Modern.az

"Afaq Məsud o yazıçılardandır ki..." - ADU-da bir görüş... (FOTOLAR)

"Afaq Məsud o yazıçılardandır ki..." - ADU-da bir görüş... (FOTOLAR)

Mədəni̇yyət

9 Dekabr 2011, 12:38

Dekabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) yazıçı-dramaturq Afaq Məsudla görüş keçirilib. Tədbirdə Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Alman dilinin tərcüməsi kafedrasının müəllimi Yusif Savalan iştirak edib. Görüşü açan Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva universitetdə ədəbiyyatın nüfuzlu nümayəndələri ilə görüşün istər müəllimlər, istərsə də tələbələr üçün vacib olduğunu deyib. Afaq Məsudla budəfəki görüşün filologiya fakültəsinin III kurs tələbələrinin təşəbbüsü ilə baş tutduğunu qeyd edən F. Səfiyeva istər universitet rəhbərliyinin, istərsə də kafedranın yalnız bir məqsədinin olduğunu deyib: “Bu məqsəd də yalnız tələbələri daha da maarifləndirmək və onların dünyagörüşünün artırılmasından ibarətdir”.

Sonra Afaq Məsudun həyat və yaradıcılığını əks etdirən video-slayd görüş iştirakçılarına təqdim edilib. Tələbələrin ifasında “O məni sevir” pyesindən bir parça göstərilib.

Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev bildirib ki, Afaq Məsud o yazıçılardandır ki, ədəbiyyata yeni nəfəs, yeni yol gətirib: “Afaq Məsud şüuraltı prosesləri, sətiraltı mənaları o qədər dəqiqliklə verir ki, buna heyran olmamaq mümkün deyil. Tələbələrimiz onun mürəkkəb əsərlərini anlayırlarsa, buna yalnız sevinmək lazımdır”.

Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirov Afaq Məsudun yaradıcılığının təbliğinə geniş ehtiyac olduğunu qeyd edib. O, bir qrup tələbənin Azərbaycan Akademik Dram Teatrında “Qatarın altına atılan qadın” dramına baxdıqlarını və müzakirə etdiklərini xatırlatdı. Bu kimi tədbirlərin davamlı xarakter almasının vacibliyindən danışıb.

Alman dilinin tərcüməsi kafedrasının müəllimi Yusif Savalan Afaq Məsudun öz yaradıcılığı ilə Nobel mükafatına layiq yazıçı olduğunu qeyd edib. Əsərlərinin tərcümə edilib beynəlxalq aləmdə yayılmasının vacibliyini vurğulayıb.

Sənətşünas elmləri doktoru, teatrşünas Məryəm Əlizadə qeyd edib ki, onun əsərləri haqqında yozumlar çoxdur və müxtəlifdir: “Afaq Məsudun əsərlərini yalnız tənqidçilər, ədəbiyyatşünaslar yox, həm də psixoloqlar təhlil etməlidir. Çünki buna ehtiyac var”. O, qeyd edib ki, ADU tələbələri dəyərli əsərləri xarici dillərə çevirməkdə maraqlı olmalıdırlar.  

Sonra A. Məsud tələbələrin suallarını cavablandırdı.

Afaq Məsud çıxışında qeyd edib ki, ADU-da yazıçılarla, şairlərlə görüşlərin keçirilməsi, dram əsərlərinin səhnəyə qoyulması təqdirəlayiq haldır: “Belə görüşlərə digər ali məktəblərdə nadir hallarda rast gəlinir. Dünya ali məktəblərində isə bu, ənənəvi haldır”.
Sonda qonaq onunla görüşü təşkil etdiklərinə görə universitet rəhbərliyinə, Filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı kafedrasına təşəkkürünü bildirib. 



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu