Modern.az

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”  

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”   

Parlament

16 Yanvar 2019, 15:04

Son zamanlar gündəmi zəbt etmiş ailə münaqişələri, boşanmalar, ər və ya arvadın xəyanəti, qohumlararası münasibətlərin pozulması, yaxın insanların bir-birini qətlə yetirməsi, ailədaxilində anlaşılmazlıqların hökm sürməsi halları geniş vüsət alıb. Demək olar ki, hər gün belə xəbərlər eşitməyə bir növ adət etmişik. Əvvəllər belə xəbərləri eşitmək insanları loru dildə desək, şoka salırdısa, indi isə adiləşib.

 

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva Modern.az-a açıqlama verib.

Deputat ailə münasibətlərində etik davranış qaydalarının tərəfdarı olduğunu bildirib:

“Düşünürəm ki, orta məktəblərdə ya fakültativ məşğələ, ya da hansısa fənnin daxilində uşaqlara ailə etikası haqqında dərslər keçirilməlidir. Bir-biriləri ilə mehriban davranış, sivil boşanma məsələləri insanlara öyrədilməlidir, bu sahədə geniş maarifləndirmə işi aparılmalıdır. Cavanlarımız ailə quran zaman vəzifələrini və hüquqlarını bilməlidir.  Mətbuatda bəzən hətta belə məlumatlar gedir ki, kişi qadından ayrılır, daha sonra bunu özünə sığışdırmır və hardasa həmin qadını tapıb qətlə yetirir. Belə hallar yolverilməzdir və vaxtında qarşısı alınmalıdır”.

 

Gövhər Baxşəliyeva ailə-məişət zəminində cinayətlərin, zorakılığın baş verməsindən narahat olduğunu vurğulayıb:

“Mən ailə-məişət zəminində zorakılıq faktları ilə bağlı dəfələrlə çıxış etmişəm.  XXI əsrdə belə hadisələr baş verməməlidir. Ailə daxilində bıçağa əl atmaq, zorakılıq faktları yolverilməzdir. Mən istərdim ki, Azərbaycan ailələrində belə hadisələr olmasın. Əgər tərəflərdən birinin, hətta günahı varsa, sivil yolla ayrılmaq lazımdır. Cinayətə və başqa yollara əl atmaq lazım deyil. Video çəkmək, qadının başını qırxmaq, xəsarət yetirmək olmaz. Belə hallar Azərbaycan ailələrinə yaraşmaz. Bizim  çox gözəl ailə dəyərlərimiz, münasibətlərimiz mövcuddur. Hesab edirəm ki, həmin ailə dəyərlərini qorumaq və geniş təbliğ etmək lazımdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi