Modern.az

Azərbaycanın çap mətbuatına verilən növbəti şans  

Azərbaycanın çap mətbuatına verilən növbəti şans   

Media

4 Fevral 2019, 09:42

Elman Babayev


Uzun müddətdir ki, Azərbaycanda qəzetlərin oxunmaması, onların yerini internet saytların tutması heç kimə sirr deyildi. Hətta 10 il bundan öncə baş yazarlar tərəfindən qəzetlərin satılmaması fonunda onların tamamilə bağlanacağı və çap mətbuatının sıradan çıxacağı istiqamətində həyacan təbili çalınırdı.

Məhz belə bir məqamda hakimiyyət məsələyə müdaxilə etməli oldu və tamamilə yeni qurum, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı. KİVDF-nin yaranmasından sonra qəzetlərə maliyyə yardımı verilməyə başladı.

 

İllərdir, bu maliyyə bir növ çoxsaylı çap mediasının yaşaması üçün süni nəfəs rolunu oynamaqdaydı.

 

Belə ki, bilavasitə dövlət başçısının dəstəyi nəticəsində KİVDF-nin xətti ilə qəzetlərin maliyyələşdirilməsinə yönəlmiş vəsaitlər 2009-cu ildən bu günə kimi çap mediasının ayaqda durması üçün ən mühüm vasitə oldu desək, yanılmarıq. Prezidentin bu dəstəyi ilə Azərbaycan milli mətbuatı sıradan çıxmaq təhlükəsindən qurtuldu. 

 

Ancaq təəssüf ki, ümumi vəziyyət dəyişmədi. Gəlin hamımız etiraf edək ki, bu dəstək sayəsində xaricə gedəndə həsədlə baxdığımız qəzetlərlə bizim qəzetlər müqayisəyə belə gəlmirdi. Yəni, davamlı maliyyə dəstəyi Azərbaycanın çoxsaylı çap mətbuatını inkişaf etmiş ölkələrin mətbuatına yaxınlaşdıra bilmədi. Bundan başqa, bütün dünyada baş verən prosesdən-elektron və sosial medianın ənənəvi mətbuatı sıradan çıxarmasından da yan qaçmaq mümkün olmadı.


Bu gün Azərbaycanda print media dərin böhran içindədir. Əlində telefonu, masası üzərində kompyüteri olan oxucu elektron mediaya daha çox müracət edir, nəinki qəzetlərə. Nəticədə çap mətbuatı oxucu auditoriyasını itirir, tiraj aşağı düşür, ciddi maliyyə böhranı ilə baş-başa qalır. Beləcə, çap maşınları hər gün müəyyən tiraja malik qəzetləri boşu-boşuna istehsala hazırlayır.

 

Nə qədər ağrılı olsa da belə bir mənzərə ilə üz-üzəyik; dövlətin maddi dəstəyi elə bir arxayınlıq yaradıb ki, çap mətbuatı oxucu qazanmağın üsulları axtarışına belə meyl etmir. Vəziyyət o həddə çatıb ki, hətta heç bir jurnalist öz həmkarının geniş araşdırmanı əhatə edən yazılarını sistemli, əvvəldən axıra, ya yarımçıq, ya da ümumiyyətlə, oxumur-başlığa baxılıb kənara qoyulur. Ciddi, ətraflı təhlillər də oxunmur. Hamı elektron və sosial mediada hər dəqiqə yenilənən qısa informasiya arxasınca qaçır.

Belə olan halda, ortaya suallar çıxır. Qəzetlər özü yazıb, özü oxuyursa, bunlar ümumiyyətlə, kimə lazımdır? Dövlətin dəstəyi ilə qəzetlərin yaşaması nə qədər davam edə bilər və ya bu faktor çap mediasının yaşaması üçün nə zamana kimi başlıca mənbə olaraq qalacaq?

Yaranmış yeni vəziyyət KİVDF-ni çıxış yolu kimi yeni addımlar atmağa məcbur edib. Başladılan yeni dönəm heç bir halda çap mətbuatının tam sıradan çıxması, hansısa qəzetlərin bağlanması kimi yozulmamalıdır.

Əslində, KİVDF-nin yeni tələbləri Azərbaycanın çap mətbuatını daha da inkişaf etdirməyə, onu inkişaf etmiş ölkələrdəki duruma gətirməyə hədəflənib. Bu tələblər içərisində filan qəzetlər bağlansın ifadəsi yer almayıb və zatən KİVDF-nin belə bir səlahiyyəti də yoxdur.

Nədən ibarətdir yeni tələblər?

Bundan sonra Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.

Sərtləşdirilimiş bu tələblər, ilk növbədə çap mətbuatını dünyanın inkişaf etmiş ölkələrindəki mətbuatla ayaqlaşmağa məcbur edəcək.


Gəlin baxaq; bu gün əksər dövlətlərdə cəmi bir neçə mərkəzi qəzet çıxır. Hamımız onların gözəl tərtibatından tutmuş, texniki imkanlarına, böyük tirajlarına, geniş oxucu auditoriyasına və yüksək əmək haqqlarına həsəd aparırıq. Azərbaycanda isə vəziyyət fərqlidir. KİVDF nə az, nə çox 33 qəzetə maliyyə ayırır. Eyni zamanda, sahə qəzetləri, aylıq, regional qəzetlər də bu sırada yer alıb. Bu qəzetlərin heç biri nə işçilərinə yüksək əmək haqqı verə bilir, nə də  bəzi MDB ölkələri ilə belə müqayisə oluna biləcək səviyyədə çıxır. Elə isə Azərbaycan kimi geniş əraziyə malik olmayan bir ölkədə, əksəriyyətinin tirajı 5 mini ötməyən bu qədər qəzetin dövlət dəstəyi sayəsində yaşaması nə qədər zəruridir?

Belə bir vəziyyətdə KİVDF-nin yeni tələblərinə haqq qazandırmamaq olmur. Bu tələblər Azərbaycan mətbuatında yeni səhifə açmağa hədəflənib. İstər-istəməz print mediada mərkəzləşmə prosesi başlayacaq və bunun ilkin nəticələri də görünməkdədir. Bir sıra qəzetlər artıq bu tələblərdən sonra çapını dayandırdığını elan edib və elektron formada fəaliyyət göstərmək qərarı verib. Bəziləri isə yeni şərtlərə uyğun fəaliyyətini quracağını bildirib. Deməli, meydanda yalnız özünə güvənən, cəmiyyət tərəfindən qəbul olunduğuna, oxunduğuna inanan qəzetlər qalacaq.  

 

Görünən həm də odur ki, bu proses qəzet bazarında pozitiv keyfiyyət və kəmiyyət dəyişikliyi ilə yanaşı, milli mətbuatın müasir dünya standartlarına uyğunlaşmasına şərait yaradacaq. Nəhayət ki, növbəti mərhələdə Azərbaycanda müasir tərtibata malik, geniş texniki imkanları olan, əməkhaqqısı və ən mühümü ictimaiyyətin maraqlarına cavab verən mətbuat orqanları görə biləcəyik.

 

Bütün hallarda hakimiyyətin məhz belə bir çap mətbuatı görmək istədiyi açıq-aşkar göz önündədir. Bunu yüksək səviyyədə gerçəkləşdirmək isə peşəkar jurnalistlərdən böyük əmək sərfi gözləyir... 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı