Arxiv
7 Fervral 2019, 09:16 | ƏDƏBİYYAT
Əbədiyaşar şəxsiyyət

Şamil Rəhmanzadə,

Tarix üzrə fəlsəfə doktoru, dosent,

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi

 


İnsan öz yaşamı boyu dünyanı və özünü dərk edir. Onun dünyagörüşünün ilkin təməli isə hələ uşaqlıq dövründə atılır; məhz yaşının o vədəsində insan dünya və dünyada öz yeri haqqında ilk düşüncələrinə dalır, bununla bağlı baxışları, dəyərləndirmələri, təsəvvürləri, bu təsəvvürlərdən qaynaqlanan həyat mövqeləri, idealları təşəkkül tapmağa başlayır. Mənim üçün belə bir dönəm 1980-ci illərə, uşaqlıq və yeniyetməlik çağlarına təsadüf etmişdi. Evimizdə olduqca zəngin kitabxana vardı. Orada hifz olunan yüzlərlə kitab mənə müxtəlif mədəniyyətlərlə, fərqli-fərqli ölkələrlə və tarixi dövrlərlə yaxından tanış olmaq, onları öyrənmək fürsəti verirdi. Ən əsası, oxuduqlarım dünya mənzərəmin təşəkkülünə yardım edirdi.


Bu əsərlər arasında tarixçi Yaqub Mahmudovun Avropa səyyahlarının, diplomatlarının Azərbaycana səyahətlərinə həsr olunmuş silsilə kitablarının xüsusi pay çəkisi, özəl yeri var idi. Məsələ təkcə onda deyildi ki, sözügedən kitablar Azərbaycan tarixinin bir çox naməlum, məchul mətləblərinə aydınlıq gətirir, avropalıların yurdumuz və xalqımız haqqında o vaxtadək örtülü qalan, geniş auditoriyaya çıxarılmayan, bəzən qəsdən gizlində saxlanılan bilgilərinə işıq tuturdu. Bütün bunlar əlbəttə ki, mühüm özəlliklərdir. Fəqət Yaqub müəllimin bu silsilə əsərlərinin mənim nəzərimdə əhəmiyyətini fərqli qılan, onların dəyərliliyini qat-qat artıran daha vacib məziyyəti mövcuddur: onlar dərin konseptual siqlət və mündəricə daşımaqla, oxucuya qüdrətli və vahid Azərbaycanımız haqqında dünyagörüşü səciyyəli təsəvvürlər aşılayır, bununla da vətənsevər şəxsiyyətin formalaşmasına öz töhfəsini verirdi. Təsadüfi deyildir ki, dövrün senzura məhdudiyyətlərini, ideoloji yasaqlarını və maneələrini məharətlə aşan bu əsərlər böyüməkdə olan nəsil üçün milli təəssübkeşlik məktəbi olmuşdur. Mən və mən qəbildən məktəblilər Yaqub müəllimin kitablarını oxuduqca həm minilliklərin, yüzilliklərin dərinliklərindən boylanan tariximizi daha yaxşı öyrənir və mənimsəyirdik, həm də məfkurəvi cəhətdən zənginləşir, ideya oriyentirləri əldə edirdik.


1989-cu ilin mayında məktəbi bitirirdim. Məslək və ixtisas seçimi məndə sual doğurmurdu: tarixçi olmağa möhkəm qərar vermişdim. İlıq may günlərindən birində atam məni universitetə götürdü, Tarix fakültəsinin dekanı, illər boyu qiyabi tanıdığım Yaqub müəllimlə görüşdük. O əsnada Yaqub müəllim öz planları ilə bölüşmüşdü. “Tarix fakültəsinin rəhbərliyi nəhəng işlər planlaşdırır. İlk növbədə qədim dilləri öyrənmək üçün Leninqrada istedadlı tələbələri ezam etməyi düşünürük. Bu sahədə bizdə ciddi boşluqlar var. Dilləri bilməmək üzündən qədim tariximizin bir çox məsələsi obyektiv araşdırılmamış qalır. Nəticədə tariximizi başqaları tədqiq edir, özü də çox vaxt qərəzli şəkildə, faktları təhrif edərək. Real, obyektiv tarixi yazmaq üçün bizə öz milli kadrlarımız lazımdır”. Bu mühakimə Yaqub Mahmudov strateji təfəkkürünün mühüm məqamlarını bariz şəkildə nümayiş etdirirdi. Görkəmli alim sadəcə vəzifəsini icra etməklə kifayətlənməyərək, Azərbaycan elminin perspektiv inkişafına hesablanmış hərtərəfli konsepsiya ilə çıxış edirdi. Yaqub müəllimin nəzərincə, Vətən elmi dünyanın aparıcı elmi mərkəzləri ilə rəqabətə qabil səviyyəyə çatdırılmalı, tariximizin müxtəlif mərhələ və problemləri ən yüksək elmilik standartları əsasında araşdırılmalıdır. Ümumiyyətlə, problemlərə hərtərəfli və strateji yanaşma, fundamentallıq Yaqub Mahmudovun istər elmi, istərsə də təşkilatçılıq fəaliyyətinin mahiyyətini təşkil edir. Hansı məsələ olursa olsun, Yaqub müəllim onu perspektiv dinamikada götürür, cari konyunktura nöqteyi-nəzərindən deyil, doğura biləcəyi yaxın, orta və uzaq nəticələr kontekstində nəzərdən keçirir.


Tələbəlik illərimdə Yaqub müəllim həm müqtədir alim, həm də vətənpərvər pedaqoq və ictimai xadim kimi tələbələrin dərin sevgisini qazanmışdı. Onun dərin mündəricəli və hərtərəfli mühazirələrinin şöhrəti universitet auditoriyaları hüdudlarını aşmışdı. Rəvan nitqi, gözəl diksiyası, fitri natiqlik istedadı ilə Yaqub müəllim tələbələri ovsunlamağı, “ram etməyi” bacarırdı. Onun mühazirələri daşıdığı elmi məzmunla materialın səlis çatdırılmasının mükəmməl harmoniyasını təmsil edirdi. Bu mühazirələr həmçinin vətənpərvərlik dərsləri idi; Yaqub müəllim gənclərə Vətənimizi tanıdaraq sevdirirdi. Ən dolaşıq, mürəkkəb hadisə və prosesləri xüsusi alimlik məharəti ilə incələyərək, anlaşıqlı bir dildə tələbə kütləsinə nəql edə bilmək qabiliyyəti Yaqub Mahmudov istedadının özünəməxsus cəhəti idi.


Yaqub müəllim təkcə gözəl alim və pedaqoq deyil, eyni zamanda sözün əsl mənasında vətənpərvər ictimai xadimdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə o, ön sıralarda yer almışdı. Öz qələmi ilə, ictimai-siyasi çıxışları ilə, əməli addımları ilə Yaqub müəllim ölkəmizdə siyasi sabitliyin və dövləti nizamın bərqərar olmasına mühüm töhfələr vermişdi. Azərbaycan tarix elmində dünənə qədər tabu olunan mövzuları cəsarətlə ictimailəşdirməsi, yasaqları yıxaraq, tariximizin müxtəlif çağlarının aktual problemlərini elmi dövriyyəyə daxil etməsi Yaqub Mahmudov şəxsiyyətinin vətəndaş özəlliklərinin bir başqa ifadəsidir. Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin ideya-fəlsəfi sütunu kimi irəli sürdüyü “azərbaycançılıq” qayəsinin Azərbaycan tarix elminin metodoloji əsasına Yaqub müəllimin çevirdiyini söyləsək, fikrimcə, mübaliğəyə yol vermərik.


2004-cü ilin sentyabrından Yaqub müəllim AMEA Tarix İnstitutu kimi son dərəcə mühüm və strateji əhəmiyyətə malik bir müəssisəyə rəhbərlik edir. Səmimiyyətlə söyləyə bilərik ki, Yaqub Mahmudovun rəhbərlik dönəmi Tarix İnstitutunun fəaliyyət salnaməsinə qızıl hərflərlə yazılacaqdır. Məhz bu illər ərzində institutumuz bir növ intibah yaşayaraq, bir çox sahələrdə böyük müvəffəqiyyətlərə imza atmışdır.


İlk növbədə vurğulanmalıdır ki, mövcudluğunun heç bir dönəmində institut bunca məhsuldarlıq nümayiş etdirməmişdir: ötən illər ərzində Azərbaycan tarixinin elə bir dövrü və az-çox önəmli problemi yoxdur ki, haqqında fundamental əsərlər ərsəyə gəlməsin. Yaqub müəllimin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə tariximizin müxtəlif istiqamətləri və mövzuları üzrə bütöv tədqiqatçı kollektivləri işləməkdədir. Nəticə də özünü çox gözlətməmişdir. Son 14 ildə ən qədim çağlardan tutmuş bu günümüzə kimi tariximizin ən aktual problemləri ilə bağlı çoxlu sayda fundamental monoqrafik tədqiqatlar nəşr olunmuşdur.


Şəxsi elmi taleyimdə də Yaqub müəllimin rolu müstəsna olmuşdur. Elə monoqrafiya və namizədlik dissertasiyamın mövzusunun (“Azərbaycan – Gürcüstan münasibətlərində ərazi məsələləri”) seçilməsi də bilavasitə Yaqub müəllimin tövsiyəsi sayəsində baş tutmuşdu. Apardığım araşdırma Yaqub müəllimin hələ universitetdə Tarix fakültəsinə başçılıq etdiyi zamanlar başlatdığı Şimal-Qərbi Azərbaycanın tarixinin hərtərəfli öyrənilməsi üzrə genişmiqyaslı layihənin bir hissəsi hesab oluna bilər.


Söhbət düşmüşkən, belə bir məqam da vurğulanmalıdır ki, məhz Yaqub müəllimin təşəbbüsü ilə Azərbaycan üçün strateji əhəmiyyətli regionların – Şimal-Qərbi Azərbaycanın, Qərbi Azərbaycanın – İrəvan mahalının, Qarabağın, Naxçıvanın, Borçalının, Dərbəndin, eləcə də Cənubi Azərbaycan ellərinin tarixinin kompleks öyrənilməsi prioritet məsələlər səviyyəsinə qaldırılmışdır. Məhz Yaqub müəllimin yorulmaz fəaliyyəti sayəsində sadaladığım regionların tarixi Azərbaycana düşmən kəsilmiş xarici çevrələrin uzun illər boyu məqsədyönlü şəkildə təhriflərindən qurtularaq, arxiv sənədlərinə və digər ilkin qaynaqlara istinadən araşdırılmışdır. Faktiki olaraq son illərdə ərsəyə gəlmiş əsərlər, həmçinin gələcək tədqiqatlar üçün möhkəm bünövrə rolunu oynayacaqdır.


Yaqub müəllimin son illərdə həyata keçirdiyi və mənim də yer aldığım layihələrdən biri dünyanın müxtəlif arxivlərində Azərbaycan tarixinə dair mövcud sənədlərin surətinin çıxardılaraq, ölkəmizə gətirilməsidir. Bu, sözün müstəqim mənasında olduqca əzəmətli iş olmaqla, Azərbaycan tarix elmini zəruri qaynaq bazası ilə təmin etmək kimi fövqəladə vacib vəzifənin həyata keçirilməsinə xidmət edir. Moskvadan, Sankt-Peterburqdan, Tiflisdən, İstanbuldan, Ankaradan, Tehrandan, Parisdən, Berlindən, Londondan gətirilmiş yüz minlərlə sənəd yurdumuzun və xalqımızın tarixi inkişafının ən aktual problemləri və istiqamətləri üzrə gələcək mühüm tədqiqatların təməlini formalaşdırır. Mən Tiflis arxivlərində işləyən qrupun üzvü olmaqla, Yaqub müəllimin sənədlərin gətirilməsi məsələsinə necə qayğıkeş və diqqətcil yanaşdığının bilavasitə şahidiyəm.


Yaqub Mahmudov öz xeyirxah və genişmiqyaslı işləri ilə əbədiyaşarlıq qazanmış şəxsiyyətlərimizdəndir. Onun yaratdığı elmi miras və gerçəkləşdirdiyi işlər zaman hüdudlarını aşaraq, gələcəyə xidmət edir. Önəmlisi də budur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müsavat rəhbərliyi Vurğun Əyyubu ziyarət üçün ailəsinə MÜRACİƏT ETDİ 24 Sentyabr 2019, 12:38 Azərbaycan Xalq Hərəkatının qurultayı gecikir - SƏBƏB 24 Sentyabr 2019, 12:20 Zahid Orucun rəhbərlik etdiyi Mərkəz ilk tədbirə toplaşdı - Dövlət qurumları TƏNQİD OLUNDU 24 Sentyabr 2019, 12:14 Naqif Həmzəyev: “İşsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb” 24 Sentyabr 2019, 12:05 İsgəndər Həmidov ikinci dəfə əməliyyat olundu  24 Sentyabr 2019, 11:56 Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə “BMW Fest 2019” keçirilib - FOTO+VİDEO 24 Sentyabr 2019, 11:55 Bakıda “Nəsimi ili” ilə bağlı FESTİVAL 24 Sentyabr 2019, 11:50 Binəqədidə 9 evdən oğurluq edən şəxs tutulub - FOTO 24 Sentyabr 2019, 11:42 İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın təcavüzü ilə bağlı bəyanat verdi - MƏTN 24 Sentyabr 2019, 11:39 Təcili yardım maşını ilə məişət əşyaları daşınır? - Nazirlik TƏKZİB ETDİ - FOTOLAR 24 Sentyabr 2019, 11:38 Bakıda Səduyyə Ərəbistanı Krallığının Milli günü qeyd edilib - FOTOLAR 24 Sentyabr 2019, 11:34 Koreya Respublikasında TƏQAÜDLÜ təhsil imkanı - ELAN 24 Sentyabr 2019, 11:29 AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb 24 Sentyabr 2019, 11:24 “Qızıl Xaç” Dilqəmlə Şahbazdan nə gətirib? - Girovların yaxınları DANIŞDI 24 Sentyabr 2019, 11:18 Katoliklərin Bakıdakı kilsəsində... və ya Allahın evindən REPORTAJ 24 Sentyabr 2019, 11:05 İcbari tibbi sığortanın perspektivləri müzakirə olundu 24 Sentyabr 2019, 11:00 Yerevanda keçmiş nazir intihar edib - O, Koçaryanın cinayət işində şahid idi 24 Sentyabr 2019, 10:43 Ruandalı tələbələr Bakı Ali Neft Məktəbində təhsil alacaq 24 Sentyabr 2019, 10:42 Rumıniyalı alimdən Kamal Abdullanın yaradıcılığına həsr olunan MƏQALƏ 24 Sentyabr 2019, 10:38 Məmmədyarovun Mnatsakanyanla nəticəsiz qalan Nyu-York GÖRÜŞÜ 24 Sentyabr 2019, 10:37 Müflis olmuş banklardakı əmanətlərin sahiblərinə ŞAD XƏBƏR 24 Sentyabr 2019, 10:23 Şamaxıda ağır yol qəzası – 1 ölü, 1 yaralı 24 Sentyabr 2019, 10:17 Bakıda qəzaya düşən avtobusun 82 yaşlı sərnişini öldü   24 Sentyabr 2019, 10:16 Bu yerlərdə qaz olmayacaq 24 Sentyabr 2019, 10:15 Azərbaycan məhsullarının Hindistana ixracı müzakirə edilib 24 Sentyabr 2019, 10:12 ADU-nun Konfutsi İnstitutunun direktoru “Sinxua”ya müsahibə verib 24 Sentyabr 2019, 10:08 Rəsmi Bakıdan Yerevana sərt MESAJ: Əsgərimizi öldürənlər cəzalandırılacaq 24 Sentyabr 2019, 10:07 Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir 24 Sentyabr 2019, 10:01 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbazdan XƏBƏR GƏTİRİB 24 Sentyabr 2019, 10:01 Ermənistan atəşkəsi 21 dəfə pozdu 24 Sentyabr 2019, 09:59 Əsgərimizin meyiti neytral ərazidən çıxarıldı 24 Sentyabr 2019, 09:56 Vilayət Quliyev:Qulağından tutmağa komsomolumuz, quyruğundan yapışmağa pionerimiz olmasa...” 24 Sentyabr 2019, 09:40 İşə götürənlərdən nazirliyə şikayətlər... 24 Sentyabr 2019, 09:33 Tısbağa sürətli mətbuat katibləri... 24 Sentyabr 2019, 09:16 Tanınmış jurnalistin tələbə oğlu: “Bacara bilməyəcəyim işin arxasınca getmirəm” - MÜSAHİBƏ 24 Sentyabr 2019, 08:47