Modern.az

Millət vəkili: “Prezidentin kreditlərə dair fərmanı çox ciddi sosial təşəbbüsdür”

Millət vəkili: “Prezidentin kreditlərə dair fərmanı çox ciddi sosial təşəbbüsdür”

1 Mart 2019, 14:49

“Cənab Prezidentin fiziki şəxslərin problemli kreditlərinin həllinə dair imzaladığı fərman son dərəcə mühüm bir addımdır və ölkə rəhbərliyinin sıravi vətəndaşların problem və qayğılarına çox həssaslıqla yanaşdığının əyani göstəricisidir”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Elşad Həsənov bildirib. Deputat deyir ki, Prezident İlham Əliyev bu məsələnin həllinə dair fərman verməklə vətəndaşların rifah halının yaxşılaşması və onların maliyyə yükünün azaldılması üçün ciddi addım atmış oldu.

“Heç şübhəsiz, bu fərman yüz minlərlə insanı əhatə etdiyindən böyük sosial və iqtisadi əhəmiyyətə malikdir”.

Onun sözlərinə görə, 2015-ci ilin devalvasiyasından sonra əhalinin bəzi təbəqə nümayəndələri istehlak kreditlərini ödəməkdə çətinliklə üzləşdilər.

“Məzənnənin kəskin dəyişməsi banklardan götürülmüş kreditlərin qaytarılmasında problemlər yaratdı. Qısa müddətə problemli kreditlərin miqdarı böyük həcmə çatdı. Təsadüfi deyil ki, son illər vətəndaşların müraciət və təkliflərinin bir qismi məhz bank kreditləri ilə bağlı olub.

Cənab Prezidentin bu fərmanı çox ciddi sosial təşəbbüsdür”.


Deputatın sözlərinə görə, bu addımla ölkə rəhbərliyi vətəndaşlar üçün ən məqbul variantı seçdi.

“Sirr deyil ki, bankdan kredit götürmüş əhalinin bəzi təbəqələri məzənnə dəyişikliyindən sonra vaxtında ödəniş edə bilmirdilər. Nəticədə böyük miqdarda ödənilməyən kreditlər əmələ gəldi və ölkənin maliyyə-bank sektoru risklə üz-üzə qaldı.

İndi isə cənab Prezidentin fərmanı ilə ödənilməyən kreditlər problemi öz həllini tapmış olur. Devalvasiya nəticəsində vətəndaşlara dəymiş ziyanın ödənilməsini dövlət öz üzərində götürür. Belə ki, kredit borclarının artan hissəsi silinir. Bu, dövlət-vətəndaş münasibətləri baxımından çox mühüm fərmandır və biz cənab Prezidentin bu addımını çox yüksək dəyərləndirməliyik”.

 

Deputat Elşad Həsənov deyir ki, bu fərman  Azərbaycan vətəndaşlarının maddi rifahına mühüm töhfə olacaq.

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi strategiya kursu ölkə iqtisadiyyatına yeni stimul verir. Ümumiyyətlə bu addım ölkə rəhbərliyinin iqtisadi kursunun sosial yönlü olduğunu bir daha sübut edir. Yəni, Prezidentin apardığı siyasətin mərkəzində insan amili dayanır.

Əminəm ki, bu fərman əhalinin maddi rifahının daha da yaxşılaşdırılması və ölkədə makroiqtisadi sabitliyin təmini işində mühüm əhəmiyyətə malik olacaq”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi