Arxiv
23 Yanvar 2019, 13:25 | MEDİA
İlham Quliyev: “Jurnalistikada əməyin qiymətləndirilməsinə yenidən baxmalıyıq” - MÜSAHİBƏ  

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Metbuat.az-da “Medianın üzü” layihəsinin qonağı olub. Modern.az saytı İlham Quliyevlə həmin söhbəti təqdim edir:


- İlham müəllim, haqqınızda məlumatlara baxanda gördüm ki, Ağsuda doğulmusuz. Uşaqlığınız da orada keçib?

- Hə, kənd uşağıyam. 1977-ci il oktyabrın 27-də Ağsunun Xəlilli kəndində anadan olmuşam. İlkin təhsilimi elə orada - kənd məktəbində almışam. VIII sinifdən sonra isə Bakıya gəlmişəm. Özü də təkbaşıma gəlmişəm, valideynlər kənddə yaşayıb. Bakıya gələndən sonra 5 nömrəli kimya-biologiya təmayüllü liseydə təhsil almışam. Məktəbi bitirəndən sonra isə AzərbaycanPedaqoji Universitetinin kimya-biologiya fakültəsinə qəbul olundum.

- Bəs indi Ağsunu necə xatırlayırsınız, necə oxuyurdunuz, nəyə marağınız var idi?

- Bir az özünü tərifləmək kimi çıxacaq, amma mən həqiqətən valideynlərini incidən uşaq olmamışam. Uşaq vaxtımdan oxumağa, elmə, mediaya maraq göstərmişəm. Heç kimin vasitəçiliyi olmadan hərfləri öyrənmişəm. Anam-atam deyir ki, 4-5 yaşımda çap hərflərilə yazmağı bacarırammış. O qədər ətrafımda qəzet, kitab oxunurdu ki, təxmini yadıma gəlir ki, qəzetdən bir hərf yazırdım, anamdan soruşurdum ki, bu nədir, anam deyirdi, yaddaşımda qalırdı. Sonra hərfləri bir-birinin yanına calayıb söz düzəldirdim və onu beynimə yazırdım. Belə-belə, bir də gördüm ki, artıq yaza bilirəm. İndiki kimi yadımdadır, I sinfə gedəndə “Əlifba” kitabını verdilər. Mən də yazmağı, oxumağı bacarırdım. Səhv etmirəmsə, sonuncu səhifədə “Qoy həmişə sülh olsun” adlı mətn var idi. O birilər ancaq “Tutu, topu tut” kimi mətnlər idi. Axırıncı səhifədəki mətni oxuyandan sonra kitabı bağlayıb anama dedim ki, “bu kitabı oxuyub qurtardım”. Sakit uşaq olmuşam, valideynlərim də əvvəldən görüblər ki, oxumağa meylliyəm. Kənd yerində yaşamışıq və düşünüblər ki, daha yaxşı məktəbdə təhsil almalıyam.

- Daha sonra təhsilinizi Bakıda davam etdirmisiniz eləmi?

- Bəli, II-III sinifdə oxuyandan artıq bilirdim ki, müəyyən yaş həddindən sonra harasa başqa bir yerə oxumağa gedəcəm, çünki atam təhsilə çox önəm verən adam idi. Məndəki potensialı görmüşdü deyə, daha yaxşı təhsil almağımı istəyirdi və sözünə də əməl elədi. O vaxt Bakıda çox çətin dövr idi, 1990-cı ilin əvvəlləri idi. Təsəvvür edin ki, 1993-cü ildə oxumaq üçün Bakıya gəlmişəm. O vaxtı atam rayonda işləyirdi, yaxşı işi var idi və birdən işlədiyi müəssisə fəaliyyətini dayandırdı, atam işsiz qaldı. Buna baxmayaraq, atam çox böyük fədakarlıq etdi və məni Bakıya gətirdi. Burda liseyə imtahan verdim, qəbul oldum. Orta məktəb dövrüm çox çətin şəraitdə keçib. Ümumiyyətlə, o vaxt ölkə çox çətin durumda idi. İnsanlar sözün əsl mənasında yaşamaq uğrunda mübarizə aparırdı. Əgər II kursdan işləməsəydim, təsəvvür edə bilmirəm ki, institut illərini necə yola verə bilərdim. O vaxt insanlar əllərində olanı da xərcləyirdi, qazanmaq üçün, iş görmək üçün imkanlar yox dərəcəsində idi.

- XI sinfi o liseydə bitirdiniz? Nəyə görə məhz kimya-biologiya təmayüllü liseyi seçmişdiniz?

- Valideynlərim elə istəyirdi. Bizdə bir əyalət kəndi idi və valideynlərimin də paytaxtla elə bir əlaqəsi yox idi. Sadəcə, istəyirdilər ki, istiqamətindən asılı olmayaraq, yaxşı orta məktəb olsun. O vaxt da Bakıda ən yaxşı məktəblər kimi 1 nömrəli fizika-riyaziyyat təmayüllü lisey idi, bir də 5 nömrəli kimya-biologiya təmayüllü lisey. Mənə demişdilər ki, “fizika-riyaziyyat təmayüllü liseyə gedəcəksən”, mən də ora hazırlaşırdım. Burda əmim yaşayırdı, o, bizə səhv məlumat veribmiş. Təsəvvür edin ki, mən də digər liseyə hazırlaşmışam imtahan üçün. Bura gələndə məlum oldu ki, sənədlərim kimya-biologiya təmayüllü liseyə verilib və ora imtahan verməliyəm. Bunu da imtahan günü öyrənmişəm, amma nə yaxşı ki, imtahan nəticələrim yaxşı oldu.

Bütün fənləri yaxşı oxuyurdum deyə, problemim olmadı. Oxumağa çox həvəsli idim. Bizdə kənddə balaca məktəb idi, bir sinifdə 8-9 nəfər oxuyurdu. Bir balaca həvəsi olan şagirdin oxumaq imkanı çox idi. Sadəcə, bizim kəndin məktəbi tam orta məktəb deyildi, natamam idi. Tale elə gətirdi ki, sonra da kimya-biologiya təmayüllü liseyə gəldim və ora həqiqətən də çox yaxşı məktəb idi. Liseylə bağlı çox yaxşı xatirələrim var. Həmişə oranı bitirənlərin xoş sədalarını eşitmişik. Məktəbdəki rəhbərlərimiz də çox yaxşı mütəxəssislər idi, bizə öz övladları kimi yanaşırdılar. Dərsdən sonra da orada qalırdıq, yataqxana var idi. Dövlət hesabına gündə 3 dəfə yemək verirdilər, internat tipli məktəb idi. Bu istiqamətdə oxumağımı valideynlərimin istəyindən əlavə, həm də bir təsadüf hesab edirəm.

- İnstitutda da kimya-biologiya sahəsi üzrə oxumusunuz. İndi marağınız var o sahəyə və yadınızda qalıbmı?

- Ola bilsin detallı şəkildə unutmuşam, amma ixtisasım pedaqojidir. İxtisasım həm uşaqlarla davranışımda, həm dərslərinə kömək etməkdə, həm də ətrafdakı insanlarla dil tapmaqda köməyimə çatır. Biz pedaqoji təcrübəyə gedirdik, çox sərbəst şəkildə dərs aparırdım. Sonra da bizi qiymətləndirirdilər. Tələbə yoldaşlarım çox həyəcanlanırdı, amma indi də xatırlayıram ki, mən çox sərbəst dərs deyirdim. İndi də baxıram ki, istər-istəməz o qabiliyyət qalır. Pedaqoji təcrübənin olmağı fikrimcə, hər bir valideyn üçün önəmlidir, uşağın psixologiyasını bilməkdə, evdə dərslərini oxuma prosesinə yardımçı olmaqda çox böyük rolu olur.

- Dediniz yaxşı dərs keçirdiniz. Bəs indi də müəllim kimi işləyə bilərsiniz?

- Məncə, işləyərəm. Ümumiyyətlə, işdən qorxan adam deyiləm. Əgər bir işi sevirəmsə, bu işdə ictimai məsuliyyət görürəmsə, cəmiyyətə bir xeyir verəcəyimi düşünürəmsə, çalışa bilərəm. Düşünürəm ki, indiki işimizdə də bir növ müəllimlik fəaliyyətilə məşğulam. 20 il ərzində “Kaspi”də işlədiyim vaxtda redaksiyaya onlarla gənc jurnalist gəlib və indi onlar müxtəlif yerlərdə çalışırlar. Tale elə gətirib ki, müavin kimi çalışan vaxtlarımda da redaksiyaya gələn təcrübəçi jurnalistləri mənə yönləndirirdilər. Pedaqoji təcrübəmdən istifadə edib onların püxtələşməsi, bu sənətdə daha qalıcı, yaradıcı olmaları üçün çalışmışam. İndi də onlarla çox yaxşı münasibətlərimiz var.

- Kimya-biologiya fakültəsində oxuduğunuz halda necə oldu ki, yolunuz jurnalistikadan keçdi?

- Jurnalistikaya uşaqlıqdan çox həvəsim olub. Həmişə görürdüm ki, babam qəzet oxuyur, atam da həmçinin. Mən də uşaqlıqdan vurulmuşdum mediaya. VI-VII sinifdə oxuyanda “Azadlıq” və “Aydınlıq” qəzetləri məşhur idi. Dayım da qəzet oxuyan idi. Bizim kəndə o qəzetlərdən 2 ədəd gəlirdi, dayımla mən abunə olmuşduq. Razılaşmışdıq ki, qəzetlərdən birinə mən abunə olum, birinə də dayım ki, ikimiz də hər iki qəzeti oxuya bilək. Bakıya gələndən sonra da mediaya böyük marağım var idi deyə, elə II kursdan jurnalist kimi işləməyə başladım. Onda mediada çalışan dostlarım var idi, görürdülər ki, həvəsim çoxdur. Belə jurnalist dostlardan biri mənə dedi ki, “Avrasiya” qəzetinə işçi axtarılır. O vaxtı da həmin qəzet çox nüfuzlu idi.Təsəvvür edin ki, 100 nəfərə yaxın əməkdaşı var idi və yeni əməkdaşlar axtarılırdı. Mən dedim təcrübəm yoxdur. Dostum dedi ki, “gəl gedək, orada dostlar var, kömək edəcəklər”.

Həvəsim çox idi, medianı izləyirdim, yaxşı da qələmim var idi, yəni bu işi görməyə hazır idim. Qəzetdə təcrübəyə başladığım ilk gündən də hörmət qazanmağa başladım. Qısa müddət sonra isə məni yarım ştatla işə götürdülər. Günortaya qədər dərsdə olurdum, günortadan sonra da işə gedirdim. II kursun axırlarında mən artıq jurnalist kimi sərbəst yazılar yazmağa başladım. Sonra elə oldu ki, həmin media qrupunda maddi problemlər yarandı. Qrupda “Avrasiya”dan başqa da bir neçə qəzet var idi. Maddi problemlər başlayandan sonra qəzetlərdə ixtisarlar oldu. İxtisar aparanda da təbii ki, kim yarımştatdır birinci onlar yada düşdü. Biz o qəzetdə 3 dost eyni vaxtda işə başlamışdıq. İxtisarlar zamanı 30 nəfər işdən çıxarıldı, biz üçümüz də həmin dəstədə olduq. Oradan çıxandan çox qısa müddət sonra “Günaydın” qəzetində işə başladıq. Orda da təxminən il yarım çalışdım. 2 ay çalışandan sonra redaktor oldum.

- Bəs necə oldu “Kaspi”yə getdiniz?

- Bir müddət o qəzetdə işləyəndən sonra “Kaspi”dən təklif gəldi. Onda qəzet yeni yaranmışdı, 1999-cu il idi. Təklif gələndə bir az tərəddüd etdim. Qərar qəbul edənə qədər 1-2 ay keçdi. Sonra qəzetə gəlib siyasət müxbiri kimi işə başladım, parlament müxbiri oldum. 2005-ci ildə o qəzetdə redaktorun müavini təyin edildim. 2015-ci ildən isə “Kaspi”də baş redaktoram.

- Artıq 20 ildir ki, “Kaspi”də çalışırsınız. Ümumiyyətlə, 20 il eyni yerdə işləmək necə hissdir? Eyni yerdə olmaq sizi darıxdırmayıb ki?

- Şablon olmasın, amma mən həqiqətən işimi sevirəm və 20 ildir ki, hər gün işə sevə-sevə gedirəm. Bizim işimiz çox rəngarəng, maraqlı, yeknəsəqlikdən uzaqdır. Heç bir günü o birinə oxşamayan, hər günü maraqlı hadisələrin baş verdiyi işdir. Tələbəlik vaxtı mediaya marağımdan danışdım sizə. Onda yol pulu və nahar etmək üçün kiçik bir məbləğdə xərclik verirdilər mənə. Mən nahar üçün nəzərdə tutulan pul ilə qəzet alıb oxuyurdum. Bu sahədə yox, başqa bir işdə də olsaydım da, əminəm ki, yenə hər səhərimi xəbərlə açacaqdım, axşama qədər xəbərin içərisində olacaqdım. İndi demək olar ki, hobbimlə məşğulam. O ki, qaldı bir yerdə uzun müddət çalışmağa, bunun müsbət və mənfi tərəflərilə bağlı müxtəlif fikirlər var. Mən “Kaspi”yə ilk gündən ailə kimi baxmışam, burda baş redaktor olana qədər sıravi əməkdaş, siyasət şöbəsinin müdiri, parlament müxbiri və redaktor müavini olmuşam. Hansı pillədə olmağımdan asılı olmayaraq, həmişə özümü çox rahat hiss etmişəm. Bizdə ənənəvi baş redaktor-işçi münasibəti yoxdur, bütün kollektiv üzvləri ilə həm də dostam. Səhər bir yerdə gəlirik, nə yazacağımızı bir yerdə müzakirə edirik. Yaxşı bir yazı olanda ona öz əməyimin məhsuluymuş kimi çox sevinirəm. İşdəkilər də həmişə deyir ki, əgər baş redaktorumuzun kefini açmaq istəyiriksə, gərək yaxşı yazlar yazaq. Yaxşı yazı görəndə əhvalım düzəlir.

20 il bəlkə də çox uzun görünə bilər, amma mənim “Kaspi”nin redaksiyasına girdiyim ilk gün yadımdadır. İş prosesi yəqin o qədər maraqlı olub ki, zaman sürətlə uçub gedib.

- Qəzetinizin əlavələri də var, məsələn, “Gənclik” əlavəsi...

- Bəli, bizim qəzetin 3 əlavəsi var. Çox adam elə bilir ki, biz onları ayrı bir resursla hazırlayırıq. Amma belə deyil. Bu işləri mütəvazi bir kollektivlə edirik. Sırf “Gənclik qəzeti” əlavəmizlə məşğul olan cəmi 4 əməkdaşımız var. O qəzet çıxan günü bizim üçün bayram olur, bu qəzeti hazırlamaqdan həzz alırıq.

- Bəs ideya necə yarandı ki, qəzetin əlavəsi də nəşr olunsun?

- Bizdə Natiq Məmmədli baş redaktor olanda mən müavin idim. O zaman Natiq müəllimin ideyası oldu. Müzakirə etdik, rəhbərliklə razılaşdırdıq. Bundan əvvəl isə bizdə “Ədəbiyyat” əlavəsi fəaliyyət göstərirdi. İndi də Azərbaycan mediasında ədəbiyyata ən çox diqqət göstərən iki-üç qəzet varsa, onlardan biri də “Kaspi”dir. Daha əvvəl biz “Teatr” əlavəsi də buraxmışdıq, həmin əlavə bu gün də fəaliyyətini davam etdirir. Qəzet IV gün “Teatr”, V gün “Gənclik”, şənbə günü isə “Ədəbiyyat” əlavəsi ilə çıxır. Şənbə günü həm də 24 səhifə oluruq. Yəni işimizin həcmi kifayət qədər böyükdür.

- Qəzetiniz “Kaspi”dir, təxminən 140 illik tarixi var. Bugünkü “Kaspi”də də Zərdabi ruhu hiss olunurmu?

- Həmişə təsisçimiz Sona xanım deyir ki, “bunu yadımızda saxlamalıyıq ki, hansı nəslin davamçılarıyıq və hansı qəzeti bərpa etmişik, bu qəzetin Azərbaycanın müstəqillik, media tarixində hansı izləri var. Bunları bilməli və bu məsuliyyəti dərk eləməliyik”. Çalışırıq ki, həm şəxsi, həm də iş həyatımızda harada işlədiyimizi unutmayaq. Burada hansı kişilər çalışıb, hansı imzalar olub, hansı şəxsiyyətlərin yolunu davam etdiririk, bu məsuliyyəti dərk etməyə çalışırıq.

- Belə bir fikrinizi oxumuşdum, demisiz ki, çalışırıq qəzetimizdə informasiya verməyək, bunu artıq bir şey hesab edirik. Yenə də elə düşünürsünüz ki, qəzetdə informasiya vermək artıq şeydir?

- Son zamanlar bu məsələ çox müzakirə olunur ki, yazılı media qalsınmı, qalmasınmı? Bu fikri həmişə o kontekstdə səsləndirirəm ki, etiraf etməliyik, artıq çap mediası xəbəri çatdırmaq baxımından internet mediaya uduzur. Amma belə deyəndə də deyirlər ki, onda qəzetə nə ehtiyac var ki? Mən həmişə deyirəm ki, qəzetə də ehtiyac var. Qəzet bir salnamədir, onun səhifələrində bu günümüzün salnaməsi yazılır. 10 il sonra bu dövrü araşdıranda hansısa saytda gedən bir yazını texniki baxımdan araşdırıb tapmaq çox çətin olacaq. Amma qəzet elədir ki, biz “podşivka” yığıb onu kitab halında çap etdiririk.

Yazılı mətbuat mövcud reallıqları dəyərləndirməlidir. Məsələn, mən özüm parlament müxbiri olmuşam. Gedib parlamentdə otururdum, səhərdən axşama qədər iclasları izləyirdim, ordan yazı verirdim, xırda xəbərlər, böyük reportajlar hazırlayırdım. Amma indi bizim parlament müxbiri orda xəbəri yazır, biz onu dərhal saytımıza qoyuruq. Bütün internet resursları da parlamentdə nə oldu, kim-kiminlə mübahisə etdi, hansı qərarlar qəbul olundu xəbər kimi verir. Parlamentin iclası saat 6-da bitir və həmin saatda bütün ictimaiyyət artıq müzakirələr barədə məlumatlı olur. Bir gün sonra, saat 09-10:00-da bu xəbəri qəzetdə verməyin fikrimcə, əhəmiyyəti yoxdur. Çünki bir gün əvvəl hamı bu barədə məlumat alıb. Biz formatı dəyişməliyik, düşünürəm ki, müasir dövrün qəzeti 15-20 il əvvəlki jurnalın formatında çıxmalıdır.

O vaxt aylıq jurnallar olurdu, nə hadisə olurdusa, onlarla bağlı analitik baxış, reportajlar, araşdırma yazılar olurdu. İndi də biz məcburuq ki, hər gün aylıq jurnalın qəzet variantını çıxaraq. O baxımdan deyirəm ki, bu gün qəzeti sırf xəbər əsasında çap etməyin əhəmiyyəti yoxdur. Biz sırf gündəlik xəbərlərin analitikasını verməliyik. Müsahibələr, reportajlar olmalıdır. Qəzetdə yalnız son dərəcə əhəmiyyət kəsb edən siyasi, rəsmi, ölkə gündəmi ilə bağlı vacib xəbərləri verə bilərik. Xəbəri dərhal açıb telefondan oxumaq çox rahatdır. Amma iki səhifəlik müsahibəni fikrimcə, qəzetdən oxumaq məsləhətlidir. Qəzetin bir qoxusu, estetikası da var. Bəlkə də mən qəzet dövrünün nümayəndəsiyəm, ona görə belə düşünürəm.

- Sizcə, bu gün KİV-lərdə olan əsas problemlər nələrdir?

-Həmişə peşəkarlıq problemini ortaya qoyuruq, amma məncə, Azərbaycan mətbuatında hazırda kifayət qədər peşəkar jurnalist çalışır. Medianın, jurnalistikanın maddi-texniki bazasının gücləndirilməsinə, jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasına ehtiyac var.

Məsələn, 20 il ərzində dəfələrlə müşahidə etmişəm ki, çox yaxşı qələmi olan, şəxsiyyətli, gələcəkdə jurnalistikaya çox böyük töhfələr vermək imkanı olan həmkarlarımız müəyyən səviyyəyə çatandan sonra başqa sektorlara üz tuturlar. Bu da onu göstərir ki, burada əməyin qiymətləndirilməsi ilə bağlı müəyyən problemlər var. Başqa yerdə daha yaxşı imkanlar, daha yaxşı perspektivlər olur və yaxşı qələmi olan, jurnalistikanın başını ucaltmalı olan adamlar buradan gedir. Əsas problemlərdən biri kimi bunu görürəm.

Gələcəkdə bu problemin aradan qaldırılması üçün jurnalistikada əməyin qiymətləndirilməsi məsələsinə yenidən baxmalıyıq. Başa düşürəm, özüm də bir qəzet rəhbəriyəm, reallıqları bilirəm ki, bizim medianın gəlir imkanları yüksək deyil, reklam bazarı da çox məhduddur. Qəzeti oxutmaq, sayta oxucu cəlb etmək imkanlarımız çox aşağıdır. Ciddi xəbərlərlə İP qazanmaq çox çətindir, bu reallıqlar da var. Amma arzu edirəm ki, gələcəkdə bu problemlər aradan qalxsın və mediamız daha üst səviyyəyə qalxsın.

- Bilirik ki, qəzetlərin bir çoxu dövlət dəstəyi alır. Bir müddətdir müzakirə olunur ki, onlayn media da maliyyələşsin. Necə düşünürsünüz, bunun müsbət və mənfi nəticələri nə ola bilər?

- Düşünürəm ki, indiki reallıqlar çərçivəsində, yuxarıda dediyim kimi reklam bazarında imkanların azlığı müstəvisində yazılı mediaya dövlət dəstəyi olursa, internet mediaya da olmalıdır. Bu məsələni Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisdə hökumət qarşısında da qalıdırıb. Hələ ki, məsələ həllini tapmayıb, amma geci-tezi var. Bizdə “Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” var. Bu konsepsiya çərçivəsində Prezident yanında fəaliyyət göstərən KİVDF tərəfindən yazılı mətbuata yardımlar olunur. Hesab edirəm ki, gələcəkdə internet mediaya da bu cür yardımlar olacaq. Bunun heç bir mənfi tərəfini görmürəm.

Görürəm bəzən sosial şəbəkələrdə yazıb tənqid edirlər ki, “dövlətdən yardım alırsınız, ona görə tənqid yazmırsınız”. Hesab edirəm ki, onu yazanlar bizim qəzeti, internet resurslarımızı izləmirlər. Kifayət qədər sosial problemlərə toxunuruq, “Kaspi”nin səhifələrində tənqidi materiallar gedir, yazdığımız neqativ hallara dövlət qurumları tərəfindən reaksiyalar verir. Dövlətdən yardım alan bütün qəzetlərin rəhbərləri etiraf edərlər ki, bu dəstək olmasa, Azərbaycanda qəzet çıxarmaq çox çətin olar. Ümumiyyətlə, dəstək olan şəraitdə də qəzet çıxarmaq fədakarlıqdır. Çünki hazırda qəzet çapı çox bahalı işdir. Qəzetin ancaq çap xərci ilə çox yaxşı bir sayt saxlamaq olar. Amma biz həm o saytı saxlamaq məcburiyyətindəyik, həm də qəzetin çap xərclərini ödəməliyik.

Təsəvvür edin dövlət xətti ilə bizə verilən yardım çap xərclərimizin heç 70-80%-ni ödəmir. Abunə, satış, reklam, təsisçinin ianələri hesabına ayaq üstə durmağa çalışırıq. Bu yardımlar olmasa, Azərbaycanda yazılı mətbuatın vəziyyəti həddindən artıq çətin olar.

Mütləq internet mediasına da yardım olmalıdır, etiraf olunmalıdır ki, artıq sektorda bütün fokuslanma bu istiqamətədir. Medianın güclü olması həm də dövlətin güclü olması deməkdir. Cənab prezident də jurnalistlərlə son görüşündə qeyd elədi ki, jurnalistləri özünün köməkçisi kimi görür. İctimai nəzarət işinin peşəkar səviyyədə təşkil olunması üçün yüksək maddi-texniki bazaya sahib olan internet saytları, qəzetlər olmalıdır. Buna görə də təbii ki, maddi dəstək olmalıdır.

- İlham müəllim, hər tirajda nə qədər qəzetiniz satılır və ümumiyyətlə maraq necədir?

- Son statistikanı təxmini faizlərlə sizə deyim ki, xeyli abunəmiz var, 5000 tirajla çap olunuruq. Bəlkə inanmayacaqsınız, amma bu gün abunə və satışdan sonra cəmi təxminən 10% qəzetimiz geri qayıdır. Xüsusilə Bakıda son vaxtlar oxucularımızdan çoxsaylı zənglər alırıq ki, köşklərdə qəzet tapa bilmirik. Dediyim kimi, qəzet çap etmək böyük maddiyyat tələb edir, amma tirajı imkan daxilində tənzimləməyə çalışırıq. İndiki reallıqlar çərçivəsində Azərbaycan oxucusunun mediaya münasibəti nisbətində götürsək, qəzetimizin satış faizindən narazı deyilik.

- Siz də sosial şəbəkə istifadəçisisiz. İnsanların sosial şəbəkədə özlərini idarə etmələrindən razısız, ya yox?

-Sosial şəbəkələri həm də sosial media adlandırırıq və bu da işimizin tərkib hissəsidir. Gündəlik fəaliyyətimizin bir hissəsi də elə sosial şəbəkələrdəki fəaliyyət olur. Bu gün media bir növ sosial şəbəkə müstəvisinə transformasiya olunub. Bu proseslər çox qısa müddət ərzində baş verdi. Təxminən 10 il əvvəl internet media yeni yarananda yazılı mediadan imtina etmək barədə danışan dostlar deyirdilər ki, “sizin dövrünüz bitdi, hər şey internet mediasında olacaq”. Sonra qəzetlərimiz özləri də internet resursu yaratmağa başladılar. Bizim də artıq saytımız var, yəni heç bir internet mediasından geri qalmırıq, bizim də sosial şəbəkələrdə səhifələrimiz var, bizim də saytımız onlayn yenilənir və bu işi görən ayrıca əməkdaşlarımız var. Amma zaman keçdi və qısa müddət ərzində artıq internet medianın da, yazılı medianın da taleyi sosial şəbəkələrin əlinə keçdi, yəni media bir növ sosial şəbəkələrə transformasiya olunmağa başladı.

Açıq etiraf edək ki, yazılarımızı sosial şəbəkələrin yardımı ilə oxuduruq, sözümüzü cəmiyyətə daha çox məhz sosial şəbəkə tribunasından çatdırırıq. Saytımıza yeni istifadəçiləri daha çox sosial şəbəkə üzərindən cəlb etməyə çalışırıq. Bu baxımdan sosial şəbəkənin, sosial medianın əhəmiyyəti ön plana keçib. Mən indi həmin o dostlarımızla üz-üzə gələndə deyirəm ki, baxın, 10 il bundan qabaq bizə elə deyirdiniz, indi siz də eyni durumla üzləşmisiniz. Yəni sosial media hamımızı cənginə alıb. Diqqət yetirsək görərik ki, Azərbaycanda ictimai rəyin formalaşmasında sosial medianın çox böyük rolu var. Amma 10 il əvvəl ictimai rəyi sırf ənənəvi media formalaşdırırdı. Bu baxımdan, sosial şəbəkə çox əhəmiyyətlidir. Sosial şəbəkədə fəaliyyət, oradakı davranış qaydaları, müzakirələrlə bağlı da çoxsaylı problemlər var. Bu, xüsusi bir söhbətin mövzusudur. Amma orada artıq özümüzə məxsus kriteriyalarımız da formalaşıb. Sosial şəbəkənin Azərbaycan seqmentində bizim özümüzə məxsus qəhrəmanlar, fəallar var. Orada bizim özümüzə məxsus müzakirələr gedir, davalar olur.

- Sizi bir müddət sonra tamamilə başqa bir sahədə görə bilərik, yoxsa...?

- Açığı, mən özümü başqa sahədə görmürəm. Hesab edirəm ki, pensiya yaşına qədər də jurnalistikada olacam, bu postda olmasa da, başqa bir işdə olacam. Mediada reklam, PR işi ilə də məşğul oluruq, amma mən özümü sırf işin yaradıcı tərəfində görürəm.

- Bir az da uşaqlarınız barədə danışmaq istərdim. İki övladınız var, onların seçimlərinə qarışırsınız?

-Övlad tərbiyə etmək çox çətin prosesdir. Təbii ki, uşaqlıqdan valideynlərimi çox sevmişəm, amma özüm valideyn olandan, uşaqların kaprizlərini, onları tərbiyə etməyin çətinliklərini görəndən sonra ata-anamı daha çox sevməyə başladım. Görürəm ki, onlar bizim üzərimizdə nə qədər əziyyət çəkiblər, o imkansızlıq şəraitində bizi böyüdüb düzgün istiqamətləndiriblər. Həmişə içimdə valideynlərimə qarşı bir minnətdarlıq hissi var. Övladlarımla bağlı isə onu deyə bilərəm ki, qızımla da, oğlumla da dostam. Yaşın müəyyən mərhələlərində valideynlər onlara qarşı dəyişməlidir. Yəni uşaq azyaşlı olanda onunla bir cür davranırsan, yeniyetmə olanda bir cür, böyüyüb yetkinləşmiş, həyata vəsiqə qazananda da bir başqa cür.

İndi övladlarımın keçid dövrüdür, qızım X sinifdə oxuyur, oğlum isə VII sinifdə. Hiss edirəm ki, onlarda artıq keçid dövrü başlayıb, qızım bu prosesi problemsiz ötürə bildi. Biz onu yeni mərhələyə gətirib çıxardıq, dərsləri də, davranışları da yaxşıdır. Bir valideyn kimi biz ondan çox razıyıq, rəqsə gedir orada birinci olur, ingilis dilinə gedir, orada nəticələri çox yaxşıdır. Əvvəl bir məktəbdə idi orda da yaxşı oxuyurdu, sonra aparıb başqa məktəbə qoyduq, orada da çox yaxşı oxudu. Qızımın davranışı ilə bağlı da heç vaxt şikayət eşitməmişəm. Biz evdə 4 qardaş olmuşuq, bacımız yoxdur. Ona görə qızımı çox sevirəm, həmişə deyirəm qızım həm də bacımdır, anamdır.

Oğlum isə Atatürk liseyində təhsil alır. O məktəb uşağın bir şəxsiyyət kimi formalaşmasında müsbət rol oynayır. Biz də məktəblə birgə onu yönləndirməyə çalışırıq. Keçid dövrü olduğuna görə çalışıram ki, onunla çox zaman keçirim. Düzdür, bizim işimiz elədir ki, səhər evdən çıxıb axşam qayıdırıq. Amma axşamlar da olsa çalışıram ki, heç olmasa 1 saat onun dərslərilə maraqlanım, ümumi dünya görüşünün formalaşmasına kömək edim. İstəyirəm ki, kişi kimi böyüsün. Çalışıram, onunla çox ünsiyyətdə olum, şənbə-bazar günlərini onunla keçirim. Misal üçün, bir yerdə təmir işimiz olur, ora aparıram, bir yerdə futbola gedirik, birlikdə yemək yeyirik. Uşağın formalaşmasında ailə, məktəb və düşdüyü mühit çox böyük rol oynayır. Ümumilikdə isə düşüncəm belədir ki, övladın materialı Allah tərəfindən verilir. Yəni yaxşı material olanda ondan yaxşı bir məhsul hazırlayıb cəmiyyətə təqdim etmək olur. Material yaxşı olmayanda da valideyn təslim olmamalıdır, sona qədər çalışmalıdır ki, imkan daxilində övladını doğru yola istiqamətləndirsin.

Uşaqlar çox maraqlıdırlar, onlarla işləmək, onları yönləndirmək, potensiallarını üzə çıxarmaq valideyndən böyük sevgi, dözüm, əziyyət, bir az özündən, şəxsi marağından güzəşt edib uşağa doğru yönəlməyi tələb edir. Əgər buna nail ola bilirsənsə, uşağı heç olmasa orta xəttə yönləndirib bir yerə çıxara bilirsən. Ondan sonrası artıq uşağın özündən asılıdır. Böyüdükcə daha çox sərbəstlik verilməlidir ki, hansı ixtisasa istəyirsə, ona da sahib olsun. Onsuz da çoxsaylı nümunələr görmüşük ki, valideyn uşağı bir yerə yönləndirir, amma onun ürəyindəki məhəbbət haradarsa, gedib özünü orada tapır.

- Sonda “Kaspi” ilə bağlı gələcək planlarınız nələrdir?

- Fəaliyyətimizi daha da genişləndirmək fikrindəyik. İlk növbədə tirajımızı daha da artırmaq niyyətindəyik.Çap keyfiyyətimizi artırmaq da planlarımız arasında yer alır. Yaradıcılıq baxımından yeni rubrikalar düşünürük. Saytımız indi Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Onun imkanlarını bir qədər də genişləndirməyə çalışırıq. Təbii ki, bütün bunlar çox çətindir, qəzeti saxlamaq böyük vəsait tələb edir. Buna baxmayaraq, reklam dairəmizi genişləndirib, abunə sayımızı, satış həcmimizi artırmaqla yeni-yeni nailiyyətlərə imza atmaq niyyətindəyik. Biz ən çətin dövrlərdə də, ən yaxşı dövrlərdə də “Kaspi”nin imicini qoruyub saxlamışıq. Bundan sonra da bir nömrəli missiyamız bu imici qoruyub saxlamaqdır. Bizdə heç vaxt təhqir olmur, heç vaxt media prinsipləri pozulmur. Buna ən yüksək səviyyədə nəzarət var, inşallah bu xətti bundan sonra da davam etdirəcəyik. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda qəza səbəbindən sürət həddi endirildi 25 Avqust 2019, 21:58 Venesiyada kanalında çimən turistlər cərimələndi 25 Avqust 2019, 21:37 Gəncə sakini  naməlum şəraitində bıçaqlandı 25 Avqust 2019, 21:22 Güclü külək Daşkəsəndə fəsadlar törətdi 25 Avqust 2019, 21:09 Ağsuda dağlıq ərazidə yanğın başlayıb 25 Avqust 2019, 20:51 Ukraynada avtomobil körpüsü uçdu -VİDEO 25 Avqust 2019, 20:35 Qubada meşə yanğını söndürüldü 25 Avqust 2019, 20:19 Alp dağlarında təyyarə qəzası: 3 nəfər öldü 25 Avqust 2019, 20:02 Azərbaycan millisi məölub oldu 25 Avqust 2019, 19:28 Bakıda uşaq bağçasında yanğın olub 25 Avqust 2019, 18:46 Yas mərasimi olan evin uçması zamanı 6 nəfər yaralandı - VİDEO 25 Avqust 2019, 18:03 5 general istefa verdi 25 Avqust 2019, 17:43 Putin G7 sammitinə gedir 25 Avqust 2019, 17:20 Türkiyə 3 şəhid verdi 25 Avqust 2019, 16:41 Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI 25 Avqust 2019, 16:10 Homoseksualizmi yayan böyük GÜCLƏR - Onlar gəncləri necə tora salırlar... 25 Avqust 2019, 15:54 Bakıda 50 ədəd kömür kisəsi yanıb   25 Avqust 2019, 15:51 Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaradıb   25 Avqust 2019, 15:39 Mehriban Əliyevanın təşəbbüsü ilə şəhid ailəsinə ev verildi - FOTO 25 Avqust 2019, 15:20 Bakıda uşaq bağçası yandı 25 Avqust 2019, 15:00 İki minik avtomobili toqquşub, xəsarət alanlar var 25 Avqust 2019, 14:40 Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı, xüsusilə də gənclər tərəfindən böyük rəğbətlə qarşılanır   25 Avqust 2019, 14:31 Neçə nəfər Azərbaycanın "qara siyahı"sına düşüb? 25 Avqust 2019, 14:14 Həftənin ilk iş gününün havası  - Şimşək çaxacaq, yağış yağacaq 25 Avqust 2019, 14:00 Bu gün mənim ad günümdür - İstedadlı aktrisa Vəfa FƏTULLAYEVA haqqında 25 Avqust 2019, 13:43 Azərbaycanda yas mərasimində ev uçdu: yaralılar var 25 Avqust 2019, 13:14 Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilotun xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30