Modern.az

“Dövlətin diaspor siyasəti yeni yanaşmalar tələb edirsə...” – Hikmət Cavadov

“Dövlətin diaspor siyasəti yeni yanaşmalar tələb edirsə...” – Hikmət Cavadov

Diaspor

4 Fevral 2019, 15:13

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması və sonrakı fəaliyyəti barədə Azadinform-a müsahibə verib.

 

Modern.az Hikmət Cavadovla müsahibəni təqdim edir:

 

- Hikmət müəllim, bu günlərdə Ukraynada fəaliyyət göstərən diaspor təşkilatları “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması barədə razılığa gəliblər. Bu, o deməkdir ki, illərdir fikir ayrılıqları ilə müşahidə olunan fəaliyyətiniz bundan sonra birgə əməkdaşlıq şəraitində davam edəcək. Sizcə, gec deyilmi?

 

- Əvvəla haqlısınız, bu barədə qərarı çoxdan verməliydik, lakin nəticəsi müsbət sonluqla bitəcək heç bir iş üçün zamanın fərqi yoxdur. Həm də bu, nə məndən, nə də digər diaspor təşkilatlarının sədrlərindən aslı məsələ deyildi. Bu gün Ukraynada onlarla Azərbaycan diaspor təşkilatı var. Etiraf edək ki, onların bir çoxu kağız üzərindədir. Lakin bir çox təşkilatlar da var ki, imkanları daxilində fəaliyyət göstəririrlər. Təəssüf ki, aktiv fəaliyyət göstərən təşkilatların sayı bizim arzu etdiyimiz səviyyədə deyil. Birləşməyimizə mane olan digər mühum səbəb isə Diasporla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyinin bu işdə maraqlı olmaması idi. İndi mən bu barədə detallı danışmaq istəmirəm, daha doğrusu, bunu etik saymıram. Artıq köhnə rəhbərlik yoxdur, yeni sədr var və sevindirici haldır ki, o da təkcə Ukraynada deyil, bütün dünyada mövcud olan Azərbaycan diaspor təşkilatlarının aktiv fəaliyyəti üçün əlindən gələni edir. Bu nöqteyi-nəzərdən daha çox onun tərəfdarıyam ki, biz keçmişdə nəyin baş verdiyini deyil, gələcəkdə dövlətimiz və millətimiz adına daha yaxşı nələri edə biləcəyimiz haqqında düşünməliyik.  

 

 

- Belə çıxır ki, birləşmək ideyası təşkilatların yox, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin təşəbbüsüdür?

 

- Etiraf edim ki, biz heç vaxt birləşmək məsələsini gündəmə gətirməmişdik. Daha doğrusu, bu barədə təklif nə bizdən, nə də Bakıdan irəli sürülməmişdi. Digərlərinə nisbətən daha aktiv fəaliyyət göstərən üç təşkilat - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Kiyev Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ayrı-ayrılıqda tədbirlər keçirir, təkbaşına fəaliyyət göstərirdilər. 

Birləşmək ideyası Cənab Prezidentin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə Fuad Muradovu təyin etməsi ilə başladı. Qısa zaman ərzində digər ölkələrdə olduğu kimi Ukraynada da fəaliyyət göstərən diaspor təşkilatlarının koordinasiya məsələsi gündəmə gəldi. Komitə rəhbərliyində təmsil olunan şəxslər bir neçə dəfə Kiyevdə oldular, mən və digər diaspor təşkilatlarının sədrləri ilə görüşlər keçirildi. Şəxsən mən bütün görüşlərdə Komitənin bu prosesə çox ciddi yanaşdığının şahidi oldum. Və beləliklə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun 17-19 iyul 2018-ci il tarixdə Kiyevə səfəri zamanı məhz onun rəhbərliyi ilə bir araya gəldik. Ədalət naminə qeyd edim ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatlarının birləşmək ideyasının müəllifi məhz Fuad Muradov oldu. Əlbəttə, istər Bakıda, istərsə də Ukraynada, xüsusən də mətbuatda hamı bizə “niyə birləşmirsiniz?” deyə sual edir, bəzən haqlı olaraq tənqid hədəfinə də tuş gəlirdik. Onlarla tamamilə razıyam, amma yenə də israrla qeyd edirəm, bu nə Hikmət Cavadovdan, nə Rövşən Tağıyevdən, nə Oleq Krapivindən, nə də digər dostlarımızdan asılı deyildi. Bu ideyanı reallaşdırmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsi aylardır iş aparır. Fuad Muradovun bilavasitə iştirakı ilə bütün diaspor təşkilatlarının aktivlərindən ibarət yaradılan İşçi Qrupu son 6-7 ayda bir neçə dəfə görüş keçirdi, təkliflər müzakirə olundu, qərarlar qəbul edildi. Bu təkliflərin müzakirəsində Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli şəxsən iştirak etdi. Yəni Komitə tərəfindən heç bir təşkilata təzyiq göstərilmədən birləşmək istiqamətində uğurlu yol qət etdik. Həm Rövşən Tağıyev, həm də Oleq Krapivinlə dəfələrlə bir araya gəlib bu işin sürətləndirilməsinə çalışdıq.   

 

 

- Və beləliklə, “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması barədə razılığa gəldiniz…

 

- Əslində bu razılıq son 6-7 aydır aparılan müzakirələrin müsbət nəticəsi idi. Ukraynada Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrup artıq bu istiqamətdə işlərini yekunlaşdırdı. Kiyev şəhərində Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə toplantısını keçirdik. Görüşdə Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinin birləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması ilə bağlı müzakirələr apardıq. Müzakirələrdə Diasporla İş üzrə Dövlət Komitəsinin bu işlə əlaqəli məsul şəxsi də iştirak edirdi. Qərara alındı ki, yaxın vaxtlarda “Ukrayna Azərbaycanlıları Radası”nın təsis qurultayı keçirilsin. Artıq bu istiqamətdə diaspor təşkilatlarının iştirakı ilə hazırlıq işləri davam edir, yəqin ki, hamı üçün münasib bir vaxtda “Ukrayna Azərbaycanlıları Radası”nın təsis qurultayını keçirəcəyik. 

 

- Deyək ki, qurultay keçirildi, Rada yaradıldı, sonrakı birgə fəaliyyəti necə koordinasıya edəcəksiniz?   

 

- Sonrakı fəaliyyətimiz ilk növbədə birgə addımlamaqdan ibarət olacaq. Rada elə bu məqsəd üçün yaradılır. İlk növbədə Azərbaycanla bağlı tədbirlərin birgə keçirilməsinin daha səmərəli və faydalı nəticələr verəcəyi qənaətindəyik. Hamı kimi biz də düşünürük ki, diaspor təşkilatlarının birgə və koordinasiyalı fəaliyyəti günün tələbidir. Çalışacağıq ki, Prezident İlham Əliyevin diaspor quruculuğu istiqamətində fəaliyyətinə dəstək verək. Bu işdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin tövsiyələri var. Bu tövsiyələr birgə fəaliyyətin daha səmərəli həyata keçirilməsinə hesablanıb. Nəticədə daha səmərəli mexanizmlər işlənib hazırlanacaq, Ukraynadakı Azərbaycan diasporunun inkişafında ümumi mövqeyin formalaşması prosesi sürətlənəcək.  

 

- Uzun illərdir, gərgin münasibətlərin yaxşılığa doğru belə tez dəyişməsi müsbət haldır. Amma bütün məsələlərdə “vahid mövqe” bir az çətin olmayacaq ki?

 

- Bütün təşkilatlar bu işə könüllü razılıq verib, heç kimin qarşısında hansısa tələb qoyulmayıb. Hər bir təşkilat birləşmə ideyasının tezliklə reallaşması üçün əlindən gələni edir. Bizim geriyə yolumuz yoxdur, dövlətin diaspor siyasəti yeni yanaşmalar tələb edirsə, biz də buna əməl etməliyik. Əslində dövlətin yeni diaspor siyasəti bizim işimizi asanlaşdırır, yükümüzü və məsuliyyətimizi paylaşır. Bunun nəyi pisdir ki? Əlbəttə, gələcəkdə fikir ayrılıqlarını da istisna etmirəm. Biz robot deyilik, insanıq, səhvlərimiz, düzlərimizlə yola davam edəcəyimizə inanırıq. Amma şəxsən mənim qəti mövqeyim ondan ibarətdir ki, bu fikir ayrılığı Azərbaycanla, xüsusən də dövlətimiz, Cənab Prezidentin daxili və xarici siyasəti, xalqımız və Ukraynada yaşayan azərbaycanlılarla bağlı olmasın. 

Bildiyiniz kimi, Ukraynada ictimai-siyasi proseslər son zamanlar gərgin keçir. Biz də istər-istəməz bu proseslərin müşahidəçisi və ya bəzi hallarda iştirakçısına çevrilirik. Məhz Ukraynada gedən ictimai-siyasi proseslərə  münasibət məsələsində zaman-zaman fikir ayrılıqları yarana bilər. Əgər həmin fikir ayrılıqları Ukraynada yaşayan azərbaycanlıların və xüsusən də Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor siyasətinə, tövsiyələrinə zidd deyilsə, burda ciddi problem görmürəm.    

Yenə də təkrar edirəm əsas məqsəd dövlətimiz üçün yararlı layihələri həyata keçirmək, Ukraynada yaşayan azərbaycanlıların hüquqlarını qorumaq, burada təhsil alan tələbələrlə səmərəli iş aparmaq, Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasının koordinasiyalı formada həyata keçirmək olmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi