Modern.az

“İkinci millətlərarası çağdaş türk əlifbaları simpoziumu” keçirilib - FOTOLAR

“İkinci millətlərarası çağdaş türk əlifbaları simpoziumu” keçirilib - FOTOLAR

24 Noyabr 2018, 17:39

Noyabr ayının 20-21-də Türkiyənin İstanbul şəhərində “İkinci millətlərarası çağdaş türk əlifbaları simpoziumu” keçirilib. Simpoziuma Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan, Başqırdıstan və uyğur türklərinin təmsilçiləri qatılıb. 



Simpoziumun açılış proqramı Professor Nəcməddin Ərbakan Mədəniyyət Mərkəzində baş tutub. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən 2017-ci ilin “Türk Dili” ili elan edilməsi səbəbiylə Sultanbəyli Bələdiyyəsi, Türk Dil Qurumu və Mərmərə Universiteti Türkçülük Araşdırmaları İnstitutunun birgə təşkil etdiyi “İkinci Millətlərarası Çağdaş Türk Əlifbaları Simpoziumu”nun açılışı yerli və xarici qonaqların iştirakı ilə həyata keçirilib. 



Açılış proqramında Mərmərə Universitetinin rektoru Professor Erol Özvar simpoziumun elmin inkişafına, elm adamlarının bir-biri ilə əlaqə qurmasına kömək edən ən əhəmiyyətli vasitələrdən biri olduğunu söyləyib: “Bu baxımdan aramızda olan bütün türk dünyasından iştirak edən alimləri, mütəxəssisləri təbrik edirəm”



Mərmərə Universiteti Türkçülük Araşdırmaları İnstitutunun direktoru Professor Okan Yeşilot birinci simpoziumdan bəhs edib: “1991-ci ildə ilk qurultayımızı keçirdik. 27 il sonra ikincisini həyata keçiririk. 1991-ci ildə toplantıya qatılan bütün müəllimlərimizi bu toplantıya dəvət etmişik, hamısı iştirak ediblər”. 



Türk Dil Qurumunun sədri Professor Gürer Gülsevin ortaq əlifba məsələsinə toxunub: “Türk yazı dilləri üçün ümumi bir əlifba məsələsi Sovet İttifaqının dağılmasından sonra dövlətlərin və ziyalıların gündəmini təşkil edib. 1991-ci ildə bu məsələdə ilk çalışma Mərmərə Universitetinin ev sahibliyi ilə keçirilib. Həmin vaxt qəbul edilən 34 hərfdən hər türk dövləti öz əlifbasını yaradacaqdı. Ortaq əlifbanın olması ortaq türk dilinin yaranmasına kömək edəcək”.



18-20 Noyabr 1991-ci ildə keçirilən toplantının davamı kimi baş tutan və Türk Dil Qurumu tərəfindən də dəstəklənən simpoziumda ümumilikdə 8 iclas keçirilib, 33 elmi məruzə təqdim olunub. 


Tədbirdə Azərbaycandan Bakı Dövlət Universitetinin professoru Rüfət Rüstəmov və AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov iştirak edib. 



Simpoziumun sonunda ümumi qiymətləndirmə və səsvermə keçirilib. İclasda “İkinci Millətlərarası Çağdaş Türk Əlifbaları Simpoziumu (20-21 Noyabr 2018)” başlıqlı yekun bəyannamə hazırlanıb, Türk Dil Qurumunun sədri Professor Gürer Gülsevin, Mərmərə Universiteti Türkçülük Araşdırmaları İnstitutunun direktoru Professor Okan Yeşilot və iştirakçılar tərəfindən imzalanıb. 
Türk dünyası ortaq əlifbasının latın hərfləriylə hazırlanması bir daha simpozium iştirakçıları tərəfindən səs birliyi ilə qəbul və təsdiq edilib. Bundan başqa, bəyannamədə bu əlifbanın həyata keçirilməsi üçün türk dövlət və topluluqlarında müəyyən fasilələrlə toplantılar keçirilməsi, bunun üçün ümumi şəbəkədə bir səhifənin yaradılması, məsələnin gündəmdə saxlanılması tövsiyə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?