Modern.az

Professor: ““Qaçaq Nəbi” dastanı kamilləşməyib, bişməyib” – MÜSAHİBƏ

Professor: ““Qaçaq Nəbi” dastanı kamilləşməyib, bişməyib” – MÜSAHİBƏ

22 Dekabr 2018, 09:27

Babayev Yaqub Məhərrəm oğlu Azərbaycan Dövlət Pedaqoji Universiteinin (ADPU) Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının filologiya üzrə elmlər doktoru, professorudur.

Tədqiqatları əsasən, klassik ədəbiyyat və folklorla bağlıdır. O, bəzi Azərbaycan aşıqlarının və el şairlərinin şeirlərinin toplanıb nəşr edilməsi istiqamətində də müəyyən işlər görüb. “İki ustad: Miskin Vəli, Növrəs İman” (1996), “Üç el şairi”(1999), “Miskin Vəli: Şeirlər, dastanlar” (2016) kitabları belə bir əməyin məhsuludur.

Modern.az Yaqub Babayevlə olan müsahibəni təqdim edir:

 

- Sualımıza ən qədim yazılı abidələrimizdən biri olan “Kitabi-Dədə Qorqud” eposunda işlənmiş şeir şəkillərindən söhbət açaraq başlamaq istərdik. Bu gün aşıq poeziyasında işlənən şeir formaları həmin dastanda işlənən şeir şəkilləri ilə hansı dərəcədə yaxınlıq təşkil edir? Bütövlükdə, bu şeir formalarının müqayisəli təhlilini aparmaq imkanlarımız varmı?

 

- Biz “Kitabi-Dədə Qorqud” dastanlarında işlənən şeir şəkillərini bu günün şeir şəkilləri ilə müqayisə edə bilmərik. Çünki dastanda işlənən şeir şəkilləri hələ janrlaşmayıb, sabit şeir şəkli formasına düşməyib və bir növ sərbəst xarakterli şeirlərdir. Yəni burada işlənən şeirlər ümumtürk şeirinin ilkin şəkillərindəndir. Burada qafiyə sistemi də, şeirin forması da, rədiflər də sərbəstdir, misralarda sabit heca sayları yoxdur. Biz VIII-IX əsrlərdə nisbətən sabitləşmiş türk şeirlərini görürük. Tam şəkildə sabitləşən şeir şəkillərinə “Dədə Qorqud” eposunda rast gəlmirik. Həmin şeirlərin yarandığı tarixin dərinliyindən bizi min illər ayırır. Bu səbəbdən də günümüzün sabitləşmiş şeir şəkilləri ilə həmin poeziya nümunələrini forma-şəkil baxımından müqayisə edə bilmərik. Çünki bugünkü aşıq şeirlərimiz biçimlənmiş, konkret bir ölçüyə düşmüş, qafiyələrin, rədiflərin, heca sayının şeirin formasında hakim olduğu janr sisteminə malikdir. Göründüyü kimi, “Dədə Qorqud” dastanlarında işlənən şeir şəkilləri ilə müasir şeir formaları arasında böyük bir zaman məsafəsi və fərq var. Əlbəttə bu, poeziyanın təbii təkamül prosesindən xəbər verir. Ümumiyyətlə, şeir şəkillərinin formalaşması əsrlərlə vaxt tələb edən etnokulturoloji və etnopoetik bir prosesdir. Məhz həmin sürəkli zaman çərçivəsində şeir formaları sabitləşir. “Dədə Qorqud”da ən uzağı dördlük formasında bir neçə nümunəyə rast gələ bilərik. VIII-IX əsrlərdən etibarən biz türkdilli poeziyada dördlük formasında, yəni hər bəndi dörd misradan ibarət olan poetik formaların daha işlək və aparıcı olduğunu görürük. Məsələn, mani, qoşuq, bayatı, tuyuğ və s. Ümumiyyətlə, sonrakı bütün tarixi dövrlərdə də türk, o cümlədən Azərbaycan şeirinin milli janrları dördlüklər üzərində bərqərar olub. Bugünkü aşıq şeirimizdə də bu əlamət özünü aydın şəkildə göstərir. Qoşma, gəraylı, təcnis və s. kimi işlək janrlar bunu aydın şəkildə sübut edir. Xalq şerimizin bayatı, oxşama, layla kimi formaları, bir çox nəğmələr də məhz dördlük formasındadır.

 

- Çox zaman ədəbiyyatşünaslar şeir şəkillərindən, bütövlükdə ümumtürk şeirindən danışarkən “Kitabi-Dədə Qorqud” dastanından üzü qədimə doğru çox da dərin bilgilər vermirlər. “Kitabi-Dədə Qorqud” eposundan üzü qədimə doğru getdikcə bu günün elmi axtarışları türk şeirindən, onun şəkillərindən hansı yenilikləri müəyyənləşdirə bilib?

 

- Bəşəriyyətin bizə məlum tarixində ədəbiyyatın bir sənət növü kimi tarixi təxminən 5 min il bundan qabaqkı dövrlərə təsadüf edir. Qədim Misir, Şumer, Çin, Hind, Yəhudi və Yunan ədəbiyyatlarında poeziya nümunələrinə rast gəlirik. Məsələn, bizim eradan əvvəl Şumerlərə aid edilən “Bilqamıs” dastanı mənzum yazılan bir poemadır. Şumerlərin türk mənşəli olması mübahisəli olduğundan biz onlardakı poetik formalar üzərində geniş dayanmaq fikrində deyilik.

 

Türk şeirinə gəlincə, təəssüf ki, bizə gəlib çatan ən qədim türk şeirinin ilk örnəyi bizim eradan əvvəl V əsrə aiddir. Həmin nümunə cəmi dörd misradan ibarətdir və bu nümunə də qədim Çin dilində bizə gəlib çatıb. Şeir parçası Çin dilində həm də kiçik həcmdə bizə çatdığı üçün şeirin hansı formada olması haqqında yetərincə təsəvvür ala bilmirik. Türk şeirlərinin ilk nümunələri artıq VI-VII əsrlərdən başlayaraq bizə məlumdur. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qədim türk dastanları da olub, amma onların bizə sadəcə olaraq məzmunları gəlib çatıb. Bu dastanların mətnləri isə tam şəkildə bizə məlum deyildir. Konkret olaraq demək istəyirəm ki, qədim türk şeirləri (həmçinin türk şeir şəkilləri) VI-VII əsrlərdən başlayaraq üzü qədimə doğru bizə məlum deyildir. Yəni bu əsrlərdən əvvəllərdə mövcud olmuş türk şeirlərinin şəkilləri haqqında tam, dürüst məlumat müəyyənləşdirə və verə bilmirik. Ancaq VI - VII əsrlərdə yaranan  türk şeirinin bəzi örnəkləri bizə məlumdur. Ümumtürk poeziyasının VIII-IX əsrlərə aid örnəklərindən də bir neçə nümunə tarixin qaranlığından sıyrılıb günümüzə qədər gəlib çatıb. Burada artıq  türk şeirinin biçimlərinin, formalarının  xeyli dərəcədə müəyyənləşdiyini, qismən də olsa, sabitləşdiyini görürük. Ancaq konkret janr-şəkil müəyyənliyi olmayan poetik nümunələr də vardır. Bu, o deməkdir ki, sərbəst şeirlə konkret janr-qəlibi müəyyənləşmiş şeir yanaşı işlənir. Yəni türk şeiri konkret forma-biçim şəklinə düşmə mərhələsini yaşayır.   

“Kitabi - Dədə Qorqud”da və həmin dövrə aid bəzi mətnlərdə şeir şəkilləri, misralardakı heca sayları sərbəstdir. Ancaq VIII-IX əsrlərə aid bəzi poetik örnəklərdə şeirdə bəndləşmə, konkret forma-qəlibə düşmə, misralardakı heca saylarında sabitləşmə özünü göstərir. Qədim türk şeirinin bizə çatan və məlum olan, janrlaşan, ilkin şəkilləri dördlük formasındadır. Bir nümunə kimi həmin dövrə aid döyüş türkülərindən bəzi örnəklərə nəzər salaq:

 

Qurvu çuvaç quruldu,

Tüqüm tikip uruldu,

Süsi otun uruldu,

Kançuk qaçar, ol tutar.

 

Ərən arlq örpəşür,

Öçin, kekin irtəşir,

Sakal tutup  tartışur,

Köksü ara ot tütər.

 

Qanı aqıp yuşuldu,

Qabı qamuğ teşildi,

Ölüq bilə qoşuldu,

Toğmuş künü uş batar.

  

Adı bizə bəlli olan, VIII-IX yüzilliklərdə yaşamış ilk türk şairi Aprınçur Tiginin də əlimizdə olan 2-3 şeirində janrlaşma müşahidə edilir.

 

- XII əsrdə artıq böyük yazılı abidələrimiz var. Bunlar bir növ mötəbər mənbələr kimi tədqiqatçılarımıza geniş yol açır. Mötəbər mənbələrdən biri də Nizami yaradıcılığıdır. Günümüzün aşıq şeir şəkillərinə Nizami yaradıcılığında rast gəlirikmi və ya bu şeir formaları ilə yaxınlıq hiss olunurmu?

 

- Biri var həqiqət, biri var güman və ya fərziyyə - biz konkret danışmalıyıq. Nizaminin bizim folklor şeir şəkilləri ilə heç bir əlaqəsi yoxdur. Nizami fars dilində yazıb, onun əsərlərindəki şeir biçimləri bizə bəllidir, o, poemalarını məsnəvi formasında yazıb və bu baxımdan da məsnəvinin aşıq şeir şəkilləri ilə heç bir əlaqəsi yoxdur. Çünki məsnəvi fars şeirinin şəklidir. Folklor janrları ilə  məsnəvinin forma-şəkil baxımından heç bir bağlılığı mövcud deyildir. Nizaminin qəzəlləri bizə çatıb, qəsidələr yazdığı bəllidir. Bunlar ərəb şeir janrlarıdır. Bunların da, ümumiyyətlə, Azərbaycan folklor janrları və ümumtürk şeiri şəkilləri ilə heç bir əlaqəsi yoxdur.

 

- Yaqub müəllim, sizin bu təhlilləriniz maraq doğurur. Tarixə nəzər yetirsək, görərik ki, XII əsrlə  müqayisədə “Kitabı-Dədə Qorqud” eposu da bu tarixə qismən yaxındır. Məhz bu səbəbdən biz Nizaminin əsərlərində “Kitabı-Dədə Qorqud” dastanında baş verən hadisələrə rast gələ bilirikmi? Yəni Nizaminin əsərlərində “Dədə Qorqud” ruhu hiss olunurmu?

 

- Nizaminin əsərlərində bir sıra ideyalar, qadın azadlığı, qadına münasibət və s. cəhətlər motiv baxımından eposdakı müəyyən məsələlərlə səsləşir. Amma Nizaminin əsərlərində birbaşa “Dədə Qorqud”un təsirini görmürük. Bu təsir bizə bəlli deyil. Səsləşmə bir şey, birbaşa təsir isə bir başqa şeydir. Yəni Nizami “Dədə Qorqud”u oxuyubdurmu, onunla tanış olubdurmu?  Bu, bizə bəlli deyildir. Nizami yaradıcılığında “Kitabı-Dədə Qorqud”un  birbaşa təsirini təsdiqləyici bir məqam, fakt yoxdur.

        

-  Nizaminin əsərlərində 30-dan çox musiqi alətinin adının işlədildiyini alimlər müəyyən ediblər. Bəs burada biz “Qopuz” və yaxud “Saz” sözlərinə rast gəlirikmi?

 

- Şəxsən XIII əsrdə “saz” sözünün işlənməsi mənə bəllidir. “Dastani-Əhməd Harami”də saz sözü işlənib. Nizaminin əsərlərində də “saz” sözü ilə rastlaşırıq, amma  bugünkü musiqi aləti kimi işləndiyi, bu günün saz aləti olduğu və yaxud başqa bir alət olması bizə məlum deyil. Tək Nizamidə yox, Nəsimi və digər klassiklərin əsərlərində də saz sözü işlənib. Ümumiyyətlə, Nizaminin əsərində işlənən “saz” sözü ilə bağlı dəqiq bir fikir söyləmək mümkün deyildir. Yəni o zaman işlənən “saz” sözü bugünkü sazdırmı? Axı daha əvvəlki əsrlərdə saz, yəni ozanın çaldığı musiqi aləti qopuz adlanırdı.

 

- XIII əsr yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri də Nəsimidir. Nəsimi yaradıcılığında biz aşıq şeiri şəkillərinə rast gələ bilirikmi? Amma Aşıq Ələsgərin bəzi şeirlərinin ona nəzirə yazıldığının şahidi də oluruq. Bütövlükdə, Nəsimi yaradıcılığında xalq yaradıcılığı necə əks olunub?

 

- Biz XIII-XIV əsrlər anadilli şeirimizi, onun poetikasını müəyyən qədər tədqiq etməyə çalışmışıq. Yəni  bu problemlə az-çox məşğul olmuşuq.  XIII-XIV əsrlər ana dilli şeirimizin inkişafı üçün mühüm əhəmiyyət daşıyan bir mərhələdir. Qazi Bürhanəddin və Nəsiminin qəzəllərində heca vəzninin çox ciddi təsiri, əlamətləri görünür. Bunlarla bağlı kitabımda misal da vermişəm. Bəzi qəzəllər 16 hecalıdır və misralarda daxili qafiyələr də olduğundan misraları böldükdə gəraylı alınır. Burada artıq türk bədii-poetik təfəkkürü və şeir poetikasının təsiri aydın görünür. Yəni artıq XIV əsrdə klassik şairlərimizin yaradıcılığında heca vəzninin təsiri müəyyən qədər özünü büruzə verir.

Ələsgərin Nəsimidən təsirlənməsinə gəlincə, bu, həqiqətən də, mümkündür. Belə ki, Nəsiminin şeirlərini kim, yaxud kimlərsə Aşıq Ələsgərin yanında oxuya bilər və aşıq da bundan təsirlənə bilərdi. Lakin bir başqa cəhət də mümkündür. Müəyyən ideyalar vardır ki, kimdənsə eşitmədən də insan beynində yarana bilər. Bu, Nəsimidə də, Füzulidə də və yaxud başqa bir aşıqda, şairdə də özünü göstərə bilərdi. Yəni birbaşa təsirlənmə bir şey, təsadüfi oxşarlıq bir başqa şeydir.

        

- Biz burada bir qədər İzzəddin Həsənoğlunun yaradıcılığı üzərində də dayanmaq istəyirik. Ana - dilli şeirimizin görkəmli nümayəndələrindən biri kimi İ.Həsənoğlunun yaradıcılığında aşıq şeir şəkillərinə rast gələ bilirikmi?

 

- Həsənoğlunun yaradıcılığı haqqında sadəcə nəzəri fikir söyləyə bilərik. Şairin bizə 4 şeiri gəlib çatıb. Bunlardan biri fars dilində, 3-ü ana dilindədir. Təəssüf ki, onun bu 3 şeirində folklorun izlərini axtarmaq çox çətindir. XVI əsrdə Lətifi öz təzkirəsində Həsənoğlunun adını çəkir. Lətifi qeyd edir ki, Həsənoğlunun türkiləri vardır. Deməli, bu türkülər ona bəlli idi. Çox təəssüf ki, həmin türkilərdən nümunə vermir. Həsənoğlunun şeirlərində xalq yaradıcılığının təsirini və izlərini müəyyən etmək olmur. Əldə olan nümunələrin azlığı buna imkan vermir.

 

- Dastanlarımız içərisində “Əsli və Kərəm” dastanının yaranma tarixi də XVI-XVII əsrlərə təsadüf edir. Əgər “Əsli və Kərəm” dastanı bu dövrlərdə yaranıbsa, onda, yəqin ki, burada işlənən şeir şəkilləri və yaxud dastanın özü birdən-birə meydana gələ bilməzdi. Bu dastan və oradakı şeir şəkilləri barədə nə deyə bilərsiniz? Mümkünsə bu mövzuya toxunaq.

 

- Öncə deyim ki, mən bu dastanın peşəkar tədqiqatçısı deyiləm. Sadəcə bir həvəskar oxucu kimi cavab verə bilərəm. Dastanın tədqiqi ilə məşğul olmamışam. Amma bir məsələni deyim ki, “Əsli və Kərəm” dastanın mətni ilə yaxından tanış olduqdan sonra görürük ki, bu dövr, yəni XVI-XVII əsrlər dastanın formalaşıb başa çatma dövrüdür. Dastanda bir çox mətləblər var ki, tarixin daha qədim dövrlərindən öz rişəsini götürür və dastan XVII-XVIII əsrlərdə formalaşıb başa çatır. “Koroğlu” dastanı da belədir. Orada olan bəzi mifik hadisələr tarixin dərin qatlarından süzülüb gəlib, XVI-XVII əsrlərdə başa çatıb. “Əsli və Kərəm”, “Koroğlu” dastanları uzun əsrlər yol keçdiyi üçün tam mükəmməlləşib, folklorlaşıb başa çatır. Hər hansı bir dastanın kamilləşib başa çatması üçün əsrlərlə vaxt lazımdır. Məsələn, “Qaçaq Nəbi” dastanı kamilləşməyib, bişməyib. Çünki zaman buna imkan vermədi. Burada şeir şəkilləri də, folklorlaşma motivləri də natamamdır. Yəni folklorlaşma bunu bişirə bilmədi. Çünki bu prosesin özü başa çatmadı.

 

- Maraqlıdır ki, Dədə Qorquddan başlanan bu ozanlılıqla bağlı ədəbi nümunələr yazılı ədəbiyyata köçə bilməyib?

 

- Görünür ki, köçə bilməyib. Bunun səbəbini isə bir çox şeydə axtarmaq lazımdır. Burada da dəqiq cavab vermək mümkün olmur. Biz türklərdə ədəbi nümunələri yazıya almaq ənənəsi çox zəif olub. Bu isə hər kəsə bəlli olan bir həqiqətdir. Məşhur deyim var: Türklər tarixi yaradıblar, ancaq yazmayıblar.

 

- Mahmud Kaşğarlının “Divani-luğat-it-türk” əsərində aşıq şeiri şəkillərinin adları çəkilir. Burada “qoşma” sözü də işlənir və mənası “qoşmaq” sözü ilə izah olunur. Amma XVI əsrdə Xətainin dövründə qoşma şeir biçimi kimi özünün mükəmməl formalaşma mərhələsinə çatdı və təbii ki, bu da birdən-birə yarana bilməzdi. Bu məsələyə də münasibət bildirməyinizi xahiş edirəm.

 

- Mahmud Kaşğarlı “manilərin” adını çəkir, “qoşuqların” adını çəkir. Qoşuqlar isə qoşmadır. Bəzi dördlüklərdən də danışır. Görünür ki, XI əsrdə türk şeirlərində qoşma vardı. Özü də Mahmud Kaşğarlı qoşmaların 4 misralı olduğunu deyərək misallar da verir. XI əsrdə olan qoşmalarda, heca saylarında yayğınlıq olsa da, üzü bizə doğru gəldikcə bu sabitləşib. XIII əsrdə Yunis Əmrənin yaradıcılığında isə qoşmalarda olan heca sayları tam sabitləşir. Yunis Əmrə gəraylı janrında da mükəmməl bədii örnəklər yaradıb. Bu, o deməkdir ki, həmin əsrdə qoşma, gəraylı və s. kimi xalq şeiri şəkilləri artıq bir bədii forma kimi tam qəlibləşmişdi. Yəni janrın bədii forma kimi təkamül prosesi başa çatmışdı.

 

- Yunis Əmrədən söz düşmüşkən onun yaşadığı bir dövrdə Azərbaycanda Molla Qasımla dost olduğunu vurğulayanlar var. Molla Qasımın isə aşıq şeiri şəkilində şeirlər yazdıqlarını deyənlər də az deyil. Hətta Yunis Əmrənin Azərbaycana gəlib Molla Qasımla görüşdüyünü vurğulayırlar. Bu məsələyə münasibət bildirərdiniz...

 

- Mən bunun tam bir rəvayət olduğuna inanıram. Heç bir tarixi faktla sübut olunmayıb ki, bu hansı Molla Qasımdır. Salman Mümtaz da bu əhvalatı verib. Bunu dəqiqləşdirmək mümkün deyil. Çünki Yunis Əmrənin özünün ətrafında kifayət qədər rəvayətlər var. Amma Yunis Əmrənin əsərlərində qoşmanın tam sabitləşdiyini görürük.

 

- Maraqlıdır ki, Səfəvilərin dövründə Şah İsmayıl Xətainin özü də aşıq sənətinə, aşıq poeziyasına xüsusi diqqət ayırdı. Bu dövrdə Miskin Abdal, Aşıq Qurbani və digər tanınmış aşıqlar yetişdi və xalq yaradıcılığı ön plana çəkildi. Və söhbətimizi bu istiqamətdə davam etdirərdik...

 

- Milliləşmə, daha dəqiqi, milli özünüdərk məsələsi nisbətən əvvəllər də var idi və qabarıq deyildi. Məsələn, Göytürk imperatoru Bilgə xaqan qatı millətpərvər idi. Mahmud Qəznəvinin vaxtında Firdovsiyə vəd olunan mükafatın verilməməsində də türk təəssübkeşliyinin izlərini tapa bilərik. Belə ki, Firdovsinin şovinizmi, öz əsərində türklərə mənfi münasibəti milliyyətcə türk olan Qəznəvi hökmdarını narazı salmışdı. XIV əsrdə Əmir Teymurun Firdovsinin qəbri üzərində dediyi sözlər isə bu gün də bizlərə məlumdur. Teymur Firdovsinin qəbri üzərində deyirdi: - Qalx və aşağıladığın türkü indi gör. Bu artıq türk milli şurunun oyanmasından xəbər verir.

Xətainin vaxtında saz və sözün (xüsusilə aşıq şeiri biçimlərinin) qüdrətinin artması həm təriqətlə, həm də dünyəvi meyllə bağlıdır. Xətai həm əruz vəznində, həm də heca vəznində şeirlər yazırdı. Bu səbəbsiz deyildi. Həmin şeirlərin çoxunda o, öz ideyalarını bəyan etmək və yaymaq məramı güdürdü. Əgər əruz vəznli şeir  elitar, yəni təhsilli oxucu üçün idisə, belə poeziya nümunələrini sadə oxucu, kütlə o qədər də anlamırdı. Çünki belə şerlərin dili ağır olur, ərəbizm-farsizmlərlə müşayiət olunurdu. Kütləyə daha sadə dildə şeirlər lazım idi. Xətai çox yaxşı anlayırdı ki, əgər öz mətləb və ideyalarını xalqa, geniş kütləyə təlqin etmək istəyirsə, onlarla sadə dildə, yəni onların öz dilində danışmalıdır. Bu dilin poetik formaları isə qoşma, gəraylı, varsağı, bayatı və s. kimi folklor janrları ola bilər. Hökmdar şair elə bu janrlardan da istifadə etdi. Bu tipli poetik örnəkləri aşıqlar məclislərdə oxuyur, dərvişlər, səfəvi müridləri xalq arasında söyləyir və bu yolla səfəvi-qızılbaş ideyalarını, Xətainin müdafiə etdiyi, cəmiyyətə aşılamaq istədiyi mətləbləri kütlə içərisində yayırdılar. Deməli, hökmdar şairimizin heca vəznli şeirləri onun xalqla əlaqəsinin mühüm bir xəttidir. Bu xətt çox keçmədən yazılı ədəbiyyatımızda davamlı bir ənənəyə çevrildi. Xətaidən sonra XVI-XVII əsrlərdə M.Əmani, Q.Təbrizi və s. sənətkarlarımız həmin ənənəni davam etdirdilər. Nəhayət, XVIII əsrdə bu ənənə yazılı ədəbiyyatda M.P.Vaqif, M.V.Vidadi kimi böyük şairlərin yetişməsinə gətirib çıxardı. Adını çəkdiyimiz hər iki sənətkarımız məhz xalq şeiri janrlarında yazdıqları poeziya nümunələri ilə sənətin yüksək zirvəsinə qalxa bilmişlər.

Xətainin heca vəznli şeirləri, təbii ki, aşıq poeziyasına da ciddi şəkildə təsir göstərdi. Aşıqları yaradıcılığa ruhlandırdı. Bu sahədəki məhsuldarlığı kifayət qədər artırdı. Aşıq şerinin fəallaşması, bədii ədəbiyyatın mühüm, məhsuldar bir qolu kimi özünütəsdiqi üçün şərait yaratdı. Aşıq şeirinin vüsətli yüksəlişi yeni-yeni dastanların yaranması üçün də bir enerji qaynağı oldu.

 

- Xətainin dövründə aşıq poeziyasına verilən öncül yerə baxmayaraq biz Füzulinin əsərlərində bunu hiss eləmirik. Sizcə bunun əsaslı səbəbləri varmı?

 

- Füzuli sırf klassik ədəbiyyata bağlıdır. Bunun səbəbi onun yaşadığı ədəbi mühitdir. O, Kərbəlada, Nəcəfdə, Bağdad və onun çevrəsində yaşayırdı. Doğrudur, bu ərazi o zaman türk hökmdarlarına tabe idi. Bağdadı və çevrəsini əvvəl Səfəvilər, sonra isə Osmanlılar idarə edirdilər. Ancaq əhalinin çoxu ərəblərdən ibarət idi. Əhalinin çoxluğunu türklərin təşkil etdiyi Kərkükdən başqa İraqın digər yerlərində  türkdilli folklor mühiti yox idi. Doğrudur, o zaman Bağdad və ətrafında türk dilində yazıb-yaradan çoxlu şairlər var idi. Burada mövcud olan münbit ədəbi mühitin mühüm bir qolunu türkdilli poeziya sferası təşkil edirdi. Füzuli kimi böyük ədəbi simanı da yetişdirən bu mühit idi. Ancaq bu, yazılı ədəbiyyat mühiti idi. Türkdilli folklor mühiti deyildi. M. Füzuli yaradıcılığında xalq ədəbiyyatı izlərinin azlığını burada axtarmaq lazımdır.

 

- Gələk Vidadinin və Vaqifin yaşadığı dövrə. Artıq Vaqif və Vidadi aşıq poeziyasını sanki Xətaidən gələn ənənənin davamı olaraq daha yüksək zirvəyə qaldırdılar. Anadilli aşıq poeziyasını kifayət qədər zənginləşdirdilər. Onun özündən sonra gələn Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn Bozalqanlı kimi ünlü-sədalı aşıqların yaradıcılığına olan ciddi təsiri bu gündə hiss olunur.

 

- Heca vəznində olan şeir şəkillərinin Azərbaycan ədəbiyyatındakı bizə məlum olan tarixi Xətaidən başladı və XVI-XVII əsrlərdə Məhəmməd Əmanin və digər sənətkarların yaradıcılığında davam elədi. Məhəmməd Əmaninin heca vəznində gözəl qoşmaları, gəraylıları, altı misralıq bayatıları var. Qövsi Təbrizinin də heca vəznində bir neçə  şeiri vardır.

XVIII əsrdə isə ictimai-siyasi vəziyyət tamamilə fərqlidir. Bu fərq ədəbiyyatda da özünü göstərdi. Ədəbiyyatda ciddi novatorluq baş verdi. Novatorluğun başında isə Vaqif və Vidadi dururdu. Əvvəlki əsrlərdə heca vəzni yazılı ədəbiyyatda öz əksini tapırdısa, artıq XVIII əsrdə isə bir məktəb kimi formalaşdı. Qəzəl janrı işləklikdən qaldı və qoşma birinci sıraya keçdi. XVIII əsrdə qəzəl janrı 3-cü sırada gəlirdi və qoşma qəzəli sıxışdırmışdı. İkinci yerdə müxəmməs janrı gəlirdi. XVIII əsrdə realist mövzulu bir sıra tarixi mənzumələr  yarandı. Bunların əksəriyyəti müxəmməs janrındadır.

 

1797-ci ildə Vaqif “Görmədim” müxəmməsini yazdı. Ancaq bundan xeyli əvvəllər  Ağaməsih Şirvanin “Qalmışdır” adlı müxəmməsi qələmə alınmışdı. Bu şeirin də mövzusu eynilə Vaqifin “Görmədim” müxəmməsini xatırladır.

Vaqiflə təkcə janr sadələşmədi. Dil, üslub, məzmun, təsvir, məcazlar da sadələşdi və Nəsimidə, Füzulidə, Həbibidə olan mücərrəd gözəlləri yerdə yaşayan, bizim gördüyümüz gözəllər əvəz etdi. Məsələn, Füzuli gözəlin zahiri görkəmini belə təsvir edirdi:

 

Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə,

Misali-nöqteyi-nun xalın ol mişkin hilal üzrə.

Olub heyran, götürmən xəttü xalından nəzər kim guya,

Gözüm mərdümləridir nöqtələr ol xəttü xal üzrə.

 

Göründüyü kimi, bu mücərrəd bir gözəldir. Ülvidir, ilahidir, amma səmavi görkəmə, siqlətə malikdir. Həyatda gördüyümüz gözəl deyil. M.P.Vaqif də isə mənzərə tamamilə dəyişir. Onun təsvir və tərənnüm etdiyi gözəl boyu, buxunu, libası, bəzəyi, görkəmi, yerişi, duruşu ilə bütünlüklə həyat adamıdır. Gündə rastlaşdığımız insandır. Məsələn:

 

Boyun sürahidir, bədənin büllur,

Gərdənin çəkilmiş minadan, Pəri.

Sən ha bir sonasan cüda düşübsən

Bir bölük yaşılbaş sonadan, Pəri…

Tökülübdür üz yanında tel nazik,

Sinə meydan, zülf pərişan, bel nazik.

Ağız nazik, dodaq nazik, dil nazik,

Ağ əllərin əlvan hənadan, Pəri.

 

Bütövlükdə, Vaqif klassik ənənələrdən gələn şeir şəkillərini sındırıb xalq yaradıcılığını ön plana çəkə bildi. Bu ənənə təkcə yazılı ədəbiyyata sirayət etmədi. Aşıq yaradıcılığına da təsir göstərdi. Biz Aşıq Alının, Aşıq Ələsgərin, Molla Cümənin, Aşıq Hüseyn Şəmkirlinin, Aşıq Hüseyn Bozalqanlının və digər ustad aşıqlarımızın yaradıcılığında bunun aydın təzahürünü görürük.

 

- Maraqlıdır ki, niyə xalq yaradıcılığının ana südünü təşkil edən aşıq poeziyasında qəzəllərə rast gəlmirik?

 

- Sazın musiqi sistemi qəzəl janrına aid deyil. Saz əruz vəznli şeiri qəbul eləmir. Yəni saz heca vəznli şeirin üzərində yaranıb. Aşıqların bir çoxu məktəb təhsili görməyib. Onlar təhsillərini ustadlarından, ayrı-ayrı arif insanlardan alırdılar deyə xalq ruhuna daha çox bağlı olurdular. Bu səbəblə də aşıqlar əruz vəznli şeir şəkillərini elə də dərindən bilmirdilər. Amma buna baxmayaraq aşıqların forma-şəkil baxımından yazılı ədəbiyyatın klassik janrlarından əxz elədikləri məziyyətlər də var. Məsələn, aşıqlar da müxəmməs yazdılar, amma əruz vəznində yox, heca vəznində yazdılar. Aşıqlar divanilər də yazdılar ki, bunu da yazılı ədəbiyyatdakı klassik şeir şəkli olan mürəbbedən götürdülər. Mürəbbe də əruz vəznindədir, amma aşıqlar onun misralarını iki yarımmisraya böldülər ki, sazın pərdə sisteminə uyuşsun. Onu heca vəznində yazdılar və adını da dəyişib divani qoydular. Əslində bu tipli faktlar yazılı ədəbiyyatın aşıq  şeirinə təsirinin göstəricisidir.

 

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir