Modern.az

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ

Zahid Xəlil: “Nizaminin bu qədər böyük olduğunu bilmirdim” - MÜSAHİBƏ

Ədəbi̇yyat

15 Dekabr 2018, 12:56

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim, Beynəlxalq mükafatlar laureatı Zahid Xəlillə müsahibəni təqdim edirik.           


- Siz Azərbaycan uşaq ədəbiyyatında tanınan bir imzasınız və yaradıcılığınız ictimaiyyət tərəfindən də maraqla qarşılanır. Bu gün uşaq ədəbiyyatının durumundan söhbət açmaq istəyirik.


- Azərbaycan uşaq ədəbiyyatının inkişaf yolu həmişə enişli-yoxuşlu olub. Əvvəlcə folklorun, sonra isə qədim və orta əsrlər ədəbiyyatının bətnində formalaşıb, nəhayət, XIX əsrin sonu, XX əsrin əvvəllərində o, bitkin bir şəklə düşüb. II Dünya müharibəsi illərində bir qədər zəifləyib. Hətta müharibə illərində uşaq ədəbiyyatına böyük ehtiyac duyulduğuna görə Xalq şairi Səməd Vurğun 1944-cü ildə “Balalarımız üçün gözəl əsərlər yaradaq” adlı bir məqalə yazdı. Bu məqalə proqram xarakteri daşıyırdı. Səməd Vurğun uşaq ədəbiyyatının qarşısında duran həm pedaqoji, həm də filoloji cəhətləri bütün aydınlığı ilə əks etdirdi. Uşaq ədəbiyyatı ilə məşğul olanlar bu işin nə qədər məsuliyyətli olduğunu bir daha dərk etdilər. Müharibədən sonra, 60-cı illərə qədər xeyli əsər yarandı. Bu əsərlərdə Sovet cəmiyyətinin fikir və duyğuları əks olunurdu. Əlbəttə, bunlar həqiqi ədəbiyyat üçün kifayət deyildi. 60-cı illərdən başlayaraq uşaq ədəbiyyatında yeni imzalar meydana çıxdı. Əli Kərimin, Fikrət Sadığın, Məstan Əliyevin, İlyas Tapdığın bu ədəbiyyata gəlməsi ilə söz sənətində yeni bir əhvali-ruhiyyə yarandı. Əli Kərim orijinal əsərlər yaratmaqla bərabər, dünya ədəbiyyatından Cannı Rodarinin “Telefonla danışılan nağıllar” əsərini dilimizə tərcümə etdi. “Uşaqların loğmanı” adlı gözəl bir poema yaratdı. Bu, böyük polyak yazıçısı Korçak haqqında idi. Göründüyü kimi, ədəbiyyatımız dünya xalqlarının söz sənətinə müraciət etməyə başladı. Bu da onun yeni bir istiqamətdə inkişaf etməsinə səbəb oldu.


Azərbaycan uşaq ədəbiyyatı 80-ci illərin sonunda özünün ən yüksək inkişaf zirvəsinə çatdı. Onun yaratdığı əsərlər Sovet İttifaqı səviyyəsində çap olunmaqla yanaşı, haqqında tənqidi məqalələr yazıldı, tədqiqatlar aparıldı.


1990-cı illərin məlum hadisələrindən sonra onun inkişafı xeyli zəiflədi. Müstəqillik dövrünün əsas xüsusiyyətləri, çap işləri, nəşriyyat problemləri, kitab ticarəti sahəsində yaranan yeni durum onun inkişafına xeyli təsir etdi.


Əgər bu ədəbiyyatın müasir yaradıcılarından söhbət açsaq, R.Yusifoğlunun, Q.İsabəylinin, Ə.Quluzadənin, Ə. Əlioğlunun, M.Namazın adını çəkmək olar.


Elə mənim özümü də bu qocaman nəslin nümayəndələrindən biri hesab edə bilərsiniz. 1958-ci ildə “Vətənim” adlı ilk şeirim çap olunub. Bu günə qədər həm Azərbaycanda, həm də xarici ölkələrdə 40-dan çox kitabım nəşr edilib. Bu il, hələlik iki kitabım – “Kralın kreslosu”, “Göyqurşağı” nəşr olunub. İki kitabım isə çapdadır. 

            
- Regionlarda el şairləri yaşayırlar. Onların yaradıcılığına diqqət yetirsək, görərik ki, heç də digər şairlərin yaradıcılığından fərqlənmirlər. El şairlərinin poeziya nümunələrinə nəzər yetirəndə görürük ki, çox orijinaldır, müfəssəldir və bədii zövqü oxşayandır. Təəssüf ki, ədəbiyyat sahəsi ilə məşğul olan elm mərkəzlərində el şairlərinin yaradıcılığına az fikir verilir. Halbuki, xalq onların yaradıcılığına daha çox müraciət edir. Biz masabəyilərin, aşıqların və sıravi insanların çıxışlarına baxanda görürük ki, nəinki klassik şairlərdən, əsasən, el şairlərindən misal gətirirlər. Yəni bu şairlərin yaradıcılığının nəşri, təbliği, qiymətləndirilməsi zəruridir.

            -
 “Xalqın sevgisi” ifadəsi bir qədər mücərrəd anlayışdır. Çünki xalq, əslində, kütlədir, çoxluqdur. Bunun içərisində həqiqi ədəbiyyatı seçənlər də var, seçə bilməyənlər də. Tutaq ki, Füzulini xalqın 5-6 faizi tanıyır, öyrənir və qalanının ondan, demək olar ki, xəbəri yoxdur. Biz bununla deyə bilərikmi, Füzuli böyük sənətkar deyil? Buna görə də el şairlərinə bu cür baxmaq düzgün deyil. Amma qeyd etməliyik ki, el şairləri xalq ədəbiyyatının bir hissəsidir. Buna görə də onların yaradıcılığına laqeyd baxmaq olmaz. Əlbəttə, el şairlərinin sənəti diqqətlə tədqiq edilməli, onların mütərəqqi cəhətləri aydınlaşdırılmalıdır.

            
El şairlərinin əsərlərini böyük ədəbiyyatımıza qarşı qoya bilmərik. Böyük ədəbiyyatımız öz yolu ilə gedir. Yeni yazıçıların, şairlərin əsərlərində çox maraqlı keyfiyyətlər müşahidə olunur. Bir sıra cavan yazıçılarımız dünya ədəbiyyatını mütaliə edirlər. Onlardan yeni yaradıcılıq üslubları mənimsəyirlər. Yaşlı yazıçılar gənclərin bu xüsusiyyətlərini yüksək dəyərləndirməlidirlər. Məsələn, mən vaxtilə Səhərin “Gözlərimin içinə bax” adlı kitabını nəşr etdirdim. Bu kitabı ona görə nəşr etdirdim ki, orada hələ həyata təzəcə göz açan bir şairin gözəl duyğuları var idi.  Səhərin həmin kitabında el şairlərinin ruhunu hiss etdim. Məsələn, orda belə misralar var idi:

Ay ana, ayrılıb gedirəm səndən,

Geri qayıtmağa hayımı saxla.

O mənsiz açdığın süfrələrində,

Soyuya-soyuya çayımı saxla.

            
Burada böyük bir fikir yoxdur, amma ayrılığın, həsrətin bir nisgili var. Həmin şeiri poeziyaya çevirən də bu nisgildir. Doğrudur, şair sonralar yazılı ədəbiyyatın tələblərinə uyğun olaraq şeirlərini xeyli təkmilləşdirdi. Fikirlərini misraların dərin qatlarında gizlətməyə çalışdı. Amma mənim üçün o ilk kitabın təəssüratı çox qiymətlidir.                       

            
- El şairlərinin yaradıcılığını nəzəri cəhətdən təhlil etdikdə bir çox fərq yaranır. El arasında xalq bu şairləri “savadlı və savadsız şairlər” kimi qruplaşdırır. Yazı-pozu bacarığı olanlar savadlı, olmayan isə savadsız şairlər kimi yaddaşımıza köçüb. Onların irsinin öyrənilməsində bir elm ocağı kimi ADPU-nun professor-müəllim heyətinin hansı addımları var?

            
- Öncə deyim ki, bu iş hər kəsin öz istəyi ilə bağlıdır. Bu materialları toplayıb öyrənmə sahəsində daha çox folklorçu alimlərimiz fərqlənə bilər. Yəni bu cür şairlərin elmi irsini öyrənib, bir-birləri ilə müqayisəsini aparmaq asan iş deyil. Ciddi savad və vaxt tələb edən işdir. Xüsusilə də qeyd edim ki, bu fəaliyyətin həyata keçməsi üçün alimin iqtisadi maraqları təmin edilməlidir. Bu, artıq görürsünüz ki, bir alimin və ya kafedranın işi deyildir. 

            
- Xüsusilə qeyd edim ki, ötən əsrin 20-ci illərində Sovetlər dövründə xalq yaradıcılığına xüsusi maraq vardı. V.Xuluflu, S.Mümtaz, H.Zeynallı, H.Əlizadə, Y.V.Çəmənzəminli və digərləri folklor ilə məşğul oldular. Bu baxımdan, el şairlərinin irsinin toplanması, öyrənilməsi və dövlət proqramında əks olunması üçün alimlərimiz geniş məqalə, müsahibə və  yazıları ilə mətbuatda, sosial mediada çıxış etməlidirlər…

            
- Vaxtilə ADPU-da tələbələr folkloru toplamaq üçün praktikaya gedərdilər. Kəndlərdə yaşayan el şair və yazıçıları ilə görüşüb onların irsini toplayırdılar. Təəssüf ki, bu gün həmin ənənə yoxdur. Təhsilimizin qarşısında dayanan tələb Avropa standartlarına uyğunlaşıb. Müasir tələb dünya ölkələrinin təhsil sistemlərini öyrənmək və tətbiq etməkdir. Bunlar təhsilimiz üçün lazımdır. Biz həmin yolla getməliyik. Çünki belə olduqda təhsil də yenilənir. Amma folklor praktikası unudulub, bu işi də görmək, əlbəttə, lazımdır. 

            


- Zahid müəllim, bu gün bir yazıçı və elm xadimi kimi Azərbaycan oxucusundan razısınızmı?

            
- Mənim “Orxan və dostları” adlı bir romanım var. Orxanın anası hər gün işdən qayıdanda nənədən soruşur: “Orxan səni incitməyib ki?” Orxan isə düşünür: “Bircə dəfə məndən soruşmayıblar ki, “Nənən səni incitməyib ki”. Məncə sizin sualınızı belə qoymaq olardı: “Oxucular Zahid Xəlildən razıdırmı?”

            
Bugünkü oxuculara gəlincə isə deməliyəm ki, onların sayı ötən əsrə nisbətən  təxminən 40 dəfə azalıb. Vaxtilə bizim kitablarımız çox böyük tirajlarla çap olunurdu və dərhal satılırdı. İndi isə  kitabların da sayı azalıb, oxucuların da.

            
Müasir oxucular kağızdan yox, elektrondan oxuyaraq mütaliənin ən ucuz yolunu axtarıb tapdılar. Qeyd edim ki, 5-6 il bundan əvvəl ümumiyyətlə, kitab oxuyan yox idisə, artıq indi oxucuların sayı yavaş-yavaş artır.

            
Yazarlar da müasir oxucunun tələblərinə uyğun əsərlər yazmalıdır. Oxucunun psixologiyasını tutmaq lazımdır. 

            
- Müasir dövrdə modern və postmodern ədəbiyyatın təbliği gedir. Xalq arasında bu ədəbiyyata marağın olmadığını görürük. Ümumiyyətlə, modern və postmodern ədəbiyyatı haqqında düşüncələriniz bizim üçün maraqlıdır.


- Gəlin əvvəlcə modern sözünü səciyyələndirək. İncəsənətin bütün növləri daim yeniləşməyə can atır. Məsələn, Füzuli, Nizami kimi yazmır, Nəsimi daha orijinal yol tutur, Xətai həç kəsi təkrar etmək istəmir. Bu yeniləşmə prosesinin özü modernləşməkdir. Müasir dövrdə yaranan bir sıra əsərlərimiz məhz həmin yolu tutur.Postmoderizmə gəlincə isə deməliyəm ki, o, XX yüzilliyin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda bütün formaları, qaydaları, ehkamları inkar edən, onları sintetik və qarışıq şəkildə təqdim edən cərəyandır. Müasir dünyada informasiya texnologiyalarının inkişafı nəticəsində daha da inkişaf etmişdir və dünyanın aparıcı cərəyanına çevrilib. Onun gələcək taleyi necə olacaq? Bunu yalnız həyat göstərəcək.

            
Şərq ədəbiyyat ölkəsidir və daha çox söz sənəti ilə tanınır. Dünya səviyyəsində ən böyük yazarlardan biri də Nizami Gəncəvidir. Mən Nizaminin böyük olduğunu bilirdim, lakin bu qədər böyük olduğunu bilmirdim. Özüm bir il ərzində “İsgəndərnamə” əsərini nəsrə çevirdim və hazırda da arxivimdə durur. Şairin hər misrasında bir obrazın olduğunu gördüm. N.Gəncəvi, Hafiz, Firdovsi, S.Şirazi, Nəsimi kimi böyük şairlər var və bunların ənənələri qorunmalıdır.

            
Belə şairləri olan Şərq moderzimə və postmoderizmə bir qədər ehtiyyatla yanaşmalıdır.

 

- Bəzi əsərləri oxuyarkən orada bədii təsvir və ifadə vasitələrinə rast gəlmirik. Oxucu belə əsərlərdən zövq ala bilmir. Bir ədəbiyyatşünas kimi bu problemə münasibətinizi bilmək istərdik. 


- Bədi təsvir və ifadə vasitələri əsərin canıdır. Ümumiyyətlə, ədəbiyyat obrazlı düşüncələrdən ibarətdir. Nə qədər parlaq və qeydi-adi söz işlədərsənsə əsərin də gözəl olar. Əgər orada obrazlılıq yoxdursa ona bədii əsər demək mümkün deyil. Obrazlılıq mətnin içərisində elə gizlədilməlidir ki, onu asanlıqla tapmaq mümkün olmasın.

            
Sonda məzmunlu müsahibənizə görə sizə təşəkkür edirəm.

 

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

AAB-nin üzvü

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı