olan, lakin özünü jurnalist adlandıran Azər Həsrətin yazıları insanda ikrah hissi doğurur. Görün jurnalistika ixtisası nə qədər ayaqaltı edilib ki, ixtisası uyğun gəlməyən birisi azı 2 gərəkli qurumda təmsil olunur. Bu adam bütün yazılarında qərəzli və məkrli mövqeyini gizlətmir və düşünürəm ki, bu reketlərdən daha təhlükəlidir. Azər Həsərət “Anladaım ki, Təhsil nazirliyi sistemində bu şəbəkə aməlli-başlı ayaqdadır-Bir olayın faş etdiyi şəbəkə” başlıqlı cızmaqarasında yazır:

“Ya zəlzələdən, ya vəlvələdən! Mənimlə savaşan FETÖ şəbəkəsi idi! Bəli, FETÖ şəbəkəsi! Belə anladım ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində bu şəbəkə əməlli-başlı ayaqdadır! Və onlar bir düyməyə basılınca istənilən adamı gözdən sala, linç edə bilərlər! Lap maraqlısı isə odur ki, bunların aralarında daim məni izləyib təhqir edən məlum etnik bölücü ünsürlər də fəallıq edirlər. Onlara qoşulub məni gözdən salmağa çalışanların bir qismi də Azərbaycandakı radikal müxalifətin bəzi təmsilçiləridir”. 

Adamın başına, təfəkkürünə baxın, deməyindən belə çıxır ki, camaat işini-gücünü buraxıb bunu izləməklə məşğuldur. FETÖ, etnik bölücülük, radikal müxalifət... Bu ifadələr artıq şantajın və böhtanın açar sözləri kimi çoxdan dövriyyədən çıxıb. Əflatun müəllim, bəlkə yığışıb, bu kitabxanaçı-biblioqrafa bunu başa salasınız? 

Əflatun müəllim! siz Şura üzvünüzün adı çəkilən bu yazısını oxumamısınız? Şura üzvünüz ölkənin strateji nazirliklərinin birini açıq-aşkar təhdid edir, ləkələməyə çalışır. Bəlkə Azər Həsrətin mövqeyi Mətbuat Şurasının mövqeyidir”.


Sözügedən tənqidlər haqqında Modern.az-a danışan Azər Həsrət isə bildirib ki, Təhsil Nazirliyi haqqında yazısında konkret fakta mövqe səsləndirib:

“O insandan başqa cür mövqe gözləyə bilmərik. Etibar Əliyev adlı şəxs daim uğursuzluğa düçar olduğuna görə, bizim kimi insanların uğurunu da həzm edə bilmir. Mən sözügedən yazımda konkret fakta toxunmuşam. İctimai rəydəki mövqeyim də hər kəsə bəllidir. Yazılarımın, çıxışlarımın məqsədi cəmiyyətə faydalı olmaqdır. Amma bu şəxs, görürsünüz, öz ağlınca mənə nələri irad tutmağa çalışır. Mənim kitabxanaçı-biblioqraf olmağımın jurnalistikaya nə dəxli var? Mən Azərbaycanda bəlkə də az sayda insanlardanam ki, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirməyimlə fəxr edirəm. Hər çıxışımda, hər görüşdə, toplantıda qeyd edirəm. Burada aşağılayıcı bir şey yoxdur.

Etibar Əliyevin xəbəri yoxdursa, əlavə edim mən eyni zamanda Kanadada insan haqları məktəbini bitirmişəm. Bakıda Energetika Texnikumunu oxumuşam. Jurnalistika ilə isə Etibarın yuxusuna belə girə bilməyəcək qədər kurslarda, seminarlarda iştirak etmişəm. Onun yaşından da çox ölkələrdə, Azərbaycanı jurnalistika sahəsində təmsil etmişəm. Hətta xaricdə ölkəmizi bu sahədə ilk təmsil edən şəxs mən olmuşam. Bu insan mənə nəyi səhv tutmaq istəyir, Jurnalistika ilə məşğul ola bilməyəcəyimi deyir? O, sadəcə aşağılıq kompleksindən əziyyət çəkən biridir. Etibar Əliyev yazıq, bədbəxt adamdır, ona görə üzərinə çox getməyin də tərəfdarı deyiləm. Özü üçün danışır, qoy danışsın. Yel qaydan nə aparar ki?!”..

Azər Həsrət onu da bildirib ki, Etibar Əliyevin iddia etdiyi kimi yazılarında ifadə etdiyi mövqe heç də həmişə Mətbuat Şurasının və ya hansısa qurumun mövqeyi ola bilməz:

“Görün, nə qədər dayaz adamdır ki, jurnalistin yazdığı yazını təmsil etdiyi qurumun ayağına yazmaq istəyir. Təbii ki, Mətbuat Şurasında müxtəlif jurnalistlər,  İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasında müxtəlif sahənin mütəxəssisləri təmsil edilir. Bu həmin qurumların mövqeyi deyil, Azər Həsərətin mövqeyidir. Ona görə, bütün yazılarımda “Azər Həsrət” imzasını qoyuram, “təmsil etdiyim qurumun mövqeyi” qeydini etmirəm”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir