Modern.az

Bizimkilər - Azadə Balayeva: “Deyirdilər ki, Azadə qolu həmişə 90-cı dəqiqədə vurur” - FOTOLAR

Bizimkilər - Azadə Balayeva: “Deyirdilər ki, Azadə qolu həmişə 90-cı dəqiqədə vurur” - FOTOLAR

24 Fevral 2019, 16:03

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən - jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı müstəqil jurnalist Azadə Balayevadır.

 

Azadə Balayeva 1973-cü ildə Şəki rayonunun Aşağı Göynük kəndində doğulub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Jurnalist kimi fəaliyyətə ilk olaraq radioda başlayıb. 
Hələ tələbəlik illərindən Dövlət Radiosunun gənclik redaksiyasında radioreportajları yayımlanıb. Universiteti bitirdikdən sonra isə “Hürriyyət” və  “525-ci qəzet”lərdə çalışıb. 2004 – cü ildən isə iş həyatımın televiziya dövrü başlayıb. Uzun illər ANS və Space telekanallarında müxtəlif vəzifələrdə işləyib. Hazırda isə müstəqil jurnalist kimi müxtəlif KİV-lərdə çıxışlar edir.  Bir oğlu var.

 

“Təəssüf ki, evdarlıqdan “sinifdə qamışam””

 

- Necə oldu ki, jurnalistikaya gəldiniz?

 

- Jurnalist olmam təsadüf deyil, bu yolu özüm seçmişəm, özü də ani bir qərarla.   Yəni, hansı sənəti seçim, deyə uzun – uzadı düşünməmişəm. Bu sahəyə gəlməmin çox maraqlı tarixçəsi var. Əslində uşaqlıqdan Atamın xəyalı məni həkim görmək idi. Özümü dərk edəndən onun dilindən “həkim qızım”, “qızım həkim olacaq” ifadələrini eşitmişəm. Yeddi və ya səkkizinci sinifdə oxuyurdum. Yaz fəsliydi. Kəndimizi yuxarı tərəfindən əhatəyə alan dağlarda qar hələ əriməmişdi. Bir tərəfdə də ağaclar çıçəkləmişdi. Sanki kəndimizi ilk dəfə görürdüm . Hər tərəf o qədər gözəldi ki... Bir anlıq düşündüm, görəsən buradan gözəl yer var.  Həmin an  Azərbaycanı qarış – qarış gəzmək, ayrı – ayrı bölgələrimizi kəndimizlə müqayisə etmək keçdi içimdən və belə imkanları olan jurnalistlərə “bəxtəvərlik verdim”.  O gündən sonra jurnalistikaya marağım yarandı və bu sahəni seçməyə qərar verdim.  Artıq məktəb vaxtımdan xəyalımda maraqlı müsahiblər vardı.

 

- Yaxşı jurnalist olduğunuz kimi, ev işlərinin də öhdəsində asanlıqla gələ bilirsinizmi?

 

- Təəssüf ki, evdarlıqdan “sinifdə qamışam” . İşlədiyim günlərdə ev işlərini sevmirəm. Məni tanıyanlar bilir ki, evdə tək qaldığım vaxt günlərlə yemək bişirməyə bilərəm. Ya yüngül yeməklərlə qidalanaram, ya da kənarda yeyib gələrəm evə.  Oğlum İstanbulda təhsil alır. Keçən il çox darıxmışdım onun  üçün. Telefonla danışanda elə hey deyirdim, “tətilə gəl, sənə yaxşı qulluq edəcəm, yaxşı yeməklər bişirəcəm”. Amma sən demə bu mənim yemək bişirmə həvəsimin yox, darıxmamın nəticəsiymiş. Təbii ki, elə təmtəraqlı bir yemək – filan bişirmədim. Həftənin altı gününü yorğun –arğın evə gələndə düzü təmtəraqlı yemək bişirməyə də adamın nə həvəsi, nə də taqəti olur. Axırda oğlum vədimi xatırlatdı ki, bəs mən də dünyanın bütün ləziz yeməklərindən yeyəcəyim xəyalı ilə gəlmişdim.  Zarafatla dedim ki, “oğlum, birdəfəlik qəbul et ki, mən Ana yox, Atayam”. Yəni, evdə daha çox kişi işləri görürəm. Evin kirayəsi, kommunal xərcləri, digər xərcləri, oğlumun İstanbulda yaşama ehtiyacları – bir sözlə, bir ailədə kişiyə aid nə iş varsa hamısı mənim öhdəmdədir. Amma ev işləri  məsələsində bəxtim həmişə gətirib. Evdə  işlərimlə ya anam məşğul olub, ya da son beş ildə mənimlə qalan bacım qızı. Onlar da məni başa düşürlər, mətbəxin yolunu mənə unutdurublar.  Amma deyilənlərə görə əlimin duzu var, bişirdiyim yeməklər çox ləzzətli olur. Keçən il bir neçə ay işsiz qaldım, yaxşı yeməklər bişirirdim.  Doğrusu,  bəzən ev qadını olmanın xiffətini çəkirəm. Mən də istəyirəm ki, evin kişilərə aid olan qayğılarından uzaqlaşım, ev xanımı olum, İnternetdən yemək reseptlərinə baxıb dadlı yeməklər bişirim, oğluma qulluq edim, o da ləzzətlə yesin, mən də baxım sevinim. Çox primitiv arzudur, amma olur hərdən.  İşləyə - işləyə həm işinin peşəkarı, həm də mükəmməl ev qadını olmaq mümkün deyil. Hər halda, mən belə düşünürəm.

 

- Həm televiziya, həm də qəzetdə işləmisiniz. Hansında işləmək asandır? Əsas fərqlər nələrdir?

 

- Yola vermirsənsə, vicdanla, məsuliyyətlə yanaşırsansa işin asanı yoxdur, adı üstündə, iş.  Sadəcə bildiyin, sevdiyin işlə məşğulsansa o artıq iş yox, zövqdür, əyləncədir. Konfutsinin sözləridir, deyir, heç vaxt işləmək istəmirsənsə, sevdiyin işlə məşğul ol. 

Amma qəzet jurnalistikası ilə teveviziya jurnalistikası arasında kifayət qədər fərq var. Jurnalistika deyəndə mən təbii ki, ilk növbədə xəbər jurnalistikasını nəzərdə tuturam.  Xəbərin də başlıca prinsipi operativlikdir. Qəzetdə bu prinsipi gözləmək təbii ki, KİV formasının xarakterinə görə mümkünsüzdür. Amma televiziyada xəbərin isti –isti, operativ şəkildə tamaşaçıya çatdırılması əsas şərtdir və operativlik bəzi hallarda həm də stress deməkdir. Çəkilişdən özünü işə çatdırıb görüntüləri, müsahibələri efirə çatdırmaq və bu vaxt səhvə yol verməmək üçün jurnalistdən yüksək peşəkarlıq və cəldlik tələb olunur.  Həm də qəzetin əsas xammalı sözdürsə, televiziyada görüntü daha önəmlidir.  Jurnalist bəzən sözsüz belə xəbəri çatdırmağı bacarmalıdır.

 Azərbaycan reallığında televiziya ilə qəzet jurnalistikası arasında xoşagəlməz bir fərq də iş rejimiylə bağlıdır. Bu gün ölkədəki qəzetlərdə beşgünlük, televiziyalarda (Xəbərlər Departamentlərində) isə altıgünlük  iş rejimi tətbiq olunur. Xəbər proqramlarında qəfil mətbuat konfransları və ya redaktorun fövqəladə tapşırıqlarının icrası səbəbindən bəzi hallarda  iş gününün normadan artıq olmasını da nəzərə alsaq, altıgünlük iş rejimi normal deyil. Həftə boyu gərgin işdən sonra yalnız bazar günü evdə olamaq imkan əldə edən işçi günün bir hissəsini yatır, sonra da həftə boyu yığılıb qalmış ev işlərini görür. Gözünü açıb – yumana qədər də axşam olur, səhər yenidən işə getməlisən. Bəs bu adam nə vaxt dincələcək, ailəsinə, yaxınlarına nə zaman vaxt ayıracaq?  Televiziya xəbərlərində çalışan insanlar şəxsi həyatlarına, sevdiklərinə, dincəlməyə vaxt ayıra bilmirlər. Bu gün Avropa ölkələrində bir-birinin ardınca dördgünlük iş rejiinə keçilir, insan faktoruna önəm verilir. Həyat çox qısadır və o yalnız işləmək üçün deyil.  Stiv Cobs kimi dahi son nəfəsində sevdiklərinə az zaman ayırmanın təəssüfünü dilə gətirmişdi.  Mən qəzetdə işləyəndə həftədə günümün birini mütləq oğluma və anama ayırırdım. Teatra, restorana aparırdım onları. Amma televiziyada işə başladıqdan sonra bu, nadir hallarda baş verən bir hal idi. Bir gün evdə olurdum, o da yalnız ev işlərinə gedirdi.

 

- Xasiyyətiniz necədir? Sizinlə yola getmək çətindir yoxsa,  asan?

 

- Bu sualı cavablandırmaq bir qədər çətin olacaq, səmimiyyətim şübhə doğura bilər. Adətən heç kəs “ayranına turş deməz”, özümü tərifləməm də doğru olmaz. Kənardan aldığım reaksiyalara əsasən isə deyə bilərəm ki, insanlarla, kollektivdə uyuşmamda bir problem yoxdur. İş prosesində təbii ki, anlaşılmazlıqlar olur. Hərənin bir xasiyyəti var – paxılı var, qısqancı var, pisniyyətlisi var, anlamazı var, hətta psixonevroloji problemləri olanı  var və zaman- zaman onlarla üz-üzə gəldiyim məqamlar olur.  Belələrinin hər biriylə də mübahisəni o adamın  psixoloji durumuna görə həll edirəm. Məsələn, kimi görürsən anlamazlıqdan hansısa qərarına qarşı çıxır, onu başa salırsan anlayır. Biri də görürsən ki, içi çirkinlik doludur, dönüb – dolanıb dava axtarır. Ona da deyirəm çıx çöl tərəfdən qapını ört.  Ümumiyyətlə dalaşmaqla, dava – şavayla aram yoxdur.  Mənim insani münasibətlərdə prinsipim budur ki, insan səviyyəlidirsə boş yerə problem yaradıb başqa birinə hörmətsizlik etməz. Uzaqbaşı hansısa bir anlaşılmazlıq baş verə bilər, onda da məsələni izah edərsən anlayar. Amma adam qanmaz, cahil, pisniyyətlidirsə, ona nə də desən, onsuz da bir bir nəticə hasil olmayacaq,  bir şey başa sala bilməyəcəksən. Ona görə  belələri ilə mübahisə etməyə dəyməz. Mən beləsinə heç cavab da vermirəm, sadəcə onunla bundan sonra necə davranmalı olduğumu anlayıram.  Leksikonumda ümumiyyətlə təhqir yoxdur. Daha doğrusu, son illərin neovulqarizmlərindən biri haradansa  hərlənib – fırlanıb gəlib özünü leksikonuma soxuşdurub, onu da özüm – özümə deyinəndə işlədirəm.  Amma onu  da  etiraf edim ki, əsəblərim bir az  korlanıb. Son illər qarşılaşdığım haqsızlıqlar, gərgin, stressli  iş əsəblərimi xeyli pozub.  Bu zaman da çalışıram hər hansı  problem olanda əsəblərimi cilovlayım, kimsənin xətrinə dəyməyim. Ümumilikdə götürdükdə isə bildiyim qədər məni sevənlər daha çoxdur, nəinki sevməyənlər. İnsanlara pozitiv enerji verməyi bacarıram.

 

- Azərbaycan cəmiyyətində bəyəndiyiniz və bəyənmədiyiniz nüaslardan danışmağınızı istərdik.

 

- Bugünkü cəmiyyətin güzgüsü sosial şəbəkələrdir. Hər kəs orada bər-bəzəksiz,  olduğu kimidir. Cəmiyyətin pozitivləri və neqativləri də orada ortaya çıxır. Başqalarının həyatına müdaxilə etməyi hələ də sevimli hobbiləri sırasına daxil etmələri, ağıl öyrətmələri, yıxılana balta çalmaları, kiçik bir səhvə yol verənləri heç acımadan linç etmələri bizim insanlarımızın ən qəbul etmədiyim tərəfləridir.  21 –ci əsrə gəlmişik, “filankəs kişidir, ona olar, qadına olmaz”  ayrı – seçkiliyi də  davam edir.   “Məndən ötdü qardaşıma dəydi”  düşüncəsi də cəmiyyətimizi geri aparan mənfiliklərdəndir. Azərbaycanda   ictimai nəzarət  yox səviyyəsindədir. 

Universitetdə bir müəllimimiz vardı, deyirdi  azərbaycanlılar pis günün dostlarıdır. Görürsən birinin başına bir faciə gəldi, dərhal hamı toplanır, inanılmaz birlik, dəstək nümayiş etdirirlər. Amma birinin bir uğuru olanda onun sevincini paylaşan çox az adam görərsən. Əslində çətin günlərədə insanlarımızın bir-birinə böyük dəstək verməsi, onu tək qoymaması Azərbaycan cəmiyyətinin ən yaxşı məziyyətidir.  Ailə dəyərlərimizin, ailə, qohumlar arasında bağların hələ də möhkəm qalması da qürur duyacağımız tərəflərimizdir.

 

- Jurnalist olmanıza əngəl törədənlər olub?

 

- Əsla. Ailəm, yaxınlarım hər zaman dəstək olub, mənimlə fəxr ediblər.

 

- Jurnalistika ilə bağlı ağlınızda hansısa bir layihə varmı?

 

- Hazırda gerçəkləşdirmək istədiyim iki layihəm var. Biri siyasi, biri isə sosial xarakterlidir. Yeni mövsümdə televiziyalardan birinə onlarla bağlı müraciət etməyi düşünürəm. Eyni zamanda əlimdə tərcüməsini etdiyim bir kitab var. Digər işlərimlə paralel vaxt olduqca,  onun da tərcüməsiylə məşğul oluram. Ümid edirəm ki, yaya qədər onu da yekunlaşdıraram.

 

- Özünüzü tənqid edəsi olsanız, nələrdən başlayardınız?

 

- Həssaslığım ən zəif tərəfimdir. Kiçicik bir problemdən, haqsızlıqdan  çox təsirlənərəm, günlərlə özümə gələ bilmərəm. Bu gün edə biləcəyim işi sabaha təxirə salmam da var. Bu arxayınlığım işimdə də özünü göstərir.  ANS – də olarkən ən sonda mənim süjetim efirə atılardı. Çünki çəkilişdən gəldikdən sonra “hələ vaxta çox var” deyib  süjetin hazırlıqlarına gec başlayırdım. Aparıcı, prodüsser bir xeyli həyəcanlanmasaydı o süjetin ləzzəti olmazdı. Ona görə uşaqlar zarafatla deyirdilər ki, “Azadə qolu həmişə 90-cı dəqiqədə vurur”.  Amma əsas odur süjet vaxtında və yerində efirə çatırdı.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu