Modern.az

Bir qrupun MƏZUNLARI - Xalid Kazımlı: “O vaxt tələbələr arasında da qəribə bir “dedovşina” vardı”  

Bir qrupun MƏZUNLARI - Xalid Kazımlı: “O vaxt tələbələr arasında da qəribə bir “dedovşina” vardı”   

3 Aprel 2019, 08:41

“20 il öncə ayrıldığımız vaxt şümal, arıq, qarasaçlı oğlan və qızların yerinə xeyli kökəlmiş, saçları ağarmış yaşlı kişi və qadınları görmək çox kədərli idi”

Modern.az
saytında “Bir qrupun məzunları” rubrikasına davam edirik. Budəfəki müsahibimiz Musavat.com saytının redaktoru Xalid Kazımlıdır. Xeyli maraqlı tələbəlik illəri yaşayan Xalid bəy xatirələrini bizimlə bölüşüb:

 
- Xalid bəy, sizi və tələbə yoldaşlarınızı oxucularımıza daha yaxından tanıtmaq istərdik...

- Mən ali məktəbə - Kənd Təsərrüfatı İnstitutuna (KTİ) uzaq 1982-ci ildə, 17 yaşımda qəbul olunmuşam. Əslində mən jurnalist olmaq istəyirdim, KTİ-yə məcburiyyət üzündən, reallıqları nəzərə alaraq girdim. Çünki ADU-nun Jurnalistika fakültəsinə qəbul oluna bilməyəcəkdim. Orada ingilis dilindən imtahan vermək lazım idi. Biz isə orta məktədə ingilis dili fənnini alayarımçıq keçmişdik. Həm də o illərdə Jurnalistikada müsabiqə böyük idi. Hüquq fakültəsi qədər. Yüksək ranqlı məmurlar vardı ki, övladlarını pul-para gücünə Jurnalistika fakültəsində oxudururdular və onlar diplom alan kimi müxtəlif gəlirli vəzifələrə işə düzəldirdilər. O cür adamlar jurnalist olmurdular, jurnalist diplomundan tramplin kimi istifadə edirdilər.


Əslində bizim kursun, qrupumuzun məzunları arasında məndən başqa tanınmış isim yoxdur. Müxtəlif vəzifələrdə çalışanlar var. Bizim dövrümüz elə gətirdi ki, heç çoxumuz ixtisasımız üzrə də işləyə bilmədik, fərqli sahələrə yönəldik – hər kəs bacarığına, qabiliyyətinə, yolunun səmt düşməsinə görə.

Ancaq bizimlə aşağı-yuxarı eyni dövrdə eyni ali məktəbdə oxuyan tanınmış adamlar da var. Siz onların bir çoxunu tanıyırsınız. Məsələn, Rauf Arifoğlu, Qabil Abbasoğlu, Əli Həziquliyev, Rafael Becanov, Sədrəddin Soltan kimi imzaları tanıyırsınız. Onlarla təxminən eyni vaxtda bir ali məktəbdə oxumuşam. Hərçənd onların içində o vaxtlar şəxsi tanışlığım olan yalnız Rauf Arifoğluydu. Rauf bəy Texnologiya İnstititunda oxuyurdu və Gəncədə, Pedaqoji İnstitundan bir az aşağıda, Gəncə çayının sahilində, mənim bir həmkəndlimlə eyni otaqda qalırdı. Mən o vaxtlar onların yanına gedib-gəlirdim. Hətta bir dəfə Rauf bəyin sevimli kasetinə öz ifamda bir şeir yazmışdım. Öz şeirim idi. Uzun illərdən sonra rastlaşıb görüşəndə Rauf bəy o şeirin bir neçə misrasını demişdi, mən də mat qalmışdım. Həm ona görə ki, o, bu şeiri hardan bilir, həm də necə yadında saxlayıb... Heç demə, kasetdən yadında qalıb.


- Sizcə, tələbəlik illərinizin özünəməxsusluğu nə idi?

- Bizim tələbəlik illərini nisbətən qayğısız illər adlandırmaq olar. Biz ali məktəbi 1987-ci ildə bitirdik. 1988-ci ildə isə artıq düzən, büsat pozuldu, Qarabağ münaqişəsi qızışdı, o boyda SSRİ sökülməyə başladı. Bizim dövrümüzdə isə, xərcləməyə pul vardı. Düzdür, geyim-kecim sarıdan qıtlıq idi, amma Gəncə bazarında bir şeylər tapıb alırdıq, ya da Moskvaya, Leninqrada gedən qohumlarımıza pul verirdik, oradan alıb gətirirdilər. Açığı, o vaxt yaxşı, səliqəli geyinmək başlıca problemimiz idi. Tələbə olaraq yağı talonla alırdıq, amma biz rayon uşaqları olduğumuz üçün ət və yağ sovqatlarımız vaxtaşırı rayondan, evimizdən gəlirdi. Elə bir sıxıntımız yox idi.



- Bu gün təhsil aldığınız illəri xatırlayanda ilk ağlınıza nələr gəlir?

- Mən bütün tələbəlik həyatımı yataqxanada keçirmişəm. Bir kənddən 8-10 nəfər idik. Bir yataqxananın iki otağında yaşayırdıq. Yanımıza gəlib-gedən qiyabiçi qohumlarımız da olurdu. Günümüz çox şən keçirdi. O vaxt tələbələr arasında da qəribə bir “dedovşina” vardı. Məsələn, mənim 18 yaşım olanda məndən 6 ay, 1 yaş kiçik uşaqlar, kəndçilərimiz abituriyent olaraq gəlmişdilər, bizim otaqda qalırdılar. Onlar yanımda siqaret çəkmirdilər, biədəb danışmırdılar. Çünki mən 1-ci kurs tələbəsi, onlar isə abituriyent idilər. İndi yadıma düşəndə gülməyim tutur. İndi övladım yaşda uşaqlar  heç elə pərdə-filan gözləmirlər.


- Yəqin qrup yoldaşlarınızla gəzintiləriniz, bir yerdə keçirdiyiniz zamanlar da olub?

- Bizi o vaxt pambıq toplanışına aparırdılar. Sentyabr ayının 10-dan oktyabrın sonuna qədər. Hətta bir  dəfə gördük ki, artıq oktyabrın 31-dir, sahələrdə pambıq da qalmayıb, amma bizi buraxmaq istəmirlər. Gecəylə maşın tutub aradan çıxdıq.

Pambıq toplanışının romantikası başqaydı. İndiki Goranboy rayonunun Ağamalıoğlu kəndindəki “T” şəkilli, ikimərtəbəli müasir məktəbdə qalırdıq. Məktəbin bir yarısında biz qalırdıq, bir yarısında Pedaqoji İnstitutun qızları. Bizim kontingent əsasən oğlanlardan ibarət idi, Pedoqoji İnstitutun 100 tələbəsinin cəmi ikisi oğlandı, qalanları qəşəng qızlar idi.  Bu durum ortalığı çox maraqlı edirdi. İndi yadıma düşəndə mənə elə gəlir ki, o günlər biz heç də qul əməyi olan pambıq toplanışı ilə məşğul olmamışıq, uzun müddətli kamp, kurort həyatı yaşamışıq.


- Bəs o günlərdə bir-birinə aşiq olan, eşq yaşayan cütlüklər oldumu?

- Təbii ki, bir-birini sevənlər vardı. Amma o qarşılıqlı meyl, görüşmələr çox məsum xarakter daşıyırdı. Sonradan tələbə yoldaşlarımızın bir çoxunu Pedoqoji İnstitutun önündə gözləyən yerdə gördük. Hərdən şəhərdə, “Bakı” kinoteatrında da pambıq toplanışı zamanı tanış olmuş cütlüklərlə rastlaşırdıq. Amma necə deyərlər, ötən günlər geri dönməz, keçmişdə qaldı. Bu xüsusda bir məzəli xatirəm var: bizim kursda oxuyan S. adlı yaraşıqlı bir oğlan vardı, aşağı kursda bir qızla çox mehriban idi. Vaxtaşırı uşaqlardan aralanırdılar. Axırda bir dəfə həmin dəstənin üstündə gələn Məcid müəllim bizim kuratorumuza yaxınlaşdı və bərkdən, hamının içində ona dedi ki, öz köpəyinə yiyə dur, bir xəta çıxardacaq.


Belə bir hadisə də oldu. Pambıq toplanışından qayıtdıqdan sonra kor bağırsaqdan əməliyyat olundum, 9 gün Gəncədə xəstəxanada yatdım. O zaman tələbə yoldaşlarım olan qızlarla yanaşı, Pedaqoji İnstitutdan olan, pambıq yağımı zamanı tanış olduğumuz qızlar da yanıma gəlirdilər. Bir texnikum müəllimi vardı, adı Süleyman idi, yaşlı kişiydi, eyni palatada yatırdıq. O, həmin qızlara baxdı, baxdı, onlar gedəndən sonra dedi, ay Xəqani (müəllim “X” hərfi ilə başlayan bütün adları deyirdi mənə - Xanlar, Xəlil və s.), keşkə, sənin kimi gənc olaydım, aylarla burda yataydım, bu qızlar da hey gəlib-gedəydilər. O qızlardan Gülnar adlı biri hətta xəstəxanaya, palataya baxandan sonra qəfildən dedi ki, ooy, nə yatıb dincəlməli yerdi... Bir həftədən sonra onu da həmin xəstəxanada kor bağırsaqdan əməliyyat etdilər. Bu dəfə də biz yığışıb onun yanına getməli olduq. 



- Tələbə yoldaşlarınızla bu gün də görüşürsünüzmü? Əlaqələriniz qalıbmı?

- Biz əslində məzun olduqdan sonra hər beş ildən bir görüşməliydik. Qismət olmadı. Hərə bir tərəfə dağılmışdı. Rusiyaya gedənlər vardı. Amma nəhayət, 20 illik yubileyimizdə Bakıda görüşdük. Bir də baxdım ki, 20 il öncə ayrıldığımız vaxt şümal, arıq, qarasaçlı oğlan və qızların yerinə mənə sarı xeyli kökəlmiş, saçları ağarmış, keçəlləşmiş yaşlı kişilər və qadınlar gəlir. O an çox kədərli idi. Məhz həmin an nə qədər yaşlandığımızı hiss etdim.

Bir də iki il əvvəl görüşdük. Yığışıb Göygölə getdik. Məni tamada seçdilər və mən yaddaşıma güc verərək, onların hər biri ilə bağlı bir xatirə danışdım. Əsasən zarafat dolu xatirələr idi. Maraqlı oldu. İndi bir-birimizlə telefon əlaqəmiz var. Amma sosial şəbəkədə cəmi iki nəfərik – Mirsaleh və mən. O biriləri nə qədər danlayırıq, “Feysbuk”a gəlmirlər. Əslində gəlsələr, burda ayrıca qrup yaradarıq və daha sıx ünsiyyətdə olarıq. Rəhmətə gedənlər də var. Deyim ki, tələbəlik yoldaşları çox əzizdir, unudulmazdır.


- Xatırladığınız müəllimlər necə?

- Yaxşı müəllimlərimiz vardı. Məsələn, Bəhmən Xəlilov çox zabitəli kişiydi. Uzun illər universitetin rektoru olmuşdu, bizim kafedrada dərs deyirdi, imtahan götürəndə mütləq başını tam aşağı salar, heç bir uşağın üzünə, gözünün içinə baxmazdı. Onun bir baxışı kifayət idi ki, əlaçı tələbənin nitqi tutulsun. Onu institutun darvazasından həyətə girərkən görəndə hamı “farağat” komandası almış əsgər kimi lal olub dururdu. Bəhmən müəllim aram-aram gələr, başıyla salam verib keçərdi. Ondakı xarizma, zabitə fenomenal bir şeydi. Məsələn, o, həmin vaxt SSRİ rəhbəri Qorbaçovla yanaşı dursaydı, Qorbaçov onun yanında “bambılı” kimi görünərdi. O dərəcədə yəni. Bəhmən müəllimin yoldaşı Siddiqə müəllimə akademik idi. Biz bir dəfə onun 60 illik yubileyində iştirak etdik. Kursumuzun nümayəndəsi Camala söz verdilər. Ondan qabaq Siddiqə müəlliməni tərifləyənlər, xidmətini, titullarını sadalayanlar çox olmuşdu. Camal tribunaya çıxdı və dedi ki, bayaqdan burda çıxış edənlər Siddiqə müəllimənin titullarını sadalayırlar, amma Siddiqə müəllimənin bir titulu hər kəsin yadından çıxır. Camal bunu dedi və pauza verdi. Müəllimlər baxışdılar. Hamı naqolay durumda qalmışdı. Camal sözünə davam edib dedi: “Ana olması Siddiqə müəllimənin ən böyük tituludur”. Zalda bir alqış gurultusu qopdu, təsvir etmək mümkün deyil. Müəllimlər, tələbələr, hər kəs ayağa qalxıb alqışladı. Siddiqə müəllimə də ayağa qalxıb Camala yaxınlaşdı, onu öpdü. Camal əlaçı idi. Hazırda vəzifədədir. Siddiqə müəllimə isə iki-üç il əvvələ qədər sağ idi və 90 yaşı olmasına baxmayaraq, institut direktoru vəzifəsində çalışırdı.



- Xatirə şəkilləriniz qalıbmı? Bizimlə də paylaşsanız maraqlı olardı...

- Təəssüf ki, bizim tələbəlik dövründə indiki kimi çox şəkil çəkdirmək imkanı yox idi. İnstitutumuzun ağ-qara şəkillər çəkən bir fotoqrafı vardı, Mamed müəllim, ona rast olanda şəkillər çəkdirirdik. O şəkillərim də Füzulidə qaldı, it-bata düşdü.

Bir dəfə Mamed müəllim öz maşınıyla pambıq toplanışında olduğumuz kəndə gəlmişdi. Maşınını məktəbin qarşısında saxlamışdı. Bizim qrupda Bəndalı adlı bir qolu güclü beyləqanlı oğlan vardı. O, fotoqrafımızın “Jiquli”sinin arxasını qucağına götürdü, yavaş-yavaş fırladı, bayaqdan bəri üzü o tərəfə duran maşını üzübəri qoydu. Mamed müəllim gəlib maşının vəziyyətini görəndə elə bildi, köməkləşib belə etmişik, bərk xətrinə dəydi, acıq eləyib şəklimizi də çəkmədən çıxıb getdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi