Modern.az

Musa Quliyev: “Uşaqlığım yadımdan çıxıb...”

Musa Quliyev: “Uşaqlığım yadımdan çıxıb...”

Müsahibə

26 Noyabr 2011, 15:24

Tək-tək insan olar ki, onun yaşı barədə düşünməyəsən. Musa Urud məhz belə insanlardandır. İndiyə qədər Musa müəllimlə çox həmsöhbət olmuşuq. Amma onun neçə yaşı olması barədə heç düşünməmişik. Bildiyimiz odur ki, Musa müəllimin ağsaqqallarla danışanda ağsaqqal, gənclərlə danışan zaman isə gənc olduğunu zənn etmişik. Amma bizim necə zənn etməyimizdən asılı olmayaraq zaman öz sözünu deyir.
Dünən Musa müəllimin 50 yaşı tamam oldu. Ad gününün qeyd edilməsinin tərəfdarı olmayan Musa Quliyevi birtəhər bir ovqat müsahibəsi verməyə razılaşdıra bildik.

Musa müəllim, 50 yaşınızı necə qeyd edirsiniz?

- Dostları Molla Nəsrəddinə deyirlər daha qocalmışıq. Cavabında o deyir ki, nə qocalıb, nə də gücdən  düşüb. Deyirlər nədən bildin, cavab verir ki, həyətində bir daş var, onu 20 yaşında da qaldıra bilməyib, 30 yaşında da. Heç 50 yaşında da qaldıra bilmir. Amma doğrudan da həyatda elə daşlar var ki, onları heç bir yaşda qaldıra bilmirsən. İnsanın xöşbəxtliyi, gücü ondadır ki, o reallıqla yaşayır və gücü çatacağı daşları hədəfləyir. Onda heç vaxt əziyyət çəkmir. Amma hara gedirsən get, hara qaçırsan qaç, insan bütün ömür boyu yolundan daş təmizləmək məcburiyyətində olur. Görünür insan fəlsəfəsi belədir ki, ömür boyu nə qədər daş təmizləyirsə, axırda onun ən yaxın adamları, ən yaxın qohumları yığılıb o daşı onun üzərinə qoyurlar.
Mən 20 yaşımda eşitdiyim bir məsəli unuda bilmirəm, bu günə qədər də hər gün onu təkrar edirəm: insan dünyadan iki şey aparır. Onun birinin adı yaxşılıqdır, birinin adı pislik. Və insan dünyasını dəyişəndən sonra bu iki sözdən birini onun barəsində söyləyirlər. Ya deyirlər yaxşı adam idi, ya da deyirlər pis adam. Mən 20 yaşımdan sonra ad günü keçirməmişəm. 20 yaşımda ad günümdə söylənilən sözü indiyə qədər hər gün yada salıram. Düşünürəm ki, insanın bütün yaşlarında həyatı yalnız bir məqsədə xidmət etməlidir. Ondan sonra desinlər ki, bu, yaxşı adam idi.

İndiyə kimi ad günü keçirməmisiniz. 50 yaşınızda ilk təbriki kimdən gözləyirdiniz və kimdən aldınız?

- Mən ilk növbədə Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm ki, məni diqqətdə saxladı. Onu da deyim ki, ad günü ilə bağlı çox qəribə teleyim var. Əslində mən 1961-ci ilin oktyabrın 14-də doğulmuşam. Atam o zaman kolxoz sədri imiş. Həmin dövrlər kolxozların mal-qarasının qışlağa, yaylağa köçmək məsələsi var imiş. Bu məsələ ilə bağlı atam Ağcabədidə imiş. Atam kəndə qayıdanda noyabrın sonları imiş. Gəlib görüb ki, mən doğulmuşam, adımı da qoyublar. Adımı nənəm qoyub. Nənəm ruhani bir insan imiş. Dini ibadətlərlə məşğul idi və bu, mənim yadımdadır. Nənəm kəndin mollasının yanına gedir və Quran açdırır. Buna uyğun olaraq adımı Musa qoyublar. Atam mənə doğum şəhadətnaməsi almaq üçün kənd sovetinə gedir, mənim doğum tariximi soruşurlar, atam dəqiq deyə bilmir. Deyir, nə fərqi var, beləcə, 25 noyabrı mənim diğum günüm kimi yazırlar. Amma mən indiyədək nə oktyabrın 14-nü, nə də noyabrın 25-ni məxsusi qeyd etmişəm. Düzdür, qohum-qardaş yığışır, bəlkə də bu, onların bir yerə yığışması üçün bir səbəbdir. Açığı mən bilmirəm, bu ad gününü nəyə görə qeyd etmək lazımdır. Hər bir adam dünyaya gəldiyinə görə sevinməlidirmi..? Bilmirəm, dünyaya gəlmək daha yaxşıdır, yoxsa getmək... Bildiyim odur ki, nəsə eləməlisən ki, onu qeyd edəsən. Dünyaya gəlmək bizim qəhrəmanlığımız deyil. Ona görə düşünürəm ki, uşağın ad gününü keçirəndə valideynlər daha çox öz qəhrəmanlıqlarını qeyd etməlidirlər.    

50 yaş.., bu, ömrün hansı çağıdır..?

- Mən ilk dəfə 10 və ya 11 yaşımda Gəncəyə gəlmişdim. Onda məni apardılar sirkə. Sirkdə o vaxt motodrom deyilən səhnə düzəltmişdilər, çox sürətli motosikletləri səhnənin divarlarında sürürdülər, aktyorluq nümunələri göstərirdilər. Mən ona baxanda düşünürdüm ki, onlar oradan heç vaxt düşməyəcəklər. Orada o qədər sürətlə hərəkət edirdilər ki, divarın başından aşıb gedirdilər. Ya motosikletlə sürətlə divarın yuxarısınıdan aşıb getməli idilər, ya da sürəti alıb divarın dibinə düşməli idilər. Həyat da belədir. Onun aşağısı, yuxarısı, ortası yoxdur. Onun iki yolu var. Ya sürəti artırıb divardan aşıb gedəcəkaən, ya da sürəti azaldıb orada qalacaqsan. 50 yaşda da hesab edirəm ki, yenə elədir. İnsan ömrünün ortası da, axırı da, əvvəli də ola bilər. Baxır sənin niyyətlərin, arzuların nədir. Amma sınaqdan çıxmış bir deyim də var: 50 yaş ömrün yarısıdır.  
Məncə də 50 yaş insanın fəaliyyətinin yarısı deməkdir. İnsan 30 yaşından sonra daha çox cəmiyyət üçün, dövlət üçün, Vətəni üçün çalışır. Düzdür, elə insanlar var ki, 15-20 yaşlarından nəticəli işlər görməyə başlayır. Amma hər halda qarşıya qoyduğun missiyanı yerinə yetirmək üçün 50 yarı yaşdır. Bu mənada 50 yaş bizim gördüyümüz işlərin, keçdiyimiz yolun tam ortasıdır.  Bundan sonra isə o işləri davam etdirirsən.

Sabir Rüstəmxanlı müsahibələrinin birində qeyd edib ki, kənddən şəhərə gələn gənclər işləməli olduqları dövrün bir hissəsini məcburən öyrənməyə sərf edir. Bu mənada sizin düşüncələrinizi bilmək istərdik...

- Ötən əsrin 60-cı illərinin adamları Bakıda doğulanlara, xüsusilə də yazıçı və şairlərə çox qibtə edirdilər, onlara həsəd aparırdılar. Anar Rəsul Rzanın evində böyüyüb, gözünü açanda kitab görüb, ədəbiyyat görüb, böyük insanlar görüb. Belə misalları çox çəkmək olar. Ona görə də bir növ bu məsələdə Sabir Rüstəmxanlı ilə barışmaq olar. Çünki belələri hazır mühitdə olublar, müəyyən məsələləri kənd adamlarından tez qavrayıblar. Amma bu adamların hər birinin içində bir istedad, potensial da var idi, axı... O da var ki, digər yazıçı, şairlərimizin övladları belə məhşur olmadılar. Amma kənd yerindən gələnlər hər şeyi sıfırdan başlamalı oldular. Bu mənada biz baza rolunu oynayırıq. Bundan sonra bizim övladlarımız nəsə yarada biləcəklərsə, biz onlar üçün bir ötürücü olacağıq. Bizim üçün isə bu rolu oynayan olmadı. Gəldik Bakıya, yeri də özümüz qazdıq, bünövrəni də özümüz qoydiq, evi də özümüz tikdik. Amma bir məsəlıni də unutmayaq. Lomonosov bu gün də Rusiya elminin bayraqdarıdır. Onun adı Rusiyanın elmi, mədəniyyətini yaradanların ön sırasında çəkilir. Lomonosov şəhərə adadan gəlmişdi və 20 yaşdan oxumağa başladı. Ancaq elmə, təhsilə, müsiqiyə və s. başı o qədər qarışdı ki, vaxt tapıb bir dəfə doğulduğu adaya qayıda bilmədi. Məncə, burada bir tale, bəxt məsələsi də var. Təbii ki, mühit də çox şeyi həll edir.

Siz həm yaradıcı adamsınız, həm də Milli Məclisin deputatısınız. Bu məsələlərin biri-birinə köməyi və maneçiliyi varmı?

- Təbii ki, ictimai-siyası fəaliyyət yaradıcı fəaliyyətə mane olan məsələdir. Amma yaradıcılığın elə dövrü var ki, orada sənin özünü təsdiq etməyindən ötrü, hörmətlə qarşılanmağından ötrü, yaradıcılığını ictimailəşdirməkdən ötrü bir mövqeyin də olmalıdır. Bəzən deyirlər ki, filankəs böyük yazıçıdır, amma bir qəpiklik adam deyil. Birinci, böyük yazıçı olmaq yaxşı şərtdir. Amma onun həm də yaxşı adam olmaq imkanları var. Yaxşı adam olmağın əsas şərti isə gərəkli adam olmaqdır. Burada gərəklilik sənə müraciət edənə haqqını vermək mənasındadır. Tutaq ki, mən həkim olmazdım, deputat olmazıdm, bir yerdə işləməzdim, demək ki, gərəkliliyim olmazdı. İnsan nə qədər gərəklidirsə, o qədər də qiymətlidir.
Budcənin müzakirəsi zamanı deputat həmkarlarımdan biri dedi ki, kasıb adamı süfrənin başında oturtmazlar. Mənəvi zənginlik daha üstün məsələdir, ancaq biri heç olmasa ətrafındakı insanlara kömək etmək iqtidarında olanda, daha gərəkli olur. Bu mənada yaradıcılığa ictimai fəaliyyət, siyası fəaliyyət, məmurluq belə mane olursa da, dəstək verdiyi anlar da olur.
On il öncə Azərbaycanda siyasi mübarizə başqa şəklidə idi, söz adamlarının da nəsə deməyə ehtiyacı var idi. O zaman mən də siyasi yazılarla çıxış edirdim. Onda Söhrab Tahir mənə çox maraqlı bir şey dedi. Dedi ki, Bəxtiyar Vahabzadə bu sözü Nəbi Xəzriyə deyib, mən də sənə deyirəm, siyasət və publisistika adamın içində şairliyi öldürür, poeziyanı öldürür, qurudur adamı. Bildirdi ki, nə qədər çox siyasi yazsam, bir o qədər az və keyfiyyətsiz şeir yazacam. Özüm də bunu hiss edirdim. Çünki insanın içi dolu olmalıdır ki, yaxşı şeir də yazsın. Bilirsiniz necədir, şair siyasi, publisistik yazı yazanda şairliyini də onun içinə qoyur. Ona görə şairlərin məqalələri güclü olur. Yazıçılar məndən inciməsin, Rəfiq Zəkə Xəndan yazırdı ki,

Nasirə şair desən, nasir olan fəxr edər,
Şairə nasir desən, şair olan qəhr edər...

Nasirin bir vərəqdə dediyi fikri şair bəlkə də bir misrasında deyir. Bu mənada qətrə-qətrə topladığımız fikirləri səhifə-səhifə siyasi məqalələrə sərf edəndə təbii ki, şair kimi itiririk. Dövrümüzün reallıqları var. Tarix də onu göstərir ki, yaradıcı adamlar siyasətdən kənarda olmayıblar. O zaman siyasətdən kənarda olublar ki, daha çox peşəkar siyasətçilərə ehtiyac olub. Keçid dövründə xalqın şairləri, yazıçıları, jurnalistləri, sənət adamları siyasətdə daha yaxından iştirak ediblər və siyasəti quran adamlara dəstək veriblər. Elə bizdə meydan hərəkatı dövrünü, müstəqilliyin ilk illərini götürək.  O zaman söz adamları öndə idilər. Baxmayaraq ki, sonradan onlar qütbləşdilər. Dövlətçilik möhkəmləndikcə, siyası proseslər aydınlaşdıqca, qanunvericilik ön plana keçdikcə, hüquqi dövlət quruculuğu möhkəmləndikcə şair gedib şairliyini, yazıçı yazıçılığını edəcək, siyasətçi isə siyasətlə məşğul olacaq.

İnsan xislətində belə bir məqam var: Neçə yaşında olmasına baxmayaraq ən yaxşı gününün qabaqda olduğunu düşünür...

- Bəlkə də tanrı insanı ona görə kamil, mükəmməl yaratmadı ki, o, ömrü boyu kamilliyi axtarsın. Ona görə insan ömrünün son gününə qədər elə bilir ki, ən yaxşı günü qabaqdadır. Daha yaxşı geyinəcəyi paltarı hələ geyinməyib, görəcəyi ən yaxşı iş qabaqdadır. Bəlkə də bu insan fəlsəfəsində tanrı tərəfindən qoyulmuş bir proyektdir. Bəzən bir yaxşı şeir yazanda mənə elə gəlir ki, bundan sonra bundan yaxşı şeir yaza bilməyəcəm. Milli Məclisdə yaxşı bir çıxış edəndə düşünürəm ki, bir daha bundan yaxşı çıxış edə bilməyəcəm. Amma sonra düşünürsən ki, filan şeyi daha yaxşı yaza bilərdin, filan sözü daha yaxşı deyə bilərdin. O da var ki, insan əsas sözünü 50 yaşa qədər deyir. Bundan sonra isə görülən işlər təkmilləşdirmə prosesidir. Düşünürəm ki, 30-40 yaşımdakı çılğınlığı indi edə bilmərəm. İnsan yaşlaşdıqca muhafizəkarlaşır. Rusların yaxşı bir misalı var: gənclik deyir bilsəydim, qocalıq deyir bacarsaydım. Bu mənada mənə elə gəlir ki, insan deyəcəyini elə 50 yaşa qədər deyir. Ondan sonra isə deyəcəkləri yalnız işi sistemləşdirmək, təkmilləşdirməkdir. Ona görə də yaşlı insanlar daha çox öyüd-nəsihətlə məşğul olurlar. Bəlkə də onun veridi öyüd-nəsihəti özünə desən bunu yerinə yetirməyəcək.

Musa müəllim, indiyə qədər heç uşaqlığınızı axtarmısınızmı, yaxud da heç balaca Musa ilə rastlaşmısınızmı?

- Yox, nəsə mən heç balaca Musa ilə rastlaşmamışam. Deyim ki, heç marağında da olmamışam. Səmimi deyirəm, nədəndirsə, balaca Musa yadımda qalmayıb. Yaddaşım da silinməyib eee... Yaşıdlarım, məndən yaşlı olanlar uşaqlıq dövürlərini nostalji ilə xatırlayırlar. Məndə nostalji Urud kəndinin ab-havasında qalıb. O kəndin özünəməxsus aurası var idi. Tələbə olanda qış və yay tətili dövründə kəndə gedərdik. Hər dəfə kəndə gedəndə sanki kəndimiz bir qədər balaca görünürdü, balacalaşırdı. Bunun səbəbini tapa bilmirdim. Sonra yavaş-yavaş görürdüm ki, nəhəng-nəhəng kişilər blacalaşır. Hər dəfə kəndə gedəndə kəndimizi bir az da qocalmış görürdüm. Sonuncu dəfə kənmdimizə 1988-ci ilin avqustunda getdim. Ondakı Urud gözümün qabagından getmir. 2006-cı ilin iyununda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçirilən tədbirində iştirak etdim və iyunun 6-da Uruda getdim. Hər tərəf nifrət etdiyin adamlar, məcbur qalıb onlarla söhbət edirsən... Doğma kəndinə gedirsən, istədiyin ab-hava yox... Sonuncu dəfə gördüyüm Urud yadımda qalmayıb. Amma bundan 20 il qabaq gördüyüm kənd yadımdan çıxmır. Mən onda belə qənaətə gəldim ki, insanlar Vətəndən ayrı hansı hissləri keçirirlərsə, Vətən də onu vətən edən insanlarsız eyni hissləri keçirir. Oradan gələndən sonra belə bir şeir yazdım ki,

Orda qəbirlər qərib,
Burda qəriblər qəbir...

Bəzən görürsən qaçqın-köçkünlüyün, yurd itkisinin nə olduğunu bilməyən insanlar bunu dərk etmirlər. Bunun ağrısı elədir ki, onu başqa nə iləsə sağaltmaq mümkün deyil.

Atasız, anasız yaşamaq olur,
Qardaşsız, balasız yaşamaq olur,
Vətənsiz yaşamaq olmur ilahi.
Adam niyə yurddan didərgin düşür,
Adam niyə yurdda ölmür, ilahi!

Bəlkə də uşaqlıq illəri yadda qalardı, ancaq ondan sonra o qədər təlatümlü günlər yaşadıq ki... Yurdu itirdik, Yurdu...
Atamın ölümü məni Urud itkisi qədər yandırmadı. Bilirdim ki, mənim də atam nə zamansa öləcək, bunu dərk edirdim. Amma yurdun dağılacağını ağlıma belə gətirmirdim.
Bax bu yurd itkisi bizim nəslin yaddaşından uşaqlıq illərinin şirin xatirələrini yuyub aparıb.
Bağçanda kiçik bir çicəyin də yerini bilirsən. Ancaq birdən böyük bir sel gəlib bütün bağçanı viran edəndə, o çiçək sənin yadında qalmaz.

Ömrün 50-ci ili... Bu illər ərzində Musa Urudun dostları onun həyatında hansı roliu oynayıb?

- Dostluq ümumi maraqların olması nəticəsində yaranır. Bu olmayan yerdə dostluq da olmaz. Tutaq ki, sənin həyat tərzin, mədəniyyətinlə mənimki tamamilə fərqlidir. O zaman biz oturanda nədən danışacağıq. Təbii ki, hər yaşda da dost qazanmaq olar. Hər yaşda dost itirmək olar. Gəlib-gedən dostlar da olur, müəyyən dövrün dostları da... Həyat dostları da... Uşqlıq illərinin dostları da var. Sonrakı illərin də dostları var. Yadlaşıb sadəcə salam-əleykim saxladığımız dostlar da var. 50 yaşdan sonra da dost qazanarsan və təəccüblənərsən ki, bu insanla niyə 20 il öncədən dostluq etməmisən...

2000-ci ilin əvvəllərində ciddi xəstələnmişdim. Qohumlarımdan qabaq dostlarıma zəng vurdum...

Gənc vaxtlarım idi. Anarın “Sizsiz” əsərini oxuyurdum. Anar yazırdı ki, atası rəhmətə gedəndə birinci dostu Elçin Əfəndiyevə telefon açıb. O zaman düşünürdüm ki, yəqin Anarın qohum-əqrəbası yoxdur. Amma mən də eyni situasiyada olanda köməkmi deyim, dərdimi bölüşməkmki deyim, birinci dostumun yanına getdim. Bu mənada dostlar insanın həyatında həmişə olurlar. Bu mənada həmişə qarşıma yaxşı dostlar çıxıb. Buna görə də öncə Allahıma minnətdəram. Qarşıma xeyirxah insanlar çıxarıb. Bu mənada ulu öndərimiz Heydər Əliyev də bir xeyirxah insan kimi həyatımda böyük rol oynayıb. Bir-iki yazımı oxumuşdu. Sonra mən öz adımı gənc yazar kimi Prezident təqaüdçüləri sırasında görəndə böyük hisslər keçirdim. Sonra partiyadakı siyası fəaliyyətimi görüb Siyasi Şuranın üzvü olmağıma razılıq verdi. Ardınca adım proporsional siyahıda parlament seçkilərində keçdi. Sonrakı dövrlərdə isə cənab Prezidentimizin həmişə qayğısını götmüşəm. Bir məsələni də səmimi şəkildə demək istəyirəm...Anam Gəncədə yaşayır. Hər dəfə bizə gəlndə içəri girməmiş, qapının ağzında Heydər Əliyevin ruhuna dua oxuyur. Bunun da öz tarixçəsi var. 1988-ci ildə Uruddakı evimizi dayım Bakıda Günəşlidə bir erməni evi ilə dəyişdi. Günəşlidə 6-cı mərtəbədə yaşamalı olduq. O zaman lift demək olar ki, işləmirdi. Anamın da ayaqları xəstə idi, aşağı düşə bilmirdi, sanki eyvandan asılı qalırdı.
Deputatlara ev verilirdi. Növbədə çox adam var idi. Ona görə mənim bu məsələdən yararlanacağım mümkün deyildi. Amma rəhmətlik ulu öndər maraqlanıb bilmişdi ki, mənim evim yoxdur. Göstəriş vermişdi ki, Milli Məclisin deputatları üçün tikilən binada mənə də mənzil versinlər. Mənə dedilər ki, bu binada iki mənzil qalıb. Biri beşinci, digəri isə birinci mərtəbədə, hansını istəyirsən götür. Mən düşünmədən birinci mərtəbini seçdim, çünki yuxarı mərtəbədə yaşamağın nə olduğunu yaxşı bilirdim. Ona görə də anam bura gələndə öncə Heydər Əliyevin ruhuna dua oxuyur, sonra içəri girir. Xeyirxah adamları həmişə şükranlıqla yad eləmək lazımdır.

50 yaşdakı sevgi necə olur?

- 50 yaşda insan daha çox tanrısına bağlanır. Uşaq yaşlarımızda anamızı, atamızı, bacı-qardaşlarımızı sevirik. Sonra həyatımıza ömür-gün yoldaşı daxil olur. Ardınca övladları sevirik. 20 yaşına qədər uşaqdan Vətəni dəlicəsinə sevməyi gözləmək bir qədər düzgün olmazdı. Şəxsən mən Vətəni 30 yaşımdan sonra sevməyə başlamışam. Bu yaşa qədər elə bilirdim ki, insan harada olsa, yaşaya bilər. Görünür 30 yaşdan 50 yaşa qədər olan dövr Vətəni sevmək üçün yaranıb. İnsan yaşlaşdıqca, onun sevgisi də yaşlaşır. Bu mənada bir qədər də aqilləşir, kamilləşir. Evdə xanımından hansısa yemək bişirməyi xahiş edərsən, o həvəslə bişirsə, çox dadlı olacaq. Amma danışa-danışa bişirəcəksə, o yeməyin dadı olmayacaq. Hətta ən kasıb süfrənin ətrafında könül xoşluğu ilə toplaşarsansa, o ən dadlı nahar olar. Bu mənada həyatın dadı da, gözəlliyi də, ləzzəti  də, yaşamaq eşqi də, yaşamaq stimulu da sevgi ilə bağlıdır. 20 yaşındakı cavan oğlana desən ki, tanrını sevməlisən, Vətəni sevməlisən, o, sənə deyəcək ki, gözəl qızları qoyub niyə başqa şeyləri sevməlidir. Bu mənada hər sevginin öz dövrü, yaşı var. Bilmirəm bəlkə də bu, insanın psixiologiyası, bioloji xüsusiyyətləri ilə bağlıdır.

Elşad EYVAZLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı