Modern.az

“Qarabağ problemi ilə bağlı dövlət qurumu yaradılsın” - Eldar Namazovun təklifinə REAKSİYA  

“Qarabağ problemi ilə bağlı dövlət qurumu yaradılsın” - Eldar Namazovun təklifinə REAKSİYA   

10 Dekabr 2018, 17:37

Prezident katibliyinin sabiq rəhbəri, Prezidentin eks-köməkçisi (1993-1999-cu illərdə), politoloq Eldar Namazov Modern.az saytına müsahibəsində bildirib ki, Dağlıq Qarabağ problemi ilə bağlı işi koordinasiya etmək üçün vahid strategiya formalaşdırmaq, ayrıca dövlət qurumu yaratmaq lazımdır.

“Münaqişə olan Ukrayna, Gürcüstan, Moldova kimi ölkələrdə faktiki olaraq, iki dövlət qurumu yaradıblar. Bu addım konfliktlərin həlli ilə bağlı dövlət qurumlarının fəaliyyətini koordinasiya etmək məqsədi daşıyır” deyə, E.Namazov bildirib.

 

Təklifə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Modern.az-a Dağlıq Qarabağ problemi ilə bağlı işi koordinasiya etmək üçün ayrıca bir qurumun yaradılmasına ehtiyac olmadığını deyib.

Deputat  bildirib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsi ilə bağlı ən yüksək səviyyədə məşğul olur:

“Yəni,  Dağlıq Qarabağ problemi ilə bağlı bütün proseslər, danışıqlar,  işlər ölkə başçısının rəhbərliyi və nəzarəti altında aparılır. Əlavə hər hansı bir qurumun yaradılması mənə elə gəlir ki, işin xeyrinə yox, zəifləməsinə səbəb olar. Hər hansı qurumun yaradılması və onun rəhbərinin səlahiyyəti dövlət başçısının səlahiyyəti qədər ola bilməz. Həmişə cənab prezident xüsusi olaraq vurğulayır ki, Dağlıq Qarabağ problemi bizim bir nömrəli problemimizdir və həmişə diqqət mərkəzindədir. Bütün danışıqlarda və proseslərdə də ölkə başçısı bunu sübut edir”.

 

Dağlıq Qarabağ problemi ilə bağlı əlavə bir qurumun yaradılmasına ehtiyac görməyən deputat “bütün proseslər, danışıqlar dövlət başçısının rəhbərliyi altında ən yüksək səviyyədə aparılır” deyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir