Modern.az

Neft və neft məhsullarının girovuna çevrilmiş iqtisadiyyat

Neft və neft məhsullarının girovuna çevrilmiş iqtisadiyyat

8 Dekabr 2009, 11:59

                         I yazı Azərbaycan neft və qaz ehtiyatlarının zənginliyi ilə seçilir və onların ixracatından da böyük gəlirlər əldə edir. Bir tərəfdən neft hasilatı və satışı sahəsində əldə olunan naliyyətlər, digər tərəfdən dünya bazarında neftin satış qiymətinin yüksəlməsi isə neft sektorunu ölkə iqtisadiyyatının həlledici sahəsinə çevirib və bu gün ölkə iqtisadiyyatında artım neft sektorunun hesabına təmin edilir. Bu isə öz növbəsində kənd təsərrüfatı, istehsalat və digər sektorlarda durğunluğa, eləcə də həmin sektorlarda iş yerlərinin azalmasına və iqtisadiyyatın neft sektorundan daha çox asılılığına gətirib çıxarır. Sözügedən faktor digər tərəfdən qeyri-neft sektorunun rentabelli işləməsi üçün maneəyə çevrilib. İndiyədək neft gəlirlərindən istifadə edərək qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan məqsədə çatmaq mümkün olmayıb. İqtisadçı Vahid Əhmədov bildirib ki, bu sahədə problemlər var. “Hökumət qeyri-neft sektorunu inkişaf etdirməlidi. Azərbaycanın yeganə çıxış yolu budur”. Amma ... Bu azmış kimi qeyri-neft sektorunun istehsal etdiyi məhsullar bir çox hallarda standart və keyfiyyətcə özünün dünyadakı analoqları ilə rəqabətə girə bilmir. İdxal olunan və Azərbaycanda analoqu olan məhsullar ucuz başa gəldiyindən istehlakçılar onu almağa üstünlük verirlər. Eyni zamanda iş adamları həmin məhsulları ölkədə istehsal etmək əvəzinə onların idxalı və ticarəti ilə məşğul olurlar.  Azərbaycanda satılan məhsulların böyük əksəriyyəti ya Çindən, ya da Türkiyədən gətirilir. Nəticədə ixracatda dövlət sektorunun üstünlüyünü təmin edən səbəblər də indiyədək dəyişməyib. Hazırda ixracın əsasını yenə də neft məhsulları təşkil edir ki, bu da dövlət monopoliyasındadır. Onun ixracatda payı 95 faizdir. Böyük ixracat potensialına sahib olan qeyri-neft sektoru isə cəmi 5 faizlik paya sahibdir və bu sahənin real imkanlarına qətiyyən adekvat deyil. Heç bir qeyri-neft sektoru sahəsinin ixracatdakı xüsusi çəkisi 1 faizə çatmır, halbuki vaxtilə kimya, maşınqayırma, toxuculuq və aqrar sahənin əhəmiyyətli çəkisi olub. Bu səbəbdəndir ki, xarici ticarət dövriyyəsi qlobal böhran və ona müvafiq olaraq neftin qiymətinin aşağı düşməsi səbəbindən cari ilin 10 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə azalıb. Əgər ölkədə inkişaf etmiş və rəqabət qabiliyyətli qeyri-neft sektoru olsa idi, itkilərin qarşısını almaq olardı. Bu tendensiya Azərbaycan iqtisadiyyatına yaxşı heç nə vəd etmir və hökuməti fakt qarşısında qoyub. Az-çox ixracat imkanı olan sahələr də tədricən sıradan çıxır. Məsələn, «Azəralüminium»un dayanması avtomatik olaraq alüminium ixracının dayanmasına səbəb olub. Bir vaxtlar SSRİ-nin neft maşınqayırmasının mərkəzi Azərbaycan idi. Ölkənin müxtəlif regionlarına məhsullar göndərilirdi. Hazırda bu sahə də çöküb və xaricdən neft avadanlığı gətirmək məcburiyyətindəyik. Şin zavodu kimi nəhəng müəssisənin avadanlığı “Baku Steel” zavodunda əridilərək armatura çevrilib. Bir vaxtlar Azərbaycan iqtisadiyyatının flaqmanı olan müəssisələr ya fəaliyyətini dayandırıb, ya da qismən fəaliyyət göstərir. Eyni sözləri qeyri-neft sektorunun başqa bölmələri haqqında da demək olar.

 

Taxılmız, kartofumuz niyə xaricdən gətirilməlidir? 

Aqrar sektorda da vəziyyət ürək açan deyil. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə ən çox narahatlıq doğuran məqam da aqrar sektorla bağlıdır. İxracatda onun payının bir faizə çatmaması əmək qabiliyyətli əhalinin 40 faizə qədərinin çalışdığı bir sektor üçün əsl həyəcan siqnalıdır. Halbuki kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunun böyük ixracat potensialı var. Maliyyə resurslarının qıtlığı əmək (bu il dövlət büdcəsindənaqrar sektora cəmi 500 milyon manat ayrılıb) məhsuldarlığını artırmağa və kənddə istehsalı səmərəli təşkil etməyə imkan vermir. Kənd təsərrüfatı istehsalı indi özəl sektorda formalaşsa da, bu sektora xidmət dövlətin əlindədir. Məsələn, aqrar servislərə gətirilən texnikanın bölüşdürülməsi dövlətin monopoliyasındadır. Bunun nəticəsində kənd təsərrüfatı texnikasının gətirilməsi bəzən tələbata uyğun həyata keçirilmir. Ehtiyacın qiymətləndirilməsi ilə bağlı heç bir sistem yoxdur. Hansı texnikanın hansı sayda gətirilməsində icmaların da fikirləri nəzərə alınmır. Halbuki bu sistemdən səmərəli istifadə etmək üçün ehtiyaclılığın qiymətləndirilməsi və monitorinq sistemi qurulmalıdır. Hesablama Palatasının son hesabatlarından birində gətirilmiş texnikaların təqribən 40 faizinin ya tələbatı ödəməməsi səbəbindən, ya da ki, keyfiyyətsizlik üzündən anbarlarda qaldığı bildirilib. Sahənin keyfiyyətli toxum, gübrə və s. ilə təminatında da problem qalıb. Düzdür, dövlət kənd təsərrüfatı istehsalçılarını vergidən azad edib, kəndli digər dövlət yardımları da alır, ancaq görünür ki, bu kifayət etmir. Unutmayaq ki, ölkədə istehlak olunan ərzağın 55 faizinin idxal məhsulları təşkil etməsi Azərbaycan üçün təhlükəlidir. Niyə bizim taxılımız, kartofumuz xaricdən gəlməlidir?

Əsas müəssisələrin iri şəhərlərdə yerləşməsi, regionların sosial-iqtisadi inkişafının ləng getməsi isə rayon və kəndlərin boşalmasına səbəb olur. Əhali şəhər və xarici ölkələrə getmək məcburiyyətində qalırlar.

 

Neft gəlirləri korrupsiyaya təkan verir

Neft gəlirləri ölkədə korrupsiyaya da təkan verir. Hazırda dövlət büdcəsinin formalaşmasında neft gəlirlərinin payı 60 faizə yaxındır. Bununla da bücədən maliyyələşən bütün layihələrdə neft başlıca maliyyə mənbəyi rolunu oynayır. Layihələrin həyata keçirilməsi zamanı külli miqdarda vəsaitin sərf olunması isə korrupsiyayadan xəbər verir. Çox vaxt layihələrə vəsaitlərin xərclənməsində səffaflığa əməl edilmir.  Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun təbirincə desək, neft gəlirləri artıqca korrupsiya da genişlənir. Onun sözlərinə görə, korrupsiya faktlarına daha çox infrastruktur layihələrinin həyata keçirilməsi zamanı rast gəlinir. Məsələn, Oğuz-Bakı su kəmərinin tikintisi layihəsinin qiyməti bir neçə dəfə dəyişdirilib. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tikilən evlər real qiymətində 9 min manat bahadır. Ortalama 1, 2, 3 otaqlı evlər üçün hər kvadrat metr 505 manata tikilib ki, Bakıda bu qiymətə rahatlıqla mənzil almaq mümkündür. Yol çəkilərkən onun bir kilometrinə 17 milyon dolların xərclənməsi də adi haldır. Dünyanın heç bir yerində bu qiymətə yol çəkilmir. Məktəblərin tikintisində də şişirtmə qiymətlər ortaya qoyulur. Demək olar ki, layihələrin əksəriyyətinin həyata keçirilməsində oxşar vəziyyət var. Bir sözlə neft gəlirləri sağa-sola xərclənir. Eyni vəziyyət digər layihələr həyata keçirilərkən də ortaya çıxır. «Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli də neft gəlirlərinin səmərəli istifadə edilmədiyindən narazıdır. O, 15 il əvvəl imzalanan neft müqavilələrinin gözlənilən nəticəni vermədiyini deyir: «Neft pulları elə layihələrə xərclənir ki, həmin vəsaitlərin tam olaraq o layihələrə xərcləndiyinə şübhə edirsən. Bundan başqa, vətəndaş cəmiyyətləri də bu məlumatları əldə etməkdə çətinlik çəkir və ya ümumiyyətlə, həmin məlumatlar gizli saxlanılır. Neft pulları fonunda şəffaflıq günü-gündən azalır».

Saxta yoxsulluq səviyyəsi

Göründüyü kimi neft-qaz gəlirlərinin uzunmüddətli istifadəsi sahəsində strateji menecment rasional səviyyədə deyil. Bu isə cəmiyyətə bir neçə istiqamətdə təsir edir. Birincisi, cəmiyyət karbohidrogen gəlirlərinin rasional olmayan idarəsi nəticəsində yoxsulluğun azaldılması istiqamətində potensial imkanların tam istifadə olunmaması ortaya çıxıb. Statistik rəqəmlərə görə ölkədə yoxsulluğun səviyyəsi 13,2 faizə enib. Əslində bu göstərici  bir neçə dəfə rəsmi rəqəmdən yüksəkdir. Çünki bu gün xarici ölkələrə iş arxasınca gedən ən azı 1,5 milyon azərbaycanlı var. Onların ölkədə maddi vəziyyəti, həyat şəraiti yoxsulluq səviyyəsindən yüksək olsa idi, başqa ölkələrə niyə gedirdilər? Əmək miqrantlarının Azərbaycanda qalan ailə üzvlərini də nəzərə alsaq 13,2 faizlik yoxsulluq səviyyəsi inandırıcı görünmür. Unutmayaq ki, bölgələrdə işsizlik yüksək səviyyədədir və kiçik torpaq sahələri və bir neçə mal-qarası, qoyunu olan kasıb hesab olunmur, deməli, yoxsulluğun səviyyəsi əslində daha yüksəkdir. Bu arada qlobal böhran Azərbaycanın neft gəlirlərini aşağı saldığından büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarının artırılmasına, eyni zamanda pensiya və müavinətlərin artırılmasına imkan vermədi. Aydındır ki, bu əhalinin maddi durumuna təsirsiz ötüşmür. Hökumət isə saxta rəqəmlərlə yoxsulluğun səviyyəsini sıfıra endirmək istəyir. İkincisi, neft-qaz gəlirlərinin indiki şərtlər altında bölgüsü cəmiyyətdə bərabərsizliyin azaldılması və orta təbəqənin güclənməsinə lazım ola biləcək dəstəyi verə bilməyib.Cəmiyyət  isə təbəqələşib. Bir tərəfdə daha varlılar, digər tərəfdə isə yoxsullardır. Orta təbəqə isə yoxsullara daha yaxındır. Üçüncüsü, cəmiyyəti gələcək nəsillərin karbohidrogen sərvətlərindən nə dərəcədə istifadə etmək imkanlarının olacağı narahat edir. Çünki Neft Fonduna daxil olan pullar sürətlə xərclənir. Belə getsə, gələcək nəsillərə qəpik-quruş qalacaq. Dördüncüsü, bu gəlirlərdən istifadəyə mövcud yanaşma milli iqtisadiyyatın davamlı inkişafını təmin etmir

Beləliklə, ixracatın 95 faizinin neft sektorunun payına düşməsi və dövlət büdcəsinin formalaşdırılmasında neftin payının 60 faiz təşkil etməsi göstərir ki, qeyri-neft sektorunda bu vaxtadək ciddi bir inkişafa nail olunmayıb və rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələr yaradılmayıb. Əgər belə müəssisələr yaradılmış olsaydı, ixracatda qeyri-neft sektorunun payı 5 faiz olmazdı.

Haşiyə: Şəxsən mən də “Əsrin müqaviləsi” imzalananda neft gəlirlərində faydalanacağımı, Kuveyt, Qətər və ya Norveçdə olduğu kimi insanların Azərbaycanda firavan yaşayacağını düşünürdüm. Bu günədək gözləyirəm və maddi vəziyyətim də dəyişməyib. Yenə də divar kağızı sökülmüş, tavanı saralmış, mətbəxi qaralmış mənzildə yaşayıram. Pul da yoxdur ki təmir etdirəm. Nə vaxtsa, neft gəlirindən mənə də pay düşəcəyini gözləyirəm. Amma ölkə iqtisadiyyatının indiki vəziyyətini gördükdə arzumun ürəyimdə qalacağına inanmağa başlamışam.

   

İqtisadçı ekspert Rövşən Quliyev bildirir ki, Azərbaycana çoxlu pullar gəlir. «Bu pullar  bahalı maşınlara, villalara  sərf olunur. Biz neft sektorundan qazanırıq, qeyri- neft sektoru yeyir. Amma istehsal görünmür.  Bizdə qeyri-ticari olan ticarini üstələyir. Yəni restoran, otel biznesi daha çox fəaliyyət göstərir. Rəqabət qabiliyyətli müəssisləri isə barmaqla saymaq olar». Ölkə iqtisadiyyatındakı bu günkü vəziyyət isə onun sözlərinin bir həqqiqət olduğunu göstərir. Bu problemlər onu göstərir ki, 2004-cü ildə “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”da (2005-2025-ci illər) nəzərdə tutulduğu kimi neft-qaz sərvətlərinin nəsillərarası dəyişməz gəlirlər prinsipinə uyğun bölgüsü ciddi elmi əsaslarla həyata keçirilməyib. İkincisi, indiyədək hökumət strategiyada nəzərdə tululan neft-qaz gəlirlərinin səmərəli istifadəsi məsələsində iqtisadiyyatın rəqabət üstünlüyünə malik olan konkret sahələrini müəyyəyənləşdirməyib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən proqramlar müəyyən nəticələr versə də, problemlər aradan qaldırılmayıb. Nəticədə mövcud vəziyyətdə artan neft gəlirlərindən səmərəli istifadə olunması iqtisadi (və deməli, milli) təhlükəsizlik aspektində taleyüklü məsələyə çevrilir. Ünutmamalıyıq ki, ölkənin davamlı inkişafını ləngidən və ya ona mənfi təsir göstərən amillər təkcə iqtisadi amillər deyil. Bura idarəetmə, siyasi, ideoloji, hərbi, ekoloji, infrastruktur, iqtisadi və s. amillər daxildir.

Pünhan Qarapapaqlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir