Modern.az

Qanun necə saxtalaşdırılıb?

Qanun necə saxtalaşdırılıb?

15 Dekabr 2009, 15:45

Modern.az xəbər verir ki, Milli Məclisin dekabrın 15-də keçirilən iclasında deputat Pənah Hüseyn “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara edilən əlavə və dəyişiklikdən sonra yaranmış vəziyyət barədə açıqlama verilməsini tələb edib.

Deputat xatırladıb ki, Milli Məclisin bir müddət öncə “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara etdiyi əlavə və dəyişikliklərdən sonra sayğaclaşdırma işi yeni qaydada tənzimlənməliydi. Belə ki, bu qanunlara müvafiq olaraq istehlakçılar üçün elektrik enerjisi, qaz və su sayğacların quraşdırılması və dəyişdirilməsi təchizatçı müəssisələrin hesabına həyat keçirilməlidir.

Lakin həmin qanunlar Milli Məclisdə qəbul olunandan sonra rəsmi qəzetlərdə bağqa məzmunda dərc edilib. Belə ki, qüvvəyə minən mətndə istehlakçılar sözü fiziki şəxslər sözü ilə əvəzlənib. ”Su təchizatı və tullantı suları haqqında” qanunda isə sayğacların quraşdırılması ilə bağlı olan müddəa isə ümumiyyətlə çıxarılıb.

Pənah Hüseyn qanun layihələri ilə bağlı yaranmış vəziyyətlə bağlı bildirib ki, məsələ araşdırılmalıdır: “Bunu edənlər istintaqa cəlb olunmalıdır. Aydınlaşdırılmalıdır ki, qanunların məzmunu harada dəyişdirilib".

Bu zaman spiker Oqtay Əsədovla Pənah Hüseyn arasında mübahisə yaranıb.

O.Əsədov deyib ki, sözügedən qanun parlamentdə qəbul ediləndən sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komitəsinin iclası olub və ona dəyişiklik edilib.

P.Hüseyn isə komitənin həmin iclasında iştirak etmədiyini deyib. Bu zaman O.Əsədov deyib: “Lazım olanda tapılmırsınız, özünüzə lazım olanda isə ortaya çıxırsınız. Bir müddət əvvəl AŞPA prezidentliyinə namizədlə bağlı Azərbaycanın qurumdakı nümayəndə heyətinin müraciəti hazırlanırdı, 20 gün axtardıq, Müsavat deputat qrupundan heç kimi tapmadıq, müraciət 12 deyil, 11 imza ilə getdi”.

Deputat Fazil Mustafa da Milli Məclisin qəbul etdiyi qanunların sonradan bu formada dəyişdirilməsi parlamentin iş prinsipinə ziddir.

Xatırladaq ki, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əvvəlcə edilən əlavə və dəyişikliklərdən sonra istehlakçılar üçün elektrik enerjisi, qaz və su sayğaclarının quraşdırılması və dəyişdirilməsinin təchizatçı müəssisələrin hesabına həyat keçirilməsi nəzərdə tutulurdu. Amma Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komitəsinin sonradan qanunlara etdiyi düzəliş nəticəsində sayğacların quraşdırılması və dəyişdirilməsinin təchizatçı müəssisələrin deyil, istehlakçıların boynuna atılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir