Modern.az

İslam dini saxtakarlığı qəbul etmir

İslam dini saxtakarlığı qəbul etmir

Ölkə

12 Dekabr 2011, 18:19

Əkrəm Bəydəmirli

“İran dost Ermənistanla münasibətlərin daha da möhkəmlənməsində maraqlıdır.  Bu iki dövlət tarixi və mədəni əlaqələrə malikdir, onların xalqları isə çox yaxındır”.  Bu  fikirləri İran prezidenti Mahmud Əhmənidejat  Ermənistan rəsmiləri ilə görüşündə dəfələrlə bəyan edib. Təbii ki, bəzi  diplomatik jestləri, standart fikirləri başa düşmək olar. Ancaq heç kimə sirr deyil ki,  bu gün Ermənistan iqtisadi xilasını Rusiya ilə bərabər İranda tapır.
     
KİV-lərin verdiyi məlumata görə, Ermənistanla İran arasında nəhəng layihələr planlaşdırılır.  Son 10 il ərzində bu layihələrin gerçəkləşməsi nəticəsində sərhəd üzərində körpü tikilib, İran-Ermənistan qaz kəməri çəkilib. Lakin bu kəmərlə Ermənistana yanacaq ötürülüb-ötürülmədiyi və onun həcmi haqqında  bir məlumat yoxdur. Növbədə  boyük həcmli neft kəməridir. Ermənistan inşaat işlərinin  başlanacağını və bir neçə il ərzində başa çatdırılacağını bildirir. Daha bir layihə üzrə Təbrizdən  Ermənistan sərhədinədək çəkiləcək  550 kilometrlik avtomagistralın tikintisi üçün İran tərəfi artıq vəsait ayırıb. Layihənin ümumi dəyəri 1,5 milyard dollar təşkil etdiyi bildirilir. İran-Ermənistan dəmir yoluna gəldikdə, artıq Rusiya tərəfi layihənin texniki tapşırığı üzərində işi başa çatdırıb. 
     
 O da  reallıqdır ki, iranlı tacırlər demək olar Yerevanda geniş biznes şəbəkələrini qura biliblər. Bu iş yalnız xırda biznes sahiblərinin iqtisadi maraqlarından irəli gələn məsələ deyil. Bu gün bəzi türkiyəli iş adamları da Ermənistana sərmayə yatırır. Lakin bu Türkiyə dövlətinin və bugünkü  iqtidarının strateji maraqlarında  olmayan, həmçinin dəstəkləməyən məsələdir. Rəsmi Tehran isə öz siyasəti ilə  Ermənistanla əməkdaşlığa dövlətlərarası strateji hədəf kimi baxır.  
    
Təbii ki, hər bir müstəqil dövlətin  öz siyasi-iqtisadi maraqları var. Burada İranın Ermənistan sevgisini başa düşmək olar. Ancaq  digər vacib məqamlar var. Ermənistan  əhalisinin azlığına, yoxsulluq səviyyəsinə və düşdüyü ağır iqtisadi duruma görə, İran üçün heç vaxt  nəhəng  ticarət bazarı ola bilməz.

Azərbaycanla, Türkiyə ilə  və digər qonşu dövlətlərlə müqayisədə Ermənistan İran üçün son dərəcə zəif iqtisadi tərəfdaş ola bilər. Bu ticarətin illik həcmi barəsində  rəqəmlər açıqlanmasada,  onun elə də yüksək olması inandırıcı  deyil. Əlqərəz, İrana  Ermənistan iqtisadi  cəhətdən o qədər də lazım deyil. Belə çıxır ki, Azərbaycana və ümumilikdə türk dünyasına  qarşı bir alət kimi istifadə etmək üçün isə ermənilər kimlərəsə  lazımdır. 
    
Ancaq görünən odur ki,  İran işğalçı dövlət olan Ermənistanın köməyinə çatıb. Bütün bunlar isə islami dəyərlərə, dini, mənəvi pirinsiplərə heç cür uyğun gəlmir. İranın bu siyasətinin yalnız qonşu müsəlman dövlətlərındə deyil, həmçinin ölkənin daxilində də xoş qarşılanmadığı məlumdur.
    
Bu əməkdaşlıqdan  İran müsəlman dövləti olaraq daha çox itirir. Ermənistan və milliyyəti, zatı bəlli olmayan iranlı tacirlər isə çox yaxşı qazanırlar. Ermənistan kimi təcavüzkar siyasəti həyata keçirən, terrora birbaşa dəstək verən, Cənubi Qafqazda sabitlik üçün potensial təhlükə olan bir dövlətə qarşı bu qədər səxavətli olmaq heç bir islami dəyərlərə uyğun gəlmir və heç bir müsəlman dövlətinə başucalığı gətirə bilməz.. Axı islamda  göstərilir: “Zalıma, qaniçənə mərhəmət göstərmək özü zalımlıqdır”.

Digər tərəfdən hər hansı iqtisadi dəstək Ermənistanın işğalçılıq siyasətinin davam etməsinə təkan verir. Bu gün bizim istəyimizdən asılı olmayaraq dünyada qütbləşmə gedir. Bu reallıqdır ki, xristian təəssübkeşliyi nəticəsində Ermənistanın təcavüzkar siyasətinə göz yumulur. Bunun nəticəsi olaraq haqlı ilə haqsızın kimliyi bilinmir.  Məhz belə məqamda müsəlman dövləti olan İran İslam Respublikasının Ermənistanı himayə etməsi, yeri gələndə həmin ölkəni iqtisadi cəhətdən dəstəkləməsi yaxşı gələcək vəd etmir. Digər tərəfdən bütün bunlar ermənilərin  danışıqlar prosesində razılığa gəlməsinə, bölgədə sabitliyin yaranmasına əngəl yaradır. 
    
Onu da qeyd etmək lazımdır ki, İran-Azərbaycan sərhədinin 132 kilometrlik hissəsi beynəlxalq təhlükə mənbəyidir.  Dəfələrlə  mətbuatın yazdığına görə, Azərbaycan-İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti, ticarəti və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Şübhəsiz ki, bu zona nəzarətdən kənar olduğuna görə, oradakı təhlükələrə qarşı vaxtında və adekvat reaksiya vermək mümkün deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?