Arxiv
16 Dekabr 2018, 09:56 | MEDİA
Bizimkilər - “Discovery Azerbaijan”ın xanım redaktoru: “Adrenalin vurğunuyam” - FOTOLAR

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik.  Saytımızın bu rubrikasında özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı “Discovery Azerbaijan” jurnalının redaktoru Rəna Kərimovadır.

 

Rəna Kərimova Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulub. 1-ci sinfə Gürcüstanda gedib, 2-ci sinifdən isə ailəsi ilə Bakıya köçüblər.
Ali təhsili Bakı Dövlət Universitetində Filologiya fakültəsinin bakalavr və magistr pillələri üzrə bitirib.  "525-ci qəzet", "Ailə həkimi" jurnalı, "Atv maqazin" jurnalı, ANS TV-də çalışıb. Həmin kütləvi informasiya vasitələrində çalışdığı illər ərzində paralel olaraq müxtəlif saytlarda da məqalələrlə çıxış edib. 2011-ci ildən "Discovery Azerbaijan" jurnalında çalışır. İlk olaraq korrektor-jurnalist kimi çalışan Rəna Kərimova hazırda jurnalın redaktordur. 

 

- Əvvəlcə uşaqlar illərinizdən danışmağınızı istərdik...

 

- Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşam. 1-ci sinfə də orada getmişəm. 2-ci sinifdən isə Bakıya köçdük. Bakıya köçdüyümüz ilk günü heç vaxt unutmuram. 7 il bir dağ kəndində kiçik evlərin olduğu bir mühitdə yaşayandan sonra "göydələn"də yaşamaq (9 mərtəbəli Sovet binalarını ilk dəfə görəndə onların hündürlüyündən, əzəmətindən çox təəccüblənmişdim, müasir dillə desək, mənim üçün "göydələn" təsiri bağışlamışdı) və hər yanda izdiham görmək azyaşlı biri üçün çox maraqlı və əyləncəli idi. Bütün kəndimizin əhalisi qədər insan elə təkcə bizim binada yaşayırdı. Uşaq ağlımla bunu kəşf etmək məni heyrətləndirmişdi. Necə həyəcanlanmışdımsa, Bakıya gəlib düşdüyümüz ilk saatlarda çaynikdəki qaynar  suyu üzərimə dağıtdım, ayaqlarım yandı. O qədər dərin yanmışdı ki, 15 gündən çox yataq rejimində qalmalı olmuşdum.

Yeni mühitə, yeni məktəbə alışmağım o qədər də asan olmadı. Sakit, utancaq və kompleksli bir şagird idim. Üstəlik, kənd ləhcəsi ilə danışdığıma və yazdığıma görə ilk aylarda çox çətinlik çəkirdim. "Gələjəm", "gedəjəm"lə yazılan imlalarım bayram xonçası kimi qıpqırmızı “bəzənirdi”. Ləhcəsiz danışa bilmədiyimə görə hər dəfə lövhəyə çıxanda şəhərli sinif yoldaşlarımın gülüş obyektinə çevrilirdim.  Amma 2-ci sinfi başa vuranda ləhcə ilə danışmaqdan və yazmaqdan qurtula bilmişdim, hətta mənə gülən sinif yoldaşlarımdan daha düzgün, daha səhvsiz yazırdım. İndi onların səhvlərinə gülmək növbəsi mənim idi. Səhvsiz, ləhcəsiz yazmaq mənim üçün necə önəmli oldusa, sonrakı bütün həyatımı yazı-pozu ilə bağladım...

 

- Rəna xanım, necə oldu ki, jurnalistikanı seçdiniz?

 

- Rəhmətlik telejurnalist Çingiz Musatafayev mənim idealım idi. Doğum günlərində, anım günlərində mütləq Şəhidlər xiyabanına gedir, onun barəsində olan bütün verilişləri izləyir, məqalələri, kitabları gözdən qoymurdum. Ən böyük arzum ANS-çi olmaq idi. Hətta o yadımdadır ki, orta məktəbi bitirəndə tutduğum xatirə dəftərində bütün müəllimlərimin və sinif yoldaşlarımın mənə olan birinci arzusu o idi ki, inşallah bir gün səsin mavi ekranlardan gəlsin... Gəldi də, uşaqlıq arzumu, ən böyük istəyimi reallaşdırdım, 2 ay "Salam Azərbaycan" verilişində mədəniyyət müxbiri kimi çalışdım. Amma artıq orta məktəb illərindəki həyəcanım qalmamışdı, televiziyalar yox, çap mediası mənim üçün daha doğma məkana çevrilmişdi. O gün bu gündür ki, müxtəlif çap medialarında çalışıram.

Əslində ixtisas olaraq jurnalistikanı bitirməmişəm. Filoloqam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr və magistr təhsili almışam. Hətta AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertantura şöbəsinə daxil olmuşam. Lakin jurnalistikanı hər zaman ruhuma daha yaxın hiss etmişəm. Hansısa bir elmi məqalə yazanda yox, reportajlar, çəkilişlər, müsahibələr zamanı gördüyüm işdən daha çox zövq alıram.

 

- Jurnalda çalışırsınız, hazırda Azərbaycanda jurnallara maraq var?

 

- Bildiyimiz kimi, Azərbaycanda jurnal ənənəsi "Molla Nəsrəddin”lə başlayıb. 112 illik zəngin jurnalçılıq tariximiz var. Amma təəssüf ki, son illərdə nəinki jurnallara, ümumilikdə çap mediasına əvvəlki maraq qalmayıb. Texnologiyanın sürətli inkişaf etdiyi bir dövrdə bu, normal haldır. Bizim də oxucularımız daha çox orta yaşlı və orta yaşın üstündə olan insanlardır. Hansı ki, onlar kağızın qoxusunu duyaraq mütaliə etməyi sevən, çap mediasına sadiq insanlardır. Düzdür, mən özüm də aktiv internet istifadəçisiyəm, müxtəlif saytları, sosial şəbəkələri mütəmadi şəkildə izləyirəm. Amma nə yalan deyim, qəzet-jurnalları oxumaqdan aldığım zövqü, rahatlığı internet saytlarından almıram.

 

- Hansı ölkələrə səyahət etmisiniz? Səyahət etdiyiniz ölkələrdən ən çox hansını bəyənmisiniz?

 

- Səyahət... Mənim üçün ən doğma, ən ülvi məfhumlardan biridir. Öncəki sualda uşaqlıq arzularımdan söz açmışdım. Ən böyük uşaqlıq arzularımdan biri də bütün dünyanı gəzmək idi. Bu gün beynəlxalq səviyyədə tanınmış 195 ölkə mövcuddur. Siyahını bir az da genişləndirsək, tanınmayan ölkə və əraziləri də nəzərə alsaq, bu rəqəm 245-ə çatacaq. Təəssüf ki, mənim bu qədər ölkədən yalnız 8-nə səyahət etmək imkanım olub. Bu, mənim üçün çox az göstəricidir. Hələ gediləcək çox ölkəm, kəşf ediləcək çox yerim var. Nəzərə alsaq ki, çalışdığım "Discovery Azerbaijan" jurnalı da turizm yönümlüdür, odur ki, daha çox yerlərə səyahət etməyi hədəfləyirəm. İtaliya, Fransa, Belçika, Macarıstan, Hollandiya, Rusiya, Gürcüstan və Türkiyədə olmuşam. Aktiv səyahəti çox sevirəm. Getdiyim hər şəhərdə saatlarla piyada gəzməkdən, hər küçəsini, hər tinini hiss etməkdən zövq alıram. Hətta bir dəfə İstanbulda düz 6 saat dayanmadan, fasiləsiz sahil boyunca piyada gəzmişdim. Altı saatın tamamında isə skamyaya çöküb qalmışdım, yorğunluqdan tərpənə bilməmişdim. Adrenalin vurğunuyam. Parasailing, diving, zipline səyahətlərdə çox sevdiyim fəaliyyətlərdir. Buludları çox sevirəm, ona görə də getdiyim hər yerdə hündürlüklə bağlı bir fəaliyyət axtarıram ki, buludlara daha yaxın olum. Fethiyede 2 min metr hündürlüyündə olan Babadağdan yamac paraşütü ilə atlamağım həyatımın ən adrenalinli və əyləncəli anı olub. Amsterdamda Adam Lookout binasında 20-ci mərtəbədə yelləncəklə yellənmək də yaddaqalan xatirələrimdəndir.

İstənilən ölkədə kiçik şəhərləri, kiçik qəsəbələri çox sevirəm. Meqapolisin izdihamını, səs-küyünü sevməyən insanlar silsiləsindənəm. Bu baxımdan Türkiyənin Alanya şəhəri, Amsterdam yaxınlığında yerləşən Volendam qəsəbəsi, İtaliyanın kiçik San Gimignano şəhərciyi çox xoşuma gəlir.

 

- Nə zamansa bu sahədən getməyi düşünürsünüz?

 

- Hələ ki elə bir düşüncəm yoxdur, işimi çox sevirəm. Türklərin bir sözü var ki, o fikri çox bəyənirəm: "Böyük loxma ye, böyük söz danışma". Odur ki, sabah nə düşünəcəyimi, hansı qərarları verəcəyimi, həyatın mənə nə sürprizlər hazırladığını bilmirəm.

7 ildən çoxdur ki, "Discovery Azerbaijan" jurnalında çalışıram. Jurnalımızın baş redaktoru, dəyərli millət vəkilimiz Cavanşir Feyziyevin rəhbərliyi ilə çalışmaqdan, onun köməkliyi ilə ortaya maraqlı bir iş çıxarmağımızdan da çox məmnunam.

 

- Yaxın dostlarınızdan jurnalist olanlar var?

 

- Jurnalist kimi fəaliyyətə başladığım ilk kütləvi informasiya vasitəsi "525-ci qəzet" olub. Rəşad Məcid o qəzetdə jurnalistika məktəbi ab-havası yaratmışdı. İxtisasca filoloq olduğum üçün məhz "525" məktəbində jurnalistikanın sirlərinə yiyələndim. Nə yaxşı ki, yolum "525-ci qəzet"dən düşdü. Oradakı mühitdən çox bəhrələndim. İlklər heç zaman unudulmur. Bu baxımdan sözügedən qəzetin həyatımdakı  rolu çox önəmlidir. "525-ci qəzet" mənə həm də ən yaxın dostlarımı verdi. Universiteti yenicə bitirib jurnalistikada öz sözlərini deməyə çalışan, imzalarını tanıtmağa çalışan 3 gənc xanım... Hər üçümüz eyni ərəfələrdə işə başladıq və tezliklə çox yaxın dost olduq. Mehribanlığımız, dostluğumuz bütün redaksiya kollektivinin dilinə düşmüşdü, hətta bizi bir-birimizdən ayırmayıb "3 muşketyor" deyə xitab edirdilər. Sonrakı illərdə hər birimiz fərqli-fərqli media qurumlarında çalışsaq da, əlaqələrimiz, dostluğumuz bitmədi. Hətta "müqəddəs 3-lər ittifaqımızı" genişləndirib 4 yaxın dost olduq. Bu dördlüyü "Dartanyan və 3 muşketyor" da adlandırmaq olar. Dördlükdən iki nəfərimiz kütləvi informasiya vasitəsində redaktor olaraq çalışır, digər iki nəfərimiz isə dövlət qurumlarının mətbuat xidmətlərində fəaliyyət göstərir.  

 

- Jurnalist üçün müsahibələri, reportajları önəmli olur. Özünüzün də dəfələrlə oxudunuz müsahibəniz olubmu?

 

- Doğru buyurdunuz. Hər bir cümlənin, hər bir sözün üzərində əsirik, əslində hər bir yazımız, müsahibəmiz, reportajımız əməyimizin məhsulu kimi, fikirlərimizin ifadəsi kimi bizim üçün doğmadır, önəmlidir.

Yazılarım arasında səyahətlərimdən hazırladığım reportajları və müxtəlif mövzularda hazırlanmış araşdırma yazılarımı daha çox sevirəm. Çünki onlarda daha çox özüm oluram. Mənim fikirlərim, mənim yanaşmam, mənim baxış açım olur. Müsahibələr isə adından da göründüyü kimi, müsahiblərimin fikirlərinin ifadəsidir. Mən daha çox müsahibimin sözçüsü qismində çıxış edib, onlarla oxucularım arasında körpü rolunu oynayıram.

 

- Jurnalistika ilə bağlı reallaşdırmaq istədiyiniz layihə varmı?

 

- Arzular, istəklər sonsuzdur. Təbii ki, mənim də işimlə bağlı reallaşdırmaq istədiyim çox şeylər var. Amma hansısa bir işi reallaşdırmadan onun barəsində danışmaq düzgün deyil deyə düşünürəm.

 

- Özünüzü tənqid edəcəyiniz hansısa xüsusiyyətiniz var?

 

- Çox həssasam. Edilən haqsızlıqları, insanların qeyri-səmimiliyini görəndə çox pis oluram, ürəyimə dərd edirəm. İçimdə məndən ötə bir Mən də var ki, hər dəqiqə, hər saniyə mənimlə konfliktdədir, niyə belə dedin, niyə belə getdin, niyə belə gəldin... Daim məni tənqid edən içimdəki Məndən və həssaslığımdan qurtulub laqeyd insan olmağı arzu edirəm özümə...

 

- Həyatda qarşınıza qoydunuz məqsədlərdən danışa bilərsiniz?

 

- Daha çox səyahət etmək, yeni yerlər kəşf etmək... Bir turizm dərgisinin redaktoru olaraq bütün oxucularımıza da bol-bol səyahət etmələrini arzulayıram. Bahalı maşınlara, qır-qızıla, qiymətli əşyalara pul xərcləməkdənsə səyahətlərinə daha çox vəsait ayırmalarını arzulayıram. Çünki səyahətlərimizə xərclədiklərimiz xatirələrimizə, xoş anlarımıza investisiyadır. Dönüb geriyə baxanda isə bir ömrü dolu-dolu yaşamaqdan gözəl yatırım ola bilməz deyə, düşünürəm...

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müsabiqə elan etdi 17 Sentyabr 2019, 16:03 Əhalini siyahıyaalmaya az qalıb - Milli mənsubiyyət də soruşulacaq - RƏSMİ 17 Sentyabr 2019, 16:00 “Azərsu” kanalizasiya sistemlərini yeniləyir 17 Sentyabr 2019, 15:57 Azərbaycan Qazaxıstanla Xəzər dənizi üzrə məsləhətləşmələr keçirib 17 Sentyabr 2019, 15:51 “Ali təhsil haqqında” qanun layihəsinin müzakirə vaxtı bəlli oldi 17 Sentyabr 2019, 15:44 Qaxda QƏZA - 3 nəfər yaralandı 17 Sentyabr 2019, 15:41 Zöhrə Abdullayeva tanınmaz halda - Dostları onu səhnəyə qayıtmağa çağırdılar - FOTO 17 Sentyabr 2019, 15:33 Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır 17 Sentyabr 2019, 15:27 Rövşən Rzayev 30-dan çox köçkünü qəbul etdi 17 Sentyabr 2019, 15:20 “Qanlı yer adlarımız” silsiləsindən: İki qardaşın asılmağı... - I YAZI 17 Sentyabr 2019, 15:13 Oyuncağa dönən mitinq məsələsi... 17 Sentyabr 2019, 14:56 Bu il Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI - 66 faizi kişilərdir 17 Sentyabr 2019, 14:56 Ceyhun Bayramov  Basqalda orta məktəbinin AÇILIŞINDA 17 Sentyabr 2019, 14:36 Niyazi Bayramov Edvard Karvardini qəbul edib 17 Sentyabr 2019, 14:20 Ordumuzun təlimləri davam edir - VİDEO 17 Sentyabr 2019, 14:17 Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq 17 Sentyabr 2019, 14:13 ŞAH MAT Teatrı “Qodonun intizarında”... 17 Sentyabr 2019, 14:11 Bakı Uşaq Teatrı yeni mövsümə başlayır 17 Sentyabr 2019, 13:47 Mədəniyyət komitəsi 11 qanun layihəsini müzakirəyə çıxardı 17 Sentyabr 2019, 13:33 İlham Əliyev gürcü naziri qəbul edib 17 Sentyabr 2019, 13:25 Bakıdakı açılış dünyanın gözünü Azərbaycana YÖNƏLDİB 17 Sentyabr 2019, 13:18 Kulis.az-dan şeir MÜSABİQƏSİ - 1000 manat mükafat 17 Sentyabr 2019, 13:11 UNEC-in ikili diplom proqramlarının sərgisi keçiriləcək 17 Sentyabr 2019, 13:07 Sabahın HAVASI: 32 dərəcə isti olacaq 17 Sentyabr 2019, 13:05 9 yaşlı uşağı vurub öldürən sürücü tutuldu 17 Sentyabr 2019, 12:56 Komitə sədri büdcədən mədəniyyət sahəsinə ayırmaların artırılmasını istədi 17 Sentyabr 2019, 12:56 Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT 17 Sentyabr 2019, 12:49 Sərnişinlə dolu yük maşını uçuruma yuvarlandı: 20 ölü 17 Sentyabr 2019, 12:47 “Başımın üstündə qurğuşun əritdi, bədənimə dağ basdı” - Çildağdan REPORTAJ 17 Sentyabr 2019, 12:36 Onlar nə əxlaqsızdılar, nə dəli, nə bisavad... 17 Sentyabr 2019, 12:26 Kirayə evlər ucuzlaşacaq 17 Sentyabr 2019, 12:21 Ödənişli əsaslarla oxuyan gənclərə böyük dəstək! 17 Sentyabr 2019, 12:13 Azərbaycan güləşçisi Tokio Olimpiadasına lisenziya qazandı 17 Sentyabr 2019, 12:09 Nazirlərin görüşü ərəfəsində Yerevan provakativ addımlar atır 17 Sentyabr 2019, 11:58 Azərbaycan Radiosunda Bədii Şura yaradıldı - SİYAHI 17 Sentyabr 2019, 11:50